Çap etmək   ⁞     ⁞   Fond haqqında

Böyük amallar uğrunda


Heydər Əliyev Fondunun əsas məqsədi Ulu öndərimizin Vətən, xalq üçün göstərdiyi xidmətləri, onun ümumbəşəri ideyalarını,
zəngin irsini təbliğ etmək, gənclər və gələcək nəsillər üçün qoruyub saxlamaqdır.
Fondun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır.

Mehriban Əliyeva


Bu il mayın 10-da Heydər Əliyev Fondunun yaranmasının 5 ili tamam olur. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirir.

Heydər Əliyev Fondu beşillik fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmış, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş, Bakıda bir sıra dövlətlərin iştirakı ilə möhtəşəm konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur.

Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu yarandığı gündən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələr həyata keçirir. Bunlardan biri “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramıdır. Bu proqram çərçivəsində respublika üzrə 31 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Eyni zamanda uşaq evləri və internat məktəblərində kitabxanalar yaradılmış, müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş, bu müəssisələrin əksəriyyətində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərində ötən beş il ərzində ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirməklə yanaşı onların özfəaliyyət kollektivlərinə, dərnəklərinə lazım olan köməyi də əsirgəməmişdir.

2009-cu ilin yanvarında Fondun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının əsas məqsədi isə təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Bu proqram çərçivəsində 75.000-dən artıq şagird yerlik müasir standartlara cavab verən 283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur.

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi isə tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Fond bu layihə çərçivəsində hər il Azərbaycanın bütün birinci sinif şagirdlərinə və Gürcüstandakı soydaşlarımızın təhsil aldığı məktəblərin birinci sinif şagirdlərinə yeni dərslik və tədris ləvazimatları hədiyyə edir.

“Təhsilə dəstək” layihəsinin ən uğurlu və önəmli işlərindən biri Pakistanda 2005-ci ildəki zəlzələdən yarasız hala düşmüş qızlar üçün orta məktəb binasının yenidən inşa edilərək istifadəyə verilməsidir.

2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni elmi-tədris mərkəzinin binası tikilmiş, əyani vəsaitlərlə təmin edilərək soydaşlarımızın istifadəsinə verilmişdir.

Eyni zamanda, “Təhsilə dəstək” layihəsi çərçivəsində respublikanın həm ümumtəhsil məktəblərinin, həm də məktəbəqədər təhsil müəssisələrinin dərs vəsaiti və müxtəlif ədəbiyyatla təchizatına da xüsusi önəm verilir.

Qeyd edək ki, “Təhsilə dəstək” layihəsi çərçivəsində 2005-2009-cu illər ərzində respublika üzrə 11 uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir.

Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.

Bu sahədə Heydər Əliyev Fondunun ilk ciddi addımı Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birgə 2004-cü ildən həyata keçirməyə başladığı “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. Bu layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir.

BMT-nin təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuşdur. Diabet xəstəliyinin əhatə dairəsinin artması haqqında əhalini xəbərdar etmək məqsədi ilə aksiyanın keçirildiyi 155 ölkənin şəhərlərinin möhtəşəm binaları noyabrın 14-ü - Dünya Diabet Günündə BMT-nin rəmzi olan mavi rəngə boyanır.

Azərbaycanda yayılan talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə 2005-ci ildən Heydər Əliyev Fondu talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Layihə çərçivəsində talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası üçün Bakıda Talassemiya Mərkəzi inşa edilmişdir.

Heydər Əliyev Fondu tərəfindən Bakı şəhərində Psixo-nevroloji Uşaq Evinin inşası onun səhiyyə sahəsindəki ən böyük uğurlarından biridır.

Eyni zamanda, Fondun təşəbbüsü ilə paytaxtda və regionlarda tibb müəssisələrinin yenidənqurma layihələri həyata keçirilir. Əzizbəyov rayonunun Türkan qəsəbəsində poliklinika, təcili yardım stansiyası, Şüvəlan qəsəbəsində xəstəxana, Zirə qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzi, “Təbəssüm” uşaq sanatoriyası yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuşdur.

