Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Əzizbəyov rayonunun Türkan və Zirə qəsəbələrində aparılan tikinti işləri ilə tanış olmuşdur
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanışlıq məqsədi ilə fevralın 8-də Əzizbəyov rayonunun Türkan və Zirə qəsəbələrində olmuş, sakinlərlə görüşmüş, yeni tikilən obyektlərə baxmışdır.
Mehriban Əliyevanın Türkanda ilk görüşü qəsəbənin alaqapısının tikinti meydançasında oldu. İnşaatçılar hörmətli qonağı səmimiyyətlə qarşıladılar. Bakı ətrafındakı iri qəsəbələrin girəcəyində alaqapılar yoxdur və onların tikilməsi barədə təşəbbüsü Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva irəli sürmüşdür. Layihənin müəllifi və iş icraçısı dedi ki, qəsəbənin girəcəyində iki günbəz tikiləcək və tağla birləşdiriləcəkdir. Günbəzlər milli memarlıq üslubunda olacaqdır. Ətrafda yaşıllıq salınacaq, gül-çiçək əkiləcək, oturacaqlar qoyulacaqdır. İnşaatçılar Mehriban xanımın tövsiyələrini nəzərə alacaqlarını, tikinti işlərini gələn ay başa çatdıracaqlarını bildirdilər.
Türkan qəsəbəsindəki 14 saylı uşaq bağçasının əsaslı şəkildə yeniləşməsi də Mehriban Əliyevanın seçkiqabağı görüşlərində verdiyi vədin nəticəsi olmuşdur. 1933-cü ildə tikilmiş, lakin uzun illərdən bəri təmir olunmayan bu binada qısa vaxtda görülən işlər Mehriban xanımı razı saldı. Geniş sahəsi olan binanın bir hissəsində Mehriban xanımın şəxsi məsləhəti ilə təcili tibbi yardım stansiyası və aptek açılması da nəzərdə tutulur. Bu, qəsəbə sakinlərinin tibbi xidmətlə təmin edilməsi işinə sanballı töhfə olacaqdır.
Bağçanın qarşısına toplaşan sakinlər Mehriban xanımla yenidən görüşməkdən şad olduqlarını söylədilər, onun təşəbbüsü ilə görülən işləri, xüsusilə qəsəbənin yolunun abadlaşmasını müsbət dəyərləndirdilər, seçkiqabağı verdiyi vədləri yerinə yetirdiyinə görə razılıqlarını bildirdilər. Onlar fondun prezidentini "2005-ci ilin adamı" seçilməsi münasibətilə də təbrik etdilər.
Ölkənin birinci xanımı dedi ki, Türkanda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün ayrıca bina, toy-şənlik mərasimlərinin təşkilindən ötrü şadlıq sarayı, əhalinin rahatlığı üçün geniş ticarət mərkəzi də inşa olunacaqdır. Tikinti üçün yer seçilərkən, layihə tərtib olunarkən sakinlərin təklifləri də nəzərə alınacaqdır. Tikinti işlərinin gedişini müntəzəm izləyəcək, açılış mərasimlərində mütləq iştirak edəcəyəm. Mehriban Əliyeva daha sonra bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını, yeni iş yerlərinin açılmasını, su, qaz, elektrik enerjisi təminatının yaxşılaşmasını əhatə edən irimiqyaslı proqram hazırlanır. Bu proqram Əzizbəyov rayonunun da hərtərəfli inkişafına yeni stimul verəcək, türkanlılar da bunun real bəhrəsini görəcəklər.
* * *
Zirəyə budəfəki gəlişini qəsəbənin alaqapısının inşa olunduğu yerdən başlayan Mehriban xanıma məlumat verildi ki, sakinlər tikintiyə böyük maraq göstərir, tez-tez buraya baş çəkir, öz köməklərini təklif edirlər. Bu alaqapı da orijinal görünüşü ilə digərlərindən fərqlənəcəkdir. Ətrafda yaşıllıq salınacaq, bulaq tikiləcək, dincəlmək üçün oturacaqlar qoyulacaqdır. Tikinti işləri Novruz bayramına kimi tamamlanacaqdır. Qəsəbə sakinləri Xəzərdə öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş cəsur neftçi Əbdülhəsən Babayevin yeni ucaldılmış xatirə abidəsi önündə Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Onların bütün müraciətlərinə cavab verdiyinə, bu abidənin tikintisinə, 3 nəfər zirəli gəncin xaricdə ürək cərrahiyyəsi əməliyyatından keçirilərək sağ-salamat vətənə qayıtmasına göstərdiyi köməyə görə öz razılıqlarını ifadə etdilər. Prezident İlham Əliyevin daxili və xarici siyasətini hər zaman dəstəkləyəcəklərini bildirən sakinlər millət vəkili kimi Mehriban xanımın fəaliyyətindən qürur duyduqlarını söylədilər, ona və ailə üzvlərinə Allahdan cansağlığı, xoşbəxtlik, xalqımızın, müstəqil dövlətimizin tərəqqisi naminə yeni uğurlar dilədilər.
