Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bir sıra başqa ölkələrdə də təhsilin inkişafına böyük dəstək verir
Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda, Gürcüstanda, Rusiyada və digər ölkələrdə yeni məktəb binaları tikilib istifadəyə verilib, bəziləri isə əsaslı təmir olunub
2010-cu ildə ölkə üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Bu barədə Təhsil Nazirliyindən verilən məlumata görə, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 3 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 52 körpələr evi-uşaq bağçası və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. Onu da qeyd edək ki, bu il 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.
Ümumiyyətlə, artıq bir neçə ildir ki, ölkəmizdə təhsil müəssisələrinin tikintisinə xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilə yönəldilmiş investisiya qoyuluşları ildən-ilə artır. Təkcə dövlət büdcəsindən təhsilə 2004-cü ildə 308250, 2005-ci ildə 378643, 2006-cı ildə 498520,3, 2007-ci ildə 757739,8, 2008-ci ildə 979719,5, 2009-cu ildə isə 1097180,1 min manat ayrılıb. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatıb, 2009-cu ildə isə 1,3 milyard manat təşkil edib.
Ümummilli liderimizin qoyduğu ənənə
Məktəblərin inkişafı, əhalinin savadlanması, kadrların yetişməsi üçün münbit şəraitin yaradılması istiqamətində işlər Ulu öndərimizin hakimiyyətdə olduğu hər iki dövrdə - istər Sovet, istərsə də müstəqillik illərində həyata keçirilib. Bu proses Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra da davam etdirilib. Son bir neçə ildə isə məktəb tikintisi sahəsində xüsusi canlanma yaranıb. 2003-2008-ci illərdə ölkəmizdə 1281 yeni məktəb inşa olunub. Təkcə 2008-ci ildə 161 yeni məktəb istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilib.
Ümumilikdə, son illərdə görülən işlər nəticəsində 700 mindən çox şagird, yəni, bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edib.
Lakin təhsilə qayğı, sadəcə, dövlətin ayırdığı vəsaitlə məhdudlaşmır. “Təhsil millətin gələcəyidir” deyən Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu ənənəni Heydər Əliyev Fondu da davam etdirir.
Yeniləşən Azərbaycana yeni məktəb
Fondun 2005-ci ildən start verdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb tikilib. Layihənin icrasına başlandığı ilk mərhələdə vəziyyəti çox ağır hesab olunan 132 məktəb müəyyən edilərək həmin məktəb binalarının yenidən tikilməsinə qərar verilib. Sonradan bu layihə genişləndirilib və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-2009-cu illərdə ölkəmizdə 300-ə yaxın məktəb tikilərək istifadəyə verilib. Ümumiyyətlə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə 100 mindən artıq şagird yeri olan 330-dan çox məktəb binası tikilib və ya təmir edilib.
Təhsilə dəstək fondun əsas missiyalarındandır
Fondun təhsilə qayğısı ölkəmizdə görülən işlərlə məhdudlaşmayıb. Fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva “xoşməramlı səfir” missiyasını sözün əsl mənasında doğruldub. Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmlənməsinə, respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlığın genişlənməsinə, ölkəmizdə və onun hüdudlarından kənarda məktəblərin tikintisinə və yenidən qurulmasına kömək etmək Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən olduğunu da nəzərə alsaq, Fondun fəaliyyətinin dünyanı əhatə etməsi təəccüb doğurmur. Harada qaynar nöqtə, köməyə ehtiyacı olan varsa, Heydər Əliyev Fondu oradadır.
Maraqlısı isə odur ki, Fond, sadəcə, azərbaycanlılara, azərbaycanlıların məskunlaşdığı yerlərə, millətimizin çoxluq təşkil etdiyi ölkələrə deyil, bütövlükdə insanlığa xidmət edir. Artıq Fondun fəaliyyəti qonşu və uzaq olan bir sıra ölkələri əhatə edib. Məsələn, 2008-ci ildə Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binası Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunub. 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin şagirdləri dərslərini çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qaldıqları bir vaxtda Heydər Əliyev Fondu təşəbbüslə çıxış edib. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə müasir tələblərə cavab verən yeni təhsil ocağı fəaliyyətini bərpa edib.
Heydər Əliyev Fondu Gürcüstandakı azərbaycanlıların hər sahədə olduğu kimi, təhsil sahəsində də müsbət irəliləyişə nail olmalarına dəstək və yardımını əsirgəməyib. İndiyədək azərbaycanlıların yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsində uzun illər təmir olunmamış bir neçə məktəb binası Fondun dəstəyi ilə əsaslı surətdə yenidən qurulub.
Və nəhayət, sentyabrın 1-də - Rusiyada yeni dərs ilinin ilk günündə Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə edib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə və şəxsən onun nəzarəti altında “Təhsilə dəstək” layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir edilib. Ümumi dəyəri 25 milyon rubla bərabər olan layihənin reallaşdırılması nəticəsində şagirdlərə tamamilə müasir məktəb binası təqdim olunub. Məktəbin açılışında iştirak edən valideynlər və şagirdlər görülmüş işə heyran olduqlarını gizlətməyiblər.
Qeyd edək ki, məktəbin dam örtüyü tamamilə təzələnib, binanın fasadı təmir edilib, plastik materialdan hazırlanmış pəncərələr və yeni işıqlandırma sistemi quraşdırılıb, yaxınlıqdakı ərazidə abadlıq işləri aparılıb. Məktəbdə yaradılmış siniflərdə Ulyanovsk uşaqları Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərini öyrənə biləcəklər. Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlər hesabına zənginləşib.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə xüsusi dəst-xətt müşahidə olunur. Azərbaycanda həyata keçirilən layihələr ölkəmizin abadlaşmasına, təhsilimizin inkişafına, insanlarımızın şəraitinin müasirləşməsinə xidmət edib. Ölkəmizdən kənarda gerçəkləşdirilən layihələr isə Azərbaycanın təbliğatına, onun probleminin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasına hesablanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə dirçələn bütün təhsil ocaqlarında Azərbaycanı tanıdan, onun üzləşdiyi işğal, qaçqın və soyqırım faktlarını diqqətə çatdıran muzey mərkəzləri də qurulub. Bu missiya hələ davam edəcək. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ortaya çıxan irimiqyaslı layihələrdən bütün dünya danışacaq.
Ruhiyyə
Yeni Azərbaycan.- 2010.- 18 sentyabr.- № 170.- S. 4.