Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Zəriflik, həssaslıq, xeyirxahlıq və Avropa dəyərlərinə ehtiram

Beynəlxalq aləmdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın fəaliyyətini belə dəyərləndirirlər


Mehriban Əliyeva Azərbaycan parlamentinin üzvü seçilmişdir. Ancaq o özünün ən başlıca işi kimi siyasi kapital qazanmağı deyil, ictimai fəaliyyəti qəbul edir.

http://arabeski.qlobalrus.ru internet saytı


Bir neçə gün əvvəl Avropanın kütləvi informasiya vasitələri uzun müddət öz qətiyyəti, iradəsi və siyasi uzaqgörənliyi ilə bütün dünyada ad çıxarmış “dəmir ledi” — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının keçmiş Baş naziri Marqaret Tetçerin hələ vəzifədə olduğu illərdə söylədiyi maraqlı bir fikrini vermişdilər: “Görüləcək bir iş barədə ətraflı söz-söhbət yaranmasını istəyirsənsə, həmin işi kişilərə tapşır. Ancaq məsələnin operativ həllini arzulayırsansa, həmin işi qadınlara həvalə et”. Bu sitata nə üçün müraciət etdiyimizin səbəbini aşağıda açıqlayacağıq. Daha doğrusu, öz-özünə açıqlanacaq. Ancaq hələ ki, daha bir avropalının — fransız filosofu Didronun da zərif cinsin nümayəndələri haqqında söylədiyi kəlamı yada salmaq istəyirik: “Sanki Tanrı onlara qətiyyət, iradə və mətanəti zəriflik, incəlik və həssaslıq kimi keyfiyyətlərin daha da kamilləşməsi üçün vermişdir”. Çox maraqlıdır. Tanrı bir şəxsə qətiyyətlə zərifliyi, iradə ilə həssaslığı və mətanətlə incəliyi necə verə bilir? Bu, bizim üçün maraqlı görünsə də, tarixin bu qəbildən olan seçimləri onlarca, yüzlərlədir.

Min illər boyu qadınlar zərif olduqları qədər də qətiyyətli və əzmkar olublar. Uca Tanrının qismətidir ki, Azərbaycan xalqının da belə səciyyələndirilən xanımları tarix boyu həmişə olub. Həmin estafeti bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çox böyük ləyaqətlə irəli aparır. Bu yazıda da məhz MDB məkanının ilk xanım xoşməramlı səfirinin mənəvi keyfiyyətləri barədə söz açacağıq.

Mehriban xanım Əliyevanın Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri (həmin fondu bilavasitə özü təsis etmiş və qurumun mövcud olduğu qısa müddət ərzində çox böyük işlər görülmüşdür), Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və Milli Məclisin deputatı kimi əhatəli və səmərəli fəaliyyətindən çox yazılıb, çox danışılıb. Qədirbilən xalqımız hələ bu mövzuya dönə-dönə qayıdacaqdır. Hesab edirik ki, bu xanımın mənəvi keyfiyyətlərindən, hiss və düşüncələrindən daha geniş şəkildə söz açmaq olar. Nədir həmin keyfiyyətlər? İctimai-siyasi fəaliyyətə başladığı gündən cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olan Mehriban xanım Əliyeva haqqında belə bir təsəvvür yaranmışdır: O, səmimidir, məsuliyyətlidir, həssasdır, işgüzardır və xeyirxahdır.

Elə birincidən başlayaq. Səmimiyyət anlayışı, ümumiyyətlə, türk xanımlarının hamısına xas xüsusiyyətdir. Amma, hər kəsin səmimiliyinin müəyyən dərəcəsi var. Mehriban xanımın uşaq evlərində, internat məktəblərində qayğı və köməyə ehtiyacı olan uşaqlarla görüşü həmişə diqqət çəkir. O, hər bir xəstə uşaqla elə səmimi şəkildə görüşür, onlarla elə söhbət edir ki, onun ürəyinə həsəd aparmaya bilmirsən. Xanımın Lənkəran bölgəsinə səfərindən sonra həmin rayondan dövlət qəzetlərindən birinə gələn məktubda yazılırdı: “70 ildən çox yaşadığım Lənkərana Bakıdan nə qədər qonaq gəlibsə, sayını-hesabını bilmirəm. Həmin qonaqlardan ikisinin — ulu öndərimiz Heydər Əliyevin və onun gəlini Mehriban xanım Əliyevanın bizimlə görüşüb söhbət etməsini heç zaman unutmayacağam. Heydər Əliyevin sovet dövründəki səfərinin şahidi olmuşam. Hamımız elə bilirdik ki, o, çox zəhmli və qaraqabaq rəhbərdir. Ancaq Heydər Əliyev çayçılarla elə danışdı, elə zarafat elədi ki, biz həyəcandan özümüzü çaşdırdıq. Mehriban Əliyeva isə bizimlə söhbət edəndə elə bildim ki, bizim rayonun adi müəllimlərindən biridir. Tam əminəm ki, belə keyfiyyətləri insana Allah verir. Heç kəs özü üçün keyfiyyət yarada bilməz. Özü də Allah bu keyfiyyətləri sevdiyi insanlara verir. Mehriban Əliyeva Allahın sevdiyi, seçdiyi insandır. Məhz ona görə də Ulu Yaradan ona hər şeyi öz ürəyincə verib”.

