Heydər Əliyev Fondunun fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
Fondun dəstəyi ilə təhsil, səhiyyə, xeyriyyə, sivilizasiyalararası dialoq istiqamətlərində çoxsaylı layihələr gerçəkləşir
Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarlarıdır. Bu baxımdan, Heydər Əliyev Fondu indiyədək təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb.
Fond hər bir sahədə uşaqlarin qayğisina qalir
Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu daim uşaqları diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Bunun təsdiqi olaraq bu günlərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada, həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcək. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.
Qeyd edək ki, Daun Sindromlu Şəxslərin Assosiasiyası Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda yaradılıb. Assosiasiyanın əsas məqsədi daun sindromlu şəxslərin, eləcə də, onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasıdır. 100-dək uşaq və yeniyetməyə vaxtlarını səmərəli keçirmək imkanı yaradan Assosiasiyanın nəzdində teatr, rəqs, rəsm dərnəkləri, aşbazlıq məktəbi fəaliyyət göstərir.
Ümumiyyətlə, son bir ayda görülən işlərə nəzər saldıqda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün olduqca böyük layihələrin həyata keçirilməsinin şahidi olmaq mümkündür. Belə ki, bir müddət əvvəl Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Xətai rayonunda tikilmiş akademik Zərifə Əliyeva adına bağçanın açılışında iştirak edib.
Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva bu yaxınlarda Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evində olublar.
Qeyd edək ki, 1969-cu ildən fəaliyyət göstərən 12 nömrəli xüsusi internat məktəbində beyin iflici əlaməti olan uşaqlar təhsil alırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məktəbdə 2010-cu ildə əsaslı təmir işləri aparılıb. Burada respublikanın bütün bölgələrindən 6-14 yaş arasında 141 uşaq təhsil alır.
Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində 2013-cü ildə əsaslı təmir işləri aparılıb, həyətyanı sahə abadlaşdırılıb. Burada yeni, müasir stadion inşa edilib, hovuz yenidən qurulub, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək şərait yaradılıb. Eyni zamanda, 1 nömrəli uşaq evində 60 uşağın cəlb olunduğu müxtəlif dərnəklər fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, müxtəlif ölkələrdə bu uşaq evinin sakinlərinin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bununla yanaşı, uşaqlar Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də yaxından iştirak edirlər.
Nəsimi rayonunda yerləşən və 1930-cu ildə inşa edilən 1 nömrəli körpələr evinin binasında da 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Burada 3 yaşa qədər olan 40-dək uşaq müntəzəm olaraq tibbi müayinədən keçirlər.
Bakının Nərimanov rayonundakı psixonevroloji uşaq evi isə Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə yenidən qurulub. Bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Burada 100-dən artıq uşağın müalicəsi, təhsili və təlim-tərbiyəsi ilə 90-a yaxın tibbi, pedaqoji və xidməti işçi məşğul olur.
Həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Dövlət Sərhəd Xidmətinin Mərdəkandakı xüsusi məktəbində aparılan yenidənqurma işləri çərçivəsində burada 420 şagird yerlik 7 mərtəbəli yeni korpusun tikilməsinə başlanacaq. Məktəb əsasən aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqların təhsil alması üçün nəzərdə tutulub.
Yeri gəlmişkən, ötən ay Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası da əsaslı yenidənqurmadan sonra açılıb. Məlumatlara görə, 1969-cu ildə inşa edilmiş bağça 3 korpusdan ibarətdir. Burada 2-6 yaş arasında olan 150 uşağın təlim-tərbiyəsi ilə məşğul olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin iyununda binada əsaslı yenidənqurma işlərinə başlanılmışdı. Nəticədə uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.
Mehriban xanım Əliyeva və Leyla Əliyeva, eyni zamanda, mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Nizami rayonunda inşa olunmuş yaşayış binası bu ilin sentyabr ayında istifadəyə verilib. Yeni bina artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulub.
