Bakıda beynəlxalq “Qızıl payız” musiqi festivalı açılmışdır
AZƏRTAC xəbər verir ki, oktyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə birinci Beynəlxalq “Qızıl payız” musiqi festivalı açılmışdır.
Musiqi bayramının açılışında xalq artisti Rauf Babayevin rəhbərlik etdiyi “Qaya” vokal qrupunun və Azərbaycanın “Arena” orkestrinin ifasında festivalın himni səslənmişdır.
Himnin sözləri İsmayıl Dadaşovun, musiqisi Rauf Babayevindir.
Sonra “Arena” orkestri Azərbaycan bəstəkarlarının caz musiqilərinin sintezi əsasında bəstələnmiş popurini ifa etmişdir.
Bundan sonra səhnəyə çıxan Latviyanın “Cosmos” vokal qrupunun ifası dinlənilmişdir. Bu qrup Yurmalada gənc ifaçıların “Yeni dalğa-2004” Beynəlxalq festivalının birinci mükafatçısı olmuşdur. Bu gün də pop və rok musiqisi ilə akademik musiqinin müasir sintezini nümayiş etdirən qrup öz ifası ilə zövqlü Azərbaycan tamaşaçılarını heyrətləndirə bilmişdir.
Beynəlxalq “Qızıl payız” musiqi festivalı oktyabrın 5-də Teatr Xadimləri İttifaqının tamaşa salonunda davam etdiriləcəkdir. Həmin gün “Man Sound” (Ukrayna) və “Kamerata” (Belarus) akapella və vokal qrupları çıxış edəcəklər.
“Qızıl payız” Beynəlxalq musiqi festivalı oktyabrın 7-dək davam edəcəkdir.
AZƏRTAC
2007, 4 oktyabr