Həmçinin Fondun təşəbbüsü ilə Qala qəsəbəsində xəstəxana inşa edilmişdir. Qeyd edək ki, Azərbaycanda səhiyyə problemlərinin aradan qaldırılmasında Heydər Əliyev Fondu dünyanın “Fresenius Medical Care”, “Karl-Storz”, “Servier” kimi nüfuzlu səhiyyə şirkətləri ilə də əməkdaşlıq edir. Bu şirkətlər tərəfindən Fonda bağışlanan müasir tibbi avadanlıqları və dərman preparatları ölkənin tibb müəssisələrinə paylanır.

Bütün bunlarla yanaşı 2004-2009-cu illər ərzində Fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, 10 minə yaxın insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu dövr ərzində 763 nəfərdən çox xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunmuş, 90 nəfərdən çox xəstə xarici ölkələrdə müayinə və əməliyyat edilmişdir.

2007-ci ilin may ayında səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqlarla təchiz edilməsində göstərdiyi xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı ilə təltif olunmuşdur.

Heydər Əliyev Fondunun xüsusi diqqət yetirdiyi prioritet sahələrdən biri də mədəniyyət sahəsidir. Fond mədəniyyət sahəsindəki fəaliyyətində Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Fond “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Albomda 24 virtuoz muğam ifaçısının səsləndirdiyi muğam parçaları qədim və zəngin mədəniyyətimiz barədə dinləyicilərdə geniş təsəvvür yaradır.

Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur.

Regionlarda da Muğam Mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçən il Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur. Bu il isə Fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun dəstəyi ilə Bakıda Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi inşa olunur.

Eyni zamanda, Ulu öndərin irsini təbliğ edən Fondun təşəbbüsü ilə respublikanın müxtəlif regionlarında, iri şəhərlərində, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, həmçinin Fondun ABŞ, Rumıniya və Rusiyadakı nümayəndəliklərində Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və mədəni irsindən bəhs edən, müasir avadanlıq və lazımi ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılmışdır. Bu muzeylərdəki müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin zəngin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək həyata keçirilmişdir. İlk olaraq Fondun birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan muğam sənətinin inkişafına və təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini və beynəlxalq festivalları qeyd etmək lazımdır. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam müsabiqəsi Azərbaycan tamaşaçıları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən də razılıqla qarşılandı. Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə Fond 2007-ci ildə də muğam müsabiqəsi keçirmişdir.

2009-cu ilin martın 18-dən 25-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Festival çərçivəsində keçirilən I Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etmişlər.

300-dən çox ifaçının iştirak etdiyi I Respublika Muğam Müsabiqəsinin qalibləri Fond tərəfindən hədiyyə və diplomlarla mükafatlandırılmışdır. Festival çərçivəsində keçirilən Beynəlxalq Elmi Simpoziumda isə 20-dək ölkəni təmsil edən alimlərin 80-ə yaxın məruzəsi dinlənilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan muğam sənətinə bu diqqət və qayğısı muğamın təbliği, tədrisi, peşəkar musiqi ifaçılığının, müasir dinləyici mədəniyyətinin formalaşdırılmasında əvəzsiz rol oynayır.

2005-2006-cı illərdə Heydər Əliyev Fondu tərəfindən Bakıda dünya şöhrətli musiqiçilər D.Şestakoviç və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar təşkil olunmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda 2007-ci ildə Mstislav Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalının, 2008-ci ildə II Beynəlxalq Musiqi Festivalının keçirilməsi bu tədbiri bir ənənəyə çevirmişdir. Fondun təşkil etdiyi bu festivallara dünyanın peşəkar orkestrlərinin və ən məşhur musiqiçilərinin - tanınmış pianoçularının, skripkaçılarının, violonçelçalanlarının, dirijorların Mehriban xanım Əliyeva tərəfindən dəvət olunması keçirilən festivalları nəinki Azərbaycanın, ümumiyyətlə, dünyanın mədəni həyatında böyük hadisəyə çevirir.

Heydər Əliyev Fondu tarixi-mədəniyyət abidələrinin və mədəniyyət obyektlərinin bərpasına da xüsusi önəm verir. Fondun dəstəyi ilə 2005-ci ildə Gəncədə Cavad xanın qəbri üzərində məqbərə ucaldılmış, VII əsrdə Gəncə şəhərində öz xeyirxahlığı ilə xalqın böyük hörmətini qazanmış Comərd Qəssabın məzarı və məzarüstü türbəsi bərpa olunmuş, ətraf ərazi abadlaşdırılmışdır. Dəmirçi Osmanoğlu İbrahim tərəfindən 1063-cü ildə hazırlanmış və 1139-cu ildə Gəncədə zəlzələ baş verərkən yadellilər tərəfindən aparılmış məşhur Gəncə Qapıları 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən ilkin şəkildə bərpa edilib milli ornamentlə bəzədilərək şəhərin girişində qurulmuşdur.

