Növbəti humanist akt icra olundu
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində verilmiş Amnistiya Aktı 9 min 564 şəxsə şamil olunub.
Humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində Amnistiya Aktı qəbul edilib.
Amnistiya Aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmə və təhlillər nəticəsində həmin aktın 9 min 564 şəxsə tətbiq olunduğu müəyyən edilib. Onlardan 8 min 604-ü kişi, 960-ı qadın, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxsdir.
Azadlıqdan məhrumetmə növündə cəza çəkən 2 min 30 və intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkən 137 şəxs amnistiya nəticəsində azadlığa buraxılıb, 516 şəxsin isə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Bundan əlavə, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən 1600, islah işləri növündə cəza çəkən 2 min 853, ictimai işlər növündə cəza çəkən 198, habelə maddi vəziyyəti ilə əlaqədar olaraq təxminən 670 min manat məbləğində cəriməni ödəyə bilməyən 1.860 məhkum şəxs cəzalardan azad olunub. Həmçinin şərti məhkum edilib, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 369 məhkum barəsində də amnistiya tətbiq edilib.
Amnistiyanın təsiri altına düşmüş şəxslərin 95 faizi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməyə görə məhkum olunmuş şəxslərdir. Cəzadan azad olunmuş şəxslərin qalan hissəsi isə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş və cəzalarının sonuna az müddət qaldığı üçün Amnistiya Aktı ilə nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşməyən şəxslər olub.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 9 Amnistiya Aktı 96 mindən çox şəxsə tətbiq edilib, o cümlədən təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
Bu mərhəmətli addımın təşəbbüskarı olan Heydər Əliyev Fondu ümidvardır ki, barələrində amnistiya tətbiq edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
Yeni Azərbaycan.- 2009.- 31 iyul.- № 141.- S. 1.