Çap etmək   ⁞     ⁞   Fond haqqında

Ermənistanın Azərbaycana təcavüzü barədə həqiqətlərin dünyaya yayılması Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur


Tarix boyu azərbaycanlılara qarşı terror aktlarını həyata keçirən ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət üçün növbəti cinayətkar əməllərini - Xocalı soyqırımını törətdilər. 613 nəfər dinc sakinin qəddarcasına qətliamı, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biridir.

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağın işğalı zamanı Ermənistanın və erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti bir mərhələsi idi. Bəşəriyyətə və insanlığa qarşı ən böyük cinayətlərdən olan bu faciədən artıq 15 il ötür. Xocalı soyqırımına təəssüf ki, dünya ictimaiyyəti siyasi qiymət verməkdən hələ də çəkinir. Xocalıda törədilmiş müdhiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilmişdir. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir. Amma bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, beynəlxalq təşkilatlar Xocalıda baş verənlərin soyqırımı olduğunu qəbul etmək istəmirlər. Hətta dünyanın bir çox telekanalları da 1992-ci ildə Xocalıda baş verənlərin soyqırımı olduğunu təsdiq edən kadrları nümayiş etdirməkdən hələ də çəkinirlər. Ancaq dünya bilməlidir ki, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu tarixi cinayəti ermənilər törətmişlər.

Azərbaycan hakimiyyəti erməni şovinist millətçilərinin soydaşlarımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Əsl həqiqətlərin dünyaya çatdırılmasında maraqlı olan Azərbaycan tərəfi Ermənistandan və erməni millətçilərindən fərqli olaraq, bu məsələdən hər hansı maliyyə, ərazi və başqa dividendlər güdmür. Azərbaycanın məqsədi tarixi ədalətin bərpasına nail olmaq, məlum olan cinayətkarları beynəlxalq səviyyədə də ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Bu gün hər bir azərbaycanlının, qanında, canında vətən sevgisi olan hər bir kəsin qarşısında duran ən əsas vəzifələrdən biri Azərbaycan hakimiyyətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsil həqiqətlərin dünyaya çatdırılmasına, faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır. Müdhiş faciənin ildönümü hər il ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən ürək ağrısı ilə qeyd olunur. Həmin gün dünyanın bir çox ölkəsində Xocalı faciəsinin qurbanlarının xatirəsi anılır, müxtəlif aksiyalar, mitinqlər keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə xalqa müraciətində azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi qeyd olunur: "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir".

Eyni məzmunlu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Xocalı faciəsi ilə əlaqədar qəbul etdiyi qərarda əksini tapıb. Qərarda deputatlara xarici səfərlər zamanı Xocalı faciəsi haqqında həqiqətlərin yayılmasını təmin etmələri bir vəzifə olaraq tapşırılır, dövlət və qeyri-dövlət təşkilatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması və yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərin birləşdirilməsi tövsiyə edilir. Doğrudan da, təcrübə göstərir ki, hər hansı bir məsələ ilə bağlı mərkəzləşdirilmiş, koordinasiya edilmiş və planlaşdırılmış şəkildə kampaniyanın aparılması istənilən effekti verə bilər. Elə ermənilərin qondarma soyqırımı iddialarının bir çox dövlətlərin parlamentləri tərəfindən tanınmasının kökündə onların uzun illərdir ki, planlaşdırılmış şəkildə yalançı kampaniya aparmaları dayanır.

Xocalı faciəsinin 15-ci ildönümü bu il də dünyanın müxtəlif ölkələrində qeyd olundu. Amma əvvəlki illərdən fərqli olaraq son dövrlərdə faciə və onun qurbanlarının anıldığı ölkələrin, şəhərlərin coğrafi dairəsinin genişləndiyi, Azərbaycan diasporunun bu məsələdə fəallaşması, həmçinin türk diaspor təşkilatlarının aktiv şəkildə təbliğat kampaniyasına qoşulmaları hiss olunmaqdadır. Bu il Xocalı faciəsi dünyanın 70-dən artıq ölkəsində anılıb. Keçirilən tədbirlərdə həmin ölkələrin müxtəlif dövlət və hökumət rəsmiləri, parlamentlərin deputatları, diplomatik korpusların təmsilçiləri iştirak ediblər. Məqsədyönlü və ardıcıl təbliğat kampaniyasının nəticəsidir ki, getdikcə dünya ictimaiyyəti Xocalı soyqırımı haqqında daha çox informasiyalara malik olur, əsl həqiqətlərin nədən ibarət olduğunu anlayır.

