Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Bu il gimnastlarımız üçün yaddaqalan oldu


Son illər ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Ayrı-ayrı idman növlərində müşahidə olunan sürətli inkişaf, təmsilçilərimizin beynəlxalq arenalarda qazandıqları qələbələr, paytaxtımızın mötəbər beynəlxalq turnirlərə ev sahibliyi etməsi, gənclərin idmana kütləvi axını məhz, bu qayğının nəticəsidir. Atletlərimizin son illərdə əldə etdikləri uğurlar Azərbaycanı aparıcı idman ölkəsi kimi dünyaya tanıdıb.

Artıq 2009-cu il başa çatmaq üzrədir. İlin on bir ayı ərzində ауrı-ауrı idman növləri üzrə dünya, Avropa çempionatları, turnir və birinciliklər təşkil olunub. Bu müddət ərzində təmsilçilərimiz beynəlxalq arenalarda Azərbaycanın idman şərəfini layiqincə qoruyublar. Bizi öz nəticələri ilə sevindirənlər arasında gimnastlarımız da var. Gimnastlarımız hər il olduğu kimi, bu il də müxtəlif mötəbər yarışlardan vətənə medallarla dönüblər.

Təbii ki, bütün bunlar Azərbaycan Gimnastika Federasiyasının gimnastikanın inkişafı üçün gördüyü işlərin bəhrəsidir. Federasiya rəhbərliyinin gərgin əməyi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda gimnastika populyar idman növlərindən birinə çevrilib. Son illər yeniyetmə və gənclərin bədii gimnastika bölmələrinə axını artıb. Avqust ayında Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva iştirak ediblər. İdman qurğusu 2011-ci ildə gimnastların ixtiyarına veriləcək. Qeyd edək ki, adıçəkilən qurumdakı bu irəliləyiş 2002-ci ildə federasiya rəhbərliyində aparılan dəyişikliklərdən sonra baş verib. Həmin ildən etibarən ölkədə gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində bu idman növündə yüksək nailiyyətlər əldə olunmağı başlanılıb. Sevindirici haldır ki, respublikamızda bu sahədə араrılan işlər Beynəlxalq Gimnastika Federasiyasının da diqqətindən yayınmayıb. Ауrı-ауrı vaxtlarda paytaxtımızda bədii gimnastika üzrə müxtəlif mötəbər yarışlar təşkil olunub. Ölkəmiz Dünya kubokunun mərhələ yarışları, dünya və Avropa çempionatı kimi yarışlara yüksək səviyyədə təşkilatçılıq edib.

Avropa və dünya çempionatında möhtəşəm çıxış

Мау ayının 15-17-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə 25-ci Avropa çempionatı keçirilib. Ölkəmizdə ikinci dəfə təşkil olunan qitə çempionatında Azərbaycan gimnastları ilə yanaşı, aparıcı gimnastika ölkələrinin təmsilçiləri də həm fərdi, həm də komanda yarışlarında mübarizə aparıblar. Üç gün davam edən yarışda 32 ölkənin 186 gimnastı qalib adı uğrunda qüvvəsini sınayıb. Fərdi yarışlarda 31 ölkədən 75 idmançı, yeniyetmələrin qrup yığmalarının mübarizəsində isə 17 komanda mübarizə aparıb. Avropa çempionatında gimnastlarımız parlaq qələbə qazanıblar. Belə ki, Azərbaycan milli komandası qitənin ikinci komandası adına sahib çıxıb. Fərdi gimnastların ayrı-ayrı növlər üzrə yarışında isə Anna Qurbanova topla hərəkətlərin finalında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Yeni yaranmış yeniyetmələrdən ibarət qrup yığmamız qitə ikincisi adına layiq görülüb. Komandamız ümumilikdə 2 gümüş və 1 bürünc medala sahib olub. 2009-cu ilin möhtəşəm yarışlarından olan bədii gimnastika üzrə son dünya çempionatı sentyabr ayında Yaponiyanın Mie şəhərində keçirilib. Yarışda ölkəmizi fərdi növlərdə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Çayadlı və qrup hərəkətləri üzrə yığmamız təmsil edib. Gimnastlarımız bu dəfə də möhtəşəm çıxışları ilə yadda qalıblar. Belə ki, Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlıdan ibarət yığmamız кomanda hesabında bürünc medal qazanıb. Ayrı-ayrı növləri üzrə keçirilən yarışlarda Aliyə Qarayeva topla hərəkətlərin finalında ikinci olub. Yarışda qrup komandamızın ilkin təsnifat mərhələsində 5 halqa ilə çıxışı 25,600 xalla, 3 lent/2 iplə çıxışı isə 24,900 xalla qiymətləndirilib. Finalda komandamız 5 halqa ilə hərəkətlərin icrasına görə 7-ci pillədə qərarlaşıb. 3 lent/2 iplə hərəkətlərin finalında isə gimnastlarımız 6-cı olublar. Qrup yığmamız iki hərəkətin cəminə görə çoxnövçülük yarışlarında 4-cü nəticəni göstərib. Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti və bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi İrina Vinerin qrup yığmamızın dünya çempionatındakı çıxışı ilə bağlı fikirləri yer alıb. "Azərbaycan komandasının əla çıxışı! Gözəl məşqçi və ansambl. Bütün Rusiya nümayəndə heyəti Azərbaycan gimnastlarına azarkeşlik edirdi. İki finaldan ikisi - yaxşı nə ola bilər? Azərbaycan komandasına uğurlar və özünəinam arzulayıram. Unutmayın, şans həmişə var. Sadəcə, onu vaxtında və düzgün istifadə etmək lazımdır", - deyə İ. Viner bildirib.

