Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Millət vəkili

Mehriban xanım Əliyevanın irimiqyaslı layihələri regionların inkişafına təkan verir

Mehriban Əliyeva 2009-cu ilin ən mərhəmətli və fəal qadın deputatıdır


Heydər Əliyev Fondu bütün sahələrdə genişmiqyaslı layihələr həyata keçirməklə humanist məramlı ideyaların daşıyıcısına çevrilir. Fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Heydər Əliyev ideyalarını davam etdirərək, bu missiyanı uğurla həyata keçirməkdə davam edir. Onun fəaliyyətinin şaxəli istiqamətləri əsasında həyata keçirilən layihələr çərçivəsində Azərbaycan səhiyyəsinə, təhsilinə, mədəniyyətinə xüsusi olaraq diqqət yetirilir. Belə ki, uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, diabet və talassemiyadan əziyyət çəkən insanlara hərtərəfli qayğı göstərilməsi, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, zəngin mədəniyyətimizin öyrənilməsi və təbliği üçün həyata keçirilən layihələr fondun fəaliyyətinin əsas istiqamətini müəyyən edir.

Mehriban xanım Əliyeva fondun prezidenti kimi böyük ideyalarını reallaşdırmaqla yanaşı, millət vəkili olaraq da dövlətçiliyin möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuz qazanmasında əməli fəaliyyət göstərir. Müstəqil Azərbaycanın inkişafına töhfələrini verən Mehriban xanım Əliyeva millət vəkili olduğu müddət ərzində Xəzər rayon ərazisində əsaslı işlərin icrasına nail olmuş, bu istiqamətdə məqsədyönlü şəkildə bir sıra layihələrin müəllifinə çevrilmişdir. Əhatə dairəsi geniş olan layihələr insanların maddi-sosial, mədəni rifahının yüksəlməsinə gətirib çıxarmışdır. Hər zaman gördüyü işlərlə diqqətdə olan Mehriban Əliyeva beynəlxalq titullara, mükafatlara layiq görüldüyü kimi, bu günlərdə məhz millət vəkili olaraq həyata keçirdiyi genişmiqyaslı layihələri diqqətdən yayınmamış və "Qadın dünyası" jurnalının redaksiyası tərəfindən "2009-cu ilin ən mərhəmətli və fəal qadın deputatı" nominasiyası üzrə sosioloji sorğunun yekunlarına görə, 100 faiz səs toplayaraq qalib gəlmişdir. Bu, onun 5 il müddətində birmənalı olaraq gördüyü işlərə verilən yüksək qiymətdir.

Onun Xəzər rayonunda apardığı abadlıq-quruculuq işləri ərazinin görkəmini tamamilə dəyişmişdir. Belə ki, müxtəlif sahələrdə aparılan təmir-bərpa işləri, yeni təhsil, tibb, mədəniyyət ocaqlarının istifadəyə verilməsi əhali tərəfindən alqışlanmışdır. Mehriban xanım Milli Məclisin deputatı kimi bu rayonun problemlərinin həllini həmişə diqqətdə saxlayır, ərazinin qəsəbə və kəndlərində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, yeni sosial obyektlər tikilir, yollar çəkilir, yeni iş yerləri açılır.

Xəzər rayonunda tibbi xidmətin keyfiyyətini artması, əhalinin ilk yardım alması üçün hər cür şərait var. Sanki qəsəbəyə yeni həyat verilib. Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş şəhər Xəstəxanasının təmir və bərpa etdirilməsi onun əməyi sayəsində reallaşıb. Bu səhiyyə ocağının ötən əsrin 50-ci illərində əsası qoyulmuş, tamamilə yararsız vəziyyətə düşmüş, 2005-ci ilin noyabrından əsaslı təmirə dayandırılmışdı. Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tamamilə yenidən qurulmuş xəstəxana 25 çarpayılıqdır. Burada poliklinika da var. Ginekologiya, rentgen şöbələri yaradılıb, yeni qazanxana, camaşırxana, həkim otaqları, mətbəx tikilib, istilik sistemi tamamilə yenidən qurulub. Xəstəxana Şüvəlanın beş mindən çox əhalisinə və qəsəbədə müvəqqəti məskunlaşmış 1535 məcburi köçkünə xidmət göstərir. Xəstəxanada Amerika istehsalı olan rentgen, ultrasəs müalicəsi aparatları və sair ən müasir avadanlıq quraşdırılıb.

