Ucalıq
Ulu öndər Heydər Əliyevin müdrik bir kəlamı var: “Azərbaycan qadınları xalqımızın adət–ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Rəhbərin bu dəyərli kəlamı müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev gözəl deyib: “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”.
Cəmiyyətin inkişafında qadın hüquqları mövzusu bütün dövrlərdə öz aktuallığı ilə seçilmişdir və müstəqilliyimizin 20 ilini yaşayan ölkəmizdə həyatımızın bütün sahələrində əldə olunan böyük dönüşlərdə qadınlarımızın da töhfəsi danılmazdır. Bu mənada ictimai-siyasi cəhətdən fəal qadınlarımızın əməyinə fədakarlıq demək mümkündür. Bu ifadəni məhz Azərbaycan qadınına şamil etmək olar. Fədakarlıq onların milli xüsusiyyətidir.
Təkcə bunu xatırlatmaq yerinə düşər ki, ölkəmizin əsl vətəndaşları kimi, qadınlarımız da Azərbaycanın azad, müstəqil olmasını həmişə arzu edib və bu ülvi arzuların gerçəkləşməsi ailədə ana kimi, hərbdə əsgər kimi, dövlətdə məmur, cəmiyyətdə siyasi lider kimi əllərindən gələni əsirgəməyiblər.
Fəxrlə deyə bilərik ki, Mehriban Əliyeva alicənablıq, insanpərvərlik, kübarlıq kimi yüksək insani dəyərləri, Şərq və Qərb sivilizasiyalarının ən ülvi xüsusiyyətlərini öz şəxsiyyətində cəmləşdirmiş Azərbaycan qadını olaraq, YUNESKO və İSESCO kimi iki məşhur beynəlxalq təşkilatın xoşməramlı səfiridir. Mehriban xanım öz şəxsiyyətində və fəaliyyətində Şərq ənənələrinin və Qərb dəyərlərinin ahəngdar vəhdətinə nail ola bilmişdir. Bu isə Azərbaycan mədəniyyətinin sivilizasiyalar arasında körpü yaratmasının daha bir təsdiqidir.
Bu gün respublikamızda qadın hüquqlarının müdafiəsi ilə bağlı bütün aktual problemlər Mehriban xanımın diqqət mərkəzindədir. Buna əyani misal olaraq cəmiyyətimizdə mühüm bir problem kimi qarşıda duran məişət zorakılığının qarşısının alınması ilə bağlı atılan addımları qeyd etmək olar. Mehriban xanımın təşəbbüsü ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi, ilk növbədə, onun bu aktual problemə olan həssas münasibətinin nəticəsidir.
Bu yaxınlarda Bakıda keçirilən Krans Montana Forumunda Mehriban xanım Əliyeva geniş çıxış edərək qadın azadlığı və məişət zorakılığı zəminində Azərbaycanın görmüş olduğu və görəcəyi işlərdən bəhs etmişdir: “Hörmətli dostlar, qadınlara qarşı ayrı–seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir. Bu, Azərbaycanda qadınlar üçün təhsil imkanlarının daha da genişləndirilməsi sahəsində özünü göstərmişdir. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi məktəb Azərbaycanda açılmışdır. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılmışdır. Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib–seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir.”
Ümumiyyətlə, Mehriban xanım qadınlara qarşı ayrı–seçkiliyin bütün formalarının aradan qaldırılması, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması məsələlərinə daim diqqətlə yanaşır. Onun bu istiqamətlərdə fəaliyyətinin əhəmiyyəti yalnız Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Xarici mətbuatın da qeyd etdiyi kimi, Mehriban Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə artıq dünya miqyasında böyük nüfuz və ehtiram qazanmışdır.