Avropa çempionatında uğurlu debüt

Artıq yuxanda qeyd etdiyimiz kimi, yeniyetmələrdən ibarət qrup komandamız yeni formalaşıb. Paytaxtımızda keçirilən Avropa çempionatına qədər qrup komandamız iki beynəlxalq yarışda iştirak edərək yaxşı nəticələr göstərmişdi. Mütəxəssislər yeni formalaşan komandanın yarış təcrübəsinin azlığının qitə çempionatında onlar üçün əsas problem olacağını deyirdilər. Qeyd edək ki, Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova və Kamilə Məmmədovadan ibarət yeniyetmələrdən ibarət qrup yığmamız qitə çempionatına bolqarıstanlı mütəxəssis Mariana Vasilevanın rəhbərliyi altında hazırlaşıb. Xatırladaq ki, böyüklərdən ibarət qrup yığmamız Pekin Olimpiya Oyunlarına da M. Vasilevanın rəhbərliyi altında qısa müddətdə hazırlaşmışdı. Olimpiya oyunlarında qrup yığmamız 7-ci nəticəni göstərdi. Mütəxəssislər Olimpiya oyunlarında ilk dəfə çıxış edən komanda üçün bu nəticəni yüksək qiymətləndirmişdilər. Yeniyetmələrdən ibarət qrup komandamızın üzvləri təcrübəli məşqçinin rəhbərliyi altında bir neçə müddət müəyyənləşdirilmiş plan əsasında Avropa çempionatına hazırlaşdılar. Bu yarışın doğma divarlar arasında keçirilməsi gimnastlarımızın məsuliyyətini daha da artırırdı.

Nəhayət, gərgin məşqlər öz bəhrəsini verdi. Gimnastlarımız onlara bəslənilən ümidləri doğrultdular. Belə ki, komandamız təsnifat mərhələsində qaraçı musiqisinin sədaları altında 5 lentlə hərəkətlərdə 24,950 xalla ikinci oldu. Finalda ikinci yerdə qərarlaşan Azərbaycanın qrup yığması öz yerini cəsarətlə qorudu. Gimnastlarımız bu mərhələdə daha gözəl çıxış edərək aktivlərinə 25,650 xal yazdırdılar. Paytaxtımızda keçirilən 25-ci qitə çempionatını izləyən Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitriopulos qəzetimizə verdiyi eksklüziv müsahibəsində ölkəmizdə gimnastikanın inkişaf səviyyəsi və təmsilçilərimizin Avropa çempionatındakı uğurlu çıxışları barəsində fikrini bildirmişdi: "İndiyədək paytaxtınızda bədii gimnastika üzrə müxtəlif mötəbər yarışlar təşkil olunub. Yarışların Azərbaycandakı kimi yüksək səviyyədə keçirilməsinə nadir ölkələrdə rast gəlmək mümkündür. İstərdim ki, bədii gimnastika üzrə Avropa çempionatı hər il Bakıda keçirilsin. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu sahədə ciddi işlər görülür. Bunun nəticəsidir ki, ölkənizdə gimnastikaya maraq böyükdür. Son illərdə Azərbaycan dünyanın aparıcı gimnastika ölkələri sırasına daxil olub. Təmsilçiləriniz mötəbər yarışlarda inanılmaz nəticələr əldə edirlər. Qısa vaxt ərzində ölkənizdə bu sahədə böyük irəliləyişlər əldə olunub. Federasiya rəhbərliyi gimnastlarınızın təlim-məşq keçmələrini, mötəbər yarışlarda iştirakını yüksək səviyyədə təmin edir. Bunun nəticəsidir ki, Avropa çempionatında təmsilçiləriniz iki gümüş və bir bürünc medal əldə etdilər. Yeniyetmələrdən ibarət qrup yığmanızın çıxışı heyrətamiz idi.

