Azərbaycan Prezidenti İlham Əliyev Türkan qəsəbəsində bir sıra obyektlərin açılışında iştirak etmişdir
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 9-da Bakının Əzizbəyov rayonunun Türkan qəsəbəsində bir sira yeni obyektlərin açılışında iştirak etmişlər.
Türkanlılar dövlətimizin başçısını və xanımını qəsəbənin təzə ucaldılmış alaqapısı önündə səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Qəsəbənin ağbirçək sakini Zərifə Manafova, el ağsaqqalı Hacı Rasim onları salamlayaraq dedilər: Sizin hər gəlişiniz bizim üçün toy-bayramdır. Bütün türkanlıların qəlbi sevinc, fərəh hissləri ilə doludur, çünki çoxdan bəri əhalini narahat edən problemlərin bir çoxu artıq öz həllini tapmışdır. Bu ərazidən Milli Məclisə deputat seçilmiş Mehriban xanım seçki ərəfəsində bir neçə dəfə sakinlərlə görüşmüş, çatışmazlıqları öyrənmiş, problemlərin aradan qaldırılmasına hər cür kömək göstəriləcəyini vəd etmişdi. Bu vədlərin, demək olar ki, bir çoxu qısa müddətdə yerinə yetirilmişdir. Gördüyünüz bu alaqapı da Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə tikilmişdir. Qəsəbəmizin uzun illər bərbad vəziyyətdə olan yollarının abadlaşması, uşaqlara, insanlarımızın sağlamlığına göstərdiyiniz qayğı bizi olduqca razı salır, bütün bunlara görə minnətdarıq. Türkanlılar həmişə Sizin siyasətinizi bəyənir, dəstəkləyir, Sizə Allahdan cansağlığı, Vətənimizin inkişafı naminə yeni-yeni uğurlar diləyirlər.
Onlar Azərbaycan Prezidentinə və xanımına ilk övladlarının ailə həyatı qurması münasibətilə bütün Türkan camaatı adından gözaydınlığı verdilər, onlara Ulu Tanrıdan xoşbəxtlik, səadət arzuladılar.
Prezident İlham Əliyev ürəkdən gələn xoş sözlərə görə razılığını bildirərək dedi ki, Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunmuşdur. Hazırda ölkə rəhbərliyi bununla ciddi məşğul olur, Bakıətrafı qəsəbələrin bir müddət diqqətdən kənar qalmış problemlərinin həlli üçün biz nə lazımdırsa edəcəyik. Mən bilirəm ki, Heydər Əliyev Fondu bu sahədə böyük işlər görübdür. Sizin seçdiyiniz millət vəkilinin son altı aydakı fəaliyyəti ilə də tanışam. Elə bu gün açılışına gəldiyimiz bir çox obyektlər də bunu sübut edir. İndi Bakı qəsəbələrinin qaz, işıq, su, yol problemlərinin həlli, yeni təhsil, səhiyyə obyektlərinin inşası ilə bağlı çox mühüm tədbirlər görülür. Bizim əsas arzu və istəyimiz budur ki, insanlarımızın daha firavan yaşayışını təmin edək. Bir və ya iki ilə bu məsələlər öz həllini tapacaqdır.
Əlində gül dəstəsi olan 3 yaşlı Arzunun “Mən sizi çox istəyirəm” - deyə Mehriban xanıma yanaşması hamıda xüsusi ovqat doğurdu. Sakinlər körpəni ağuşuna sıxan Mehriban xanıma yerbəyerdən nənə olmaq sizə çox yaraşır, Allah qismət eləsin”- dedilər.
Azərbaycan Prezidenti və xanımı qəsəbə sakinləri ilə xatirə şəkli çəkdirdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkan qəsəbəsinin mərkəzinə gəldilər. Dövlətimizin başçısı və xanımı burada xüsusi hörmət və ehtiramla, gül-çiçəklə qarşılandılar.
Ölkəmizin rəhbəri və xanımı burada inşa olunmuş 214 nömrəli uşaq bağçası, Tədris-təhsil mərkəzi, aptek və təcili tibbi yardım stansiyasını gəzdilər, yaradılmış şəraitlə ətraflı tanış oldular.
