Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu dünyaya yayılır, erməni qəsbkarlarının iç üzünü açır


Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirmişdir ki, fondun təşəbbüsü və maliyyə dəstəyi ilə ingilis dilində nəşr edilən “Qarabağ həqiqətləri” toplusunun 20 min nüsxəsi Xocalı soyqırımının 14-cü ildönümü ərəfəsində Xarici İşlər Nazirliyinin xətti ilə respublikamızın xarici ölkələrdəki səfirliklərinə, Avropa Şurası Parlament Assambleyasının deputat korpusuna, digər nüfuzlu beynəlxalq təşkilatlara, dünyanın müxtəlif dövlətlərində yaşayan həmvətənlərimizə, onların ictimai-mədəni birliklərinə göndərilmiş, qısa vaxt keçməsinə baxmayaraq, çox böyük maraqla qarşılanmışdır.

“Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlanan beş bukletdən ibarət olan bu topluda mövzular üzrə dəqiq faktlar, obyektiv məlumatlar, fotoşəkillər, xəritələr toplanmışdır. Beynəlxalq aləmə ünvanlanan bu nəşr ingilis dilindən başqa, fransız, alman, ərəb və rus dillərində də çap olunaraq Dağlıq Qarabağ münaqişəsinin əsil səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, iki əsrdən çox bir dövrdə erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq, problemin ədalətli həllinə nail olmaq məqsədi daşıyır. Bu layihə ümummilli lider Heydər Əliyevin münaqişə ilə bağlı real vəziyyətin, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində başladığı çox dəyərli işlərin davamı, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 60 illik yubileyində Qarabağ mövzusunda çoxsaylı elmi əsərlərin, kitabların yazılıb müxtəlif dillərə tərcümə edilərək, dünyaya yayılması barədə verdiyi tapşırığın yerinə yetirilməsinə fondun layiqli töhfəsidir.

Anar Ələkbərov qeyd etmişdir ki, Heydər Əliyev Fondu tərəfindən yaradılan işçi qrup hazırda “Qarabağ həqiqətləri” silsiləsinin ikinci hissəsi üzərində çalışır. İkinci hissədə daha çox Qarabağın Qafqaz Albaniyası dövləti dövründən Azərbaycanın SSRİ dövrünə qədər aid olan tarixi faktlar və sübutlar əks olunacaqdır.

Bu toplu da Azərbaycanın haqq sözünü dünya ictimaiyyətinə çatdırmaqda vacib bir addım olacaqdır.


Xalq qəzeti.- 2006.- 28 fevral.- № 44.- S. 2.