Heydər Əliyev Fondunun yeni layihəsi – “Hərəyə bir ağac əkək”
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəmiz bir ağac əkək!" layihəsi ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yüksək dəyərləndirirlər. AzərTAc-ın müxbirlərinin iməciliklərdən hazırladıqları məlumatlar da bunu təsdiq edir.
İsmayıllı rayonu
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan və respublikamızın bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qarşılanan "Hərəmiz bir ağac əkək!" aksiyasına ismayıllılar da fəallıqla qoşulmuşlar.
Rayon mərkəzindəki Şəhidlər xiyabanında, Zərifə Əliyeva adına parkda, Heydər Əliyev prospektində, Cavanşir və Axundov küçələrində 3400 şam, küknar, qovaq, ağcaqayın, söyüd ağacları əkilmişdir. Yaşayış məhəllələrində təmizlik işləri də aparılmışdır.
Ağac əkini tədbirləri ən ucqar Burovdal kəndindən başlamış aran zonasındakı Gəraybəyliyə qədər bütün bölgələrdə keçirilmişdir.
Rayon icra hakimiyyətinin Aqrar məsələlər şöbəsindən bildirmişlər ki, layihə çərçivəsində növbəti ümumrayon iməciliyinə də hazırlıq görülür. Əlverişli hava şəraiti kampaniyanın uğurla davam etməsinə imkan verir.
Naxçıvan
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə hazırlanan və respublikamızın bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qarşılanan "Hərəmiz bir ağac əkək!" aksiyasında naxçıvanlılar da fəallıqla iştirak edirlər.
Naxçıvan Muxtar Respublikasında növbəti iməcilik mütəşəkkil keçmişdir. Naxçıvan şəhərində xatirə kompleksinin ətrafında 500, park və xiyabanlarda 500, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz yollarının kənarlarında 4 minə yaxın, Naxçıvançay vadisində 1000 ağac və bəzək kolu əkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə "Əshabi-Kəhf" ziyarətgahına gedən yolun kənarlarında 1800, Arpaçay vadisində 550, Vayxır gölünün ətrafında 1100, Sədərək rayonunda 400 ağac əkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, xatirə kompleksi ətrafında meyvə ağacı və bəzək kolları əkmişdir.
İdmançıların fəallığı
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" kampaniyası ölkəmizin hər tərəfində böyük vüsətlə davam etməkdədir. Təşəbbüsü alqışlayan "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbərliyi kollektiv üzvlərinin kampaniyada iştirak etməklə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq strukturun bütün bölmələri işçilərinin, məşqçi-müəllim və idmançı heyətinin iştirakı ilə iməcilik təşkil etmişdir. İməciliyin yüksək səviyyədə keçirilməsi, görülən işlərə rəhbərliyin operativliyinin təmin edilməsi, ortaya çıxan məsələlərin vaxtında həll olunması və əmək təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunması məqsədilə xüsusi işçi qrup yaradılmışdır.
Uğurla həyata keçirilən iməcilik zamanı "Neftçi" İSM-nin bütün struktur bölmələri üzrə ümumilikdə minədək ğac əkilmiş, genişmiqyaslı abadlıq işləri görülmüşdür.
Bərdə rayonu
Rayon meşə mühafizəsi və bərpası müəssisəsindən bildirmişlər ki, "Hərəmiz bir ağac əkək!" kampaniyası çərçivəsində Bərdədə yeni meşə sahəsinin salınmasına başlanmışdır. Yeni meşələrin salınması və bərpası üçün 40 hektar sahədə tinglik təsərrüfatı yaradılmışdır. Təsərrüfatda 1 milyondan çox akasiya, palıd, iydə, göyrüş, şam, sərv və digər ağac növləri yetişdirilir. Son üç ildə rayonda 340 hektar sahədə yeni meşə zolağı salınmışdır. Meşəliklərin ümumi sahəsi 8.600 hektara çatdırılmış, seyrək sahələrdə bərpa işləri aparılmışdır.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" kampaniyası çərçivəsində bu mövsümdə 30 hektar sahədə yeni meşə zolağı salınmışdır.
