Çap etmək   ⁞     ⁞   Fond haqqında

Əsrin böyük qadını və ya dünyaya humanizm örnəyi

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "XXI əsrin böyük qadını" fəxri titulunun nominantı olması, onun bu adı qazanacağına şübhə doğurmur


Tarixdə iz qoymuş böyük şəxsiyyətlər arasında qadınlar azlıq təşkil edir. Öz dövrünün böyük ictimai xadimi, görkəmli şəxsiyyəti adını hər əsrdə yalnız bir neçə qadın qazana bilir. Yalnız dünya miqyasında tanınmış, böyük ictimai fəaliyyətdə bulunmuş, humanist ideyaları həyata keçirmək üçün çalışmış qadınlar “Əsrin böyük qadını” fəxri tituluna layiq görülürlər. Azərbaycan qadını hələlik belə bir titula layiq görülməyib. Amma bu o demək deyil ki, xalqımızın bu ada layiqli qadın şəxsiyyəti yoxdur və ya olmayıb. Ötən ayın sonlarında Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu beynəlxalq səviyyəli titula layiq görülmək üçün nominant kimi irəli sürülüb.

Əsrin sivilizasiyaları birləşdirən böyük qadını

Xəbər verdiyimiz kimi, Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının “İpək yolu” Komitəsinin həmsədri Nina Koqan, “İpək yolu” kamera orkestrinin baş dirijoru və “İpək yolu” Komitəsinin sədri, həmvətənimiz İsmayıl Hacıyev və Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət ediblər. Onların hamısı Azərbaycanın böyük şərqşünas alimi Aida İmanquliyevanın adını daşıyan Kanada Beynəlmiləl Universal Bəşəri Dəyərlər Mərkəzinin İdarə Heyətinin üzvləridir.

Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın Azərbaycanın mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini vurğulayıblar.

Birinci xanımın yaratdığı Azərbaycan Mədəniyyət Fondu bu fəaliyyəti həyata keçirmək üçün festivallar, sərgilər, konsertlər, mədəniyyət sahəsi ilə əlaqədar digər tədbirlər təşkil edir. Təkcə elə Azərbaycan musiqi folklorunun ənənəvi klassik forması olan muğamı təbliğ etmək məqsədilə Bakıda Muğam Mərkəzi yaratmaq barədə Prezident İlham Əliyevin dəstəklədiyi təşəbbüsün müəllifinin ölkəmizin birinci xanımı olduğunu qeyd etmək kifayət kifayətdir.

Bundan başqa, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, səhiyyə və idman sahəsində geniş və çoxşaxəli iş aparılır. Onun rəhbərlik etdiyi Fond ölkədə çoxsaylı humanitar və sosial layihələr həyata keçirir. Yüzlərlə məktəb, səhiyyə ocağı və sair obyektlər tikilir.

Müraciətdə qeyd edilir ki, Heydər Əliyev Fondunun prezidenti uşaqlara, onların problemlərinə xüsusi diqqət yetirir. Fondun xeyriyyə proqramı Azərbaycanda uşaq evlərinin yenidən qurulmasını və modernləşdirilməsini, məktəblər açılmasını, diabetdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunmasını əhatə edir. Qocalar evlərinə də ən müasir tibbi səviyyədə kömək göstərilir.

Müraciətdə həmçinin, Azərbaycanın birinci xanımının beynəlxalq miqyasda fəaliyyəti xüsusi vurğulanır: “Xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilməsi, Niaqara Festivalının təşkilati strukturu çərçivəsində “İpək yolu” komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib.

Qədim İpək Yolu üzərində yerləşən ölkələrin musiqisinin və bütün mədəniyyətinin inkişafına kömək məsələsində xanım Mehriban Əliyevanın rolu nəzərə alınaraq, ona Niaqara Festivalının yüksək mükafatı dünya mədəniyyətlərinin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası üzrə nəcib missiyanı həyata keçirən insanın qədim rəmzi olan “Sülh qızılgülü” mükafatı verilib...”

