İki yeni məktəb binası
Goranboy rayonunda yeni dərs ilinin ilk günü iki təzə məktəb binasının açılışı ilə əlamətdar olmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin köməyi ilə bir neçə ay ərzində Goranlı kəndində bütün şəraiti və hər cür avadanlığı olan 260 yerlik məktəb binası inşa edilərək istifadəyə verilmişdir.
Qaşaltı-Qaraqoyunlu kəndində isə 1928-ci ildən qalma binanın yerində müasir quruluşlu ikimərtəbəli bina ucaldılmışdır.
Yeni məktəbin açılışında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, təhsil şöbəsinin müdiri Elmar Əliyev, Milli Məclisin deputatları Gültəkin Hacıyeva, Qüdrət Həsənquliyev, valideynlər, müəllimlər və şagirdlər çıxış edərək elmə, təhsilə olan qayğı və köməyə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Müasir üslubda inşa edilən məktəblərdə yeni dərs ili xoş əhval-ruhiyyə ilə başlandı.
Ə. İsayev
Azərbaycan.- 2006.- 17 sentyabr.- № 210.- S. 3.