Seçici hüquqlarını ən fəal müdafiə edən millət vəkili
Parlament Jurnalistləri İctimai Birliyinin sorğusunda Mehriban Əliyeva bu nominasiyanın qalibi olub.
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Tərəfsiz Jurnalistlər (Parlament Jurnalistləri) İctimai Birliyinin təşəbbüsü ilə keçən ilin dekabrında Milli Məclisdə akkreditasiya olunmuş 50 jurnalist arasında keçirilən sorğunun nəticələri açıqlandı. Bu barədə məlumat verən birliyin sədr müavini Xəqani Cəfəroğlu bildirdi ki, respondentlər sorğuda 5 sualı cavablandırıblar. Parlament jurnalistləri "İlin ən fəal millət vəkili", "Seçici hüquqlarını ən fəal müdafiə edən millət vəkili" və "İlin passiv millət vəkili" nominasiyalarının qaliblərini müəyyənləşdiriblər. Sorğu zamanı üçüncü çağırış Milli Məclisin bir illik fəaliyyətinə də qiymət verilib.
Sorğuda iştirak edən parlament jurnalistlərinin 50 faizi Milil Məclisin bir illik fəaliyyətini qənaətbəxş hesab ediblər. Bir o qədər də respondent parlamentin işini qeyri-qənaətbəxş sayıb. Sorğuda iştirak edən parlament müxbirləri Milli Məclisin mətbuat xidmətinin işinə də qiymət veriblər. Jurnalistlərin 51 faizi mətbuat xidmətinin işini qənaətbəxş, 49 faizi isə qeyri-qənaətbəxş hesab edib.
Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı təşkilatın fəaliyyəti barədə məlumat verdi. O qeyd etdi ki, qurum artıq 2 ilə yaxındır fəaliyyət göstərir. Bu müddətdə birliyin gördüyü əsas iş "reket" jurnalistlərin parlamentdən uzaqlaşdırılmasına nail olmaq olub. Bundan əlavə, birlik jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar məsələ qaldırıb. 60 jurnalistin iştirakı ilə "Jurnalist" Mənzil Tikinti Kooperativi yaradılıb. Qurum jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı təkliflərlə də çıxış edib. "Hesab edirik ki, yaxın vaxtlarda bu məsələlər öz həllini tapacaq" - deyə sədr vurğuladı. O əlavə etdi ki, 2007-ci ildə birlik daha bir layihənin icrasını nəzərdə tutur. Həmin layihəyə əsasən, millət vəkillərinin seçkiqabağı platforması araşdırılacaq və bu istiqamətdə hansı addımların atıldığı öyrəniləcək. Bu məqsədlə təşkilatın nümayəndələri bölgələrdə olaraq millət vəkillərinin seçiciləri ilə görüşəcəklər: "Bundan sonra hansı millət vəkilinin seçiciləri qarşısında verdiyi vədləri necə icra etməsi ilə bağlı daha konkret nəticə ortaya qoyacağıq".
E.Eyvazlı qeyd etdi ki, millət vəkillərinin fəallığı ilə bağlı sorğuların ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu cür sorğular millət vəkillərinin fəallığının daha da artmasına səbəb olacaq.
Bundan sonra sorğuda qalib çıxmış millət vəkillərinin adları elan olundu. Məlum oldu ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2006-cı ildə seçici hüquqlarını ən fəal müdafiə edən millət vəkili olub. Onun diplomu Heydər Əliyev Fondunun nümayəndəsi Qənirə Paşayevaya təqdim olundu. "İlin fəal millət vəkili" nominasiyasına isə Qənirə Paşayeva, Pənah Hüseyn, Cəmil Həsənli, Fazil Qəzənfəroğlu, İqbal Ağazadə, Zahid Oruc, Elmira Axundova, Qüdrət Həsənquliyev, Bahar Muradova və Siyavuş Novruzov layiq görüldülər. İlin "passiv deputatları"nın isə Maqsud İbrahimbəyov, Madər Musayev, Xəlilbəy Günəşov, Əhəd Abıyev, Bünyamin Xəlilov, Sabir Hacıyev, Əhəd Əhmədov, Məcid Kərimov, Novruzəli Aslanov və Mixail Zabelin olduğu elan edildi.
İlham Quliyev
Kaspi.- 2007.- 20-22 yanvar.- № 10.- S. 4.