Uşaqların xoşbəxt gələcəyi Heydər Əliyev Fondunun diqqətdə saxladığı əsas məsələlərdəndir
Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edərək demişdir: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır ”.
Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra uşaqların sağlamlığı, təhsili, onların xoşbəxt gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirdi. Müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və möhkəmləndirəcək uşaqların, gənc nəslin formalaşması üçün bir sıra fərman və sərəncamlar imzaladı.
Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən, ideyalarını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayırlar. Dövlət başçımızın sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla qurtaran deyil. Fondun uşaqlara göstərdiyi qayğı artıq beynəlxalq aləmin diqqət mərkəzindədir. Çünki Heydər Əliyev Fondu yalnız Azərbaycan uşaqlarına deyil, müxtəlif ölkələrin uşaqlarının da qayğısına qalır. Məhz bütün bunların nəticəsidir ki, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya YUNİSEF-in xüsusi mükafatını təqdim etmişdir. Uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunan və Bakıda keçirilən milli konfransda həmin mükafatı təqdim edərkən ali qonaq uşaqların müdafiəsi sahəsində Mehriban xanım Əliyevanın gördüyü işləri çox yüksək qiymətləndirmiş, bu sahədəki uğurlu fəaliyyətinə görə təşəkkürünü bildirmişdir.
Son illər Azərbaycanda mötəbər konfransların, sammitlərin, beynəlxalq səviyyəli görüşlərin keçirilməsi artıq adət halını alıb. Bu da təsadüfi deyil. Artıq müstəqil dövlətimiz dünyada insanların hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirən, iqtisadi cəhətdən sürətlə inkişaf edən, Avropaya və dünya birliyinə uğurla inteqrasiya edən demokratik dövlət kimi tanınıb. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş mötəbər konfransın Bakıda keçirilməsi də müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuz sahibi olmasından xəbər verir. Heydər Əliyev Fondunun uşaqların müdafiəsi ilə əlaqədar həyata keçirdiyi silsilə, rəngarəng tədbirlər sırasına əlavə edilən “Hər uşağın ailəyə ehtiyacı var” layihəsi də çox yüksək səviyyədə qarşılandı. Ümumiyyətlə, ötən dövrdə uşaqların müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində xeyli irəliləyişlər əldə olunmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il 29 mart tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)” qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Dövlət Proqramından irəli gələn vəzifələrin icrası istiqamətində atılan mühüm addımlardan biri , deyərdim ki, ən başlıcası “Hər uşağın ailəyə ehtiyacı var” layihəsi oldu.
Müasir dövrdə qlobal problemlərin bir-birini əvəz etməsi, sivilizasiyalar və mədəniyyətlərin qarşıdurması, qlobal iqlim dəyişiklikləri və digər hadisələr ictimaiyyəti ciddi narahat etsə də, uşaqların taleyinə aid məsələlər gündəmdən düşməmiş, daim diqqət mərkəzində olmuşdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda uşaq ilinə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş konfransda demişdir: “... Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun, fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir. Əsrlər boyu bu xüsusiyyət formalaşıb və bu gün də ənənəvi olaraq davam edir ”.
Bu gün elə uşaqlar var ki, onlar valideyn himayəsindən məhrumdurlar. Belə uşaqlar dövlət müəssisələrində tərbiyə olunurlar. Onların sağlam və savadlı böyümələri, təhsil almaları üçün hər cür şərait yaradılıb. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi Heydər Əliyev Fondunun diqqətdə saxladığı ən vacib məsələlərdəndir. Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış “Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları 38 internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Hətta, kimsəsiz uşaqlara ev şəraitinə uyğun mühit yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq, Mehriban xanım Əliyeva “Hər uşağın ailəyə ehtiyacı var” layihəsini daha vacib hesab etmiş, uşaqların ailə mühitində tərbiyə almasını yüksək dəyərləndirmişdir. Azərbaycanın birinci xanımı bu məsələ barəsində danışarkən demişdir: “Biz çalışırıq ki, bu uşaqlarla daim ünsiyyət quraq, onların problemləri ilə maraqlanaq, onlara diqqət və məhəbbət göstərək. Mən çox şadam ki, fondun bu təşəbbüsü bu gün həm təşkilatlar tərəfindən, həm də ayrı-ayrı insanlar tərəfindən çox geniş şəkildə dəstəklənir. Bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən uşaq evləri və internat məktəbləri fəaliyyət göstərir. Burada yüksək peşəkarlığa malik insanlar çalışır. Amma həqiqət ondan ibarətdir ki, ən yaxşı uşaq evi, ən müasir internat məktəbi ailə mühitini, ailə tərbiyəsini, valideyn məhəbbətini əvəz edə bilməz”.
