Çap etmək   ⁞     ⁞   UNESCO

Mehriban Əliyeva Xoşməramlı səfirdir

Mehriban Əliyeva: “Mən konkret iş görmək, konkret adamlara kömək etmək istəyirəm”


Heydər Əliyev 1923-cü il mayın 10-da doğulmuşdur. Bu il 82 yaşı tamam olmalı idi. Amma qismət olmadı. O, səksən yaşında dünyasını dəyişdi. Özünün 80 illiyini qeyd etmək də ona nəsib olmadı. Dünyaya göz açmasının səksəninci gününü xəstəxana divarları arasında qarşıladı. Bu yubiley ərəfəsində bir çox ölkələr onu öz yüksək ordenləri ilə təltif etdilər. Lakin bu mükafatlar ona sağlığında təqdim edilməmiş qaldı. Heydər Əliyev həyatdan bütün milləti sıx birləşdirərək getdi. Bu da bir faktdır. Bir çox ölkələrin rəhbərləri onun xatirəsinə ehtiramını bildirmək, sonuncu "əlvida" sözünü demək üçün Bakıya gəldilər. Lakin o dekabr günündə baş verən bu kədərli və hüznlü hadisə apreldə hərbi məktəbin şagirdləri ilə görüş zamanı onun öz davranışı ilə nümayiş etdirdiyi borca sədaqətin yüksək nümunəsi ilə həmişə bərabər xatırlanacaqdır.

Heydər Əliyev həyatdan müəyyən bir missiyanı yerinə yetirərək getdi. Həyatdan heç də hər bir görkəmli siyasətçiyə, - heç şübhəsiz ki, Heydər Əliyev belə siyasətçi idi, - qismət olmayan tərzdə getdi. Özü də, tam əsasla deyə bilərik ki, özünün bütün işlərini səliqə-sahmana salaraq getdi. Yeni Azərbaycan dövlətçiliyinin qurulması sahəsində başladığı böyük işi öz məntiqini, dönməz xarakterini aldığı mərhələyə çatdıraraq həyatla vidalaşdı.

Bu gün millətin atasının işini Heydər Əliyevin oğlu layiqincə davam etdirir. Onun üzərinə ikiqat məsuliyyət düşür. O, ilk növbədə, millət qarşısında cavabdehdir. Bununla yanaşı, o, öz atası qarşısında daxilən cavabdeh olmaya bilməz, özünü nüfuz və etibardan sala bilməz, apardığı siyasəti Heydər Əliyevin müəyyən etdiyi yüksək səviyyədən aşağı sala bilməz. İlham Əliyevin prezidentliyinin ötən ilyarımı göstərdi ki, o, nəinki atasının xəttini qoruyub saxlamağa və davam etdirməyə, həm də gələcək üçün inkişaf etdirməyə qadirdir.

Böyük siyasi işlərdə getdikcə yeni-yeni amillər hərəkətə gətirilir və onlar strateji və taktiki nəticələrə nail olmaq üçün çox vaxt keyfiyyətcə yeni imkanlar yardır. Müasir siyasi liderlərin nümayəndəsi kimi İlham Əliyevə bu baxımdan hazırda xanımı Mehriban Əliyeva misilsiz kömək göstərir. Birlikdə götürdükdə, müasir dünyada birinci xanımın rolu bəzən çox əhəmiyyətli olur.

Amma Mehriban xanım üçün bu, "sadəcə, özünü göstərmək" kimi müasir dəbə ehtiram əlaməti deyildir. O, öhdəsinə götürdüyü müstəqil vəzifəni tam düşünülmüş surətdə və inamla yerinə yetirir, artıq neçə aydır YUNESKO-nun xoşməramlı səfiri olaraq, çox ciddi humanitar proqramlar həyata keçirir.

İlk baxışdan, düşünmək olar ki, heç bir rəsmi səlahiyyət və müstəsna hüquq verilməyən adam nə edə bilər? Müqavilə imzalamaq - bunu edə bilməz, rəsmi danışıqlar aparmaq - onu da edə bilməz. Məgər müasir siyasətdə və diplomatiyada hər şey ancaq rəsmi yollarla həll edilir? Bəs bir qərara gəlmək üçün bütün imkanlar sanki tükəndikdə nə etməli? Bəzən hər hansı bir məsələ barəsində kiminləsə elə-belə söhbət (əslində isə, bu, sırf zahiri təsəvvürdür, çünki siyasətdə söhbətlər olmur) çox şeyi həll edir. Bəs nə mənfəət, nə də əlüstü qazanc gətirən, ona görə də böyük və sanki "ciddi" siyasətçilər üçün "maraqlı olmayan" ümidsiz humanitar problemlərin həllinə kim girişərdi? Halbuki, hər bir belə humanitar problemin arxasında ayrıca bir insan faciəsi (və özlüyündə ümumbəşəri faciə) durur!

Bax, Mehriban Əliyeva bu cür işə girişmişdir və onu layiqincə yerinə yetirir.

Sual: Mən söhbətimizi bundan başlamaq istərdim - Siz Mehriban xanımsınız. Adınızın rus dilində gözəl mənaları var - şəfqətli, sevimli. Həqiqətən, Siz mehriban, xeyirxah, nəvazişli, sevimli insansınız, xoşməramlı səfirsiniz, habelə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüsünüz. Olimpiya oyunları da xoşməramlı oyunlardır. Belə çıxır ki, Mehriban xoş məramdır və gözəl keyfiyyətlərin mücəssəməsidir. Qızlarınızın adı nədir?

Cavab: Leyla və Arzu. Çox gözəl Azərbaycan adlarıdır. Arzu istək, dilək, həsrət mənasındadır. Leyla gecə, qaranlıq gecə deməkdir.

