Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Yüksək ehtirama layiq birinci xanım


Tarixdən yaxşı məlumdur ki, müxtəlif dövrlərdə qadın hökmdarlar, sərkərdələr yetişmiş, onlar cəmiyyətdə həmişə müəyyən bir mövqe sahibi olmuşlar. Təbii ki, Azərbaycan qadınları da ictimai-siyasi proseslərdə həmişə fəallıq nümayiş etdirmiş, onların arasından görkəmli dövlət, elm-mədəniyyət və ictimai-siyasi xadimlər, əmək qəhrəmanları çıxmışdır. Xalqına başucalığı gətirən, Azərbaycan qadının nüfuzunu, şərəfini göyə qaldıran qadınlarımızın adları hər zaman böyük iftixarla çəkilir. Massagetlərin hökmdarı Tomrisin, Bərdə hökmdarı Nüşabənin, Qarabağın ən gözəl və ziyalı xanımı Xurşud Banu Natəvanın, Ağqoyunlu dövlətinin banisi və qüdrətli hökmdarı Uzun Həsənin anası, ilk diplomat qadın Sara Xatunun, Tuti Bikənin, şairə Məhsəti Gəncəvinin, Heyran xanımın həyatı hər bir türk qadını üçün örnəkdir.

Bəşəriyyət yaranan gündən bu dünya daim sosial-iqtisadi, siyasi mübarizələr meydanına çevrilmiş, bu meydanda qadınlar da kişilərlə bərabər olmuşdur. Elə 70 ildən artıq yaşadığımız sovet dövründə də kişilərlə çiyin-çiyinə müxtəlif cəbhələrdə döyüşən qadınlarımız çox olmuşdur. Böyük Vətən müharibəsi illərində təyyarəçi Züleyxa Seyidməmmədova, snayper Ziba Qəniyeva, gəmi kapitanı Şövkət Səlimova və başqalarının qəhrəmanlıqları onları qürur mənbəyimizə çevirmişdir. Arxa cəbhədə, əmək meydanında heç də öz sələflərindən geri qalmayan, şücaət göstərən, iki dəfə Sosialist Əməyi qəhrəmanları Sürəyya Kərimova, Bəsti Bağırova, Şamama Həsənova ilə bu gün də fəxr edirik. Həyatımızın digər sahələrində tanınmış Zərifə xanım Əliyeva, Adilə Namazova, Aida İmanquliyeva, Zəhra Quliyeva, Vəcihə Səmədova, Maral Rəhmanzadə və başqa qadınlarımızın adları təkcə öz ölkəsində deyil, beynəlxalq aləmdə də tanınır.

Azərbaycan qadını əsrlər boyu həyatımızın müxtəlif sahələrində fəal mövqe tutmuş, ağlı, zəkası, namusu, fədakarlığı, mərdliyi, vətənpərvərliyi ilə fərqlənmişdir. Müstəqillik dövründə, 1998-ci ilin sentyabrında keçirilən ilk qadınlar qurultayında ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınının fəaliyyətinə yüksək qiymət verərək demişdir: "...Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və bu zəhmətdən heç vaxt inciməmişdir. Amma o - Azərbaycan qadını əsrlərcə bir çox hüquqlardan məhrum olubdur". Bu gün isə Azərbaycan qadını cəmiyyətin bərabərhüquqlu üzvüdür, o öz dövlətini, xalqını bütün dünyada ləyaqətlə təmsil etməyə qadirdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun xoşməramlı səfiri adının verilməsi Azərbaycan qadınının dünya miqyasında qazandığı uğurlardan biridir. 1995-ci ildə yaranmış və Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun qısa müddətdə gördüyü işlərə qiymət verərkən YUNESKO-nun Parisdəki iqamətgahında keçirilən təntənəli yığıncaqda qurumun baş direktoru cənab Koişiro Matsuura Mehriban xanımın xidmətlərini yüksək qiymətləndirmişdir.

"Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarsız incilərini qoruyub saxlayaraq dünya mədəniyyəti nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyil. Bu proseslərin arxasında öz xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən, mədəniyyətlər arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli dayanır"- deyən Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun "Muğam dəstgahları" layihəsi çərçivəsində tez-tez muğam axşamları keçirilir, Azərbaycan mədəni irsinin qorunması və onun dünyada təbliği istiqamətində məqsədyönlü iş aparılır.

Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərmanının zəruri tərkib hissələrindən biri kimi respublikanın bütün bölgələrində məktəb tikintisi prosesi geniş vüsət almışdır. Təkcə 2005-ci ildə ümumilikdə Azərbaycan üzrə 328, 2006-cı ildə isə 230 yeni məktəb və əlavə korpuslar inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi bu ümummilli məqsədin reallaşmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Aşkar görünür ki, Mehriban xanım Əliyevanın irəli sürdüyü bütün təşəbbüslər, ictimai səviyyədə gördüyü bütün işlər məhz mövcud potensialın insan kapitalına çevrilməsi, Azərbaycanda sivil dünyanın reallıqları ilə ayaqlaşmağı bacaran yüksək intellektual səviyyəyə, geniş dünyagörüşünə malik vətəndaşların tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan mədəniyyətinin, təhsil və elminin dünyaya inteqrasiyası məqsədinə yönəlmişdir. Heydər Əliyev Fondunun prezidentinin irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı cəmiyyətimizə yeni məktəblərlə birgə həm də yeni düşüncə tərzinin, müasir təfəkkürün, sivil həyat normalarının gəlişi, ictimai həyatımızda bütün parametrlər üzrə yeni inkişaf mərhələsinin başlanmasıdır.

Mehriban xanım tez-tez uşaq evlərində, internatlarda olur, valideyn himayəsindən məhrum, fiziki cəhətdən qüsurlu uşaqların problemlərini öyrənir, onların dərdlərinə şərik olur. O, həmçinin respublikada idmanın inkişafına xüsusi qayğı göstərir, təhsil sahəsində böyük quruculuq işlərinin aparılmasına dəstək olur.

Mehriban xanım Əliyeva BMT-nin aparıcı qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalına layiq görülmüşdür. Mükafatın təqdimat mərasimində ÜƏMT-nin baş direktoru Kamil İdris Azərbaycanın birinci xanımının xeyriyyəçilik fəaliyyətini, rəhbərlik etdiyi fondların elm, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə çox dəyərli layihələr işləyib həyata keçirdiyini qeyd edərək dedi ki, ÜƏMT-nin ən yüksək mükafatı olan qızıl medala da məhz mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına mühüm töhfələr verən, əməli yardım edən dərin intellektli şəxslər layiq görülür.

Ölkə Prezidentinin xanımı, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ictimai həyatımızdakı rolu olduqca böyükdür. Elm, təhsil, səhiyyə sahəsində Prezidentimizə göstərdiyi köməklik yüksək hörmət və təqdirə layiqdir. Mehriban Əliyeva cəmiyyətimizdə uşaq və gənclərin dövlətini, xalqını sevən layiqli övladlar kimi böyüməsi sahəsində öz güc və bacarığını əsirgəmir.

Hər hansı problemin həllinə çarə arayan, kimsə tərəfindən haqqı tapdanan Azərbaycan vətəndaşı üçün Mehriban Əliyevanın timsalında artıq bir pənah yeri, bir ümid ünvanı da var.

Azərbaycanın birinci xanımı Milli Məclisə üzv seçilməklə ölkəmizə, xalqımıza xidmət etmək üçün daha geniş meydan əldə etmişdir.

ANS Televiziya Şirkətlər Qrupunun əhali arasında apardığı sosioloji sorğulara əsasən xoşməramlı səfir, millət vəkili Mehriban Əliyeva "İlin adamı" elan edildi. Bu isə ona xalqın məhəbbətinin təzahürüdür.

2007-ci ildə genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya yüksək mükafat “Qızıl ürək" beynəlxalq mükafatı təqdim olunmuşdur.

Azərbaycanın birinci xanımına mükafatı təqdim edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirərək vurğulamışdır ki, belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət bəxş edir.

Tədbirin təşkilatçısı, "Qızıl ürək" Xeyriyyə Fondunun təşkilat komitəsinin rəhbəri, tibb elmləri doktoru Yakov Brand demişdir ki, Mehriban Əliyeva bu yüksək mükafata layiqdir, çünki onun başçılıq etdiyi fond, ilk növbədə, xəstə uşaqlara yardım sahəsində çox böyük işlər görür. Mehriban Əliyevaya "Qızıl ürək" mükafatının verilməsi barədə qərar qəbul edilməzdən əvvəl fondun fəaliyyəti ətraflı öyrənilmiş, diabet, talassemiya, vərəm ilə mübarizə proqramı çərçivəsində, habelə evsiz-eşiksiz və əlil uşaqlara yardım sahəsində görülən konkret işlər yüksək qiymətləndirilmişdir.

İnanırıq ki, Mehriban xanım Əliyeva ölkə başçısı, hörmətli Prezidentimiz İlham Əliyevlə qoşa addımlayaraq onun çətin işində yaxın köməkçisi olacaq, Azərbaycan qadınının dünya miqyasında tanınmasına nail olacaq, ən yüksək tribunalardan Azərbaycan xalqının haqq səsini dünyaya çatdıracaqdır.



N. Rüstəmli

Respublika.- 2008.- 28 avqust.- № 191.- S. 3.