YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Tatarıstanda keçirilmiş beynəlxalq konfransda çıxış etmişdir
Noyabrın 24-dən 26-dək Tatarıstanın Kazan şəhərində "Müasir regional siyasət: beynəlxalq təcrübə və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir YUNESKO-nun himayəsi altında YUNESKO üzrə Rusiya Federasiyasının Milli Komissiyası, Tatarıstan hökuməti və bu ölkənin "TİSBİ" İdarəçilik Akademiyası tərəfindən təşkil olunmuşdur.
Konfransda MDB-nin üzvü olan dövlətlərin və Baltik regionu ölkələrinin YUNESKO üzrə Milli komissiyalarının məsul katibləri ilə yanaşı, Tatarıstanın baş nazirinin müavini, mədəniyyət naziri və YUNESKO üzrə Tatarıstanın Komissiyasının sədri Zilya Valeyeva, təhsil və elm naziri Albert Gilmutdinov, gənclər, idman və turizm naziri Rafis Burqanov və başqaları iştirak etmişlər.
Ölkəmizi təmsil edən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Günay Əfəndiyeva konfransda "YUNESKO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın yürütdüyü regional siyasət" mövzusunda məruzə ilə çıxış etmişdir.
G. Əfəndiyeva son illərdə Azərbaycanda əldə olunmuş iqtisadi inkişafdan danışaraq YUNESKO-nun prioritet sahələri - mədəniyyət, elm, təhsil, kommunikasiya və s. üzrə ölkəmizdə aparılan işlər barədə ətraflı məlumat vermiş, bunun bilavasitə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu xüsusi vurğulamışdır.
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müxtəlif layihələrin fəal iştirakçısı olduğunu bildirən G. Əfəndiyeva təşkilat ilə ölkəmiz arasında həyata keçirilməsi nəzərdə tutulan irimiqyaslı layihələr haqqında danışmışdır.
Azərbaycanın dünyada müxtəlif dini və milli azlıqlara qarşı tolerantlığı ilə seçildiyini qeyd edən G. Əfəndiyeva demişdir ki, ölkəmizdə müxtəlif etnik və dini qrupların nümayəndələri dinc yaşayır, mədəniyyətlərini sərbəst surətdə inkişaf etdirirlər.
Bundan əlavə, G. Əfəndiyeva Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu və orada Azərbaycana məxsus mədəni və dini abidələrin məqsədli şəkildə məhv edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfrans çərçivəsində "YUNESKO-nun Assosiativ Məktəblər" layihəsi üzrə MDB-nin üzvü olan dövlətlərin və Baltik regionu ölkələrinin Beynəlxalq Forumu, həmçinin bir sıra "dəyirmi masa" keçirilmişdir.
Azərbaycan.- 2010.- 1 dekabr.- № 263.- S. 6.