Bakının Əzizbəyov rayonunun ağsaqqalları isə bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək demişdilər ki, sözü ilə işi bir olan, verdiyi vədlərə layiqincə əməl edən, deputat olduğu qısa müddət ərzində digər deputatların on illərlə həll edə bilmədiyi problemləri həll edən Mehriban Əliyevaya Əzizbəyov rayonunun fəxri vətəndaşı adı verilsin. Kənd ağsaqqallarından biri demişdi: “O, çox səmimi adamdır”. Bu yerdə başqa bir məqamı xatırladaq. Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, mənim ünvanıma dünyanın bir çox ali tribunalarından xoş söz və təşəkkürlər səsləndirilib. Hamısını böyük diqqət və ehtiramla qəbul etmişəm. Amma, mənim üçün ən böyük, ən qiymətli sözlər sadə adamlardan eşitdiyim fikirlərdir. Bu baxımdan Mehriban Əliyevanın ünvanına söylənən minlərlə təşəkkür və minnətdarlığın çox böyük əksəriyyəti sadə adamlardan, sıravi zəhmətkeşlərdəndir. Yuxarıda nümunə kimi göstərdiyimiz iki faktı isə yüzlərlə, minlərlə soydaşımızın söylədiyi fikirlərin ümumiləşdirilmiş forması kimi qəbul etmək olar. BMT İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsetti də Heydər Əliyev Fondunun prezidenti haqqında verilən sualı cavablandırarkən “O, diqqəti hansı səmtə yönəltmək lazım olduğunu bilən siyasətçi, səmimi bir qurum rəhbəridir”, — deyərək sanki bizim yuxarıda qeyd etdiyimiz fikirləri təsdiqləmişdir.

Mehriban Əliyeva haqqında formalaşmış ikinci bir fikrə diqqət yönəldək: O, çox məsuliyyətli siyasətçidir.

Bu məsuliyyət hissi haradan gəlir? Əvvəla, onun doğulub boya-başa çatdığı mühitdən. Aqillər deyiblər ki, insanın şüurunu onun düşdüyü mühit formalaşdırır. Minlərlə azərbaycanlıya həyat dərsi keçmiş, yüzlərlə gənc soydaşımıza “Manifest” bəxş etmiş Mir Cəlalın ocağında təlim-tərbiyə almış gənc mütləq məsuliyyətli olmalı idi. Onun məsuliyyət hissini artıran əsas məqamlardan biri də müstəqil Azərbaycanın bir prezidentinin gəlini, o biri prezidentin isə xanımı olmasıdır. Hərçənd qəzetlər yazırlar ki, o, hələ şagird və tələbə olarkən də öz sözü və əməli qarşısında məsuliyyət daşımağı sevir və bacarırdı. Türk dünyasının məşhur simalarından olan Çingiz Aytmatov yazır ki, insanda sonradan formalaşdırılması xeyli çətin olan bir sıra keyfiyyətlər var. Onlardan birincisi məsuliyyət hissidir. Yəni, bu keyfiyyət insanın qanında olur.