2005-ci ildə Azərbaycanın görkəmli yazıçısı və pedaqoqu Abdulla Şaiqin ev-muzeyində əsaslı bərpa işləri aparılmış və Mərdəkan qəsəbəsindəki kütləvi kitabxana üçün müasir bina tikilmişdir. Həmin ildə Fondun təşəbbüsü ilə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında əsaslı təmir və bərpa işləri aparılmışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan Mədəniyyət Sarayı yenidən qurulmuşdur. Tamamilə yeni görkəm almış, 4.641 kv.m ümumi sahəsi olan sarayda 374 nəfərlik böyük, 150 nəfərlik kiçik zal, mühazirə və rəqs salonları vardır. Hazırda burada 10-dan çox dərnək fəaliyyət göstərir və kitabxanası 6.000 çox oxucuya xidmət edir.

2008-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədi ilə açıq səma altında Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılmışdır. Həyata keçirilmiş bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Fond tərəfindən muzey kompleksindən ətraflı bəhs edən kitabça da nəşr edilmişdir.

2008-ci ilin oktyabrında Salyanda Dövlət Rəsm Qalereyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurularaq istifadəyə verilmişdir. Burada rəsm sərgilərinin nümayişi ilə yanaşı, peşəkar rəssamlar tərəfindən gənc istedadlar üçün ustad dərsləri də keçirilir.

Heydər Əliyev Fondu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da mədəniyyət abidələrinin bərpasında iştirak edir. Belə ki, Fond Tbilisi şəhərində dəfn edilmiş Azərbaycanın görkəmli şəxsiyyətlərinin - şair Mirzə Şəfi Vazehin, filosof Mirzə Fətəli Axundzadənin (Axundov), ictimai-siyasi xadimlər Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin qəbirüstü abidələrini yenidən qurmuşdur.

2007-ci ildə Fond Parisin Versal Sarayının parkında qorunub saxlanılan, Dünya İrsi Siyahısına salınmış qədim və ümumbəşəri abidələrin (“Amazonka” (1685-1693, müəllif Jak Büirret) və “Qulpları favn başları ilə bəzədilmiş vaza” (1687-1705, müəllif Klod Berten)) bərpa işlərini həyata keçirmişdir.

Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa işləri aparılmış dini abidələrdən biri Binə qəsəbəsindəki Möhsün Səlim məscididir. Sakinlərin müraciətindən sonra məscid bərpa edilmiş, həyətində əlavə yardımçı bina da inşa edilərək dindarların istifadəsinə verilmişdir. Eyni zamanda 2006-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur.

“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmışdır. Layihənin digər tərkib hissəsi “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik Təhsil Mərkəzinin inşasıdır. Hazırda isə Buzovna qəsəbəsindəki Cümə məscidində yenidənqurma işləri davam etdirilir.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaşma memorandumu imzalanmışdır. Sənəd müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsini, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur. İlkin əməkdaşlıq çərçivəsində Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, eyni zamanda, məbədin fasadında keramik panno yerləşdirilmişdir.

Heydər Əliyev Fondunun sosial sahədəki layihələri də öz miqyasına görə seçilir. Misal olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 16 mənzilli yaşayış binasının inşasını qeyd etmək olar.

2004-2009-cu illər ərzində Heydər Əliyev Fondu infrastruktur layihələri - Əzizbəyov rayonunun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrinə yolların çəkilməsini, Binə qəsəbəsində yardımçı stansiyanın yenidən qurulmasını, qəsəbələrin su təchizatının yaxşılaşdırılmasını, parkların salınmasını həyata keçirmişdir. Fond dini və tarixi-mədəniyyət obyektlərinin ətraf ərazisini abadlaşdırmış, yaşıllıqlar salmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaratmışdır.

Valideyn himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Aksiyalar çərçivəsində körpələr və uşaq evlərinə, internat məktəblərinə müxtəlif yardım və hədiyyələr göndərilir, uşaqlar üçün konsert proqramları və əyləncəli tədbirlər təşkil edilir.

