Çap etmək   ⁞     ⁞   UNESCO

Rumıniyanın AGERPRES xəbər agentliyi Azərbaycanın mədəni irsindən yazıb


Rumıniyanın AGERPRES milli xəbər agentliyinin saytında Azərbaycanın zəngin mədəni irsi barədə geniş məqalə yerləşdirilib.

Ölkəmizin Rumıniyadakı səfirliyinin materialları əsasında hazırlanan məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin mədəni irsin qorunmasını daim diqqət mərkəzində saxlaması xüsusi vurğulanıb. Bildirilib ki, 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Bu Mərkəzdə gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan muğam sənətinin incəliklərinə yiyələnirlər.

Yazıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsində səmərəli fəaliyyətinin müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı işinə böyük təkan verdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində muğam, aşıq, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalı Şərq və Qərb musiqisini, eləcə də dünyanın məşhur bəstəkarlarını və ifaçılarını bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar dünya musiqisinin ən möhtəşəm nümunələrini dinləməklə yanaşı, Azərbaycan musiqisinin gözəl inciləri ilə də tanış olur, xalqımızın musiqi mədəniyyəti barədə aydın təsəvvür əldə edirlər.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri, Buxarest

AZƏRTAC
2017, 17 sentyabr