İlk dəfə qitə çempionatı kimi mötəbər yarışda iştirak və yüksək səviyyəli çıxış ən yüksək bala layiqdir. Hiss olunur ki, qrup komandasının üzvləri öz üzərlərində çox ciddi işləyiblər"

May ayının 20-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva bədii gimnastika üzrə 25-ci Avropa çempionatında Azərbaycanı təmsil etmiş yığma komandanın üzvləri ilə görüşüb. Gimnastları qitə çempionatındakı uğurlu çıxışları münasibətilə təbrik edən Mehriban xanım Əliyeva təmsilçilərimizin çıxışlarının ölkəmizdə һəуəcanla izlənildiyini və gimnastlarımızın göstərilən etimadı doğrultduqlarını bildirib. Qitə çempionatında Azərbaycanın böyük uğur qazanmasının sevindirici hal olduğunu deyən federasiya prezidenti komandamızın bu çempionatda bədii gimnastika ənənələri ilə məşhur olan ölkələri belə geridə qoyduğunu da diqqətə çatdırıb.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi tərəfindən idmançılarımız daim diqqət və qayğı ilə əhatə olunur və Azərbaycanda bədii gimnastika yüksək xətlə inkişaf edir.

Yeniyetmə gimnastlarımız Avropa birinciliyinə hazırlaşırlar

Yeniyetmə gimnastlarımız mötəbər yarış ərəfəsindədirlər. Belə ki, gələn ilin aprel ayında Almaniyada yeniyetmələr arasında bədii gimnastika üzrə Avropa birinciliyi keçiriləcək. Sinqapur Olimpiadasına lisenziya qazandıran çempionatda gimnastlarımız fərdi növlərlə yanaşı, qrup hərəkətlərində də qüvvələrini sınayacaqlar. Hazırda təmsilçilərimizin əsas məqsədi bu yarışa yüksək səviyyədə hazırlaşmaqdır. Avropa birinciliyinə məsuliyyətlə hazırlaşan yeniyetmə gimnastlarımız Bakı Olimpiya İdman Kompleksində gərgin məşqlərini davam etdirirlər. Bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva qitə birinciliyində gimnastlarımızın fərdi və qrup hərəkətlərində mübarizə aparacaqlarını diqqətə çatdırdı: "Artıq bir neçə müddətdir ki, gimnastlarımız Almaniyada təşkil olunacaq Avropa birinciliyinə hazırlığa başlayıblar. Yarışda təmsilçilərimiz həm fərdi, həm də qrup hərəkətlərində çıxış edəcəklər. Qitə birinciliyinin Sinqapur Olimpiadasına lisenziya verməsi bizim məsuliyyətimizi daha da artırır. Yarışda Rusiya, Belarus, Ukrayna, Bolqarıstan və İspaniya kimi aparıcı gimnastika ölkələrinin təmsilçiləri bacarıqlarını nümayiş etdirəcəklər. Buna görə də biz gimnastlarla birgə Avropa birinciliyinə ciddi hazırlaşırıq. Ümid edirəm ki, çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik. Qeyd edim ki, qrup yığmamız çempionatın təsnifat mərhələsində çıxış edəcək. Bundan dörd ay əvvəl birincilikdə fərdi növdə mübarizə aparacaq idmançıları müəyyənləşdirdik. Bunlar Ayşə Mustafayeva, Jalə Qaratova, Lalə Yusifova, Yekaterina Prokonenko və Mənsurə Bağıyevadır. Bu günlərdə təşkil olunan son Azərbaycan birinciliyində həmin gimnastların çıxışlarını bir daha nəzərdən keçirdik. Qeyd edim ki, qızlar çıxış zamanı elementlərin icrasında bir neçə səhvə yol verdilər. Gimnastlardan bəzisi