Heydər Əliyev Fondu hesabat verdi
2005-ci ildə görülən işlərə dair
Dünən Heydər Əliyev Fondunda qurumun 2005-ci ilin yekunlarına həsr edilən illik hesabat tədbiri keçirildi. Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, cəmiyyətdə fondun fəaliyyətinə maraq olduqca böyükdür. İfadə etdiyi fikirləri isə Fondun ünvanına gələn çoxsaylı məktublarla əsaslandırdı.
Keçən il Fondun çoxşaxəli sahələr üzrə proqramlar hazırlayıb həyata keçirdiyini söyləyən Mehriban Əliyeva onların təhsil, mədəniyyət, elm və texnologiya, səhiyyə, sosial-iqtisadi və ekologiya istiqamətlərində aparıldığını vurğuladı. 2005-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən biri olan "Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı" barədə məlumat verən proqramın icraçı direktoru Anar Ələkbərov vurğuladı ki, proqramın başlıca məqsədi uşaq evləri və internat məktəblərinin sosial və təhsil sahəsindəki problemlərinin həllinə yönəlib: "Ötən il genişmiqyaslı iş nəticəsində bu kateqoriyadan olan uşaq müəssisələrindən 23-də yenidənqurma və təmir-tikinti işləri aparılıb. Sosial baxımdan tam yeniləşən bu müəssisələrdə sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxana, yataq otaqları yaradılıb, bir çoxunda yeni idman meydançaları və xüsusi təminatlı idman zalları, həkim otaqları istifadəyə verilib". Proqram çərçivə-sində işlərin davam etdirildiyini söyləyən Anar Ələkbərov qeyd etdi ki, bu uşaq müəssisələri zəngin kitabxanalar, informasiya texnologiyaları və interaktiv təhsil şəraitilə təmin olunacaqlar.
Ötən il Hey-dər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimaiyyətə ünvanladığı çağırışa qoşulan xeyirxah və işgüzar insanların dəstəyi ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi üzrə ölkə ərazisində, ən ucqar yerlərdə yararsız vəziyyətdə olan 132 məktəb üçün yeni binanın inşası həyata keçirilib. 100, 200 və 240 şagird yerlik layihə ilə inşa edilən məktəb binalarının bir çoxu yeni təhsil ilində istifadəyə verilib, müasir və zəruri avadanlıqlarla təmin olunub. Ötən il həm-çinin BMT-nin İnkişaf Proqramı ilə birlikdə "Kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi" layihəsinin imzalanması əhalinin təcrid olunan qruplarının cəmiyyətə və dünyaya inteqrasiya imkanlarına kömək edib.
Bu barədə məlumat verən layihənin kordinatoru bildirib ki, kor və zəif görən uşaqlar üçün respublika internat məktəblərində həyata keçirilən layihə gələcəkdə bu kateqoriyadan olan çoxsaylı insanın bu sistemdən faydalanmasına imkan yaradacaq. Mədəniyyət sahəsində görülən işlər sırasında isə Abdulla Şaiqin ev muzeyinin, Gəncə şəhərində Cavad xan və Comərd Qəssab türbələrinin, Həzrəti Zeynəb məscidinin, Pir Həsən ziyarətgahının yenidən qurulması barədə danışan Fondun mədəniyyət sektorunun əməkdaşı Məhəbbət Mehdiyeva bildirib ki, keçən il Fond mədəniyyətimizin təbliği məqsədilə ABŞ-da Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün layihə hazırlayıb. Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələr sırasında görkəmli akademik Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO çərçivəsində keçirilməsi, Bakıda Üzeyir Hacıbəyovun 120 illik yubileyinin təntənəli şəkil-də qeyd olunması, V. Rastropoviçin yaradıcılığına həsr olunan musiqi dəstinin hazırlanması da 2005-ci ilə aiddir. Fond 2005-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə "Qarabağ xanəndələri" musiqi albomunu hazırlayıb və ən möhtəşəm hadisə olan Beynəlxalq Muğam Mərkəzinin təməlini qoyub.
Azərbaycanı dünyada tanıtmaq məqsədilə həyata keçirilən layihələrdən biri də ölkədə analoqu olmayan "Azərbaycan" portalının yaradılmasıdır ki, geniş məlumat yığımı ilə fərqlənir və daim yeniləşən bu portalda ölkəmiz haqqında istənilən məlumatı əldə etmək mümkündür. Bu yaxınlarda təqdimatı keçirilən "Qarabağ həqiqətləri" adlı beş bölmədən ibarət toplu da Fondun ötən il hazırladığı layihələrdən olub. İngilis dilində hazırlanan və Qarabağın tarixindən, münaqişənin başlanma dövründən, Xocalı soyqırımından, erməni terrorizmindən, müharibənin digər aspektlərindən bəhs edən toplu beynəlxalq ictimaiyyətə ünvanlanıb. Ötən il Fond həmçinin türkçülük və azərbaycançılıq məfkurəsinə xidmət edən bir neçə kitab və xarici ədəbiyyatdan tərcümə nəşrlərini də oxuculara təqdim edib. Hesabatda səhiyyə sahəsinə də toxunulub. Fondun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində 14 yaşınadək qeydə alınan uşaqlar insulin və şprislərlə təmin edilib və bu işin cari ildə də davam etdirilməsi planlaşdırılır.
Ötən il Fonda səhiyyə sahəsi ilə əlaqədar 3 mindən artıq müraciət edilib. Fondun xətti ilə 43 nəfər ürək qüsurundan əməliyyat olunub, 92 nəfər isə müalicə edilib. "Talassemiyasız həyat naminə" proqramı isə ötən ildən müəyyənləşdirilib və ölkədə talassemiya mərkəzinin yaradılması ideya-sının gerçəkləşməsinə xidmət edir. Ötən il mərkəzin təməli qoyulub və bu istiqamətdə işlər aparılır. Fond Heydər Əliyevin milli dövlətçilik ideyalarının təbliği və ulu öndərin irsinin öyrənilməsi baxımından da intensiv fəaliyyət göstərir.
2005-ci ildə hazırlanan və cari ildə həyata keçirilməsi üçün ikinci mərhələsinə start veriləcək Azərbaycanın regional muzeyi də Hey-dər Əliyev Fondunun Azərbaycanın tanıdılması istiqamətində atdığı növbəti addımdır. Tədbirin sonunda Mehriban xanım Əliyeva bildirdi ki, rəhbərlik etdiyi fond diqqət yetirdiyi bütün sahələrdə mövcud olan problemləri davamlı olaraq aşkar edəcək və onların aradan qaldırılmasından ötrü silsilə layihələr həyata keçirəcək.
Şahnaz
Olaylar.- 2006.- 28-30 yanvar.- № 15.- S. 9.