Çap etmək   ⁞     ⁞   Fond haqqında

İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilib

Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub


Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə nüfuzlu İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilib.

Səfirlikdən bildiriblər ki, sərgidə ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını, habelə, ölkəmizin füsunkar təbiətini, tarixi-mədəni abidələrini, memarlıq incilərini əks etdirən, fotoşəkillər nümayiş olunub. Tədbirdə Azərbaycandan bəhs edən film göstərilmiş, milli və klassik musiqi əsərlərimiz səsləndirilmişdir.

Tədbir iştirakçıları Azərbaycanın xalçaçılıq sənəti nümunələri ilə tanış olmuş, milli mətbəximizin nemətlərindən və ölkəmizdə istehsal edilmiş meyvə şirələrindən dadmışlar. İştirakçılara ulu öndər Heydər Əliyevin həyatından, Azərbaycanın tarixindən, turizm imkanlarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən ərəb və ingilis dillərində kitab və broşuralar, muğam diskləri hədiyyə edilib. Universitetin xarici dillər mərkəzinin rəhbəri A.Fauri İordaniya ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış və belə bir sərginin təşkil edilməsini ikitərəfli əməkdaşlıq baxımından mühüm hadisə adlandırıb.

Səfirliyin birinci katibi K.Murtuzov qeyd etmişdir ki, tədbir İordaniya Universitetində təhsil alan yerli və xarici tələbələrə, professor-müəllim heyətinə Azərbaycan ilə yaxından tanış olmaq imkanı verir. Azərbaycanın və İordaniyanın dövlət başçılarının istəyinə uyğun olaraq xalqlarımız və dövlətlərimiz arasında əlaqələri inkişaf etdirmək də tədbirin əsas məqsədlərindəndir. Qeyd edək ki, Prezident İlham Əliyev 2007-ci ildə bu ölkəyə səfəri zamanı İordaniya Universitetində olmuş və bu təhsil ocağının Fəxri doktoru adı ilə təltif edilmişdi. Gələcəkdə İordaniya Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması istiqamətində iş aparılır.


Zümrüd

Səs.- 2010.- 18 fevral.- № 30.- S. 3.