Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda keçiriləcək "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfrans mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfələr verəcəkdir


Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ev sahibliyi ilə oktyabrın 28-dən noyabrın 3-dək Bakıda "Gənclər sivilizasiyaların alyansı naminə" təşəbbüsü çərçivəsində beynəlxalq konfrans və bir sıra digər tədbirlər keçirilir.

AzərTAc xəbər verir ki, oktyabrın 28-də "Park İNN" hotelində təşkil olunmuş mətbuat konfransında tədbirin əhəmiyyəti və proqramı barədə ətraflı məlumat verilmişdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Gənclər Təşkilatları Milli Forumunun rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov, Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlu və digərlərinin çıxışlarında bildirilmişdir ki, konfransın təşkili təşəbbüsü 2006-cı ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən irəli sürülmüşdür və BMT-nin İnkişaf Proqramı, İSESKO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların əməkdaşlığı ilə həyata keçirilir.

Qeyd edilmişdir ki, Azərbaycan dini dözümlülük baxımından bütün ölkələrə nümunə ola bilər. Son illər mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı müxtəlif tədbirlərin ölkəmizdə keçirilməsi də bunu sübut edir. Dünyada belə dialoqa böyük ehtiyacın olduğunu vurğulayan natiqlər konfransın keçirilməsinə göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Təşkilatçılar demişlər ki, tədbirə qatılan müxtəlif ölkələrin nümayəndələri mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində fikir mübadiləsi aparmaqla yanaşı, Azərbaycandakı vəziyyətlə də yaxından tanış olacaqlar. Vurğulanmışdır ki, hər bir beynəlxalq tədbir ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Çünki hər tədbirdən sonra biz Azərbaycan həqiqətlərini daha geniş dairədə yaya bilirik. Ölkəmiz haqqında müsbət imicin formalaşmasında, dolğun informasiyanın yayılmasında belə tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunmuşdur ki, tədbirlər çərçivəsində noyabrın 1-2-də "Gülüstan" sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək səviyyəli konfrans da keçiriləcəkdir. Konfransda YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir Al Missnəd əsas məruzələrlə çıxış edəcəklər. Eləcə də BMT baş katibinin sivilizasiyaların ittifaqı üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayyunun, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və digər yüksək səviyyəli nümayəndələrin çıxışları gözlənilir.

Beynəlxalq konfrans günlərində Qərb və Şərqi Asiya ölkələrindən, həmçinin İslam Konfransı Təşkilatından 45 gənc liderdən ibarət qrupda elm, mədəniyyət və sosial sahələrdə dünya miqyasında tanınmış alimlər tərəfindən müxtəlif sivilizasiyaların tarixi, qarşılıqlı münasibətləri, onların siyasi və sosial-mədəni aspektləri haqqında məruzələr ediləcəkdir.

Məruzələr "Mədəniyyət və mədəniyyətlərarası münasibətlər", "Fobiyaların təhlükələri: İslamafobiya və Qərbfobiya", "Gəncliyin inkişafı: yoxsulluqdan zənginliyə", "Müsəlman dünyasında və Qərbdə təhsil islahatları" və s. mövzuları əhatə edəcəkdir. Müzakirələrdə gənclər fəal iştirak edəcəklər.

Qeyd edilmişdir ki, konfrans "Nəsillərarası Alyans" adlı Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq və rəsmi sənəd 2008-ci ilin yanvarında İspaniyanın Madrid şəhərində BMT-nin rəhbərliyi ilə keçiriləcək İllik Qlobal Alyans Forumuna təqdim olunacaqdır.

Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılmışdır.


Azərbaycan.- 2007.- 30 oktyabr.- № 243.- S. 2.