Amerika Bioqrafiya İnstitutunun prezidentinə ünvanlanmış müraciətdə daha sonra YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dünya irsinin qorunub saxlanmasında iştirakını təsdiq edən konkret faktlar göstərilir. Onun başçılıq etdiyi Heydər Əliyev Fondu ilə Roma Katolik Cəmiyyəti arasında imzalanmış Memoranduma müvafiq olaraq, Fransada Strasburq Kafedral kilsəsinin, Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsinin bərpası üçün vəsait ayırıb. Fond “Azərbaycan tolerantlığın ünvanıdır” layihəsi çərçivəsində ölkədəki bütün dini abidələrin bərpasına yardım göstərir.

Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalayıb. Xatırladaq ki, keçən il bu şəhərdəki İncəsənət Qalareyasında ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Mehriban Əliyevanın dəstəyi sayəsində həyata keçirilmiş bu tədbir Kanada ilə Azərbaycan arasında əsil mədəni körpüyə çevrilib.

Heydər Əliyev Fondunun əsas prioritetləri

Mehriban xamının başçılıq etdiyi Fond dünya mədəniyyəti nümunələrinin Azərbaycanda nümayiş etdirilməsi və fərqli mədəniyyətlə mənsub insanlar arasında ünsiyyətin yaradılması istiqamətində mühüm işlər görür.

Son 5 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Qurumun fəaliyyətinin prioritet istiqamətləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır.

Xalqın və ya millətin sosial-siyasi vahid kimi formalaşmasında, dünya xalqları sırasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətlə bağlı dediyi bir fikri xatırlamaq burada yerinə düşəcək: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”.

Milli-mənəvi dəyərimiz muğamın dünyada təbliği

Mədəniyyətə qayğı tədbirləri sırasında Azərbaycanda muğamın inkişafına göstərdiyi diqqət Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Hələ 2005-ci ildə Azərbaycan musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılıb, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla “dəyirmi masa” keçirilib və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınıb.

Muğam ustaları ilə mütəmadi görüşlərdən, məsləhətləşmələrdən sonra Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilib, Heydər Əliyev Fondunda onun təqdimatı keçirilib. Mərkəzin inşası üçün münasib yer seçilib, YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın iştirakı ilə binanın təməli qoyulub. Tikinti işləri başa çatdıqdan sonra Beynəlxalq Muğam Mərkəzinin təntənəli açılışı olub.

Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım “Qarabağ xanəndələri” musiqi albomunun nəfis şəkildə buraxılması və “Gülüstan” sarayında onun təqdimat mərasiminin keçirilməsidir.

Heydər Əliyev Fondunun keçirdiyi “Muğam dünyası” adlı Beynəlxalq Festivalda isə muğam biliciləri Azərbaycana toplaşaraq incəsənətin qədim və özünəməxsus bir növü barədə fikir mübadiləsi aparıb, muğamın qorunub saxlanması və inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Azərbaycanda bu sahədə görülmüş işlər muğama marağı xeyli artırıb, muğamın sirlərinə yiyələnmək istəyənlərin sayı qat-qat çoxalıb.

Bu adi bir həvəs deyil, çünki muğam Azərbaycan xalqının gen yaddaşından süzülüb gələn, minillərin yaddaşını daşıyan ilahi musiqidir. Milli sərvətimiz, mənəvi dəyərlərimizin daşıyıcısı və etnosumuzun ən mükəmməl salnaməsi olan muğamın təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başladığı işlərin bəhrəsi olaraq bu tədbir mədəniyyətlərarası dialoqa çevrildi.