Fond hər il orta məktəblərdə təhsildə xüsusi fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir. Bundan əlavə, Qurban və Ramazan bayramlarında uşaq evləri və internat məktəblərinə bayram hədiyyələri göndərilir.

Heydər Əliyev Fondu əlillərin cəmiyyətə inteqrasiyasına, onların istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə, əməklərinin qiymətləndirilməsinə xüsusi əhəmiyyət verir. 2007-ci ilin oktyabrında Fondun təqdimatı ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycandan 15 nəfər əlil ixtiraçını mükafatlandırmışdır.

Fond Böyük Vətən müharibəsi veteranlarını da daim diqqətdə saxlayır, onların problemləri ilə maraqlanır, mütəmadi olaraq onlara ünvanlı sosial yardım göstərir. Eyni zamanda, müharibə iştirakçılarının şərəfinə parklar salınır, onlara abidə ucaldılır.

Heydər Əliyev Fondu Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılanması, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun iş aparır. Bu qəbildən Fond 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbçilər üçün yararlı olan bilgilərin yer aldığı “Hərbçinin qeyd və yaddaş kitabçası”nı çap etmişdir. Heydər Əliyev Fondu bir sıra hərbi hissələrə hərbi təlim plakatları və müxtəlif növ məişət texnikası hədiyyə vermişdir.

Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi sahələrdən biri də elm və texnologiyadır. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə 2005-ci ildə Fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan “Azərbaycan” internet portalı yaradılmışdır. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan “Azərbaycan” portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir.

Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlanmışdır. 2005-ci ildən başlayaraq Azərbaycan, ingilis və rus dillərində Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərinə həsr olunmuş saytlar, multimedia diskləri, həmçinin Fondun fəaliyyətini əks etdirən sayt yaradılaraq ictimaiyyətin istifadəsinə verilmişdir.

Gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə inşa olunan orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılır. İdmana dair bir sıra əyani vəsaitlər çap olunur.

Fondun dəstəyi ilə Bakıda 2007-ci ilin may ayında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kuboku” II Beynəlxalq Şahmat Festivalı və 2008-ci ilin mayında III Beynəlxalq Şahmat Festivalı keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən şahmatçıların qatıldığı festivallarda beynəlxalq dərəcəli qrossmeyster və məşhur idman ustaları da iştirak etmişlər.

Müstəqillik illərində Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış Azərbaycan idmançıları Heydər Əliyev Fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülmüşdür.

2004-cü ildən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar nəşr edilir. 2005-2007-ci illər ərzində Fondun dəstəyi ilə “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Azərbaycan, rus, ingilis və fars dillərində “Heydər Əliyev” kitabı çap olunmuşdur. 2008-ci il də isə Ulu öndərin kəlamları toplanmış ikicildlik “Heydər Əliyev. Müdrik fikirlər” kitabı işıq üzü görmüşdür.

Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələr sırasında 2006-cı ildə “Qarabağ həqiqətləri” bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılmışdır.

2006-cı ildə nəşr edilmiş “Müharibə və tarixi-mədəniyyət abidələrimiz” kitabında Azərbaycanın işğal olunmuş ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir.

“Qarabağ həqiqətləri” silsiləsinin davamı olaraq 2007-ci ildə Heydər Əliyev Fondu Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs edən “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) kitabını ingilis dilində nəşr etdirmişdir. Kitaba işğal olunmuş rayonlarımızdakı mədəni sərvətlərimizin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində və işğal altındakı bölgələrimizdəki tarixi və mədəniyyət abidələrimizin əvvəlki və indiki vəziyyətini əks etdirən videomateriallar əlavə olunmuşdur.

2005-2007-ci illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun “Bəyazidin müdafiəsi: həqiqət və yalan”, “Əlahəzrətin general- adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan”, “Sovet İttifaqı adından” kitabları rus dilində nəşr olunmuşdur.

Heydər Əliyev Fondu Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkələrin oxucularına çatdırılmasını və eyni zamanda, müxtəlif xalqlara məxsus dəyərli əsərlərin dilimizə tərcümə edilib nəşr olunmasını həyata keçirir. 2005-2008-ci illər ərzində Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə”, Murad Adcının “Türklər və dünya: munis tariximiz”, S.Frederik Starr və Svant E.Kornellin “Bakı-Tbilisi-Ceyhan boru kəməri: qərbə açılan neft pəncərəsi”, Rudolf İvanovun “Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan” kitabları Azərbaycan dilinə tərcümə edilmişdir. 2006-cı ildə yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin romanları, hekayələr kitabı türk dilində nəşr edilərək oxuculara təqdim olunmuşdur. 2009-cu ildə “Qabusnamə” kitabı rus dilinə tərcümə olunaraq nəşr edilmişdir.