Həqiqətən, belə bir nəzəriyyə var ki, insan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən, ümdə anlayışlardır. Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir.

Sual: Sizin çıxışlarınızı (eləcə də həyat yoldaşınızın çıxışlarını) dinləyənlər rus dilini gözəl bildiyinizi qeyd edirlər. Hazırda Azərbaycanda rus dili ilə əlaqədar vəziyyət necədir və o, məişətdə nə dərəcədə yayılıb? Rus məktəbləri necə fəaliyyət göstərir? Rus dili Azərbaycan üçün nə deməkdir?

Cavab: İlk növbədə demək istəyirəm ki, son 10-12 ildə Azərbaycanda tədris rus dilində aparılan heç bir məktəb bağlanmayıbdır. Bütün ali məktəblərdə dərslər rus dilində keçilən fakültələr qalır.

200 il ərzində Rusiya ilə yanaşı yaşama rus dilini həm mədəni, həm də adi həyatın təzahürünə çevirmişdir. Bakıda Rus Dram Teatrı kimi gözəl bir teatr işləyir, repertuarına, əsasən, rus klassiklərinin və rusdilli müəlliflərin müasir pyesləri daxildir. Musiqili Komediya Teatrında gözəl rus truppası var.

Rus dili bizim üçün, əvvəlkitək, təkcə böyük rus mədəniyyətinin dili deyil, həm də ünsiyyət və informasiya almaq vasitəsidir. Şəxsən mənim üçün istər sovet dövründə, istərsə də indi "İnostrannaya literatura" jurnalı dünya ədəbiyyatının müxtəlif əsərləri ilə tanışlıq imkanıdır.

Əlbəttə ki, indi gənclər rus dili ilə yanaşı, digər xarici dilləri də fəal öyrənirlər. Bu, normal meyildir. Amma bir çox nəsillərin səyləri ilə toplanmış çox böyük tarixi təcrübə, mədəniyyətlərin dialoqunun verdiyi belə gözəl nəticələr bizim üçün son dərəcə qiymətlidir. Azərbaycanda bu gün də ziyalıların xeyli hissəsi Rusiya elitası ilə elmi əlaqələri və yaradıcılıq əlaqələrini nəinki saxlayıb, həm də rus dilindən kifayət qədər fəal istifadə edir. Rus dilində yazan Maqsud İbrahimbəyovun yaradıcılığı buna ən parlaq misaldır.

Yeri gəlmişkən, bizdə Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Slavyan Universiteti yaradılıb. Burada rus dili mütəxəssisləri ilə yanaşı, bütün slavyan dilləri üzrə də kadrlar hazırlanır.

Sual: Rusiyada Azərbaycan ili. Siz "İrs" ("Naslediye") jurnalının təsisçisisiniz. Gözəl jurnaldır. Mən Heydər Əliyeviçə həsr edilən sonuncu nömrəni oxumuşam. Çox maraqlı nömrədir, özü də nəfis tərtib edilib. Təəssüf ki, Rusiyada heç də hamının, hətta Qafqazla, Azərbaycanla maraqlananların da bu jurnalın varlığından xəbəri yoxdur. Siz onu hansısa şəkildə Rusiya auditoriyasında yaymaq fikrində deyilsinizmi? Heç olmasa, diaspor vasitəsilə? Belə planlarınız varmı? Azərbaycan ilinin proqramı sayəsində indi Siz Azərbaycan mədəniyyətinin Rusiyada öyrənilməsinə öz töhfənizi verə bilərsiniz. Mədəni irsin himayədarı kimi nə kimi işlər görməyi planlaşdırırsınız?

Cavab: Planlar çoxdur. Hamısından danışmaq çox çətindir. Biz Rusiyada Azərbaycan ilindən elə istifadə etmək istəyirik ki, həm paytaxtda, həm də Rusiyanın ucqarlarında mədəni irsimizi yaxşı bilən adamlar olsun. Çox zəngin olan Azərbaycan mədəniyyəti, özünə maraq doğurmağa qadirdir, onu sevmək üçün onu öyrənmək kifayətdir.

10 il əvvəl biz "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişik.

Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı. Yeri gəlmişkən, azərbaycanlıların ümumdünya qurultayının iştirakçılarına jurnalın bir çox müxtəlif nömrələri paylanıldı və diasporun nümayəndələri bunu çox yüksək qiymətləndirdilər. Əlaqələrimiz yarandı və o vaxtdan bəri jurnalın hər bir nömrəsini onunla maraqlananların ünvanına göndəririk. Zənnimcə, jurnalın elektron versiyasına ehtiyac artıq çoxdan yaranmışdır. Onu bütün Rusiya auditoriyasında yaymaq isə kifayət qədər ciddi layihədir və bu barədə düşünmək olar.

Adətən belə hesab edilir ki, bizdən uzaq olan ölkələrə nisbətən, yaxın qonşular kimi biz bir-birimizi daha yaxşı tanıyırıq. Amma reallıqlar göstərir ki, bu, heç də belə deyildir. İstərdik ki, Azərbaycan ili, eləcə də sonrakı il - Azərbaycanda Rusiya ili bu məsələdə bizə kömək etsin.

Dünya informasiyanı, əsasən, internet mənbələrindən istifadə etməklə alır. Düşünürəm ki, bunu şərh etməyə dəyməz, sadəcə olaraq, fakt kimi qəbul etmək və onu maksimum işə salmağa çalışmaq gərəkdir. Heydər Əliyev Fondunda biz "Azərbaycan" adlı xüsusi sayt hazırlayırıq. Burada bütün ölkə haqqında geniş informasiya toplamaq istəyirik. Bu sayt mayın axırlarında açılacaqdır. Hələlik təkcə Azərbaycan, rus, ingilis dillərində. Gələcəkdə bir sıra dilləri də əlavə etmək fikrindəyik.

