Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Bakıda bədii gimnastika üzrə Dünya kubokunun ikinci mərhələsi başa çatıb


Avqustun 10-da Bakının İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kubokunun ikinci mərhələsinə yekun vurulmuşdur. Yarışlarda 17 ölkənin - Azərbaycan, Rusiya, ABŞ, Gürcüstan, Estoniya, Macarıstan, İtaliya, Hindistan, İspaniya, Qazaxıstan, Özbəkistan, Belarus, Bolqarıstan, Böyük Britaniya, Almaniya, İsrail və Yaponiya idmançıları iştirak edirdilər. Onların arasında Alina Kabayeva və İrina Çaşina (Rusiya), İnna Jukova (Belarus), Simona Peyçeva (Bolqarıstan), Almudena Gid (İspaniya) kimi dünya şöhrətli gimnast qızlar var idi. Bu yarışın paytaxtımızda keçirilməsində Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük rolu vardır.

Yarışlarda ölkəmizi beş idmançı - Dinara Gimatova, Dina Qorina, Valeriya Yeqay, Nurcahan Əsgərova və Vəfa Hüseynova təmsil edirdilər.

Avqustun 9-da çoxnövçülükdə qalib adını tanınmış Rusiya gimnastı Alina Kabayeva qazanmış, ikinci yeri onun həmvətəni İrina Çaşina tutmuşdur. Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq, Dinara Gimatova Dünya kuboku yarışlarında mükafata layiq üçüncü yerə çıxmışdır.

Yarışların birinci gününün yekunlarına əsasən, 8 gimnast - Alina Kabayeva, İrina Çaşina (Rusiya), Simona Peyçeva, Yelizavet Paisiyeva (Bolqarıstan), İnna Jukova, Svetlana Rudalova (Belarus), Almudena Gid (İspaniya) və Dinara Gimatova (Azərbaycan) finala çıxaraq, ayrı-ayrı hərəkətlərdə qalib adı uğrunda mübarizə aparmışlar.

Həlqə ilə hərəkətlərin yerinə yetirilməsi yarışlarında gərgin mübarizə getmişdir. İrina Çaşina və Alina Kabayevə müvafiq surətdə qızıl və gümüş, Simona Peyçeva bürünc medal qazanmışlar. Dinara Gimatova Peyçevaya cəmi bir neçə bal uduzaraq, 4-cü yeri tutmuşdur.

Sonra qızlar topla hərəkətlərdə yarışdılar. Bu növdə də Rusiya nümayəndələri fərqlənərək, ilk iki yeri öz aralarında bölüşdülər. Lakin bu dəfə Alina Kabayeva qalib gəldi. Gümüş medala onun komanda rəfiqəsi Çaşina layiq görüldü. Yaxşı texnika və yüksək artistizm nümayiş etdirən həmyerlimiz Dinara Gimatova bürünc mükafata sahib oldu.

Gürzlərlə hərəkətlərdə də ilk üç yerə həmin gimnastlar çıxdılar. Alina Kabayeva yenə qızıl medal qazansa da, gümüş mükafatı Azərbaycan komandasının üzvü əldə etdi, "bürünc" Çaşinaya verildi.

Yarışların sonuncu növündə - lentlə hərəkətlərdə rusiyalılar Alina Kabayeva və İrina Çaşina, belaruslu İnna Jukova qüsursuz çıxış etdilər. Onlar fəxri kürsüyə də bu ardıcıllıqla çıxdılar.

Bakı turnirində uğurlu çıxışına görə xüsusi kubok mütləq Avropa və dünya çempionu Alina Kabayevaya təqdim edildi.

Beynəlxalq Gimnastika Federasiyasının vitse-prezidenti Andre Qaisbuxler yarışların bağlanış mərasimində çıxış edərək bildirdi ki, gimnastların mübarizəsi yüksək səviyyədə keçdi, idmançılar və onların məşqçiləri, hakimlər, qonaqlar üçün çox əlverişli şərait yaradılmışdı. O, buna görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə və şəxsən Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdi. O dedi ki, gələn ilin aprelində Bakıda Dünya kuboku yarışları, 2005-ci ildə isə idmanın bu növü üzrə Dünya çempionatı keçiriləcəkdir.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi adından Andre Qaisbuxler bu idman təşkilatının bayrağını Mehriban xanım Əliyevaya təqdim etdi.

Bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsi bu ilin payızında İspaniyanın Saraqosa şəhərində keçiriləcəkdir.


http://www.mehriban-aliyeva.org/

2003, 10 avqust