Ötən ay Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmçinin, Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 246 nömrəli körpələr evi-uşaq bağçasının yeni binası, rayonun Türkan qəsəbəsində yeni tikilən 214 saylı körpələr evi-uşaq bağçası, rayonun Binə qəsəbəsində 285 nömrəli körpələr-evi uşaq bağçası üçün tikilmiş yeni bina istifadəyə verilib, Türkan qəsəbəsində yeni poliklinikanın açılışı olub.
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəblərin yenidən qurulması, tikilməsi işləri də həyata keçirilir. Bu çərçivədə, Fondun təşəbbüsü ilə Şabran rayonunun Gilavar kəndində inşa edilmiş 100 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Ötən ay Yevlax rayonu Kövər kəndinin məktəbliləri də yeni dərs ilini tam yenilənmiş məktəbdə qarşılayıblar.
Bütün sadalananlar Mehriban xanım Əliyeva və Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun son bir ayda reallaşdırdığı işlərin yalnız bir hissəsidir. Bir daha əminliklə söyləmək olar ki, Fondun uşaqlara göstərdiyi qayğı və diqqət misilsizdir.
Heydər Əliyev Fondu tolerantliq və dialoqun carçisina çevrilib
Yeri gəlmişkən, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrlə də beynəlxalq ictimaiyyətin təqdirini qazanan Heydər Əliyev Fondu ölkəmizdəki və dünyadakı müxtəlif mədəni, dini abidələrin təmiri və bərpasını həyata keçirməkdədir. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir.
Ötən ayın sonlarında isə BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerantlığın ünvanı - Azərbaycan” mövzusunda fotosərgi keçirilib. Bir həftə davam edən fotosərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib.
Sərginin açılışı və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun ali səviyyəli iclası münasibətilə rəsmi qəbulda çıxış edən BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser bildirib ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişində o, bir daha ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olub. Nassir Əbdüləziz əl-Nasserin fikrincə, “Tolerantlığın ünvanı - Azərbaycan” sərgisinin BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində açılması dünya birliyinin Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymətin göstəricisidir.
Məlum olduğu kimi, Fond, eyni zamanda, öz imkanlarından Azərbaycan mədəniyyətinin təbliği və ölkənin dünyada tanıdılması üçün də istifadə edir. Məsələn, bu yaxınlarda Parisin “Porte de Versaille” sərgi salonunda keçirilən 151 ölkədən minə yaxın turizm şirkətinin iştirak etdiyi “Top-Rese-2013” Beynəlxalq turizm sərgisində Fondun dəstəyi ilə Azərbaycanın tarixindən, zəngin və qədim mədəniyyətindən, təbiətindən və turizm potensialından bəhs edən bukletlər, broşürlər, suvenirlər və digər əyani vəsaitlərin nümayiş etdirildiyi stend qonaqların marağı ilə qarşılanıb.
Bu günlərdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva və bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Rus Pravoslav Kilsəsinin ali ordeni olan III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib. Leyla Əliyeva mükafata Həştərxan şəhərində Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsinin ucaldılmasına göstərdiyi köməyə və Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi ilə əlaqədar, həmçinin, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə layiq görülüb.
Xatırladaq ki, Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni Rusiyanın xaç suyuna salınmasının 1000 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 1988-ci ildə təsis edilib. Qadınlar bu ordenlə kilsə, dövlət və ictimai sahələrdə göstərdikləri xidmətlərə görə mükafatlandırılır. Daha əvvəl bu mükafata layiq görülmüş şəxslər arasında Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və Böyük Knyaginya Mariya Vladimirovna Romanova da var.
Göründüyü kimi, Heydər Əliyev Fondunun humanitar sahədə son dövrlərdə həyata keçirdiyi işlərin və əldə olunan uğurların, müsbət nəticələrin həcmi yüksək fəallıqdan xəbər verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın ölkədə və respublikadan kənarda gördükləri işlər, eləcə də, onların şəxsi nüfuzu beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da böyük töhfədir.
Hülya Məmmədli
Yeni Azərbaycan.- 2013.- 9 oktyabr.- № 191.- S. 4.