Çap etmək   ⁞     ⁞   UNESCO

Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan-UNESCO əlaqələri tarixində zirvədir: Ölkəmizin mötəbər təşkilatla 20 ildir ki, davam edən əlaqələri milli və dünya mədəniyyətinə əhəmiyyətli töhfələr verir


Məlum olduğu kimi, avqustun 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə UNESCO-nun Xoşməramlı səfiri titulunu almasının 9 ili tamam olur. Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatla geniş əməkdaşlığı 20 illik tarixə malik Azərbaycan-UNESCO əlaqələrində böyük inkişaf mərhələsidir.

Azərbaycan-UNESCO əlaqələrinin təməlini Ümummilli lider Heydər Əliyev qoyub

Əvvəlcə qeyd edək ki, II Dünya müharibəsindən sonra dünya siyasi, iqtisadi, hərbi, humanitar, mədəniyyət sahələrində münasibətlər yeni forma aldı. Bu prosesdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qurumlarından biri olan UNESCO-nun böyük rolu olub. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. UNESCO-nun Nizamnaməsi 1945-ci ildə 44 ölkənin iştirak etdiyi London konfransında qəbul edilib, 4 noyabr 1946-cı ildə isə qüvvəyə minib. Hal-hazırda 195 ölkə bu təşkilatın üzvüdür. Ümumi Konfrans, İcra Şurası, Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.

UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə münasibətlər Azərbaycanın fəal əməkdaşlıq qurduğu beynəlxalq təşkilatlar içərisində özünəməxsus yer tutur. Ümummilli lider Heydər Əliyev dünyada təhsil, elm və mədəniyyət sahələrindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan UNESCO ilə Azərbaycan arasında əlaqələrin yaradılması və inkişafına böyük önəm verirdi. UNESCO ilə əlaqələr yenicə müstəqilliyini qazanmış Azərbaycanın mədəni irsinin qorunması və dünyaya tanıdılması, ölkənin elm və təhsil sahəsində inkişaf etdirilməsi, beynəlxalq aləmə fəal inteqrasiyası baxımından önəmli idi. İlk dəfə olaraq Azərbaycandan olan nümayəndə heyəti 1993-cü ilin oktyabrında keçirilən UNESCO Baş Konfransının 27-ci sessiyasında respublikamızı təmsil edib. Həmin sessiyanın ölkəmiz üçün ən önəmli nəticələrindən biri o oldu ki, Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi UNESCO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edildi. Yeni yaranmaqda olan əlaqələrin daha da genişlənməsi üçün Ulu öndər daha bir mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən UNESCO-nun o zamankı Baş direktoru Federiko Mayorla görüşdü. Respublikamızın elm, təhsil və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətinin UNESCO-nun işi ilə əlaqələndirilməsini həyata keçirmək məqsədilə Ümummilli lider Heydər Əliyev 1994-cü il fevral ayının 21-də Milli Komissiyanın yaradılması barədə sərəncam imzaladı. Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılan komissiyanın respublikanın müvafiq nazirliklərinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırıldı.

UNESCO çərçivəsində Azərbaycan mədəniyyəti dünyada təbliğ olunur

Qeyd edək ki, Azərbaycan-UNESCO münasibətləri bu günə qədər zəngin inkişaf yolu keçib. Azərbaycan xalqının minilliklər boyunca yaratdığı qədim və zəngin mədəniyyət, maddi və mənəvi irs bütün dünyada maraq doğurur. Bu mühüm bəşəri dəyərlərin, irsin qorunaraq gələcək nəsillərə çatdırılması və təbliği istiqamətində ölkə rəhbərliyinin gördüyü işlərə UNESCO hərtərəfli dəstək verir. Azərbaycan xalqına məxsus mədəni irsin, maddi və mənəvi mədəniyyət nümunələrinin qorunması və yaşadılmasına hər zaman böyük önəm verən Prezident İlham Əliyev isə UNESCO ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən tədbirləri daha da genişləndirib. Dövlət başçısının UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, 2005-ci ildə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən Milli Komissiyanın tərkibi yeniləşdirilib. Azərbaycanın UNESCO ilə əməkdaşlığına dair operativ işlər Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

Azərbaycanla UNESCO arasında çoxşaxəli əlaqələrin mövcudluğunu sübut edən daha bir mühüm göstərici ölkəmizin təşkilat çərçivəsində qoşulduğu çoxsaylı konvensiyalardır. Bunların içərisində Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası (1993), ona dair Protokol (1993) və İkinci Protokol (2000), Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993), Qeyri-maddi-mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası (2006) və başqalarının adını çəkmək olar.

Bu vaxta qədər ölkəmizdə UNESCO çərçivəsində bir çox tədbirlər keçirilib. Mədəniyyət sahəsində keçirilən tədbirlərə 1996-cı ildə Füzulinin anadan olmasının 500 illik, 2000-ci ildə “Kitabi-Dədə Qorqudun” 1300 illik, 2001-ci ildə N.Tusinin anadan olmasının 800 illik yubileyi, mədəni irsin qorunmasına dair normativ aktlara həsr olunmuş beynəlxalq seminar, Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiyanın 50 illiyinə dair və digər tədbirlər keçirilib. 2013-cü ilin mayında isə UNESCO Azərbaycanın böyük şairi Məhsəti Gəncəvinin 900 illiyini qeyd edib.

Mehriban xanım Əliyeva Azərbaycan-UNESCO əlaqələrini yüksək mərhələyə qaldırıb

Heç kəsə sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın böyük əməyi var. Dünya mədəniyyətinə töhfələr bəxş etmiş zəngin və olduqca qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə, 2004-cü ildə, qeyd etdiyimiz kimi, təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə UNESCO ilə əməkdaşlıq zəminində təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində, eləcə də, mədəniyyətlərarası dialoqun təşviqində böyük rol oynayıb. Əlavə edək ki, olduqca genişmiqyaslı fəaliyyət göstərən Mehriban xanım Əliyeva mədəniyyətlərarası dialoq sahəsi ilə yanaşı, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, eləcə də, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dövlət başçısı İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti, 2009-cu ildə aşıq sənəti, 2010-cu ildə Azərbaycan xalçası, 2012-ci ildə tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Qeyd edək ki, Novruz bayramının da beynəlmiləl qeyri-maddi-mədəni irs kimi siyahıya daxil olmasında da Azərbaycanın rolu böyükdür. Həmçinin, İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salınıb.

Azərbaycan-UNESCO əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlərin də əhəmiyyəti böyükdür. Fond indiyədək təhsil sahəsində bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsini həyata keçirib. Heydər Əliyev Fondunun humanitar tədbirləri ölkə sərhədləri ilə məhdudlaşmır. Pakistanda baş vermiş zəlzələ nəticəsində dağılan məktəbin yerində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qızlar üçün yeni müasir məktəb inşa edilərək 2007-ci ildə istifadəyə verilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan UNESCO-nun ən fəal və uğurlu tərəfdaşlarındandır. Bu əlaqələrin davamı həm Azərbaycan mədəniyyətinin qorunmasına və təbliğinə, həm də mədəniyyətlərin bir-birinə yaxınlaşmasına və dialoqun yaranmasına töhfədir.


Hülya Məmmədli

Yeni Azərbaycan.- 2013.- 13 avqust.- № 144.- S. 6.