Xalq artisti, professor, Hacı Canəli Əkbərov Mehriban xanım Əliyeva haqqında danışarkən demişdir: “Bizim hamımız Vətən, xalq, dövlət, peşəmiz və ailəmiz qarşısında məsuliyyət daşıyırıq. Tutaq ki, müəllim müəllimliyini məsuliyyətlə yerinə yetirir, həkim də həkimliyini. Ancaq hörmətli Mehriban xanım adi insanların hamısından fərqli olaraq eyni zamanda muğamlarımız qarşısında da məsuliyyət daşıdığını sübut etdi. Əslində, o, ixtisasca həkim, fəaliyyətinə görə isə ictimai-siyasi xadimdir. Yəni, birbaşa muğama qayğı göstərmək onun vəzifəsi deyil. Amma, Mehriban xanım neylədi? Azərbaycan muğamına ölməzlik bəxş etdi. Əvvəlcə ”Qarabağ xanəndələri" albomunu ərsəyə gətirdi, sonra isə Bakıda YUNESKO rəhbərlərinin iştirakı ilə “Muğam Mərkəzi”nin təməlini qoydu. Bu, insanın kamilliyinə, vətəndaşının öz Vətəni qarşısında məsuliyyətinə, siyasətçinin hərtərəfli inkişafına dəlalət edir. Mehriban xanımın Azərbaycan muğamına qayğısını görəndə, mənim yadıma ulu öndərimiz Heydər Əliyevin Kremldəki nüfuzundan istifadə edərək Azərbaycanın incəsənət xadimlərinə SSRİ-nin ən böyük mükafatlarının və fəxri adlarının verilməsinə nail olması düşür. 15 müttəfiq respublikanın heç birində xalq musiqisi ifaçısına SSRİ xalq artisti adı verilməmişdi. Heydər Əliyev Zeynəb Xanlarovanın həmin ada layiq görülməsinə nail oldu. Üstəlik, Azərbaycandan qat-qat böyük olan respublikalara nisbətən bizim sənətkarlar SSRİ miqyaslı mükafatlara daha çox layiq görülmüşdülər. İndi Mehriban xanımın muğama və xalq sənətinə qayğısını görəndə, ümummilli liderimizin 1969-82-ci illərdəki diqqəti yadıma düşür. Mənim fikrimcə, Mehriban Əliyevanın muğam qarşısındakı məsuliyyəti öz qanında olan Mir Cəlal təfəkkürünə xas düşüncələrlə yanaşı, Heydər Əliyev məktəbindən də qidalanır".

Mehriban Əliyevanın məsuliyyəti barədə söz açarkən onun öz peşəsinə göstərdiyi hörmət və ehtiramdan, peşəsi qarşısındakı məsuliyyətindən də danışırlar. Belə ki, xanım Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, sonra isə təhsilini M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda davam etdirərək həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Dörd il — 1988-92-ci illərdə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda akademik Krasnovun rəhbərliyi altında elmi fəaliyyətlə məşğul olmuşdur. Bu faktlar ilk baxışda adi bir azərbaycanlı gəncin keçdiyi yoldan o qədər də fərqlənmir. Amma sözümüzün “canı” tamamilə başqadır. Belə ki, Mehriban xanım Əliyeva xeyli sonralar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası xətti ilə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiyada da bilavasitə özünün əvvəlki peşəsinə sədaqət göstərmişdir. Onun elmi işinin mövzusuna diqqət yetirək: “Evtanaziya və təbabətdə humanizm problemi”. Müasir cəmiyyətin aktual problemlərindən olan bu mövzunu tədqiq edərkən F.Fut, A.Şveyser, Y.Sartr, M.Fuko, E.Fromm, A.Hüseynov, T.Alekseyeva, L.Konovalova, V.Steynbok və digər görkəmli araşdırıcıların fikirləri ilə polemika əsasında işləyən Mehriban Əliyeva, sözün həqiqi mənasında, öz peşəsini — həkimliyi fəlsəfə ilə əlaqələndirmişdir. Mütəxəssislərin fikrincə, bu addım adi həvəsdən deyil, alimin aldığı ali təhsil qarşısındakı məsuliyyətindən qaynaqlanırdı.

