Azərbaycan YUNESKO-nun səmərəli fəaliyyətinə öz töhfəsini verməyə hazırdır
Parisdə, YUNESKO-nun iqamətgahında qurumun ali orqanı Baş Konfransın 35-ci sessiyası öz işinə başlamışdır.
Tədbirdə təşkilatın üzvü olan 193 ölkənin nümayəndəsi iştirak edir. Ölkəmiz təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Təhsil, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin əməkdaşları daxildir.
Oktyabrın 8-də Baş Konfrans çərçivəsində nazir və nazir müavinləri səviyyəsində forum keçirilmişdir. Forumu Baş Konfransa yeni sədr seçilmiş Davidson Xepbern (Baham adaları) açaraq yığıncaqda iştirak edən Türkiyə Prezidenti Abdullah Gülü salamlamış, dünya siyasətində mədəniyyətlər və dinlərarası dialoqun mühüm rolunu qeyd etmiş, iqlim dəyişikliyinin Yer kürəsi üçün böyük təhlükə doğuracağını bildirmiş və maliyyə böhranının törətdiyi ağır fəsadlardan danışmışdır.
YUNESKO-nun Baş direktoru Koişiro Matsuura çıxışını, əsasən, dünyanı bürümüş maliyyə böhranı üzərində qurmuşdur. O, bu böhranın bütün sahələrə, o cümlədən elm, təhsil və mədəniyyətə ağır təsirindən danışmışdır. Qeyd etmişdir ki, böhran yoxsulluğun son həddində yaşayan milyonlarla insanın vəziyyətini daha da ağırlaşdırmış, Afrika qitəsində dövlətlər ciddi fəsadlarla üzləşmişlər. Baş direktor təhlükəli vəziyyət yaratmış maliyyə böhranından çıxmaq və gələcək inkişaf naminə varlı ölkələrin donor kimi çıxış etmələrinin vacibliyini vurğulamış, YUNESKO-nun da gələcək fəaliyyətini bu istiqamətdə quracağını, yeni 10 illik proqram tərtib etdiyini bildirmişdir.
Türkiyə Prezidenti Abdullah Gül YUNESKO-nun ölkələr arasında körpü rolunu oynadığını xatırlatmış, xalqları bir-birinə yaxınlaşdırmaqda mühüm işlər gördüyünü qeyd etmiş, nazir və nazir müavinləri səviyyəsində keçirilən forumun dünyanı bürümüş maliyyə böhranından elm, təhsil və mədəniyyət sahələrindəki problemlərin aradan qaldırılmasında mühüm rol oynayacağına şübhə etmədiyini diqqətə çatdırmışdır.
Hər bir dövlətin iqtisadi böhrana baxmayaraq elm, təhsil , mədəniyyət sahələrinin inkişafına, xalqa məxsus mədəni irslərin qorunub saxlanmasına xüsusi diqqətlə yanaşmasının vacibliyinə toxunan Abdullah Gül ölkəsində bu istiqamətlərdə gedən işlərdən bəhs etmiş, bu sahədə YUNESKO-nun rolunu yüksək qiymətləndirmiş, gender probleminin həlli ilə bağlı görülən işlər barədə məlumat vermişdir.
Azərbaycanın təhsil naziri Misir Mərdanov forumdakı çıxışında demişdir: Qlobal xarakter almış maliyyə böhranı YUNESKO və onun prioritet istiqamətlərindən yan keçməmiş, qurumun dünya əhəmiyyətli proqramlarının həyata keçirilməsində müəyyən çətinliklər yaratmışdır. Ölkəmizə gəldikdə, Azərbaycan öz iqtisadiyyatına bu böhranın təsirini azaltmağa müvəffəq olmuş, hətta iqtisadi artım əldə edilmişdir. Milli iqtisadiyyatını dinamik inkişaf etdirmiş Azərbaycanda ümumi daxili məhsulun artımı 4 faizə çatmışdır. Son iki ildə istər elm, təhsil və mədəniyyət, istərsə də informasiya və kommunikasiya sahələrində çox işlər görülmüş, YUNESKO ilə əlaqələr yüksək səviyyədə inkişaf etdirilmişdir. Güclü iqtisadiyyat nəticəsində təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilmiş, təhsil dövlət büdcəsindəki xərclər siyahısında birinci yerə çıxmış, dövlət təhsilin inkişafına 238 milyon manatdan (298 milyon dollar) çox vəsait ayırmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı sayəsində respublikada yüzlərlə müasir tələblərə cavab verən məktəb binaları tikilərək istifadəyə verilmiş, yaxud əsaslı şəkildə təmir edilmişdir. Elm və mədəniyyət sahələrində də son illər təqdirəlayiq işlər görülmüş, onların inkişafı ilə bağlı Milli Strategiya və Dövlət Proqramı qəbul edilmiş, Bakıda “Strabon yolu Böyük İpək Yolunun bir hissəsi kimi”, “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzularında beynəlxalq konfranslar, Birinci Beynəlxalq Muğam festivalı kimi yüksək səviyyəli tədbirlər keçirilmişdir. Maliyyə böhranının qlobal xarakter alması mövcud problemlərin həllinin ayrı-ayrı dövlətlər səviyyəsində deyil, dünya səviyyəsində yanaşmanı tələb edir.
Yüksək səviyyəli mütəxəssislərin, texniki yardımın, elmi və pedaqoji kadrların hazırlanması, qlobal layihələrdə iştirak etmək potensialından bəhrələnmək imkanı verən YUNESKO-nun üzərinə bu sahədə böyük yük düşür. Məhz belə bir dövrdə qurumun büdcəsinin sabit saxlanmasının və əsas sahələr üzrə öz dəstəyini davam etdirməsinin tərəfdarıyıq. Təşkilatın vəsaitlərindən minilliyin inkişaf məqsədlərinə nail olunması istiqamətində istifadə edilməli, yoxsulluğun aradan qaldırılması, zəif inkişaf etmiş ölkələrdə təhsil səviyyəsinin yüksəldilməsi, mədəni irsin qorunmasına yardım göstərilməsi kimi sahələrdə fəal iş aparılmalıdır. Bunlarla yanaşı, təşkilatın inzibati xərclərinin azaldılması məsələsini də nəzərdən keçirmək olar. Məhz bu hallarda YUNESKO-nun səmərəli fəaliyyətinin davam etdirilməsinə nail olmaq mümkündür. Hər bir dövlət bu istiqamətdə səylərini əsirgəməməlidir. Azərbaycan bu mühüm işə öz töhfəsini verməyə hazırdır.
Azərbaycanlı nazirin çıxışı maraqla qarşılanmışdır.
Baş konfrans çərçivəsində Misir Mərdanov İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu və İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl - Tüveycri ilə görüşmüşdür. Görüşdə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Hüseynova forumun işində və görüşlərdə iştirak etmişdir.
YUNESKO-nun 2010-2011-ci illər büdcəsinin və proqram layihəsinin müzakirəsi zamanı Azərbaycan tərəfi müəyyən təklif və düzəlişlər irəli sürmüşdür.
Əsgər Əliyev
Xalq qəzeti.- 2009.- 9 oktyabr.- № 224.- S. 2