Sual: Bəs, xəbərlər lenti də olacaqmı?

Cavab: Mütləq olacaq.

Sual: Bu lent gün ərzində neçə dəfə təzələnəcək?

Cavab: Gündə minimum üç-dörd dəfə.

Sual: Saytı özünüz hazırlayırsınız, yoxsa Rusiya mütəxəssislərini cəlb edirsiniz?

Cavab: Xeyr. Hər şeyi özümüz edirik. Yeganə olaraq, mütəxəssisləri tərcümə üçün cəlb edirik.

Sual: YUNESKO muğamı dünya irsi hesab etmişdir. Siz bu qədim musiqi ənənəsinin himayədarısınız. Bu yaxınlarda Azərbaycanda "Qarabağ xanəndələri" albomu buraxılmışdır. Bu ideya kimin ağlına gəlmişdir? Fondunuzun belə musiqi toplusunu rus dinləyicilərinə təqdim etmək planları varmı? Azərbaycan xalq musiqisi müntəxəbatından məqalələrin rus dilində dərc ediləcəyini gözləmək olarmı?

Cavab: Ondan başlayım ki, "Qarabağ xanəndələri" albomunda material Azərbaycan, rus, ingilis və fransız dillərində verilmişdir. Aydındır ki, musiqinin özünün tərcüməyə ehtiyacı yoxdur.

Muğama dair müxtəlif albomlar buraxacağımızla yanaşı, muğam haqqında elmi işlərdən ibarət xüsusi seriya da hazırlayırıq. Buraya həm orta əsrlərdə yaşayıb-yaratmış müəlliflər, eləcə də hələ 1980-ci illərdə muğama dair gözəl monoqrafiya buraxmış fransız tədqiqatçısı Dürinq kimi muğamın müasir tədqiqatçıları daxil olacaqlar. Təbii ki, istənilən belə layihə bir neçə dildə buraxılacaqdır. Muğam problemlərinə dair müxtəlif simpoziumlar, "dəyirmi masa"lar, qeyri-formal görüşlər keçirmək nəzərdə tutulur və ümidvaram ki, Rusiya sənətşünasları bu tədbirlərdə iştirak edəcəklər.

Bildiyiniz kimi, YUNESKO mənə "Xoşməramlı səfir" adı verilməsi haqqında qərar qəbul etmişdir. Mən şifahi və musiqi ənənələri üzrə səfirəm. Tamamilə təbiidir ki, dünya irsinin inciləri siyahısına daxil edilən muğam mənim fəaliyyətimin əsas sahəsi olmuşdur. Lakin, əlbəttə ki, Azərbaycan xalqının çox zəngin musiqi ənənələri təkcə muğamla məhdudlaşmır. Qarşıda aşıq yaradıcılığına dair, çox nadir ənənə olan və sovet dövründə aşağı səviyyəyə endirilən meyxanaya və bir sıra digər sənət növlərinə dair hələ nə qədər layihə və niyyətlər var.

"Qarabağ xanəndələri" albomunun təqdimatı göstərdi ki, belə layihələrə ehtiyac çox böyükdür.

Sual: "Qarabağ xanəndələri" albomunu buraxmaq ideyası Sizə məxsusdur?

Cavab: Bəli, bu, mənim təşəbbüsüm idi. Bilirsinizmi, muğam hər bir azərbaycanlının genetik kodudur. Hətta müəyyən səbəblər üzündən muğamı hələ başa düşməyən və dinləməyən, amma buna hökmən, mütləq gəlib çıxacaq ən gənc azərbaycanlının da genetik kodudur.

İstənilən musiqinin - simfonik, populyar və ya xalq musiqisinin, fərqi yoxdur, - öz yeri var. Pisi odur ki, hansısa birinə üstünlük verilir. Bu, televiziyada xüsusən parlaq təzahür edir. Təəssüf ki, müasir həyatda teleməkandan nə kənarda qalırsa, belə təsəvvür yaranır ki, o, sanki mövcud deyildir. Deyə bilmərəm ki, ölkəmizdə xalq musiqisi ilə, xüsusən muğamla bağlı problemlər olmuşdur. Sadəcə olaraq, yeni impuls gərək idi. Qeyri-adi yanaşma lazım idi.

Biz muğam ustaları ilə birinci dəfə "dəyirmi masa" arxasına toplaşaraq, ilk yeddi layihəmizi onların mühakiməsinə verdikdə, bu korifeylərin rəyini eşitmək mənim üçün son dərəcə vacib idi. Söhbətimiz alındı. Muğama dair konkret proqram da bu söhbətin nəticəsi oldu və o, YUNESKO-nun himayəsi ilə həyata keçirilməyə başlandı.

Lakin Xoşməramlı səfir kimi mənim fəaliyyətim, ümumən, şifahi ənənələrin və musiqi ənənələrinin qorunub saxlanılmasına yönəldilmişdir və bu fəaliyyəti ancaq Azərbaycanla məhdudlaşdırmaq düzgün olmazdı. Yeri gəlmişkən, bu ilin əvvəlində Kazanda YUNESKO-nun regional müşavirəsində çıxışımda mən gözəl Sabantuy bayramı kimi şifahi ənənənin yaşadılmasını dəstəklədim.