Xəzər rayonunun Qala qəsəbəsində ilk xəstəxana - 29 nömrəli Birləşmiş şəhər Xəstəxanasının filialı da Mehriban Əliyevanın təşəbbüsü ilə açılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən filialın təcili yardım stansiyası və apteki də vardır. Yeni səhiyyə müəssisəsi müasir tibbi avadanlıqla təmin olunub. Təcili yardım stansiyası üçün alınmış avtomobildə reanimasiya tədbirləri üçün avadanlıq, elektrokardioqraf, qanı oksigenlə təmin edən aparat, qanda şəkərin miqdarının təyin edilməsi üçün avadanlıq, 90 çeşiddə dərman ləvazimatı və sarğı materialları vardır. Bu, qəsəbədə ilk xəstəxanadır. Əvvəllər Qala sakinləri tibbi yardım üçün qonşu qəsəbələrə getmək məcburiyyətində olurdular. İndi buna heç bir ehtiyac yoxdur. Burada müasir tələblərə cavab verən şöbə və kabinetlər yaradılmışdır.

Azərbaycan təhsilini inkişafı, yeni standartlara uyğun təhsilin qurulması Mehriban xanım Əliyevanın diqqətindədir. Xəzər rayonunda olan 41 məktəbin təmirinə keçən il 600 milyon manat vəsait ayrılmışdır. Xəzər rayonunun Türkan qəsəbəsində Nizami Sərxanov adına 256 nömrəli məktəb istifadəyə verilmişdir. Təməli Prezident tərəfindən 2006-cı ilin mayında qoyulmuş məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilmişdir. İkimərtəbəli təhsil ocağında 15 sinif otağı, fənn kabinetləri, kompyuter sinfi, kitabxana, idman salonu vardır. Şüvəlan qəsəbəsindəki 156 nömrəli orta məktəbin yeni binasının açılışı da Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. 1935-ci ildə tikilmiş orta məktəb son vaxtlar lazımi standartlara cavab vermirdi. Ona görə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivəsində fondun vəsaiti hesabına tamamilə yenidən qurulmuşdur. 1140 şagird üçün nəzərdə tutulmuş, 50 sinif otağı olan üçmərtəbəli bina indi müasir standartlara tam cavab verir. Məktəbin həyətində gözəl bağ salınmış, futbol, basketbol meydançaları var.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidənqurmadan sonra Bakının Xəzər rayonunun Şüvəlan və Türkan qəsəbələrində iki məktəb binası qapılarını şagirdlərin üzünə açmışdır. Şüvəlan qəsəbəsindəki 237 nömrəli orta məktəb 1964-cü ildə inşa olunmuşdur. Bu köhnə məktəb binası Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsaslı təmir olunmuşdur. İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılmışdır. Rayon ərazisində, demək olar ki, təhsil ocağının infrastrukturu yenilənmişdir. Məktəblər kompyuterləşdirilmiş, internetə çıxışı vardır. Gənc nəslin sağlam böyüməsi üçün məktəblərdə geniş idman zalı yaradılmışdır. Burada şagirdlərin idmanın bütün növləri ilə məşğul olmaları üçün hər bir şərait yaradılmışdır.