Uşaqların hüquqlarının qorunması, onlara yüksək səviyyədə qayğı göstərilməsi üçün Heydər Əliyev Fondu beynəlxalq təşkilatlarla, ilk növbədə BMT-nin Uşaq Fondu ilə çox uğurlu əməkdaşlıq yaratmış və bu istiqamətdə bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunmuş, daha bir neçə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmişdir. Bununla yanaşı BMT-nin “Uşaq hüquqlarına dair Konvensiyası”na uyğun olaraq ölkəmizin qəbul etdiyi öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün ciddi tədbirlər görülür. Azərbaycanda uşaq ölümü insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Son illər uşaqlara göstərilən yüksək səviyyəli diqqət və qayğı, kimsəsiz uşaqların yaşadıqları uşaq evlərinin əsaslı təmiri, əlverişli şəraitin yaradılması və yüksək səhiyyə xidmətinin təşkili bu problemi də aradan qaldırmışdır. İndi Azərbaycanda uşaq ölümü xeyli azalmışdır. Ötən dövrlərdə uşaq ölümünün artmasının əsas səbəblərindən biri də torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin salınması, çoxlu sayda erməni terror aktlarının törədilməsi olmuşdur. Belə vandalizm nəticəsində qocalarla yanaşı uşaqlar da dünyalarını dəyişmişlər. Erməni vəhşiliyi nəticəsində valideynlərini itirmiş uşaqlar kimsəsizlərin himayə olunduqları uşaq evlərinə və internat məktəblərinə yerləşdirilmiş, onların təhsil almaları, sağlam böyümələri Heydər Əliyev Fondu hesabına həyata keçirilmişdir.
Qeyd etdiyim kimi, Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın uşaqların müdafiəsi istiqamətində həyata keçirdiyi silsilə tədbirlər beynəlxalq aləmin diqqət mərkəzindən yayınmır. Mən fikrimi YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard dedikləri ilə əsaslandırmaq istərdim. O, Azərbaycanda uşaq məsələləri ilə bağlı inkişafı xüsusi vurğulamış, bunun qanunvericilikdə əksini tapdığını yüksək dəyərləndirmişdir. M. Herevard YUNİSEF-in Heydər Əliyev Fondu ilə sıx fəaliyyət göstərdiyini diqqətə çatdıraraq hər iki təşkilatın uşaqlara alternativ qayğı sistemləri hazırladıqlarını da bildirib. Heydər Əliyev Fondunun uşaqların hüquqlarının qorunması sahəsindəki fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən qayğı cəmiyyətdə və beynəlxalq aləmdə yüksək qiymətləndirilir. M. Herevard məhz bu diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YUNİSEF-in xüsusi mükafatına layiq görülməsini təqdirəlayiq hal hesab edib.
Uşaqlar Azərbaycanın sabahı, bizim gələcəyimizdir. Onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər Azərbaycanı parlaq, xoşbəxt gələcəyə aparır. Axı, bugünün uşaqları sabahın əsgərləri, müstəqil dövlətimizin aparıcı qüvvələridir. Onların sağlam, savadlı, geniş dünyagörüşə malik şəxs kimi yetişmələri möhkəm təməllər üzərində qurulmuş müstəqilliyimizin əbədiliyindən xəbər verir. Bütün bunların isə təmin olunmasında Heydər Əliyev Fondunun rolu əvəzsizdir.
Xalq qəzeti.- 2009.- 19 noyabr.- № 259.- S. 4.