Muğam ümumdünya irsidir, lakin indiyədək ona vahid yanaşmalar, köklərə müraciət, muğamın fəlsəfi aspektlərinin öyrənilməsi mövqelərindən baxılmamışdır. Biz Bakıda Beynəlxalq Muğam Mərkəzi tikmək fikrindəyik. Prezident artıq fərman imzalamışdır və düşünürəm ki, bu mərkəz regional layihələrdə son dərəcə mühüm rol oynayacaqdır.

Sual: Deməli, Siz Prezidentin Fərmanına yol açdınız?

Cavab: Gəlin belə deyək: Mərkəzin yaradılması problemi hamımız tərəfindən qoyulmuşdu. Onun həllinin bir neçə variantı vardı və bunlar mərkəzin mövcud olan binalardan birində yerləşdirilməsini nəzərdə tuturdu. Prezident qərara aldı ki, yeni tikintiyə başlamaq daha yaxşıdır. Bu, sadəcə, mədəniyyət xadimlərinin qarşıya qoyduqları problemlərə dövlətin reaksiyasıdır. Yəqin ki, bu, dövlətlə vətəndaş cəmiyyətinin qarşılıqlı münasibətlərinin normal formasıdır.

Bu, təbiidir, necə ki, "Qarabağ xanəndələri" albomunu buraxdıqdan sonra "Qarabağ" kitabını hazırlamağa başlamağımız da təbii idi.

Məlumdur ki, Azərbaycanda bir neçə muğam məktəbi var. Aparıcı məktəblərdən biri məhz Qarabağ muğam məktəbidir. Hazırda o, böyük təhlükə qarşısındadır, bu janrın gənc ifaçılarının sayı xeyli azalmışdır. Balaca muğam ifaçılarını, adətən, Qarabağ bülbülləri adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir. Bax, beləcə, sırf musiqi layihəsindən siyasi layihə yarandı.

Qarabağ bizim ağrı-acımız, tariximiz, milli sərvətimizdir. Tezliklə "Qarabağ" kitabı çapdan çıxacaqdır. Yeri gəlmişkən, əlavə etmək istəyirəm ki, hazırda "Hacıbəyov" şərti adı altında böyük layihə üzərində intensiv iş gedir. Bu layihədə Hacıbəyovun bütün əsərlərinin, o cümlədən klavirlərinin yenidən çap olunması ilə yanaşı, onun bütün əsərlərinin CD və DVD-də buraxılması da nəzərdə tutulmuşdur. Bu layihəni ətraflı şərh etmək istəmirəm, lakin mənə elə gəlir ki, bizdə hələ indiyədək belə miqyasda və səviyyədə layihələr olmamışdır.

Mən YUNESKO-nun Xoşməramlı səfiriyəm. Bu təşkilat siyasi məsələlərlə məşğul olmur. Parisdə olarkən söhbətlərimiz zamanı deyirdim: "Yaxşı, biz işğal probleminə toxunmuruq, biz siyasi problemlərə toxunmuruq, lakin axı, bir milyon qaçqın-köçkün çadır şəhərciklərində yaşayır, uşaqlar təhsil almırlar. Dövlət bütün bu problemləri həll etmək iqtidarında deyildir. Təhsil YUNESKO-nun fəaliyyət sahəsidirmi? Bəli. Onda bəs, uşaqlarla nə etməli? Axı, onlar böyüyürlər. Onlar üçün vaxt itirilmişdir, onlar lazımi təhsil almırlar".

Sonra. Muğam, muğam problemi. Biz bu səsləri itiririk, bunun əvəzi heç vaxt qaytarılmayacaq. Biz memarlıq abidələrini itiririk, onlar dağıdılmışdır.

Artıq bu ərazilərdə dünya mədəniyyətinin nə qədər incilərinin məhv edildiyi haqqında ekspert rəyləri var. Biz bu məsələləri qaldırmalıyıq. Ona görə də qərara aldıq ki, o cümlədən muğam vasitəsilə Qarabağ problemi haqqında həqiqəti dünya birliyinə çatdıraq.

Sual: Azərbaycanda sosial proqramlar. İÇV, hepatit və sair kimi viruslu infeksiyalarla mübarizə sahəsində vəziyyət necədir? Çoxuşaqlı ailələrə müavinət necə ödənilir? Yoxsulluqla mübarizədə hansı uğurlar qazanılmışdır?

Cavab: Dərhal demək istəyirəm ki, Heydər Əliyev Fondu 2004-cü il mayın 10-da fəaliyyətə başlamışdır. Bir ildir ki, işləyirik. Fəaliyyət dairəsi çox böyükdür. Bu Fondun başlıca vəzifəsi və məqsədi Heydər Əliyev irsini qoruyub saxlamaqdır. Biz Heydər Əliyev Universitetini, Heydər Əliyev İrsinə dair Elmi-Tədqiqat İnstitutunu yaratmağa hazırlaşırıq, yəni böyük, qlobal layihələr planlaşdırırıq, lakin Fondun yarandığı ilk gündən sosial problemlərlə məşğul olmağa başladıq. Bu problemlər, ilk növbədə, qaçqınlar və məcburi köçkünlərin, uşaq evləri və internat məktəblərinin, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların problemləridir.

Bəri başdan demək istəyirəm ki, biz bilavasitə yoxsulluq problemləri ilə məşğul olmuruq. Azərbaycanda yoxsulluğun azaldılmasına dair dövlət proqramı var və o, beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Özü də nəzərə almaq lazımdır ki, əslində bizdə sosial dotasiya sistemi yoxdur, yəni Rusiyada monetizasiya adlanan proses bizdə artıq reallaşdırılmış və kifayət qədər sakit şəraitdə keçmişdir.

