Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Misirin birinci xanımı Syuzan Mübarək “Azərilmə”də olmuşlar


AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Misirin birinci xanımı Syuzan Mübarək sentyabrın 25-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşlar.

Birinci xanımlar nadir Azərbaycan xalçalarından, “Azərilmə”nin məmulatından ibarət sərgiyə baxdılar.

Xanım Syuzan Mübarəkə məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir. Yüksək keyfiyyəti və zəngin çeşidi ilə fərqlənən Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildə yaradılmış “Azərilmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür. Naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, çeşnilərin orijinallığı və milli koloriti ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. İplər ancaq təbii rənglərlə boyanılır, çeşnilərdə yalnız milli naxışlardan istifadə olunur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Misirin birinci xanımı Syuzan Mübarək müxtəlif ölçülü yun və ipək xalçaların toxunduğu emalatxanada da oldular. Bildirildi ki, burada müxtəlif çeşnilər hazırlanır və onların eskizlərinin əsasında Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur.

Xanım Syuzan Mübarək toxunuşu davam edən xalıya bir neçə ilmə də vurdu.

“Sehrli naxışlar” qalereyasında nümayiş etdirilən xalça məmulatı da böyük maraq doğurur.

Misirin birinci xanımı Syuzan Mübarəkə Şəki kəlağayısı və əllə toxunmuş nəfis Azərbaycan xalçası hədiyyə olundu.


AzərTAc
2008, 25 sentyabr