Mehriban Əliyeva eyni zamanda ənənəvi Azərbaycan qadını, Azərbaycan anası kimi ailə qarşısındakı məsuliyyət barədə də danışmaqdan çəkinmir. Əslində, bu mövzuda onun özünün söz açması yuxarıda qeyd etdiyimiz keyfiyyətlərdən birincisinə – səmimiyyətə aiddir. “İnterfaks – Azərbaycan” informasiya agentliyinin ötən il noyabrın 15-də buraxılan bülletenində xanım Əliyeva ilə müsahibə verilmişdi. Orada müxbir Heydər Əliyev Fondunun prezidentinə belə bir sual verir: “Siz necə düşünürsünüz, Azərbaycanda qadınların karyera qazanması çətin deyil ki? Sadə oxucular elə düşünə bilərdi ki, Mehriban Əliyeva bu suala: – “Yox, çətin deyil”, – deyə qısaca cavab verəcək. Ancaq fondun prezidentinin cavabı sadə və sadə olduğu qədər də əhatəli oldu: “Azərbaycan qadınlarının əksəriyyəti işləyir. Hərçənd, bu işin başlanğıcı ənənəvi olaraq xeyli dərəcədə qeyri-müəyyən olur. Amma bizim qadınlar üçün ailə və ailə dəyərləri daha əzizdir. Qəbul edilməmiş qaydaya görə, qadınlar əsasən təhsil, səhiyyə, ticarət və xidmət şəbəkəsində çalışırlar. Eyni zamanda, Azərbaycanda peşəkarlıq səviyyəsində özünü göstərmiş mütəxəssis xanımlar da az deyil. Onlar elmlər doktoru, professor, məktəb direktoru, xəstəxanaların baş həkimi vəzifələrində çalışırlar. Nədənsə, elə düşünürlər ki, onlar karyera qazanmayıblar. Guya karyera ancaq qadının nazir və ya deputat olmasından ibarətdir. Bu, tamamilə yanlış fikirdir. Yəni, burada qadın üçün hansısa hədd və ya məhdudiyyət yoxdur. Hər şey ortaya qoyulan məqsəddən, enerjidən, ağılın və istedadın ölçüsündən asılıdır”.

Diqqət yetirin: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, cəmiyyətdə heç zaman heç kəs başqa birisinin layiq olduğu məqamı, mövqeni tuta bilməz. Cəmiyyətdə hərənin öz yeri var və hamı öz yerini tapır. Heydər Əliyev Fondunun prezidenti də bu tezisi bir qədər başqa şəkildə ifadə edir: “Hər şey ortaya qoyulan məqsəddən, enerjidən, ağılın və istedadın ölçüsündən asılıdır”. Fikrimizcə, Mehriban xanım bu ifadə ilə onsuz da siyasətdə və dövlət idarəçiliyində sayı az olmayan Azərbaycan qadınlarını bir az da fəal, daha cəsarətli olmağa çağırır. “Sizin layiq olduğunuz yeri heç kəs tuta bilməyəcək”. Ulu öndərimizin dövlətçilik prinsipləri qarşısındakı məsuliyyətdən irəli gələn çağırışdır.

Başqa bir məqam. Qeyd etdiyimiz kimi, Mehriban Əliyeva ətrafında baş verən hər bir hadisəyə və hətta hər bir xahişə, müraciətə qarşı həssasdır. Həmin hissi ifadə etmək üçün bilavasitə xanım Əliyevanın öz dediklərini yada salmaq kifayətdir. Bir neçə ay əvvəl AzərTAc xətti ilə Heydər Əliyev Fondunun fəaliyyəti barədə material yayılmışdı. Orada Mehriban Əliyevanın özünün söylədiyi bir neçə cümlə verilmişdi. Azərbaycan anası, Azərbaycan qadını kimi dərin bir həssaslıqla söylənilən həmin fikirləri yada salmaq istərdim: “İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi, mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək... xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə sevinmək istəyirəm”. Ən ali hisslərdir. Məhz elə həmin səbəb üzündəndir ki, ölkədə və regionda göstərilən istənilən rəy sorğusunda Mehriban Əliyevə reytinq göstəricisinə görə dövlət başçısından sonra ikinci yeri tutur.

Onun həssaslığı Moskvada çıxan “Drujba narodov” jurnalının 2006-cı ildə işıq üzü görmüş üçüncü nömrəsində daha aydın şəkildə ifadə edilmişdir. YUNESKO-nun xoşməramlı səfirinin jurnalın oxucularına ünvanlanmış müraciətindən indi gətirəcəyimiz sitat onun həm ayrılıqda bir insan kimi, həm də dövlət mövqeyindən çıxış edən siyasətçi kimi nə qədər həssaslıq nümayiş etdirməsinin təzahürüdür: “2006-cı il Azərbaycanda Rusiya ili elan edilmişdir. Əminəm ki, bu tədbir ölkəmizin mədəni, iqtisadi və siyasi həyatında çox əlamətdar bir hadisə olacaqdır.