Uşaq səhiyyəsi proqramlarından ikisini - diabet və talassemiya xəstəlikləri ilə bağlı proqramları qeyd etmək istəyirəm. Uşaq diabeti ilə bağlı vəziyyət nisbətən düzəlmiş, proqram isə başlamışdır. Talassemiya problemi isə daha mürəkkəbdir: təəssüf ki, Azərbaycan talassemiyanın kifayət qədər geniş yayıldığı ölkələrə aiddir. Məlumdur ki, bu, qanın genetik xəstəliyidir. Lakin bir sıra Aralıq dənizi ölkələrinin təcrübəsi göstərir ki, bu xəstəliklə müvəffəqiyyətlə mübarizə aparmaq olar. Fond hazırda gündüz stasionarının da olacağı talassemiya mərkəzi tikir. Nə qədər ki, tikinti gedir, biz mütəxəssislər üçün məşğələlər keçirir, onları bir sıra ölkələrə təcrübə keçməyə göndəririk.

Uşaq evləri və internat məktəblərinə dair dörd böyük layihə gerçəkləşdirilmişdir, hazırda 12 məktəb təmir olunur. Mən şəxsən 28 internat məktəbində olmuşam və proqramımda ölkənin, əslində, hər bir belə müəssisəsinə getmək nəzərdə tutulmuşdur. Əlbəttə, getmək deyəndə, konkret yardım göstərmək də nəzərdə tutulur.

Onlara isə müxtəlif, hər cür kömək lazımdır. Elə problemlər var ki, onları dərhal və nisbətən asanlıqla həll etmək olur. Əlbəttə, bu, təmir, təchizat və təminat problemləridir. Lakin konkret problemləri həll edərkən, qlobal problemləri də unutmaq olmaz. Məsələn, uşaq evləri və internat məktəblərinin bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet sistemi ilə idarə olunması çərçivəsində yarandığını nəzərə almaq son dərəcə vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən faydalanmaq və istifadə etmək üçün qapıları açmaq zəruridir.

Biz təhsil işçiləri, Azərbaycanda təmsil olunmuş müxtəlif ictimai təşkilatların nümayəndələri, ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlərinin xanımları ilə dəfələrlə bir yerə toplaşaraq, problemləri müzakirə etmişik. Təkliflər hədsizdir - mövcud sistemi ləğv edib "ailəvi uşaq evləri"nə keçməkdən tutmuş konkret dərs vəsaiti yardımınadək. Önəmlisi odur ki, problemlərə heç kəs biganə deyildir. İndi bir çox qurumlar və insanlar Fondla bu istiqamətdə əməkdaşlıq əlaqələri yaradırlar. Lakin daha qlobal vəzifələr son dərəcə ləng həll olunur.

Tibb işçisi kimi çox gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr.

Sual: Siz qaçqınların hazırkı vəziyyətini necə təsvir edərdiniz, onların, ilk növbədə nəyə ehtiyacı var?

Cavab: Bu elə bir problemdir ki, hətta hər şey nizama salındıqdan sonra belə onu unutmaq çətin olacaqdır. Mən inanıram ki, həqiqət zəfər çalacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, görünməmiş humanitar fəlakətdir. Bir milyon qaçqın-köçkünün hər birinin öz şəxsi faciəsi var.

Onların, ilk növbədə köməyə və həyanlığa ehtiyacı var. Görəydiniz ki, hər bir nümayəndə heyətini necə ümidlə qarşılayırlar. Düşünürlər ki, bəlkə bunlar doğma yerlərə qayıtmaqda nə iləsə kömək edəcəklər. Çox vaxt isə onları narahat edən problemləri, sadəcə, kiməsə danışaraq, ürəklərini boşaltmağa ehtiyac duyurlar.

Bəli, biz bu gün Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin imkanı çatan hər şeyi edirik. Neft Fondundan ilk vəsait məhz qaçqın-köçkünlər üçün şəhərciklərin tikintisinə və onların çadır düşərgələrindən köçürülməsinə xərclənmişdir. Onlarla ünsiyyət zamanı bu insanların hədsiz dözümlülüyü və elə bir o qədər də hədsiz inamı adamı heyrətə gətirir. Onlar ədalətin zəfər çalacağına, işğal olunmuş torpaqların azad ediləcəyinə və yenidən ev-eşik sahibi olacaqlarına inanırlar.

Sual: Böyük Vətən müharibəsində Qələbənin 60 illiyidir. Siz Moskvada keçirilən bayramda iştirak etmisiniz. Şəxsən Sizin üçün 9 May nə deməkdir?

Cavab: Moskvada keçirilən bayram olduqca nadir hadisə idi və məncə, onun iştirakçılarının heç biri buna biganə qalmamışdır. Mənim üçün Qələbə bayramı, ilk növbədə, şərin cəzalandırılacağı və xeyirin qalib gələcəyi mövzusunda daha bir tarix dərsidir. 600 mindən çox azərbaycanlı cəbhəyə getmiş və onların yarısından çoxu geri qayıtmamışdır. O illərdə cəbhəyə lazım olan neftin 90 faizdən çoxunu Bakı verirdi. Məşhur "Molotov kokteyli" də Azərbaycan neftçilərinin məhsulu, daha dəqiq desək, 100 yaşı YUNESKO tərəfindən bu il qeyd olunan akademik Y.Məmmədəliyevin kəşfidir.

Burada müharibə kişilər kimi qadınları da, uşaqları da səfərbər etmişdi, onlar neft mədənlərində ərlərini və atalarını əvəz etmişlər. Bir sözlə, Azərbaycanda müharibə ilə bu və ya başqa dərəcədə əlaqəsi olmayan ailə yox idi. Mənim valideynlərim müharibə vaxtı uşaq idilər, müharibə dövrünün uşaqları.

