Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının mükafatına layiq görüldü
Bu fakt bir daha təsdiqlədi ki, humanizm ideyaları birinci ledinin fəaliyyətinin əsas istiqamətlərindəndir
Azərbaycanın birinci xanımı, YUNESKO-nıın xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının "Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" mükafatına layiq görülüb. Bu barədə məlumatı ÜST İcraiyyə Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirilən 120-ci sessiyasında iştirak edən səhiyyə naziri Oqtay Şirəliyev açıqlayıb. O, bildirib ki, Mehriban xanım Əliyeva yanvarın 29-da ÜST-nin 120-ci sessiyasının yekdil qərarına əsasən bu mükafatla təltif olunub.
Mükafat Mehriban Əliyevaya bu ilin may ayında Cenevrə şəhərində keçiriləcək və 193 üzv ölkənin qatılacağı Ümumdünya Səhiyyə Assambleyasında təqdim ediləcək. ÜST mükafatına layiq görülənlər sırasında Bill Qeyts ("Maykrosoff şirkətinin rəhbəri), doktor Xose Antonio Sokrates (Filippin), Maestra Gilermina Natera Rey (Meksika), doktor Tan Seyn (Myanmar), doktor Nabil Kronfol (Harvard Universitetinin professoru) kimi tanınmış şəxslər var.
Sözsüz ki, bu fakt bir daha onu göstərir ki, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva təkcə ölkəmizin deyil, beynəlxalq aləmin də ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Etiraf edək ki, Mehriban xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir. Mehriban Əliyevanın özünün də söylədiyi kimi, bu gün bəzi strukturların laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də bəşəri və müqəddəs bir ideya, amal dayanır. Məhz bu kimi saf amalla Mehriban Əliyeva rəhbərlik etdiyi Fonda üz tutmuş vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır. "Keçmişə ehtiram, gələcəyə ümid" postulatına əsaslanan bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizin qəlbində bir ümid çırağı yandırmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.
Qeyd edək ki, təkcə 2006-cı ildə Fonda 3000-dən artıq vətəndaşın müraciət ünvanlaması bu qurumun ictimai təsisat kimi cəmiyyətdə əlahiddə nüfuz və etimada sahib olduğunu nümayiş etdirir. Mehriban Əliyevanın yüksək humanizm, mərhəmətlilik və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn bu uğurlu fəaliyyətin qayəsində isə məhz millətə və dövlətə səmimi xidmət istəyi, məramı dayanır: "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə düşür ki, bütün döydüyü qapılar onun üzünə bağlı qalır. O öz dərdi ilə, öz problemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda, o, üzünü bizim fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir".
Qeyd edək ki, Mehriban xanım 2006-cı ildə Azərbaycanda 100-dən artıq yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini bəyan etmişdi. Təqdirəlayiq haldır ki, Prezidentin regionlara səfərləri zamanı Mehriban xanım Fondun xəttilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini verir. Fond yeni təhsil ocaqlarının tikintisi ilə yanaşı, mövcud müəssisələrin əsaslı təmiri və yenidən qurulması işini də diqqət mərkəzində saxlamışdır. Ötən il xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsil aldığı 23 müəssisə əsaslı şəkildə bərpa edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdur. Bu, orta hesabla hər ay iki məktəbin normal iş və tədris rejiminə gətirilməsi deməkdir. Bakı, Sumqayıt, Xaçmaz, Əli Bayramlı, Şəki, Astara, İsmayıllı, Ağdam, Bərdə, Beyləqan, Gədəbəy, Saatlı, Zərdab, Yardımlı, Qax, Göyçay, Qusar, Lerik, Salyan, habelə, bir sıra kəndlərdə qəza vəziyyətində olan məktəblərin yeniləri ilə əvəz olunması insanlarda böyük rəğbət və minnətdarlıq hissi doğurmuşdur. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 22 min nəfərlik şagird yeri yaratmağa nail olması da təqdirəlayiq göstəricidir. Bütün bunlar onu göstərir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizdə və dünyada humanizm ideyalarının bərqarar olmasına yönəlib.
M. Kərimov
Səs.- 2007.- 31 yanvar.- № 15.- S. 9.