Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Azərbaycanın gimnast qızları Olimpiya lisenziyaları uğrunda mübarizə aparırlar


Dörd idmançımız - Aliyə Qarayeva, Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı Patrasda (Yunanıstan) keçirilən bədii gimnastika üzrə 28-ci dünya çempionatında Azərbaycanın yığma komandasının heyətində çıxış edirlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, püşkatmanın nəticələrinə görə, gimnast qızlarımız “C” qrupunda Ukrayna, Qazaxıstan, Yunanıstan və İsrail nümayəndələri ilə birlikdə yarışırlar.

Yarışlarda qrup hərəkətləri komandamız da iştirak edir. “B” qrupunda çıxış edən komandaya Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarova daxildirlər. Bu qrupda onların rəqibləri Yaponiya, Yunanıstan, Fransa, Ukrayna, İspaniya və Rusiya komandaları olacaqdır.

Çempionatda dünyanın 50 ölkəsini təmsil edən 148 gimnast qız və 27 qrup yarışır. Xarici mütəxəssislərin fikrincə, azərbaycanlı gimnastlar Bakıda keçirilmiş Avropa birinciliyində qazandıqları böyük uğurdan sonra yenə yüksək yerlər tutmağa iddiaçılar sırasında olacaqlar. Qarayeva Yunanıstana Avropa çempionu kimi, Gimatova və Qurbanova isə Avropa çempionatının bürünc medalçıları kimi gəlmişlər.

Dünya çempionatında 9 dəst medal uğrunda mübarizə gedəcəkdir. Ən başlıcası isə, Pekin Olimpiadasına lisenziyaların sahibləri müəyyən ediləcəkdir. Beynəlxalq Federasiyanın Texniki Komitəsi tərəfindən Olimpiada üçün iştirakçıların seçim qaydalarına edilmiş dəyişikliklərə müvafiq olaraq, indi ixtisaslaşma proseduru belədir: hər ölkədən ən çoxu bir idmançı olmaqla, çoxnövçülüyün finalında ilk 12 yeri tutmuş gimnast qızlar və 13-24-cü yerləri tutan idmançıların ən yaxşı nəticələr göstərmiş 8-i lisenziya alacaqdır.

Yarışların ilk günü - sentyabrın 16-da Aliyə Qarayeva, Anna Qurbanova və Dinara Gimatova ip ilə hərəkətlər göstərmişlər. Qarayeva daha yaxşı nəticə göstərmişdir (16,35 bal). Bu növdə o, hələlik 4-cü yeri tutur. 16,2 bal toplayan Qurbanova 6-cı yerdədir. 15,45 bal toplamış Gimatova isə yarış cədvəlində 11-ci yeri tutur.

Komanda birinciliyində 48 bal toplayan azərbaycanlı gimnastlar Ukrayna, İsrail və Bolqarıstan komandalarını geridə qoyaraq 3-cü yeri tuturlar. İlk iki yerdə isə Rusiya və Belarus komandalarıdır.

Şəxsi çoxnövçülükdə Aliyə hələlik 9-cu, Anna 11-ci, Dinara isə 20-ci yerdədir.

Nümayəndə heyətlərinin iştirakı ilə açılış mərasimi Patrasın mərkəzində yerləşən antik amfiteatrda keçirilmişdir. Təşkilatçılar çempionat iştirakçılarını 50 ölkənin hər birinin dilində salamlamış, Yunanıstanın mədəniyyəti və tarixini, adət və ənənələrini nümayiş etdirmiş, estrada qrupu tamaşaçıları şövqə gətirən “sirtaki” rəqsini ifa etmişdir.

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Bruno Qrandi iştirakçılara qələbə sevinci arzulayaraq, çempionatı açıq elan etmişdir.

Yarışların 2-ci günü ip və halqa ilə hərəkətlərin final mübarizəsi ilə başa çatacaqdır. Sentyabrın 22-də Azərbaycanın qrup komandası da medallar uğrunda mübarizəyə qoşulacaqdır.


AzərTAc
2007, 17 sentyabr