Gördüyü bütün bu işlərə görə ölkəmizin birinci xanımının fəaliyyəti təkcə Azərbaycanda deyil, uzaq–yaxın xarici ölkələrdə də layiqincə qiymətləndirilir. O, bir çox xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək mükafatları ilə təltif olunub. Bu yaxınlarda İstanbulda Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalının sorğusuna əsasən “İlin Birinci Xanımı” mükafatı, habelə Bakıda Krans Montana forumu çərçivəsində forumun təsisçisi və prezidenti səfir Jan Pol Karderon tərəfindən “Prix de la Fandation” mükafatı Mehriban xanıma şəxsən təqdim olunmuşdur. Bundan başqa, ölkəmizin birinci xanımı Azərbaycan–Polşa arasında dostluq münasibətlərinin inkişafına görə Polşa Respublikasının “Xidmətə görə” Böyük Komandor ordeni, Fransanın “Şərəf legionu” ordeni, habelə YUNESKO-nun “Qızıl Motsart” medalı ilə də mükafatlandırılıb.
Mehriban xanımın başçılığı ilə yaradılan Heydər Əliyev Fondu Azərbaycanda böyük uğurlara imza atdı. Xüsusilə bu fondun təşəbbüsü ilə Azərbaycanda başlanan maarifçilik hərəkatı çox diqqətəlayiqdir. İndi demək olar ki, ölkəmizdə təmirsiz məktəb çox az tapılar. Bütün məktəblər yeni avadanlıqlarla, kompyuter dəstlərilə təmin olunmuşdur. Bu inkişaf bir tərəfdən ölkə prezidentinin apardığı məqsədyönlü işin nəticəsidirsə, digər yandan Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban Əliyevanın gərgin əməyinin bəhrəsidir.
Bir məsələni xüsusi qeyd etmək lazımdır: “Eurovision” mahnı müsabiqəsinə — bu beynəlxalq yarışmaya Heydər Əliyev Fondunun bilavasitə dəstəyi respublikamızın nümayəndələrinin qələbə çalmasına gətirib çıxardı ki, bu da həmin yarışmanın 2012-ci ildə Bakıda keçirilməsinə şərait yaratdı. Ölkəmizin müstəqillik yaşının və beynəlxalq müsabiqələrdə iştirak stajının az olmasına baxmayaraq, Mehriban xanımın və onun rəhbəri olduğu fondun gərgin əməyi öz nəticəsini verdi: Azərbaycanın “Eurovision”dakı qələbəsi mədəniyyətimizin dünya səviyyəsində təbliğinə geniş imkan yaratdı. Bu mötəbər mahnı yarışmasının Bakıda keçirilməsi isə xalqımızın qonaqpərvərliyinin, səmimiliyinin, açıq ürəkli olmasının şəhərimizin qonaqları tərəfindən beynəlxalq səviyyədə bir daha təsdiqinə səbəb oldu.
Mehriban xanım Heydər Əliyev Fondunun Prezidenti kimi ulu öndərin ideyalarını uğurla həyata keçirir. Bu istiqamətdə fəaliyyətinin mühüm hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir. Fond Mehriban xanımın rəhbərliyi altında ölkəmizin dünya birliyinə sıx inteqrasiyası naminə genişmiqyaslı layihələr reallaşdırır, Azərbaycan mədəniyyətinin təbliği və milli irsimizin qorunması istiqamətində mühüm işlər görür. Azərbaycan muğamının mədəni sərvət kimi bütün dünyada təbliği, bu məqsədlə həyata keçirilən tədbirlər böyük milli–mənəvi əhəmiyyətə malikdir. Bu yaxınlarda təşkil olunmuş Qəbələ Beynəlxalq Musiqi Festivalı bütün dünyaya Azərbaycanın ümumbəşəri dəyərlərə nə qədər yüksək qiymət verən ölkə olduğunu bir daha sərgilədi.
Son illərdə ölkəmizdə xeyriyyəçilik institutunun inkişafı bilavasitə Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban Əliyevanın adı ilə sıx bağlıdır. XX əsrin əvvəllərində neft milyonçuları Nağıyevin, Tağıyevin xeyriyyəçilik ənənələrini bu gün “Şərqlə Qərbin kəsişdiyi yerdə qərar tutan tolerant və dünyəvi Azərbaycanda” (ifadə Mehriban xanıma məxsusdur – müəllif) indi də davam etməkdədir. Mehriban xanım müsahibələrindən birində “humanist meyar” terminindən istifadə edir və qeyd edir ki, Heydər Əliyev Fondu bu aspektdə uğurla işləyir: “Eyni zamanda, fondumuz genişmiqyaslı səhiyyə layihələri həyata keçirir. Buraya xəstəxanalar, klinikalar tikilməsi, müasir avadanlıqların alınması, diabet və talassemiya xəstəliklərinin müalicəsi daxildir. Bu layihələrin hər biri neçə həyatın qorunması və sağlamlığı deməkdir”.