Biz Heydər Əliyev Fondunda veteranlarla çox gözəl görüş keçirdik. Həmin görüşdən qəlbimi sıxan qarışıq hisslə - iftixar və kədər hissi ilə ayrıldım. Qələbə bayramı, ilk növbədə, veteranların bayramıdır, onları qorumaq, onların qayğısına qalmaq lazımdır.

Sual: Ərinizin prezident vəzifəsinə seçilməsi ilə həyatınızda nə kimi dəyişiklik baş vermişdir? Göz qabağında olmağınız Sizi narahat etmirmi? Uşaqlarınız, ciddi ictimai işiniz var. Prezidentin xanımı olmaq çətindirmi?

Cavab: Bir kəlmə ilə desək, çox məsuliyyətlidir. Həyatıma gəldikdə isə, demək olar ki, dəyişməmişdir. Mən uşaqlıqdan daim kütləvilik elementi olan mühitdə böyümüşəm. Əgər nəzərə alsaq ki, Heydər Əliyevin ailəsinin üzvü olanda birinci kursda oxuyurdum, deməli ki, 20 ildən artıq bir müddətdə bir çox amillər formalaşmış davranış tipini şərtləndirmişdir. Odur ki, xüsusi dəyişikliklərin baş verdiyini demək mənim üçün çətindir.

Dəyişən başqa şeydir - məndən kənarda olan nə isə dəyişmişdir. Məsələn, ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur.

Sual: Uşaqların buna münasibəti necədir?

Cavab: Müxtəlifdir. Heydər, yəqin ki, bütün bunları sadəcə olaraq görmür. Heç nədən asılı olmayaraq, biz, onun nəzərində ən başlıca adamlarıq və əlbəttə ki, bizdən güclü, ağıllı və xeyirxah heç kim ola bilməz. Qızlar isə artıq böyükdürlər və məncə, üzərlərinə düşən məsuliyyət yüklərini layiqincə daşıyırlar.

Sual: Ölkənin siyasi həyatında müxalifətsiz, söz azadlığı olmadan keçinmək mümkün deyil. Ailənizdə söz azadlığı baxımından vəziyyət necədir və "müxalifət" varmı?

Cavab: Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar - oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır. İlhamla mənim çox şeylər barədə təsəvvürümüz eynidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Bu, ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadiq qala bilən Azərbaycan ziyalılarıdır. Belə köklərə malik olmaq xoşbəxtlikdir.

Qadın, hətta əgər o, prezidentin xanımı da olsa, hər şeydən əvvəl, qadındır, ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər. Mən həm dost, həm də sevimli olmaq istəyirəm.

Sual: Siz buna yəqin ki, nail ola bilirsiniz.

Cavab: Nail ola bilib-bilmədiyimi İlhamdan soruşmaq lazımdır.

Sual: Siz xalq ənənələrini dəstəkləyirsiniz, dünya mədəniyyətinin bir hissəsi kimi muğamı inkişaf etdirirsiniz. Siz dindar adamsınız? Görkəmli dövlət xadimlərinin müqəddəs yerləri nümayişkaranə ziyarət etməsinə münasibətiniz necədir?

Cavab: Mən Allaha inanıram. Dindar deyiləm, məhz Allaha inanıram, bu anlayış mənim daxili aləmimi daha dəqiq əks etdirir.

Dövlət xadimlərinin müqəddəs yerləri nümayişkaranə ziyarət etməsinə gəldikdə isə, zənnimcə, bu onların günahından çox bədbəxtçiliyidir. Belə ki, Allahla və Müqəddəsliklə təmas kimi sırf şəxsi məsələ də protokola tabe olur və kütləvilik elementinə çevrilir. Hesab edirəm ki, buna görə onların daxili ehtiyacını şübhə altına almaq lazım deyildir.

Sual: Siz ixtisasca həkim-oftalmoloqsunuz. Peşənizi unutmamısınızmı?

Cavab: Birinci Moskva Tibb İnstitutunda təhsilimi başa vurduqdan sonra Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişəm. Mən uzun müddət ixtisasım üzrə işləməmişəm. Buna görə də, təbii ki, çox şey unudulubdur. Oftalmologiya elə bir sahədir ki, əgər bir-iki ay yayındınsa, gərək ötürdüklərinin yerini doldurasan.

Sual: Peşə seçiminiz nədən irəli gəlmişdi?

Cavab: Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir.

İxtisas seçimimə isə İlhamın anası - həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir. Çox təəssüf ki, Zərifə xanım ilə ünsiyyətimiz çox çəkmədi. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə isə o, dünyasını dəyişdi. Bu istedadlı və gözəl qadınla bağlı ən xoş xatirələrim qalmışdır.

Sual: Moskva. Orada nə qədər yaşamısınız, Moskva ilə bağlı nostalji hisslər keçirirsinizmi?

Cavab: Yəqin ki, bu gənclik illərinin nisgilidir. Unudulmaz vaxtlar idi. Əlbəttə, Moskvada dostlarımız qalıb, onların hamısını böyük səmimiyyətlə xatırlayırıq. Bu gün Moskvanı, əlbəttə ki, tamamilə başqa cür qavrayıram. Protokolda hər dəqiqə nəzərə alınır və mən, əslində, şəhəri doyunca gəzə bilmirəm. Moskva fantastik surətdə gözəlləşmişdir, lakin bu, artıq başqa şəhərdir. Burada hər şey başqadır. O dövrün Moskvası artıq tarixdə, bir də mənim xatirimdə qalmışdır. Yəqin ki, vaxtilə yaxşı günlər keçirdiyimiz bütün şəhərlərdə bu, gec-tez baş verir.

