Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Azərbaycanın gimnastikası Avropada liderliyi ələ alır…

Təranə Xudabaxşiyeva: “Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycan üçün uğurlu olacaq”

Ramil Həsənov: “Fərid Qayıbovun Avropanın nüfuzlu idman təşkilatına prezident seçilməsi Azərbaycan dövlətinin idmana göstərdiyi diqqətin nümunəsidir”

Xəbər verildiyi kimi, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində bu hüquqa yiyələnib. Prezident seçkilərində Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolar olub. 

Konqres çərçivəsində təşkil edilən səsvermədə 28 nəfər həmyerlimizin lehinə səs verib. Kolar isə 20 nəfərin etimadını qazanıb.

Beləliklə, son illər UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.

Qeyd edək ki, UEG-də 2009-cu ildən prezident postunu fransalı Jorj Gelzek tuturdu.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbova təbrik məktubu ünvanlayıblar.

Təbrik məktubunda qeyd olunur: “Sizi Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, bu vəzifədə sizə uğurlar arzulayırıq.

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik edəcək. Bu, Azərbaycanda son illər ərzində gimnastika idman növünün sürətli inkişafının Avropa gimnastika ailəsi tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Gimnastika üzrə Dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, ölkəmizdə ən yüksək standartlara cavab verən Milli Gimnastika Arenasının və bölgələrdə gimnastika bölmələrinin yaradılması haqlı olaraq Avropa Gimnastika İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir.

Sizin də Avropa Gimnastika İttifaqının vitse-prezidenti kimi fəaliyyətinizin bu vəzifəyə seçilməyinizdə böyük rolu olub.

Bir daha sizi təbrik edir, sizə uğurlar arzulayırıq”.

İdman jurnalisti Təranə Xudabaxşiyeva “Bakı-Xəbər” vasitəsilə Fərid Qayıbovu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik etdi. Onun fikrincə, F.Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi  Azərbaycan üçün uğurlu olacaq: “Azərbaycanda gimnastikanın son illər inkişafı göz qabağındadır. Bu yeniliklər yaxın illərdə daha da böyük nailiyyətlər əldə edəcəyimizə zəmin yaradacaq”.

“Qala” taekvondo klubunun rəhbəri Ramil Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın idman sahəsində uğurları hər kəsi sevindirir: “Son dövrlər Azərbaycan idmanı inkişaf dövrünü yaşayır. İdmanın müxtəlif sahələrində uğurlar əldə edilir. Azərbaycanda idmanın gimnastika növü isə çox uğurla inkişaf edir və bu sahədə çox böyük nailiyyətlər əldə olunmaqda davam edir. Bütün bunlar Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi nəticəsində mümkün olub. Mehriban Əliyevanın gimnastikaya göstərdiyi diqqət nəticəsində Azərbaycan gimnastları dünyada böyük uğurlara imza atırlar. Bu işlərin nəticəsində Fərid Qayıbov Avropa Gimnastika İttifaqına prezident seçilib. F.Qayıbovun Avropanın nüfuzlu idman təşkilatına prezident seçilməsi Azərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqətin nümunəsidir”.

Günel Cəlilova

Bakı Xəbər.-2017.-5 dekabr.-№219.-S.14.