2005-ci ildə Heydər Əliyev Fondu tanınmış musiqiçilər M.Rostropoviç və xanımı Q.Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş musiqi albomu hazırlamışdır.

Heydər Əliyev Fondunun İSESKO ilə əməkdaşlığı çərçivəsində 2006-cı ildə görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı ərəb dilinə tərcümə olunaraq nəşr edilmişdir.

Azərbaycanın dahi şəxsiyyətlərinin dəfn olunduğu və xarici ölkələrdən gələn qonaqların hər zaman üz tutduğu Fəxri xiyaban haqqında elmi-kütləvi nəşrə böyük ehtiyac duyulduğunu nəzərə alan Heydər Əliyev Fondu 2007-ci ildə nəfis tərtibatda “Fəxri xiyaban” kitabını nəşr etdirmişdir. Azərbaycan və ingilis dillərində hazırlanmış ensiklopedik kitab Heydər Əliyevin həyat yolu haqqında məqalə ilə başlayır.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan xalq artistləri Arif Babayevin, Rafiq Babayevin, Habil Əliyevin, Əlibaba Məmmədovun yaradıcılığından bəhs edən musiqi albomları və Azərbaycan cizgi filmləri toplusu (Mədəniyyət və Turizm Nazirliyi ilə birgə) 2008-ci ildə işıq üzü görmüşdür. Həmin il Heydər Əliyev Fondu Üzeyir Hacıbəyliyə həsr olunmuş “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitablarını, onun “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun” operalarının və musiqili komediyalarının klavir, libretto və CD-lərini hazırlamışdır.

2008-ci ildə həmçinin Fondun Azərbaycan muğamına həsr olunmuş yeni nəşri - “Azərbaycanın muğam ensiklopediyası” (iki cilddə) və “Şuşa qrafika” kitabları Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir.

2009-cu ildə isə Heydər Əliyev Fondu tərəfindən uşaq mahnılarından ibarət multimedia diski və Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri, eyni zamanda, muğam sənətinin inkişaf tarixindən, Azərbaycan musiqisində mövcud olan bütün muğam formalarından (dəstgah, zərbi-muğam və s.), onların spesifik xüsusiyyətlərindən və muğamın ifa olunduğu musiqi alətlərindən bəhs edən multimedia diskləri hazırlanmışdır.

Heydər Əliyev Fondu öz fəaliyyətini Azərbaycandan kənarda da genişləndirməkdədir. Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Rusiya Federasiyasındakı nümayəndəlik 2007-ci ilin may ayında Moskvada açılmışdır. Bu, Heydər Əliyev Fondunun ölkə hüdudlarından kənarda ilk nümayəndəliyidir. Leyla Əliyevanın rəhbərlik etdiyi bu qurum mədəni və sosialyönümlü layihələr həyata keçirir.

Nümayəndəlik fəaliyyətinin ilkin dövründə Moskva şəhərindəki 157 saylı etnomədəni komponentli məktəblə sıx əlaqə yaratmış, təhsil ocağına hərtərəfli dəstək və qayğı göstərmişdir. Bundan başqa nümayəndəlik Rusiya paytaxtındakı Azərbaycan-gürcü orta məktəbləri və uşaq evləri ilə də əlaqə saxlayır.

Gənclərlə iş nümayəndəliyin önəm verdiyi əsas istiqamətlərdən biridir. Artıq Rusiyanın bir sıra nüfuzlu ali məktəblərində Azərbaycan klubları yaradılmışdır. Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayan belə klubların yaradılması davamlı şəkildə aparılır.

Böyük Vətən müharibəsi veteranlarına xüsusi qayğı göstərən Fondun Rusiya Federasiyasındakı nümayəndəliyi 2008-ci ildə Rusiya və Azərbaycan veteranlarının görüşünü keçirmiş, “Şöhrət” muzeyinə xatirə hədiyyələri təqdim etmişdir.