Abidə önünə tər qərənfillər düzən Mehriban ƏLİYEVA buraya toplaşan sakinlərə müraciətlə dedi:
- Çox sağ olun ki, siz də məni parlament seçkilərində dəstəklədiniz, mənə səs verdiniz. Mən sizi yenidən gördüyümə çox şadam. Sizin qəsəbədə, eləcə də rayonda görülən işlər yalnız başlanğıcdır, əsas işlər hələ qabaqdadır, yeni məktəblər, tibb-sağlamlıq obyektləri inşa ediləcəkdir. Bildiyiniz kimi, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızın regionlarında 132 məktəb tikilib istifadəyə verilmişdir. Bu il isə 100 məktəbin inşası nəzərdə tutulur, özü də bunun yarıdan çoxu Bakıda və ətraf qəsəbələrdə tikiləcəkdir. Bundan əlavə, dövlət başçımızın tapşırığı ilə paytaxtın ətraf qəsəbələrinin su, qaz, işıq və digər kommunal problemlərinin həlli üçün geniş dövlət proqramı işlənib hazırlanır. Yaxın iki ayda bu proqram təsdiq edilərək icrasına başlanacaqdır.
Bilirəm ki, Zirədə qaz çatışmazlığı var, proqramın reallaşması ilə bu məsələ öz köklü həllini tapacaqdır. Bu problem qonşu ölkələrdə həyatı iflic etmək həddinə çatsa da, bizdə vəziyyət çox-çox yaxşıdır, hətta, dar gündə öz qonşularımıza da əl tuta bildik, kömək etdik. Bu ildən başlayaraq, ölkəmizə neft ixracından xeyli vəsait daxil olacaqdır. Dövlət başçımızın da dediyi və konkret işlərlə həyata keçirdiyi kimi, bu vəsait ilk növbədə xalqın maddi rifahının yaxşılaşmasına və sosial layihələrin reallaşmasına, yeni infrastrukturların yaradılmasına yönəldiləcəkdir. Mən bilirəm ki, Zirədə şadlıq sarayı yoxdur, gənclərin mədəni istirahəti üçün bir yer yoxdur, geniş ticarət mərkəzinə ehtiyac var. Bununla əlaqədar artıq torpaq sahəsi ayrılıb, layihələr hazırlanıb, yaxın vaxtlarda tikintiyə başlanacaqdır. Bu obyektlərin inşasında ən çox yerli sakinlər işləyəcəkdir, onların da maddi vəziyyətinin yaxşılaşmasına imkan yaranacaqdır, yeni iş yerləri açılacaqdır. Diaqnostika mərkəzi, xəstəxana da tikiləcəkdir. Dövlət proqramında bunlar nəzərə alınıbdır. Mən də çalışacağam ki, bu məsələlər tezliklə öz həllini tapsın.
* * *
Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış 78 yaşlı ağbirçək Badam Bədəlova ötən ilin oktyabrında Zirədə keçirilən görüşdə Mehriban xanımı sidq-ürəklə öz evinə qonaq dəvət etmişdi. Mehriban xanım o zaman söz vermişdi ki, növbəti gəlişində mütləq onun qonağı olacaqdır. İndi Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə həyət qapısında qarşılayaraq, verdiyi bütün vədlərə belə əməl edən Azərbaycanın birinci xanımına səmimi arzularını yetirdi. Mehriban xanım ağbirçəklə hal-əhval tutaraq onun səhhəti ilə, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi. Səmimi söhbət çay süfrəsi arxasında davam etdi.
Badam nənə ilə sağollaşıb ayrılan Mehriban xanımın bu səmimiyyətindən xoşhal olan qonşular da minnətdarlıq edərək, xeyirxah işlərini yüksək dəyərləndirdilər, ona Allahdan xeyir-dua dilədilər. Mehriban xanım qəsəbə sakinlərinin müraciətlərini, arzularını dinlədi, Fondun əməkdaşlarına qaldırılan məsələləri konkret araşdırıb ona məlumat verməyi tapşırdı.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün rayonun Şüvəlan qəsəbəsində də oldu.
Xalq qəzeti.- 2006.- 10 fevral.- № 29.- S. 2.