Xocalı faciəsinin 15-ci ildönümündə ötən illərdə olduğu kimi, bu il də Heydər Əliyev Fondu bütün imkanlarından istifadə edərək soyqırımı barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynadı. Məqsədi ölkəmizin sosial-siyasi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, vətəndaşların maddi rifahının yaxşılaşması üçün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi, hazırladığı siyasi kursun öyrənilməsinə, təbliğinə, ulu öndərin ideyalarının həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və digər sahələrdə proqram və layihələr hazırlayıb həyata keçirmək olan Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Xocalı soyqırımı haqqında həqiqətlərin yayılması da Fondun fəaliyyətinin əsas tərkib hissələrindən biridir. Hələ ötən il Fondun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Qarabağ həqiqətləri" bukletlər toplusunun təqdimat mərasimində deyib: "Bu gün Azərbaycanın ən böyük, ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ölkəmizin qarşısında duran ən mühüm məsələ budur. Min il öncə olduğu kimi, bu gün də hər bir millətin qarşılaşa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə təcavüz və torpağının işğalıdır. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzləşmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. 20 mindən artıq insan həlak olmuş, 50 mindən çox adam yaralanmış və əlil olmuşdur. 1 milyondan artıq insan 10 ildən çoxdur ki, öz doğma torpağından didərgin düşərək, qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırıma və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdanmışdır. Bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.

Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsrə qədəm qoymuşuq.

Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur".

Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin yayılması istiqamətində fəaliyyəti 2005-ci ildə Fond tərəfindən yaradılan "Azerbaijan.az" portalının internet şəbəkəsinə qoşulması ilə özünün əsas mərhələsinə qədəm qoymuşdur. Bu internet saytında Ermənistanın Azərbaycana təcavüzü, yüz minlərlə azərbaycanlının didərgin düşməsi, qaçqın, məcburi köçkün vəziyyətində yaşaması, ermənilərin dinc azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlar və sair informasiyalar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilib.

Xocalı soyqırımı haqqında həqiqətlər "Qarabağ həqiqətləri" bukletlər toplusunda da yer alıb. Qeyd edək ki, bu toplu "Qarabağın tarixi haqqında qısa məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" və "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" bukletlərindən ibarətdir. UNESKO-nun xoşməramlı səfiri kimi bu təşkilatın bütün tədbirlərində qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili və işğal olunmuş Azərbaycan torpaqlarında dağıdılan tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan ərazisinin iyirmi faizinin Ermənistan tərəfindən işğal olunması məsələsinə yönəldən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan bu layihə əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədilə həyata keçirilmişdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində və Azərbaycanda törətdiyi terror aktları haqqında faktları əks etdirən, ingilis, fransız, rus, alman və macar dillərində çap olunaraq dünyanın bir çox dövlətlərində yayılan "Qarabağ həqiqətləri" bukletlər torlusu həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir.

Bu il, Xocalı soyqırımının 15-ci ildönümündə də Heydər Əliyev Fondu tərəfindən xüsusi layihə hazırlanaraq uğurla həyata keçirildi. Fransa, Rusiya, Çin, Böyük Britaniya, Belçika, Avstriya Almaniya, Küveyt, Rumıniya, Danimarka Mərakeş, Çexiya, Macarıstan, Yeni Zelandiya, Hollandiya, İran, İsveç, İsveçrə, Ukrayna, Gürcüstan və digər onlarla ölkədə keçirilən anma mərasimlərində, konfranslarda, mitinq və piketlərdə Heydər Əliyev Fondunun göndərdiyi materiallardan geniş istifadə edildi. Layihə çərçivəsində müxtəlif ölkələrdə keçirilən mərasimlər zamanı Heydər Əliyev Fondunun ingilis, rus və türk dillərində hazırladığı "Xocalı soyqırımı" adlı sənədli film nümayiş etdirilmiş, "Xocalı uşaqların gözü ilə", "Təcavüzün qurbanları" adlı foto və rəsm sərgiləri təşkil olunmuşdur. Tədbir iştirakçılarına Fondun hazırladığı "Qarabağ həqiqətləri" bukletlər torlusu, nəşrlərin CD-DVD variantları da paylanmışdır.

Heydər Əliyev Fondu yarandığı vaxtdan Ermənistanın Azərbaycana təcavüzü, dinc azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınması, soydaşlarımızın tarixin müxtəlif dövrlərində ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmaları barədə həqiqətlərin yayılması məsələsinə xüsusi diqqət və həssaslıqla yanaşır. Xocalı faciəsi ilə bağlı həyata keçirdiyi son layihə isə Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətinin ardıcıl, davamlı və effektiv olması üçün daha keyfiyyətli şəkildə qurduğunun əyani göstəricisidir.


Rəşad Cəfərli

Azərbaycan.- 2007.- 7 mart.- № 50.- S. 6.