Azərbaycan Prezidentinə məlumat verildi ki, bu obyektlərin hamısı Heydər Əliyev Fondunun layihəsi əsasında, Milli Məclisin deputatı Mehriban xanımın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Əzizbəyov rayonunun inkişaf fondu” proqramı çərçivəsində inşa edilmişdir. Qəsəbə sakinlərinin uzun illərdən bəri gözlədiyi bu təhsil, səhiyyə obyektlərinin hamısı təzə, müasir tələblərə cavab verən avadanlıqla, kompyuterlərlə təchiz edilmiş, tibb və təhsil ocaqlarında 50 nəfər qəsəbə sakini işlə təmin olunmuşdur. Təcili tibbi yardım stansiyasına 2 təzə maşın verilmiş, aptek ən çox ehtiyac duyulan tibbi ləvazimatla, daha çox işlədilən dava-dərmanla təmin edilmiş, burada kompyuter sorğu-məlumat bazası yaradılmışdır.
Dövlətimizin başçısı Təhsil-tədris mərkəzində uşaqların böyük həvəslə kompyuteri, internetdən istifadəni öyrənməsindən xüsusilə məmnun qaldı, onlara dəyərli məsləhətlərini verdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, şahmat dərnəyində məşğul olanların da sayı günbəgün artmaqdadır. Məşqçi müəllimlər əmin olduqlarını bildirdilər ki, yaxın illərdə respublika birinciliklərində türkanlı uşaqların da səsi eşidiləcəkdir.
Uşaq bağçasının müdiri Gülarə Rəhmanova Azərbaycan Prezidentinə və xanımına müraciət edərək, qəsəbə sakinləri və yeni obyektlərdə işləyənlər adından onlara sonsuz təşəkkürlərini, ən xoş arzularını çatdırdı, qısa zamanda görülən işləri ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinə göstərilən hörmət və ehtiramın əlaməti, ulu öndərin ideyalarının həyata keçirilməsinin bəhrəsi, xalqın güzəranının yaxşılaşdırılmasına yönəldilmiş xəttin təcəssümü kimi qiymətləndirdi.
Dövlətimizin başçısı təhsil, səhiyyə işçiləri ilə də söhbət etdi, onların peşəkarlığı ilə maraqlandı, görülmüş işlərin keyfiyyətindən, bu obyektlərdə nümunəvi xidmət şəraitinin yaradılmasından razı qaldığını bildirdi.
Azərbaycan Prezidenti və xanımı sonra buraya toplaşan qəsəbə sakinləri ilə görüşdülər, onları yeni obyektlərin istifadəyə verilməsi münasibətilə təbrik etdilər. Türkanlılar ötən parlament seçkilərində Mehriban xanıma böyük inamla səs verdiklərini vurğulayaraq, onun deputatlıq fəaliyyəti ilə fəxr etdiklərini, onun hər evdə, hər ailədə sevimli, əziz insana çevrildiyini xüsusi vurğuladılar.
Ölkəmizin rəhbəri tezliklə digər qəsəbələrdə də belə obyektlərin tikiləcəyini vurğuladı, sakinlərin arzusu ilə Mehriban xanımla birlikdə onlarla xatirə şəkilləri çəkdirdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yeni Türkan qəsəbəsindəki şəhid Nizami Sərxanov adına 256 nömrəli əsas məktəbə gəldilər. Sakinlər dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə salamladılar, uşaqlar əziz qonaqlara gül-çiçək təqdim etdilər.
Ölkəmizin rəhbəri və xanımı qəsəbədəki fəaliyyətdə olan bu yeganə məktəbə baxdılar. Məlumat verildi ki, 1930-cu ildə fəhlə yataqxanası üçün tikilən bina 1972-ci ildən məktəb kimi istifadə olunur. Sinif otaqları çatışmadığından, 10-11-ci sinif şagirdləri təhsillərini 5-6 kilometr aralıda yerləşən Hövsandakı orta məktəbdə davam etdirməli olurlar ki, bu da çox böyük çətinliklər yaradır.
Darısqal, yararsız sinif otaqlarına baxan Azərbaycan Prezidenti belə binada normal təlim-tədris prosesinin təşkilinin mümkünsüzlüyünü bildirdi, yeni məktəb binasının, həqiqətən də, zəruri olduğunu vurğuladı.
Dövlətimizin başçısı və xanımı sonra inşasına başlanan və 300 şagird üçün nəzərdə tutulan yeni məktəb binasının layihəsi ilə tanış oldular. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ikinci mərhələsi çərçivəsində tikilən bina 2 mərtəbədən ibarət olacaqdır. Yeni məktəbdə sinif, kompyuter otaqları ilə yanaşı, Heydər Əliyev muzeyi, kitabxana, ingilis dili kabineti, idman salonu, istilik sistemi, müəllim və şagirdlər üçün ictimai iaşə obyekti olacaq, yaxınlıqda futbol meydançası tikiləcək, istirahət guşələri, yaşıllıqlar da yaradılacaq, bura əsil abad şəhərciyə çevriləcəkdir.