Sual: Atanın və oğulun xüsusiyyətlərini necə müqayisə edərdiniz? Heydər Əlirza oğlunun hansı keyfiyyətləri Sizin üçün xüsusilə yaddaqalandır?

Cavab: Şübhəsiz ki, oxşarlıq var. Bu, özünü çox şeydə göstərir. İlk növbədə intellektdə və xasiyyətdə.

Heydər Əlirza oğlu barədə suala bir müsahibə çərçivəsində cavab vermək mümkün deyil. Onun haqqında çoxlu kitab yazılmışdır. Lakin təəssüf ki, onların heç biri onun şəxsiyyətinin bütün əzəmətini əks etdirmir. İlk növbədə, əlbəttə ki, Heydər Əlirza oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi. Mahiyyət etibarilə Heydər Əliyev fenomeni hələ də sonadək açılmamışdır. Tarixin sovet dövründə Heydər Əliyev haqqında çox yazırlar, Azərbaycanda sanki ümidsiz görünən vəziyyəti onun necə dəyişə bildiyini, yaxud Heydər Əliyevin necə "hakimiyyət ustası" olduğunu anlamağa çalışırlar. Lakin bütün bunlar eyni bir adam barədədir. Bu yazılarda liderin həm praqmatik, həm də strateq ola bilməsinin fəlsəfi baxımdan dərk edilməsi çatışmır.

O, ailədə, gündəlik ünsiyyətdə olduqca sadə idi. Uşaqları, nəvələri ilə onu təkcə qohumluq əlaqələri bağlamırdı. Həddən artıq məşğul olmasına baxmayaraq, onların hər birinə həssas qayğıkeşlik göstərirdi.

Ancaq onu müqayisə etmək çox çətindir. Heydər Əliyev əzəmətli, bənzərsiz şəxsiyyətdir! Xasiyyətinin hansısa cəhətləri, xüsusiyyətləri onun uşaqlarında, nəvələrində yaşayır. Lakin təbii ki, onlar başqadırlar. Yeni dövr yeni yanaşma tələb edir, həyat bir yerdə dayanmır.

Sual: Oğlunuzun hansı sənətin sahibi olmasını istərdiniz?

Cavab: Mən bu seçimə çox da qarışmaq istəməzdim. Mənim üçün başlıcası onun təbii potensial imkanlarının həyata keçə bilməsi və yaxşı bir insan kimi böyüməsi üçün əlimdən gələni etməkdir. Əgər insanın intellekti və əxlaqı qaydasındadırsa, mənim bunu necə qiymətləndirəcəyimdən asılı olmayaraq, həyat yolunun seçimi onun öz haqqıdır.

Sual: Yəqin ki, siz oğlunuzun öz babasına oxşamasını istərdiniz, bəs sülalə ənənəsinin davam etdirilməsinə necə baxırsınız?

Cavab: Sadə bir həqiqətin - elitalar nəzəriyyəsinin hələ heç kəs tərəfindən ləğv olunmadığını anlamaq üçün Avropa tarixinə nəzər salmaq kifayətdir. Əlbəttə, mən ürəkdən istərdim ki, oğlum öz babasına çox oxşasın. Lakin hamımız bilirik ki, bizim hər birimiz öz xarakteri, öz taleyi, öz alın yazısı ilə doğuluruq. Mənə oğlumun taleyinə nə yazıldığını demək çətindir. O, ağıllı oğlandır, çox aydın xarakterə malikdir, böyüklərlə olmaq öz yaşıdları ilə olmaqdan onun üçün daha maraqlıdır. Həyatın necə olacağını əvvəlcədən bilmək mümkün deyil. Əlbəttə, mən bir ana kimi, sağlam ambisiyalardan məhrum deyiləm və onun üçün həyatda hər şeyin yaxşı olacağına inanmaq istəyirəm, necə olacağını isə zaman özü göstərər. Mənim üçün hər şeydən mühümü onun layiqli insan kimi böyüməsi, vətənini sevməsi, öz xalqı ilə fəxr etməsi, ona xidmət etməyə hazır olmasıdır. Bunu məhz hansı sahədə - hərbi işdə, elmdə, həkimlik sənətində, yazıçılıq sahəsində olması isə vacib deyil. Ailələrimizn tarixində təqlidəlayiq nümunələr çoxdur.

Sual: Avropa klassikasına necə münasibət bəsləyirsiniz, müasir incəsənəti izləyə bilirsinizmi?

Cavab: Mənim həyat tərzimlə harasa getmək, nəyəsə qulaq asmaq və ya baxmaq heç də həmişə mümkün olmur. Mən bu yaxınlarda, bərpadan sonra Qrand Operada oldum. Lakin bu, təsadüfi hal idi. Mən Parisdə idim, axşam məşğul deyildim, biletlər var idi, mən də getdim.

Deyə bilmərəm ki, mən müasir incəsənətin bilicilərindənəm. Lakin əsas yeniliklərdən və təmayüllərdən, əlbəttə, xəbərim var. Yəqin ki, Avropada bütün premyeraların mərkəzində olduğun bir vaxtda "mədəniyyətdən bu sayaq istifadə" xüsusi həyat tərzi və asudə vaxt olmasını tələb edir, mənim isə vaxtım daim məhduddur. Buna baxmayaraq, əlbəttə, mən ölkənin mədəni həyatının bütün hadisələrindən xəbərdar olmağa çalışıram.

Sual: Siz hansı kitabları oxuyursunuz, sizi hansı janr maraqlandırır?

