Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Vətənpərvərliyin və xeyirxahlığın ali ünvanı


"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir".

Həyatın mənası, bir insan ömrü yaşayan hər kəsin dünyadakı yeri və rolu haqda deyilən bu fikirlərin dəqiq təsəvvürə, kifayət qədər dolğun və möhkəm qənaətə əsaslandığı dərhal hiss olunur. İlk növbədə ona görə ki, həmin mülahizələr səmimiyyətə və konkret, məqsədyönlü fəaliyyətə söykənir, fikrin arxasında konkret əməl, məqsədyönlü iş dayanır.

Yuxarıda qeyd etdiyimiz fikirlərin müəllifinin - ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın indiyədək keçdiyi ömür və fəaliyyət yolu onun belə düşünməyə tam mənada haqqı, mənəvi ixtiyarı olduğuna ciddi əminlik yaradır. Bu fəaliyyət yolu isə olduqca zəngin və çoxşaxəlidir.

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən tənəzzülə uğramaqda olan Azərbaycan mədəniyyətinin təmənnasız diqqət və qayğıya böyük ehtiyacı vardı. Bu ehtiyacın mümkün dərəcədə ödənilməsinə çalışan, ictimai fəaliyyətinin ilk mərhələsində - 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun təşəbbüsçüsü kimi çıxış edən Mehriban Əliyevanın dəstəyilə tez bir zamanda diqqətəlayiq nailiyyətlərə imza atıldı. Mehriban Əliyeva fonda birbaşa rəhbərlik etməyə başladıqdan sonra isə qurumun fəaliyyəti daha gücləndi və bu, Azərbaycan mədəniyyətinin böhran məngənəsindən çıxmasına əlavə təkan verdi. Görülən bütün bu işlərin geniş ictimaiyyətə çatdırılmamasının sadəcə, bir səbəbi vardı - təvazökarlıq. Bu isə onun həyat kredosuna, fəaliyyət tərzinə xas ən ümdə cəhətlərdən biridir: "...Ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur". 1996-cı ildə isə Mehriban Əliyeva milli mədəniyyətimizin geniş təbliğ olunması məqsədilə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis etməklə Azərbaycan həqiqətlərinin daha geniş təbliği, beynəlxalq ictimaiyyətə çatdırılması yönündə növbəti addım atmış oldu. Bu jurnalın səhifələrində indiyədək Azərbaycan mədəniyyəti haqda, ölkəmizin, cəmiyyətimizin ən aktual problemləri barədə bir çox maraqlı materiallar, yüksək səviyyəli məqalələr dərc edilib. Mehriban Əliyevanın Azərbaycan musiqisi-inciləri olan muğamların tədqiqi və təbliğiylə bağlı fəaliyyəti isə ayrıca tədqiqatın mövzusu ola bilər. Həmin sahədə müəyyən önəmli addımlar atan Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra onun bu istiqamətdə gördüyü işlər daha ardıcıl və effektli xarakter aldı. Qürur doğuran faktdır ki, YUNESKO indi Azərbaycan muğamını dünya irsi hesab edir.

Mehriban Əliyeva Azərbaycan xalqının kökü qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza, sözün əsl mənasında, sahib çıxaraq, bu sahəyə yaxından himayədarlıq etdi. İlkin nəticələrdən biri "Qarabağ xanəndələri" adlı albomun nəfis tərtibatda buraxılması oldu. Albom işıq üzü gördükdən sonra, yəqin ki, əksəriyyəti belə bir sual düşündürdü: "Muğam bütün Azərbaycanındır, onda niyə məhz "Qarabağ xanəndələri?"

Doğrudan da, albomun adını bəlkə "Azərbaycan xanəndələri" də qoymaq olardı. Arama burada böyük dəqiqliklə düşünülmüş incə bir məqam vardı. Alboma "Qarabağ xanəndələri" adı qoyulmaqla bütün dünyaya bir daha göstərildi ki, Qarabağ əzəli və ədəbi Azərbaycan torpağıdır, muğam isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsidir. Aydın məsələdir ki, bu, adi bir musiqi layihəsi olmadı, həm də milli-siyasi əhəmiyyət daşımaqla, illərdən bəri aparılan erməni təbliğatına vurulan böyük zərbəyə çevrildi. Elə buradaca qeyd edək ki, Mehriban Əliyevanın rəhbərliyi altında "Qarabağ" kitabının çapa hazırlanması da Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqəti çəkdi.