Azərbaycanla Rusiyanı 200 illik ümumi tarix bir-birinə bağlayır. Mirzə Fətəli Axundovun Puşkinin ölümünə yazdığı poema, Sergey Yesenin və Velimir Xlebnikovun Azərbaycanda yazdığı şeirlər, mühasirədə olan Leninqradda Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi bizim ümumi tariximizin ştrixləridir... bütün bu tarix bizim mədəniyyətlərimizin həqiqi dialoqunu yaşadan illər olmuşdur". Siyasi həssaslıq nümunəsidir. Mehriban Əliyevanın mart ayında rusiyalı oxuculara ünvanladığı həmin müraciət sentyabrda Bakıda Rusiya kitabı günlərinin keçirilməsi zamanı dönə-dönə xatırlandı.

Ölkənin birinci xanımı haqqında söyləmək istədiyimiz növbəti məqam onun işgüzarlığıdır. Peyğəmbərimiz (s.) insanları xəbərdar edirdi ki, sizlərdən ən dəyərlisi öz qısa ömründə (Yerin, göyün və təbiətin ömrü yanında insan ömrünün ölçüyəgəlməz dərəcədə qısa olduğunu bütün peyğəmbərlər söyləyiblər) insanlara daha çox xidmət edənlərdir. Təsəvvür edin, Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə ölkədə və ölkə xaricində nə qədər işlər görüb (yuxarıda qeyd etdik ki, həmin tədbirlər barədə hesabat xarakterli materialları qələmə almayacağıq), Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi tədbirlər haqqında artıq kitablar yazılır, YUNESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər artıq dillər əzbəridir, Milli Məclisin və Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti kimi həyata keçirdiyi tədbirlərin sayı artıq onlarca, yüzlərlə hesablanır. Üstəlik, Mehriban Əliyeva iki il əvvəl Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin dördüncü Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilmişdir. İki ildir ki, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci ildə ölkədə keçirilən sosial sorğuya görə, “İlin qadını” adına layiq görülmüşdür. On ildir ki, milli mədəniyyətimizin geniş təbliğ olunması məqsədi ilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan-İrs” jurnalını təsis etmişdir. Yəni bütün bu sahələrdə çalışmaq üçün insandan qeyri-adi dərəcədə işgüzarlıq tələb olunur. Mehriban Əliyevanın həmin işgüzarlığını YUNESKO-nun baş direktoru Kouşiro Matsuura ötən ilin avqustunda Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədə belə ifadə etmişdir: “On il əvvəl Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu təsis etmişdi. Həmin fond çərçivəsində çox işlər görülüb. Mən onun adı çəkilən sahədəki fəaliyyətini müşahidə etdim və yetərincə öyrəndim. Əmin oldum ki, Mehriban xanımın ölçüyəgəlməz dərəcədə xidmətləri vardır və qərara gəldim ki, o, YUNESKO-nun xoşməramlı səfiri təyin edilməlidir. Bu, bir il əvvəl baş verdi. Bu vəzifəyə təyin edildikdən sonra xanım Əliyeva Azərbaycan mədəniyyəti sahəsində böyük işlər görmüşdür. Biz onun xüsusən şifahi və musiqili milli ənənələrin qorunması istiqamətindəki fəaliyyətini qeyd etmək istəyirik. Bu, YUNESKO-da qeyri-maddi mədəni irsin qorunması kimi qəbul edilir. Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında da böyük xidmətləri vardır. Bu gün o, nəinki Azərbaycanda və regionda, hətta, mən deyərdim, qlobal miqyasda fəaliyyət göstərir”. Göründüyü kimi, yaponiyalı ictimai xadim, YUNESKO kimi mötəbər beynəlxalq təşkilatın rəhbəri Azərbaycan qadın siyasətçisinin işgüzarlığı, çoxşaxəli fəaliyyəti barədə yüksək fikirlər söyləyir. Amma bu fikirlərin ən dəyərlisini, yuxarıda qeyd etdiyimiz kimi, İslam Peyğəmbəri (s.) söyləmişdi ki, insanlar arasında ən dəyərlisi məhz insanlar üçün daha çox iş görən şəxslərdir. Tam əminik ki, Azərbaycanın birinci xanımı məhz həmin şəxslərdəndir.