Beynəlxalq Elmi Simpoziumda və Beynəlxalq Muğam müsabiqəsində İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, Almaniya və digər ölkələrin təmsilçilərinin, həmçinin, Beynəlxalq Musiqi Şurasının muğam bölməsində bu janrın təhlili, təbliği ilə məşğul olan məşhur alimlərin bir araya gəldiyi Bakı, eyni zamanda, muğam sənətinin tarixində yeni bir mərhələnin başlanğıcının yazıldığı məkana çevrildi. Bəşəri mədəniyyət proqramı bütün dünyanın ən məşhur alimləri tərəfindən bəyənildi və təsdiq edildi.

Prezident İlham Əliyev “Muğam dünyası” Beynəlxalq Festivalının açılış mərasimində dediyi “Muğam Azərbaycanın milli sərvətidir ”- fikri xalqımızın öz milli-mədəni dəyərlərinə verilən ən yüksək qiymət idi.

Mehriban xanım Əliyeva isə, muğam barədə fikirləri isə Prezidentin sözlərinin daha geniş ifadəsidir: “Muğam hər bir azərbaycanlının həyatına az qala doğulduğu andan daxil olur. Bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza uyğun gəlir. O, həmişə yerinə düşür kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Bəli, muğam bizi həyatımızın başlanğıcından sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət edib, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub. Həqiqətən də, ölkəmizi muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək çətindir”.

Fondun səyi nəticəsində son illərdə İngiltərə, Fransa, Almaniya, Yaponiya, ABŞ və digər ölkələrdə muğama maraq xeyli artıb. Bu sahədə birinci xanımın xidmətlərindən ən böyüyü isə, 2003-cü ildə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsi inciləri siyahısına daxil edilməsi olub.

Musiqi irsinin yaşadılması və milli incəsənətin inkişafı

Heydər Əliyev Fondu klassik musiqi mədəniyyətimizə ehtiramla yanaşır. Paytaxtda dahi bəstəkar Ü. Hacıbəylinin, Bülbülün təntənəli yubiley tədbirləri Fondun dəstəyi ilə gerçəkləşib. Dünya şöhrətli D. Şostakoviçin yubiley gecəsi, artıq ənənəyə çevrilən beynəlxalq Rostropoviç musiqi festivalları Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bu festivallar çərçivəsində Azərbaycan, Amerika, İtaliya, Rusiya və Fransanın tanınmış musiqiçiləri, məşhur dirijorları çıxış edir.

Heydər Əliyev Fondu, həmçinin, Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq digər layihələri də həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Bu baxımdan Azərbaycan paytaxtında Müasir İncəsənət Muzeyinin açılışını yüksək qiymətləndirmək olar.

Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Buraya gələnlər Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltəraşların işləri ilə də tanış olurlar. Qərbi Avropa incəsənəti salonunda isə ümummilli lider Heydər Əliyevə, habelə, Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səttar Bəhlulzadə adına sərgi salonunda uşaq evlərində və internat məktəblərində tərbiyə alan uşaqların “Mən Azərbaycanı sevirəm” adlı rəsm sərgisinin açılması da mədəniyyət sahəsində xüsusi istedada malik insanların üzə çıxarılması işində böyük irəliləyişdir.

Dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlinin qoyulması isə möhtəşəm tarixi hadisə hesab olunmalıdır.

Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə inşa olunan bina bükülmüş xalçanı xatırladacaq. Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq 3 mərtəbəli binanın 1-ci mərtəbəsində sərgi salonu, kitabxana, elmi xalçaçılıq, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, 2-ci mərtəbədə danışıqlar və audiovizual təqdimatlar otağı, 3-cü mərtəbədə böyük tərtibat imkanlarına malik sərgi zonası olacaq.

Binanın altında arxiv, anbar, laboratoriya, bərpa və konservləşdirmə şöbələri yerləşəcək. Açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Muzeyin foyesində cavahirat və bahalı bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaq.

Tarixi irsin qorunmasında əsas işlərdən biri də, paytaxtın yaxınlığında salınan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcək.