Mehriban Əliyevanın rəhbərlik fəaliyyətinin növbəti bəhrəsi olan bir layihə artıq həyata keçmək üzrədir. Bu layihə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun bütün əsərlərinin yenidən çap olunması ilə yanaşı, onların CD və DVD-də buraxılmasını əhatə edir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial sferaya aid aktual məsələləri - qaçqın və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərinin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini daima diqqətə saxlayır. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü və rəhbərliyilə hazırlanıb. Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilib, onların aradan qaldırılması üçün konkret işlər görülüb. 2004-cü ilin sentyabr ayında keçirilən "Mən Azərbaycanı sevirəm" mövzusunda rəsm sərgisi bu baxımdan xüsusən yaddaqalan oldu.

Cəsarətlə demək olar ki, Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir. Fond tərəfindən səhiyyə sahəsində həyata keçirilən layihələrin arasında talassemiya ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə belə xəstələrin sayı, onların vəziyyəti ətraflı təhlil olunur, talassemiyanın müalicəsi və profilaktikası üçün milli proqramlar hazırlanır. Təkcə keçən il Heydər Əliyev Fondunun dəstəyilə 500-dən çox soydaşımıza yardım göstərilməsi Mehriban Əliyevanın xeyirxah fəaliyyətinin nəticəsidir.

Mehriban Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin əsas istiqamətləri sırasında təhsil və səhiyyənin mühüm yer tutması qətiyyən təsadüfi deyil. "Azərbaycanın gələcəyi təhsilli insanların çiyinləri üzərində qurulacağını" böyük inamla vurğulamış Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Mehriban Əliyeva təhsilə xüsusi diqqət yetirir. Bu sahəyə yönələn diqqət və qayğının ölkənin gələcəyi baxımından nə dərəcədə önəmli olduğunu bir daha qeyd etməyə, yəqin ki, ehtiyac yoxdur. Təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək ilk növbədə həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan ali duyğular insanı olduqca çətin, lakin xalqın, dövlətin gələcəyi baxımından strateji əhəmiyyətli işlər həyata keçirməyə sövq edə bilər. Heydər Əliyev Fondunun prezidenti kimi, Mehriban Əliyevanın son dövrdə atdığı addımlar, xüsusən də, konkret olaraq, təhsilə yönəltdiyi böyük diqqət onun gerçək vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin danılmaz sübutudur.

Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd, izlənilən başlıca qayə Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Qeyd olunan məqsədə çatmaq üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının vacibliyini dərindən dərk edən Mehriban Əliyevanın rəhbərliyilə Heydər Əliyev Fondu artıq bu yöndə konkret addımlar atmaqdadır. Qısa vaxt ərzində 126 yeni məktəb tikilməsi dövlət müstəqilliyinə cəmi 14 il əvvəl qovuşan, müharibə vəziyyətində olan, iqtisadiyyatı təzəcə inkişaf etməyə başlayan istənilən ölkə üçün fövqəladə göstərici sayıla bilər. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məhz belə bir layihəni tezliklə həqiqətə çevirəcək. Yaxın və uzaq xaricdə indiyədək analoqu görünməyən bu layihənin həyata keçməsi, heç şübhəsiz, təkcə Azərbaycanda deyil, bütün dünyada geniş əks-səda doğuracaq. İnanırıq ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın vətənpərvərlikdən qaynaqlanan bu xeyirxah işi sayəsində Azərbaycan mütərəqqi dünyanın diqqətini bir daha özünə cəlb edəcək, dövlətimizin nüfuzu bir qədər də yüksələcək.


Emin Həsənli,
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

525-ci qəzet.- 2005.- 9 iyun.- № 108.- S. 4.