isə psixoloji cəhətdən yarışa hazır deyildi. İndi biz məşqlərdə əsas diqqəti alətlərlə hərəkətlərin düzgün icrasına, yeni proqram və orijinal elementlərin hazırlanmasına yönəltmişik. Gimnastlarımız həm psixoloji, həm də fiziki cəhətdən yarışlara hazır olmalıdırlar", -deyə o bildirdi. Bolqarıstanlı mütəxəssis yeniyetmə gimnastlarımızın beynəlxalq turnirlərdə iştirakından və onların əldə etdikləri nəticələr barəsində də danışdı: "Gimnastlarımız artıq bir neçə beynəlxalq turnirdə çıxış edərək yaxşı nəticələr qazanıblar. Belə ki, Türkiyənin İzmir şəhərində keçirilən yarışda Ayşə Mustafayeva (1996-cı il) və Mənsurə Bağıyeva (1997-ci il) iştirak etdilər. Ayşə dörd finalda və çoxnövçülük yarışlarında beşinci nəticəni göstərdi. Digər təmsilçimiz Mənsurə Bağıyeva isə iplə hərəkətlərdə səkkizinci yeri tutdu. O, çoxnövçülük yarışlarını yekununa görə on birinci oldu. Bolqarıstanda keçirilən "Danubi Pearl" turnirində Jalə Qaratova (1995-ci il), Lalə Yusifova (1996-cı il) və Yekaterina Prokopenko (1997-ci il) bacarıqlarını nümayiş etdirdilər. Lalə halqa ilə hərəkətlərdə çıxışına görə qızıl medal qazandı. O, topla çıxışının yekununa görə gümüş, ip və çoxnövçülükdə bürünc medal qazandı. Digər gimnastımız Jalə Qaratova isə gürzlərlə hərəkətlərdə çıxışına görə finalda dördüncü yeri tutdu. Bu yaxınlarda Belçikada bədii gimnastika üzrə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə Lalə Yusifova çoxnövçülük yarışlarında birinci nəticəni göstərdi. Digər gimnastımız Ayşə Mustafayeva isə bu növ üzrə bürünc medala (çoxnövçülük) sahib çıxdı. Ayrı-ayrı finallar üzrə yarışlarda Lalə Yusifova halqa və topla çıxışına görə fəxri kürsünün birinci pilləsində qərarlaşdı. Təmsilçimiz gürz və iplə çıxışına görə, müvafiq olaraq, gümüş və bürünc medal qazandı. Ayşə Mustafayeva ən yaxşı çıxışını gürzlərlə etdi. Belə ki, gimnastımız birinci yeri tutdu. Top, halqa və iplərlə çıxışına görə isə ikinci yerlə kifayətləndi. Gimnastlarımızın bu yarışda göstərdikləri nəticələri yüksək qiymətləndirirəm. İnanıram ki, növbəti yarışlarda da idmançılarımız uğurlu çıxış edərək onlara bəslənilən etimadı doğruldacaqlar". Baş məşqçi 2009-cu ilin gimnastlarımız üçün nailiyyətlərlə dolu il olduğunu da diqqətə çatdırdı. Bolqarıstanlı mütəxəssis yeniyetmələrdən ibarət qrup komandamızın 25-ci Avropa çempionatında göstərdiyi nəticəni yeni nəsil üçün örnək olduğunu dedi: "Bu il həm böyük yaşlı, həm də yeniyetmə gimnastlarımız üçün yaddaqalan oldu. Böyük məmnuniyyətlə qeyd edə bilərəm ki, yeniyetmə gimnastlarımız ən yüksək nəticəni Bakıda təşkil olunan Avropa çempionatında qazandılar. Qrup komandamızın çempionatdakı uğurlu çıxışı gimnastikada ilk addımlarını atan idmançılar üçün örnəkdir. Fürsətdən istifadə edib gimnastlara daim göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".


Esmira Orucova

Olimpiya dünyası.- 2009.- 18-21 dekabr.- № 87.- S. 2.