2008-ci ilin fevral ayında nümayəndəliyin “Zəifeşidənlər dünyası” Ümumrusiya İctimai Gənclər Təşkilatı ilə birgə 300 əlil uşaq üçün təşkil etdiyi xeyriyyə aksiyası Moskva ictimaiyyəti arasında geniş rezonans doğurmuşdur. Həmin ayda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Rusiyanın Azərbaycan Gənclər Təşkilatının və ali məktəblərdəki Azərbaycan klublarının birgə səyi ilə “Xocalı. 16 il sonra” mövzusunda keçirilmiş elmi-praktik konfrans xalqımızın yaşadığı Xocalı faciəsi haqqında Rusiya ictimaiyyətinə geniş məlumat vermişdir.

Leyla Əliyeva nümayəndəliyin fəaliyyətini genişləndirmək məqsədi ilə Rusiyanın müxtəlif vilayətlərinə səfər edir, burada yaşayan və təhsil alan azərbaycanlı gənclərin problemləri ilə maraqlanır, onların həlli istiqamətində müəyyən tədbirlər görür.

2008-ci ilin fevral ayında Leyla Əliyevanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq sazişi imzalanmışdır.

Nümayəndəliyin dəstəyi ilə Rusiya paytaxtında Azərbaycanın tanınmış elm, ictimai xadimlərinin xatirə gecələrinin, xalqımızın mədəniyyət və tarixini əks etdirən sərgi və konsertlərin, “dəyirmi masa” və gənclər forumlarının təşkili xalqlararası ünsiyyətin, ölkələrarası münasibətlərin inkişafına xidmət edir.

Rumıniyadakı nümayəndəliyin açılışı 2007-ci ilin sentyabrında Azərbaycan və Rumıniya prezidentlərinin iştirakı ilə keçirilmişdir. Nümayəndəlik Kluj şəhərindəki yeganə ahıllar evinə, Buxarest şəhərində yerləşən uşaq evinə, Konstantsa və Məcidiyyə şəhərlərində yoxsul və kimsəsizlərə sosial yardımlar göstərir. 2008-ci ilin iyulunda Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin əməkdaşları daşqından ağır zərər çəkmiş Suçeava bölgəsinə səfər etmiş, yerli əhaliyə ərzaq, geyim və dərman preparatları ilə yardım göstərmişlər.

Ümumiyyətlə, yarandığı ildən etibarən nümayəndəlik Rumıniyanın Mədəniyyət Nazirliyi, Kluj Dövlət Universiteti, Konstantsa Dövlət Universiteti, Buxarest Dövlət Universiteti, UNİCEF-in Rumıniya nümayəndəliyi, Oradea şəhərində Uşaq Protezləri klinikası, Beynəlxalq Uşaq və Ailə Fondu, “Prison Fellowship” Fondu, “Omenia” Xeyirxahlıq Fondu kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir.

ABŞ-dakı nümayəndəlik isə 2008-ci ilin avqustunda fəaliyyətə başlamışdır. Həmin il Kanadanın Niaqara-on-de-Leyk şəhərində keçirilən Niaqara Beynəlxalq Kamera Musiqisi Festivalı çərçivəsində nümayəndəliyin dəstəyi ilə Azərbaycan muğamına həsr edilmiş təqdimat və konsert keçirilmişdir.

Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində (Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev və Tbilisidə) Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Bu tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Fondun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi “Xocalı uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş etdirilir və bu mövzu ilə bilavasitə bağlı olan “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı paylanılır. Müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin dəvət olunduğu bu tədbirlər Azərbaycan həqiqətləri, Xocalı soyqırımı haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.

Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrə aid proqram və layihələr hazırlayıb uğurla həyata keçirən Heydər Əliyev Fondu öz fəaliyyətində dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlığa da mühüm əhəmiyyət verir. 2005-ci ilin dekabrında Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların bu sahədə indiyədək həlli müşkülə düşən bütün problemləri həll edilmişdir.

Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə 2009-cu ildə Gəncə şəhərində kor və görmə qabiliyyəti zəif olan insanlar üçün regional kompüter mərkəzi inşa etdirərək istifadəyə vermişdir.

2004-cü il avqustun 13-də Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Heydər Əliyev Fondunun dəstəyi ilə YUNESKO-nun qərargahında mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. Belə ki, YUNESKO-nun qərargahında 2005-ci ilin sentyabr ayında akademik Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyi, 2006-cı ilin oktyabr ayında isə Azərbaycan mədəniyyəti günləri keçirilmişdir.

