Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Avropa Gimnastika İttifaqının rəsmiləri ölkəmizdə gimnastikanın inkişafından razıdırlar


Mayın 14-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ölkəmizdə bədii gimnastika üzrə keçiriləcək 25-ci Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, federasiyanın baş katibi Fərid Qayıbov, Avropa Gimnastika İttifaqının (AGİ) prezidenti Dimitrios Dimitropulos, AGİ-nin bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder, qurumun vitse-prezidenti Andraş Sabo, Avropa Gimnastika İttifaqının sponsoru və rəsmi partnyoru "Stadler Trains" MMC-nin Macarıstandakı icraçı direktoru Zoltan Dunai və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadə Avropa çempionatının ölkəmizdə ikinci dəfə keçirildiyini qeyd etdi. O, üç gün davam edəcək yarışda 32 ölkədən 186 gimnastın qüvvəsini sınayacağını bildirdi.

Sonra AGF-nin vitse-prezidenti Altay Həsənov ölkəmizdə gimnastikanın yüksək səviyyədə inkişaf etməsindən danışdı: "Azərbaycanda gimnastika idman növü ilə məşğul olanların sayı ilbəil artır. Bu sahədə əldə olunan uğurlar göz qabağındadır. Gimnastikaya həvəs göstərənlərin sayı paytaxtla yanaşı, bölgələrdə də çoxalıb. Məsələn, Gəncədə bədii gimnastika, Dəvəçidə akrobatika gimnastikası, Sumqayıt və Balakəndə idman gimnastikası inkişaf edir". Gimnastlarımızın qitə çempionatına hazırlığına münasibət bildirən Altay Həsənov bu yarışda təmsilçilərimizə böyük ümidlər bəslədiyini vurğuladı: "Gimnastlarımız bu yarışda uğurla iştirak etmək üçün yüksək səviyyədə hazırlıq prosesi keçiblər. Sözsüz ki, onlardan medal gözləyirik. Amma idmanda heç kim məğlubiyyətdən sığortalanmayıb".

Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos Avropa çempionatının ikinci dəfə paytaxtımızda keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Azərbaycanda bədii gimnastikanın yüksək sürətlə inkişaf etdiyini dəyən D. Dimitropulos mətbuat konfransında daha çox sayda KİV nümayəndəsinin olmasını ölkəmizdə gimnastikaya göstərilən maraqdan irəli gəldiyini söylədi. Azərbaycanın gimnastika növü üzrə aparıcı idman ölkələrindən biri olduğunu vurğulayan AGİ-nin prezidenti təmsilçilərimizin mötəbər yarışlarda böyük uğurlara imza atdığını dedi. Quram prezidenti paytaxtımıza səfərindən məmnun qaldığım nəzərə çatdırdı: "Burada biz diqqət və qayğı ilə əhatə olunuruq. Buna görə də özümüzü evimizdəki kimi hiss edirik. Qısa vaxt ərzində Bakıda bir sıra dəyişikliklərin şahidi oldum. İki il bundan əvvəl Azərbaycanda səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə görüşmüşdüm. Görüş zamanı cənab İlham Əliyev qeyd etmişdi ki, növbəti qitə çempionatının da Azərbaycanda keçirilməsini istəyir".

Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva komandamızın uğurlu çıxış üçün kifayət qədər şansı olduğunu dilə gətirdi: "Əvvəlcədən proqnoz vermək istəmirəm. Yarışda fərdi növlərdə Aliyə Qarayeva, Anna Qurbanova kimi güclü gimnastlarımız mübarizə aparacaqlar. Yeniyetmələrdən ibarət qrup yığmamız isə belə mötəbər turnirdə ilk dəfə çıxış edir. Ümid edirəm ki, onlar öz imkanlarından maksimum istifadə edəcəklər. Qeyd edim ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva gimnastlarımızın yüksək səviyyədə məşq keçmələri üçün hər cür şərait yaradıb".

Sonda Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos və "Stadler Trains" MMC-nin Macarıstandakı icraçı di¬rektoru Zoltan Dunai arasında üçillik müqavilə imzalandı. Qeyd edək ki, bu şirkət bir sıra idman təşkilatlarına himayədarlıq edir.


Olimpiya dünyası.- 2009.- 15-18 may.- № 32.- S. 2.