İki nüfuzlu beynəlxalq mükafata — “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeni və “Qızıl ürək” mükafatına layiq görülməsi Azərbaycanın birinci xanımının gərgin əməyinə verilən yüksək qiymətin ifadəsidir.
Xeyriyyəçilik haqqında ən qiymətli məqamları elə Mehriban xanımın öz fikirlərindən öyrənmək mümkündür: “Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi–psixoloji ab–havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə “xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval–ruhiyyəsinə müsbət təsir göstərir”.
Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti təkcə ölkəmizlə məhdudlaşmır. Beynəlxalq humanitar tədbirlər sırasında Heydər Əliyev Fondunun dəstəyi ilə Versal Sarayının, Paris Notr–Dam, Strassburq Kafedral kilsəsinin, 2-ci Dünya müharibəsi zamanı dağıdılan Berlin şəhər Sarayının bərpası diqqətəlayiq işlərdəndir. Hazırda Heydər Əliyev Fondu Vatikanda mədəniyyət abidələrinin bərpasına aid iş aparmaqla yanaşı, buradakı Azərbaycan orta əsr əlyazmalarının bərpa olunmasına da öz yardımını göstərməkdədir.
Ölkəmizin birinci xanımının təşəbbüsü ilə bu yaxınlarda Pakistanda 11 uşaq evinin 1200 sakininə iftar süfrəsinin verilməsi, habelə Müzəffərabad şəhərciyində zəlzələdən ziyan çəkən qızlar məktəbinin inşası, “Edihi home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış, hepatit B virusuna qarşı peyvəndləşdirmə və sair bu kimi beynəlxalq humanitar tədbirlər diqqətəlayiq faktlardandır.
Azərbaycanın ən böyük dərdi olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmiş səylər xüsusi qeyd olunmalıdır. Bu fəaliyyətin həyata keçirilməsinə Heydər Əliyev Fondunun ayrı–ayrı ölkələrdə olan şöbələri layiqli töhfə verməkdədir. Onların sırasında fondun Rusiya Federasiyasındakı nümayəndəliyi xüsusilə seçilir.
Mehriban xanımın xalqa sevgisi öz soy–kökündən qaynaqlanır. O, mənsub olduğu ailənin zəngin mənəviyyatından bəhrələnərək istər şəxsi həyatında, istərsə də ictimai fəaliyyətində onların nəcib əməllərini ləyaqətlə davam etdirir.
Mehriban Əliyeva parlaq ictimai xadim olmaqla bərabər, fədakar həyat yoldaşı, qayğıkeş ana kimi nəcib missiyanı layiqincə yerinə yetirir. O övladlarını Azərbaycanı ürəkdən sevən, milli–mənəvi dəyərlərə bağlı əsl vətəndaşlar kimi tərbiyə etmişdir.
Bizim üçün xüsusilə diqqətəlayiqdir ki, Azərbaycan mentalitetində möhkəm və sağlam ailə institutu çox mühüm yer tutur. Ölkəmizin başında məhz belə bir ailənin durması xalqımız üçün taleyin ən böyük qismətidir. Bu gün Azərbaycanın uğurlu inkişafı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi uzaqgörən siyasətin məntiqi nəticəsidir. Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə bu inkişaf prosesinə layiqli töhfə verir.
Azərbaycanın birinci xanımı şərəfli qadın adını həmişə uca tutaraq fədakarlığı ilə, mədəniyyətimizə, tariximizə, adət–ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq işinin önündə getmiş və ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu çoxdan sübut etmişdir. Onun ayaq basdığı ucalıqlar indi bizə həddindən artıq doğma və yaxındır. O ucalıqlarda xalqımızın gözəl rifah halı, dövlətimizin böyük inkişaf tempi görünməkdədir.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Respublika.- 2012.- 26 avqust.- № 189.- S. 3.