Mehriban Əliyevanın yuxarıda qeyd etdiyimiz beş xarakterik keyfiyyətlərindən sonuncusu xeyirxahlıqdır. Orta əsrlərin ərəb tarixçisi və filosofu Əl-Battani yazırdı ki, xeyirxahlıq hissi hər bir insanın, xüsusən bütün müsəlmanların ürəyində vardır. Ancaq həmin hissləri öz ürəyində xeyriyyəçilik mərhələsinə çatdırmaq hamıya müyəssər olmur. Xeyriyyəçilik, sözün həqiqi mənasında, humanizm prinsiplərinin zirvəsində durur. Mehriban Əliyeva təkcə jurnalistlərlə görüşdə deyil, ümumiyyətlə, heç zaman özünün reallaşdırdığı xeyriyyəçilik tədbirlərindən söz açmır. Amma buna baxmayaraq qəzetlərdə onun xeyriyyəçiliyini görmüş insanların çoxsaylı insanların təşəkkür və minnətdarlıq məktublarının ardı-arası kəsilmir. Xalqımız qədirbilən olduğu kimi, insanlarımız haqqı heç zaman itirmirlər. Elə beynəlxalq təşkilatlar da onun xeyriyyəçilik tədbirlərini diqqətdən yayındırmırlar. Ötən il iyunun 9-da Rusiya Federasiyasındakı “Yüzilliyin messanatları” Beynəlxalq Xeyriyyə Fondu ictimai, xeyriyyəçilik və messenatlıq fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə, Mehriban xanım Əliyevanı “Yaqut xaç” ordeninə layiq görmüşdür. Bu, Azərbaycan ictimai-siyasi həyatı üçün çox əlamətdar hadisə idi.

Nəhayət, sərlövhədə qeyd etdiyimiz Avropa dəyərlərinə qayıdaq. Əski qitənin siyasətçiləri deyirlər ki, Avropa dəyərləri adlı konkret heç nə yoxdur. Sadəcə, demokratiyaya, insan hüquqlarına ehtiramla yanaşılması, cəmiyyətdə hər kəsin öz layiq olduğu postu tuta bilməsi öz-özlüyündə Avropa dəyərləridir. Dövlətin idarə edilməsində, dövlətin və qeyri-dövlət qurumlarının ölkənin ən sadə vətəndaşına münasibətində elə məqamlar vardır ki, onlar məhz Avropa dəyərləri kimi qəbul edilir. Bu baxımdan Mehriban Əliyevanın fəaliyyətində Avropa dəyərlərinə ehtiram və diqqət yetərincədir. “Arabeski.qlobalrus.ru” internet saytının “Avropa dəyərləri nədir? Mehriban Əliyeva əlillərə kömək edir” adlı materialında bu barədə ətraflı söhbət açılır.

Rusiyalı ekspertlər yazırlar: “Mehriban Əliyeva parlamentə deputat seçildi. Ancaq o, özünün ən başlıca işi kimi siyasi kapital qazanmağı deyil, ictimai fəaliyyəti qəbul edir. ...Yəqin ki, Azərbaycanın hakimiyyət orqanlarında müxalifətin düşündüyündən fərqli olaraq, Avropa dəyərləri də əsas götürülür. Bunu görməyənlər isə ola bilsin ki, görmə qabiliyyətinin zəifliyindən deyil, düşüncə zəifliyindən əziyyət çəkirlər”. Qeyd edək ki, adı çəkilən materialda Heydər Əliyev Fondunun BMT İnkişaf Fondu ilə birlikdə Azərbaycandakı 40 min nəfər kor və zəif görən vətəndaşlar üçün müvafiq informasiya-kommunikasiya texnologiyalarının yaradılmasını nəzərdə tutan layihənin reallaşdırmasından söz gedir. Ona görə də məqalə müəllifləri opponetlərin görmə qabiliyyətinin zəif olmadığını yada salırlar.

Sonda Marqaret Tetçerin yuxarıda qeyd etdiyimiz ifadəsini bir daha yada salmaq istəyirik: “Məsələnin konkret həllini arzulayırsansa, onu qadınlara həvalə et”. Çünki Tanrı onlara qətiyyət, iradə və mətanəti zəriflik, incəlik və həssaslıq kimi keyfiyyətlərini daha da kamilləşdirmək üçün vermişdir. Bunu isə Deni Didro deyib. Bütün müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə isə buyurulur: “Haqq yolu tutanların arxasınca gedin. Yolsuzlar məhvə məhkum olanlardır”.


Şəlalə İbrahimova

Xalq qəzeti.- 2006.- 14 oktyabr.- № 234.- S. 4.