İnşaatçılar bildirdilər ki, təhsil ocağı yeni dərs ilinə kimi istifadəyə veriləcəkdir. Bunun üçün təcrübəli işçi qüvvəsi, müasir texnika, tikinti materialları vardır, avadanlığın da əsas hissəsi sifariş edilmişdir. Tikintiyə yerli sakinlər də cəlb ediləcəkdir.
Azərbaycan Prezidenti və xanımı layihə ilə tanışlıqdan sonra, “Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə əsasən tikilir, 9 may, 2006-cı il” sözləri yazılmış kağızı gilizə qoyaraq özülə atdılar, bünövrəyə ilk beton qarışığını tökdülər.
Qəsəbə sakinləri uzun illərdən bəri bu günü həsrətlə gözlədiklərini bildirərək, Prezident İlham Əliyevə və xanımına təşəkkürlərini bildirdilər, onlara ən xoş arzularını çatdırdılar. Onlar Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü kimi fəaliyyətini yüksək qiymətləndirdilər, seçkiqabağı vədlərinin əksəriyyətini qısa müddətdə yerinə yetirmiş deputatın təcrübəsinin, seçicilərlə ünsiyyət mədəniyyətinin, sadəlik və səmimiyyətinin əsil örnək olduğunu vurğuladılar.
Prezident İlham Əliyevin və xanımının qəsəbədəki növbəti görüşü Böyük Vətən müharibəsində həlak olan türkanlıların xatirəsinə salınmış parkda oldu. Dövlətimizin başçısı və xanımı parkda ucaldılmış abidə önünə əklil qoydular. Parkda işlər hələ davam edir. Burada idman-əyləncə mərkəzləri, mədəni istirahət guşələri də salınacaq və park türkanlıların sevimli istirahət yerinə çevriləcəkdir.
Parka toplaşan veteranlar ölkəmizin rəhbərini və xanımını xoş əhval-ruhiyyə ilə salamladılar. Prezident İlham Əliyev və Mehriban xanım veteranların hər biri ilə səmimi görüşərək, onları əziz gün münasibətilə təbrik etdilər, qayğı və problemləri ilə maraqlandılar.
Veteranlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə hər zaman çox böyük hörmət və ehtiram bəslədiklərini, onun əbədiyaşar xatirəsinin Türkanda da əziz tutulduğunu söylədilər. Mehriban xanımın deputat kimi Türkanın abadlaşması üçün gördüyü işləri yüksək qiymətləndirdilər, ona ürəkdən “sağ ol” dedilər, bildirdilər ki, onu qəsəbənin fəxri sakini elan etmişlər. Müharibə veteranları dövlətimizin başçısının Dağlıq Qarabağ probleminin həlli istiqamətində məqsədyönlü fəaliyyyətini bəyəndilklərini, Ali baş komandanın əmri ilə övladlarının da, özlərinin də hər an silaha sarılmağa hazır olduqlarını vurğuladılar.
Prezident İlham Əliyev tarixdə ən dəhşətli müharibənin od-alovundan çıxmış veteranlara müraciətlə dedi:
-Türkanın özünəməxsus tarixi, insanları var, bura çox qədim yerdir, çox doğma bir məkandır. Ona görə də biz çalışırıq ki, burada abadlıq-quruculuq işləri də yaxşı getsin. Bu gündən məktəbin də tikintisinə başlandı, digər abadlıq işləri də görüləcək, park da olacaqdır. Sizdən də xahişim budur ki, özünüzə yaxşı baxın, möhkəm olun, gümrah olun, Azərbaycana siz lazımsınız, sizin qəhrəmalığınız, təcrübəniz gələcək nəsillər üçün örnəkdir. İndi biz gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına çox böyük diqqət göstəririk. Bu işdə onlara ən gözəl nümunə sizsiniz.
Veteranlar, qəsəbə sakinləri Azərbaycan Prezidentinə və xanımına bu əziz gündə qəsəbəyə gəldiklərinə, çoxdan gözlədikləri obyektlərin açılışında iştirak etdiklərinə, 10 mindən çox sakini olan qəsəbənin abadlaşmasına, sosial problemlərinin həllinə göstərilən qayğı və diqqətə görə bir daha minnətdarlıqlarını ifadə etdilər, onlara ən xoş arzularını bildirdilər.
Xalq qəzeti.- 2006.- 11 may.- № 103.- S. 5-6.