Heydər Əliyev Fondu 2007-ci ildən YUNESKO və Azərbaycan hökuməti ilə birgə ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihə həyata keçirir.

2008-ci ilin may ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun mənzil-qərargahında gənc istedadların çıxışlarından ibarət “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir. Konsertdə Azərbaycanın Uşaq Simfonik Orkestri, uşaq xoru, xoreoqrafiya məktəbinin rəqs qrupu, fortepiano, skripka və digər musiqi alətlərinin mahir ifaçıları olan beynəlxalq müsabiqə laureatlarının çıxışları dinləyicilərdə böyük təssürat oyatmışdır.

2009-cu ilin mart ayında Bakıda Heydər Əliyev Fondu ilə YUNESKO arasında Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 2003-cü il Konvensiyasının həyata keçirilməsi ilə bağlı strateji məqsədlərə nail olmaq üçün əməkdaşlığın möhkəmləndirilməsinə dair Niyyət Protokolu imzalanmışdır. Heydər Əliyev Fondu inkişaf edən ölkələrdə şəraitin yaxşılaşdırılması, peşəkar inkişafa xüsusi diqqət yetirməklə qeyri-maddi mədəni irsin qorunması sahəsində birgə tədbirlərin keçirilməsi barədə razılığa gələrək, Afrika ölkələrindən olan yerli əhalinin Afrika İrs Məktəbində təlim proqramı keçməsi üçün maliyyə yardımı ayırmışdır.

Heydər Əliyev Fondu BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2008-ci ilin yanvarından “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihə həyata keçirir. Layihənin əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsidir.

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İSESKO) ilə Heydər Əliyev Fondunun əməkdaşlığı isə 2005-ci ildən başlayır. Qeyd edək ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

2007-ci ildə Heydər Əliyev Fondu ilə İSESKO arasında imzalanmış yeni əməkdaşlıq sənədində elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafı, birgə layihələrin işlənib həyata keçirilməsi, fəaliyyətin əlaqələndirilməsi nəzərdə tutulur.

Yuxarıda sadalananlardan əlavə Heydər Əliyev Fondu dünyanın 150-dən çox ölkəsinin 5 milyondan artıq qadınını öz ətrafında birləşdirən ABŞ-ın “Vital Voice” qeyri-hökumət humanitar təşkilatı və “Uşaqların xilası” (Save the Children) təşkilatı ilə də sıx əməkdaşlıq edir.

Həmçinin Fondun Rusiyanın “Uralsib” maliyyə korporasiyası ilə əməkdaşlığı çərçivəsində Bakıda serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqların müasir metodlarla müayinə və müalicəsinə, cəmiyyətə inteqrasiyasına imkan yaradacaq Uşaq Serebral İflici Reabilitasiya Mərkəzinin 2008-ci ildə təməli qoyulmuşdur.

Heydər Əliyev Fondu mütəmadi olaraq beynəlxalq tədbirlər təşkil edir. 2005-ci ilin avqustunda Fond YUNESKO ilə birgə “Gülüstan” sarayında “YUNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda konfrans keçirmişdir. Konfransda Azərbaycanın təhsil sistemində aparılan islahatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər məsələlər müzakirə olunmuş, YUNESKO ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır.

Azərbaycanın tarixi və mədəni ənənələrini, tarixi İpək Yolu regionundakı rolunu nəzərə alan Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını (Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan - sivilizasiyalararası dialoqun keçmişi və bu günü” mövzusunda) Heydər Əliyev Fondu ilə birgə 2006-cı ilin aprelində Bakıda keçirmişdir. Konfrans iştirakçıları vurğulamışlar ki, Avrasiyanın mərkəzində yerləşən, Şərq və Qərb mədəniyyətlərinin ən yaxşı ənənələrinin qovuşduğu Azərbaycanda mövcud olan din-dövlət münasibətləri, tolerantlıq və yuxarıda sadalanan digər amillər təqdirəlayiqdir və orijinallığı ilə fərqlənir.