Türkan qəsəbəsindəki 262 nömrəli orta məktəb binasının da əsaslı yenidənqurmadan sonra açılışı "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində görülmüş işlər nəticəsində, necə deyərlər, ikinci gənclik dövrünə qədəm qoymuşdur. Məktəb təkcə əsaslı təmir edilməmişdir, onun maddi-texniki bazası da gücləndirilmişdir. İndi burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Məktəb 1176 yerlikdir. Burada 42 sinif otağı vardır. Məktəbin yenidən qurulması böyük şagird kontingentinin təhsil şəraitini tamamilə müasirləşdirməyə, tədrisin səviyyəsini yüksəltməyə imkan yaratmışdır. Məktəbdə geniş və işıqlı kabinetlər, müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, kompyuter və digər fənn otaqları vardır.

Heydər Əliyev Fondu internat məktəblərinin təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması üçün xüsusi proqram da hazırlamışdır. Mehriban xanım Əliyeva Fondun hazırladığı Bakı şəhərinin internat məktəbləri və uşaq evləri ilə tanışlıq üzrə dördmərhələli proqramın birinci mərhələsi çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli internatda, Mərdəkan qəsəbəsindəki ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlanlar üçün xüsusi məktəbdə olmuş, onların qayğı və problemləri ilə maraqlanmışdır.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində bütün məktəblər ən yüksək səviyyədə təmir olunub, yenidən qurulub. Qısa zamanda bütün qəsəbələrin siması tamamilə dəyişmiş, rayon abadlaşmışdır.

Rayon ərazisində mədəniyyət ocaqların bərpa, təmir və inşası da Mehriban Əliyeva tərəfindən diqqətdə saxlanılmışdır. Mehriban Əliyevanın təşəbbüsü ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi istifadəyə verilmişdir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcəkdir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix-Etnoqrafiya qoruğu yaradılmışdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var. Bu abidələrin qorunması, eləcə də, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəlki minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Qayaüstü təsvirlərdə, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur. Bu kurqanlar yalnız dəfn abidələri deyil, həm də qədim Azərbaycan tayfalarının maddi və mənəvi mədəniyyətinin öyrənilməsi üçün zəngin mənbədir.

Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş Mədəniyyət Mərkəzi də bu genişmiqyaslı layihələrin davamıdır. Binanın ümumi sahəsi 1500 kvadratmetrdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Türkan və ətrafdakı qəsəbələrin uşaqları burada fəaliyyət göstərəcək bir çox dərnəklərdə məşğul olacaqlar. İkimərtəbəli binanın foyesində ulu öndərin həm sovet dövründə, həm də müstəqillik illərində mədəniyyət tədbirlərində iştirakını, incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotostend qurulmuşdur. Burada Azərbaycan, rus, ingilis dillərində müxtəlif sahələri əhatə edən kitablar toplanılıb. Kitabxanada ulu öndər haqqında kitablar, Heydər Əliyev Fondunun nəşrləri də yer almışdır.

İdmanın intellektual növünə həvəs göstərən gənclər üçün mərkəzdə şahmat dərnəyi fəaliyyət göstərir. Təcrübəli mütəxəssislər uşaqlara şahmatın sirlərini öyrədəcəklər. Uşaqların informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün mədəniyyət mərkəzində fəaliyyət göstərən kompyuter dərnəyi də əhəmiyyətlidir. Burada gənclərə kompyuter bilikləri veriləcək, müxtəlif proqramlar öyrədiləcəkdir. Mədəniyyət mərkəzinin ətrafında gözəl, səliqəli parkın salınmasının sakinlərin istirahəti baxımından əhəmiyyətini də qeyd etmək lazımdır.

Mehriban xanım Əliyevanın gördüyü bu və ya digər saysız işlərin hər biri insanlara, onların maariflənməsinə, sosial, mədəni rifahının yüksəlməsinə yonəlmişdir. Bu istiqamətdə görülən işlərin əsasında vətənə xidmət dayanır.


Nəzakət Ələddinqızı

Səs.- 2010.- 16 iyul.- № 126.- S. 6.