Bir sözlə, digər sahələrdə olduğu kimi, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların təbliğ olunmasında da Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfə hesab olunur.

Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

“Təhsil millətin gələcəyidir” - fondun fəaliyyətində ən mühüm prinsip

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və cəmiyyət tərəfindən böyük rəğbətlə dəstəklənən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.

“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005 - 2008-ci illərdə 200-ə qədər məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilib.

Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird yeni tədris illərini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılayıb.

Hazırda təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Fondun təşəbbüsü ilə ölkə ərazisində tikilən yeni məktəblərin sayı artıq 300-ə çatdırılıb.

Fondun həyata keçirdiyi “Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də, Gürcüstanda yaşayan soydaşlarımıza yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Bir sıra xarici ölkələrdə Rusiyada, Hollandiyada, Türkiyədə, Gürcüstanda, Rumıniyada yaşayan azərbaycanlı məktəblilər də belə hədiyyələr alıblar.

2008 - 2009-cu dərs ili ərəfəsində həyata keçirilən aksiyanın miqyası isə daha geniş olub. Bu aksiya bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 minə bərabərdir. Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulub. “Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan 140 adda plakat ölkənin bütün ümumtəhsil məktəblərini əyani vəsaitlə təmin etməyə imkan verib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci il sentyabrın 15-də Bilik Günü münasibətilə Bakının bir sıra qəsəbələrində təlim-tərbiyə ocaqları da istifadəyə verilib. Fondun prezidenti Mehriban xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına uşaq bağçasının açılışında iştirak edib. Ən müasir standartlara cavab verən bağça 3 yaşından 6 yaşınadək 120 uşaq üçün nəzərdə tutulub. Uşaqlar bağçada ingilis dili ilə yanaşı, bədii gimnastikanın da sirlərini öyrənirlər.

Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılmasına, bu ölkədəki Azərbaycan məktəblərinin dərsliklə təminatına da böyük yardım göstərilib, “YP Morğan” təşkilatının Fonda hədiyyə etdiyi, xaricdə nəşr olunmuş müxtəlif adda kitablar ali məktəblərə təqdim olunub.

Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti də diqqəti cəlb edir.

2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub.

Sosial inkişaf siyasəti və humanizmin ən böyük nümunəsi

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlarda uşaq evləri və internat məktəblərində olduqdan sonra “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etdi.

Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram Fondun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrildi.

Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn bir neçə istiqamət-texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilib.

Fond belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğunu nəzərə aldığından, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlandı. Bu kateqoriyadan olan 50-dək uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparıldı. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində idi.

Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir.

Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslər də Fondun diqqətindən kənarda deyil. 9 dekabr 2005-ci il tarixdə Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT –yə çıxışın təmin edilməsinə dair layihə imzalanıb. Bu layihə əhalinin təcrid olunmuş qrupunun cəmiyyətin həyatında fəal iştirakını təmin etməklə, kor və görmə qabiliyyəti zəif olan insanların informasiya əldə etməsi üçün əlavə potensialı təmin edərək onlar üçün məşğulluq imkanlarını yaradıb.

“Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün respublika internat məktəbində model İKT sinfinin, audiostudiyanın, Brayl əlifbalı zəngin kitabxananın yaradılmasına kömək edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirərək Gəncə şəhərində fiziki qüsurlu insanlar üçün Regional Mərkəzin yaradılmasına dəstək verir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə irimiqyaslı layihələrin reallaşdırılması ilə Fond xalqın etibarını və etimadını qazanıb. Prezident İlham Əliyev Fondla bağlı deyib: “Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük”.

Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. –Heydər Əliyev fondunun yaranmasının 5 illiyilə əlaqədar keçirilmiş tədbirdə fondun prezidenti Mehriban xanım Əliyeva belə söyləyib. Buna artıq heç kimdə şübhə yoxdur.


Elçin Bayramlı

Səs.- 2009.- 22 avqust.- № 157.- S. 3-4.