Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Azərbaycan gimnastları Kiyevdə beynəlxalq turnirdə 7 medal qazanmışlar


Düz bir ay sonra Ukraynanın və Polşanın yaşıl meydanlarında futbol üzrə Avropa çempionatının final mərhələsi başlayacaqdır. Məlum olduğu kimi, finalda çıxış etmək milli komandamıza nəsib olmamışdır. Lakin həmin yerlərdə heç də az populyar olmayan digər Olimpiya idman növünü təmsil edən idmançılarımız nəinki Kiyevdə yarışmağa, üstəlik finallarda məharətlə çıxış etməyə nail olmuşlar.

AzərTAc Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, gənc gimnastlarımız Ukrayna paytaxtında beynəlxalq turnirdə yeddi medal qazanmışlar. 15 yaşlı Bahar Əsgərova çoxnövçülük yarışlarında ikinci yeri tutmuş, daha iki finalda yarışaraq, ən yaxşı nəticəni gürzlə hərəkətlərdə göstərmiş, dördüncü yeri tutmuşdur. 2001-ci il təvəllüdlü Zöhrə Ağamirova da çoxnövçülük yarışlarında ikinci nəticəni göstərmiş, topla hərəkətlərdə bürünc medal qazanmışdır.

Komandamıza 3-cü gümüş mükafatı çoxnövçülük yarışlarında 8 yaşlı Arzu Cəlilova gətirmiş, onun yaşıdı Zərnigar Əliyeva elə həmin proqramda bürünc medala, iplə hərəkətlərdə gümüş medala sahib olmuşdur. Zərifə Bəşirova topla hərəkətlərdə üçüncü nəticə göstərmişdir.

Gimnastların məşqçisi Nurcahan Əsgərova bildirmişdir ki, bütün Kiyev qarşıdan gələn futbol bayramı həyəcanı yaşamasına baxmayaraq, istirahət günü yarış zalları idmanın bu zərif növünün həqiqi xiridarları ilə dolmuşdu. O demişdir: “Sizə deməliyəm ki, hər kompozisiya, gimnastların, xüsusən, bizim gimnastların məharətli çıxışları sürəkli alqışlarla qarşılanmışdır”.

Azərbaycan gimnastlarının kompozisiyaları Avropanın digər paytaxtında – Sofiyada Dünya Kubokunun mərhələ yarışlarında da alqışlarla qarşılanmışdır. Qrup komandası finalda 5 topla çıxış edərək, bir gün əvvəl çoxnövçülük yarışlarında olduğu kimi, 8 ən güclü komandanı tamamlamışdır.

Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, o qrupun final mərhələsində çıxışından razı qalmışdır. Kollektivin üç ay əvvəl yenidən yaradılmasına baxmayaraq, qızlar göstərişli emosional kompozisiya nümayiş etdirmişlər. Lalə Yusifovaya gəldikdə isə o ikinci onluqda yer alsa da, əvvəlki mərhələ ilə müqayisədə qiymətləri daha yüksək olmuşdur.

L.Yusifova, habelə milli komandanın lideri Aliyə Qarayeva Fransada Dünya Kubokunun növbəti mərhələ yarışlarında, Ayişə Mustafayeva və Səbinə Qaratova Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər.


AzərTAc
2012, 7 may