Cavab: Kitablar baxımından mən, necə deyərlər, olduqca "universal" zövqə malikəm. Kitabları mən həm Bakıda alıram, həm də kənardan, o cümlədən Moskvadan gətirirlər. Müasir ədəbiyyat haqqında onu deyə bilərəm ki, yaxşı və asan oxunan ədəbiyyat az deyil, lakin daim belə bir sual doğur ki, bunu ədəbiyyat adlandırmaq olarmı? Ona görə də biz yenidən klassikaya qayıtmağa məcburuq. Məsələn, mən bir qədər əvvəl təkrarən Dostoyevskini oxuyurdum, bir çox şeyləri yenidən kəşf etdim. İndiki qavrayış gənclik illərindəkindən tamamilə fərqlidir.

Sual: Bəs televiziya haqqında nə deyə bilərsiniz?

Cavab: Ümumiyyətlə, mən televiziya adamı deyil, kitab adamıyam. İş belə gətirib. İlham bütün informasiya proqramlarına baxır, o, evdə olmayanda isə, televizoru yandırmağa həvəsim də gəlmir. Kinematoqrafiyaya gəldikdə isə, kino da mənim üçün ədəbiyyatdan törəmədir. Buna görə də, Avropa, o cümlədən rus kinosu mənə Hollivudun istehsal etdiyi filmlərdən daha yaxındır. Bugünkü cəmiyyətdə televiziya çox zaman, sadəcə, vaxt keçirmək vasitəsidir. Mənim üçünsə əsas problem vaxt problemidir.

Sual: Bəs dostlar?

Cavab: Mənim qızlarım böyümüşlər və indi onlar, demək olar ki, mənim ən yaxşı rəfiqələrimdir. Bacımla münasibətlərimi çox qiymətləndirirəm. Biz onunla möhkəm dostuq. Mənim həyat ritmim, təəssüf ki, bəzən ən yaxın, doğma adamlarıma kifayət qədər vaxt ayırmağa imkan vermir. Atamla bir yerdə çox vaxt keçirə bilmədiyim üçün narahat oluram. Vaxtın qıtlığı daha geniş əlaqələr saxlamağıma imkan vermir.

Sual: Siz özünüzü işlə həddindən çox yüklənmiş hesab etmirsinizmi?

Cavab: Şübhəsiz, iş çox olur, lakin mən iş günümün dolğun olmasından əziyyət çəkmirəm. İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir. Fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir.

Sual: Siz qəhvə içirsiniz, yoxsa çay?

Cavab: Mən çayı xoşlayıram, özü də qara çaydan daha çox yaşıl çay içirəm.

Sual: Bəs siz necə dincəlirsiniz?

Cavab: Bu, cavab verilməsi mümkün olmayan bir sualdır. Hələlik heç cür. Hesab edirəm ki, birlikdə, ailəliklə dincəlmək lazımdır. İlhamın nə vaxt imkanı olsa, onda dincələcəyik.

Sual: Səfərlər zamanı protokola riayət etmək sizin üçün ağırdırmı?

Cavab: Bilirsinizmi, çox maraqlı insanlarla görüşlər bütün bu uçuşları, reqlamenti kompensasiya edir. Bir qayda olaraq, prezidentləri görkəmli şəxsiyyətlər əhatə edirlər. Ölkədə maraqlı nə varsa, onları göstərirlər. Mən hesab edirəm ki, səfər etmək, insanlarla, başqa xalqların mədəniyyəti ilə tanış olmaq xoşbəxtlikdir.

Sual: Prezident həyat yoldaşı ilə gəlir, onu danışıqlar, görüşlər, siyasi tədbirlər gözləyir. Xanımların öz proqramı olur?

Cavab: Bəli, qarşılanma mərasimləri və digər xüsusilə təntənəli məqamlar istisna olmaqla, xanımların özlərinin ayrıca proqramı olur. Birinci şəxslərin həyat yoldaşlarına ən maraqlı nə varsa, göstərməyə çalışırlar. Bu, paytaxtlarla tanış olmaq üçün yaxşı imkandır. Dünyanın ən gözəgəlimli, maraqlı yerlərini görməyə və seyr etməyə bir də nə vaxt belə imkan olacaq?

Sual: Yarım ildə nə qədər belə səfərləriniz olmuşdur?

Cavab: Yəqin ki, dəqiq on səfərimiz olmuşdur, bəlkə də, on beş. Fiziki cəhətdən bu, kifayət qədər ağırdır, uçuşlar yorucudur, hər şey dəqiqəbədəqiqə reqlamentləşdirilmişdir, lakin nə etmək olar. Dözürük. Hər zaman formada olmaq və öz ölkəni ləyaqətlə təmsil etmək lazımdır.

Sual: Lora Buş ciddi proqramlarla məşğul olur, Hillari Klinton qubernatordur, siyasi karyeraya başlayıb. Siz siyasətlə məşğul ola bilərdinizmi?

Cavab: Əlbəttə, bunun üçün geniş imkanlar açılır. Lakin hər şey fərdiyyətdən asılıdır. Əgər siyasi fəaliyyət sənə yaxındırsa, əlbəttə ki, bu işə daha asanlıqla başlamaq olar. Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin. Çox vaxt siyasət dedikdə, insanın hakimiyyətə gəlmək niyyəti olduğu düşünülür. Mən hakimiyyət adamı deyiləm və hakimiyyətə can atmıram. Bu, mənlik deyil.

İstər YUNESKO-nun Xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir.


Oleq Sıqanov,
“İzvestiya” qəzetinə müsahibə
26.05.2005

Respublika.- 2005.- 31 may.- № 112.- S. 4-5.