Heydər Əliyev Fondunun Bakıda keçirdiyi növbəti konfrans 2006-cı ilin iyununda Vaşinqton Elmlər Akademiyası ilə birgə “Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda I Beynəlxalq Konfrans olmuşdur. Konfransın açılış mərasimində ABŞ, Almaniya, Böyük Britaniya, Belçika, Bəhreyn, Estoniya, Gürcüstan, İran, İsrail, Misir, Rusiya, Suriya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrdən 50-dən çox nümayəndə, bir sıra beynəlxalq təşkilatlar (YUNESKO, Ümumdünya Tibb Tarixçiləri Cəmiyyəti, İngiltərə Tibb Tarixi Cəmiyyəti, Türkiyə Tibb Tarixi Cəmiyyəti, Azərbaycan Tibb Tarixçiləri Birliyi, Vaşinqton Elmlər Akademiyası), tanınmış elm xadimləri, xarici ölkələrin səfirləri iştirak etmişlər.

2007-ci ilin noyabrında Bakıda İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Naminə Gənclər Forumu ilə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Gənclər sivilizasiyaların alyansı naminə” konfransı keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil, elm, gənclər, mədəniyyətlərarası dialoq sahəsində və Azərbaycan mədəniyyətinin dünyada təbliğində xidmətlərinə görə İslam Konfransı Gənclər Forumunun “Gəncliyin inkişafı uğrunda Qlobal Səfir” adına layiq görülmüşdür. Şərqi Asiya və Qərb ölkələrindən, habelə İslam Konfransı Təşkilatından gənclərin iştirak etdiyi beynəlxalq konfrans günlərində elm, mədəniyyət və sosial sahələrdə müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr dinlənilmişdir.

2008-ci ilin mayında Bakıda Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransları silsiləsindən “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans keçirilmişdir. Konfransda savadsızlıq probleminə daha geniş yanaşmağın vacibliyi vurğulanmış, savadın ölçülməsi məsələsinin işlənib hazırlanması və istifadəsi haqqında təcrübələrdən danışılmış, Avropa regionunda savadın qiymətləndirilməsi üzrə məlumatların yaradılması və istifadəsi üzrə gələcək beynəlxalq və yerli planlar müzakirə edilmişdir.

2008-ci ilin iyununda Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Forum keçirilmişdir. Beynəlxalq Forumun sonunda qəbul edilmiş Bakı Bəyannaməsində dünya dövlətləri münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağırılır.

2008-ci ilin sentyabrında Bakıda keçirilən Dünya Gənclərinin IV Məşğulluq Sammitində (YES) 2012-ci ilə qədər gənclər üçün 2 milyon yeni iş yerinin yaradılması, xüsusi dövlət proqramlarının qəbul edilməsi və icrası, ətraf mühit problemlərinin həllində gənc liderlərin iştirakı, sahibkarlığın cəmiyyətin inkişafında rolu və digər məsələlər müzakirə olunmuşdur.

Fond 2007-ci ilin oktyabrında Rusiyanın birinci xanımının himayəsi ilə Rus Dilinin İnkişafı Mərkəzi tərəfindən Moskvada təşkil edilmiş “BibliObraz-2007” Beynəlxalq Festivalında iştirak etmişdir. Festivala maraqlı və əhatəli proqram təqdim edən Heydər Əliyev Fondu sərgi ekspozisiyaları və müxtəlif guşələr vasitəsilə tamaşaçıları Azərbaycanın zəngin mədəniyyəti ilə yaxından tanış etməyə nail olmuşdur. Festival çərçivəsində iştirakçılar “Azərbaycan” stendinin ekspozisiyasında Azərbaycan ədəbiyyatı klassiklərinin rus və başqa dillərdə nəşr edilmiş əsərləri, Fondun yeni nəşrləri, Azərbaycan mədəniyyətinə və Qarabağ probleminə həsr olunmuş DVD və CD-lər, əl işi olan gəlinciklər, miniatürlər, mini xalçalar, musiqi alətləri, mis qablar və başqa eksponatlarla tanış olmuşlar.

Gördüyümüz kimi, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirmək Heydər Əliyev Fondunun yarandığı gündən əsas fəaliyyəti olmuşdur. İnanırıq ki, Fond gələcək fəaliyyətində də bu strateji istiqamətlərdə möhtəşəm layihələrin həyata keçirilməsini davam etdirəcək.

Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Heydər Əliyev Fonduna gələcəkdə də uğurlar və böyük nailiyyətlər arzulayırıq.


Milli Məclis.- 2009.- № 2.- S. 3-16.