Azərbaycan gimnastı dünya klub çempionatında 4-cü yeri tutmuşdur
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, on beş yaşlı Azərbaycan gimnastı Marina Durunda ondan yaşca böyük rəfiqələri Aliyə Qarayeva və Lalə Yusifova ilə birlikdə gündoğan ölkənin paytaxtında başa çatmış dünya klub çempionatında “Neftçi” kollektivinin triosunu təşkil etmişdir.
Medal iddiasında olmasa da sonda klubun 5-ci yer tutmasında onun da mühüm xidməti olmuşdur. Durunda özü Tokyo Gymnasium Metropolitain sarayında Yaponiya tamaşaçılarının ara verməyən alqış sədaları altında finalda yeniyetmələr arasında turnirin 4-cü pilləsinə çıxmışdır. Medalları Belarus, Rusiya və Ukrayna gimnastları bölüşdürmüşlər.
Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, “Marinanın final çıxışında halqanı itirməsi onun pyedestala yaxınlaşmasına imkan verməmişdir. Lakin əminəm ki, o, daha yaxşı çıxış edə bilər və edəcəkdir, biz buna çalışacağıq. Digər tərəfdən, səkkiz iştirakçı arasında finala çıxa bilmiş L. Yusifovaya görə şadam (8-ci yer). Nəticədə həlledici mərhələdə yalnız Rusiya, Belarus və Azərbaycanın hərəsinin 2 nümayəndəsi olmuşdur”.
Komandanın liderinə gəldikdə isə, Qarayeva öz çıxışlarını, komandası kimi, 5-ci yerdə başa çatdırmışdır. Bu yarışda qalib bu yaxınlarda Londonda keçirilmiş olimpiadanın vitse-çempionu rusiyalı Darya Dmitriyeva olmuşdur.
Qarşıdakı həftə sonu gimnastika yarışları ilə zəngin olacaqdır. L.Yusifova və M.Durunda İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
AzərTAc
2012, 1 oktyabr