İndi rayonda yeni meşələrin salınması ilə yanaşı, şəhərin küçə, park və xiyabanlarında, yol kənarlarında da ağac əkini müvəffəqiyyətlə davam etdirilir.
Rabitəçilərin xeyirxahlığı
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan "Hərəmiz bir ağac əkək!" kampaniyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyində (İB) və Bakı Telefon Rabitəsi İB-nin idarə və müəssisələrində çalışan rabitəçilər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Nazirlikdən bildirmişlər ki, rabitəçilər istirahət günlərində iməciliklər keçirərək çalışdıqları idarə və müəssisələrin inzibati binalarının, telefon stansiyalarının, Bakı Teleqüllə Müəssisəsinin həyətində, eləcə də yol kənarlarında, ümumilikdə, 650-dən çox ağac və bəzək kolları əkmişlər.
Kampaniya nazirliyin bütün digər strukturlarında, eləcə də şəhər və rayon şöbələrində də uğurla, ruh yüksəkliyi ilə davam edir.
Ağstafa rayonu
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsi Ağstafa rayonunda da əhali tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, idarə, müəssisə və təşkilatların kollektivləri bu nəcib təşəbbüsə ürəkdən qoşulmuş, şənbə və bazar günləri iməciliklər keçirərək 15 mindən artıq bəzək kolu və ağac tingləri əkmişlər.
Yaşıllaşdırma işləri davam etdiriləcəkdir.
Suraxanı rayonu
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Hərəmiz bir ağac əkək!" layihəsinə ilk gündən qoşulmuş Suraxanı rayonunun sakinləri Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yamacında iməcilik keçirərək 6 min ağac əkmişlər
Növbəti iməcilikdə Bakı-Aeroport yolunun rayon ərazisindən keçən hissəsində, "Atəşgah" dairəsindən Yeni Suraxanı dairəsinədək olan 9 kilometrlik yolun hər iki tərəfində daha 2 min ağac əkilmişdir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, bu dairələr arasındakı ərazidə hər şənbə günü iməcilik keçirilməsi, ağaclara qulluq edilməsi, abadlıq işlərinin görülməsi artıq ənənə halını almışdır. Rayon sakinləri layihə çərçivəsində 10 mindən çox ağac əkməyi qərara almışlar.
Samux rayonu
Rayonda "Hərəmiz bir ağac əkək!" layihəsi çərçivəsində indiyədək 10 minədək ağac əkilmişdir. Havaların əlverişli keçməsindən istifadə edən idarə, müəssisə, təhsil və səhiyyə ocaqlarının kollektivləri bu layihəni əsl vətənpərvərlik təşəbbüsü kimi dəyərləndirərək yaşadıqları rayonun yaşıllaşdırılmasında nümunə göstərirlər. Ən ehtiyac duyulan yerlərdə ağac əkən sakinlər ərazilərin abadlaşdırılmasında da fəallıq nümayiş etdirirlər.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, yaşıllaşdırma işləri aprelin axırınadək davam etdiriləcəkdir. Əkmək üçün lazımi qədər ting tədarük edilmişdir.
Ucar rayonu
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Hərəmiz bir ağac əkək!" aksiyası Ucar rayonunda yüksək mütəşəkkilliklə davam etdirilir.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən bu xeyirxah təşəbbüsü dəstəkləyən rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, məktəblilər, şəhərin, ayrı-ayrı kəndlərinin sakinləri kütləvi surətdə iməciliklərə çıxaraq küçə və meydanların, yol kənarlarının yaşıllaşdırılması, abadlaşdırılması üçün səylə çalışırlar.
Rayonda mövsümün əvvəlindən bəri 4 mindən çox küknar, eldar şamı, çinar və digər ağac tingləri, minlərlə bəzək kolu əkilmişdir.
"Hərəmiz bir ağac əkək!" layihəsi çərçivəsində ağacəkmə kampaniyası davam edir.
Tərtər rayonu
"Hərəmiz bir ağac əkək!" təşəbbüsünə yekdilliklə qoşulan tərtərlilər keçirdikləri iməciliklərdə 12 mindən çox ağac əkmiş, yeni yaşıllıqlar salmışlar. Heydər Əliyev prospektində, Nizami, Elman Hüseynov, Mahir Əsədov, Rasim Mürsəlov küçələrində və digər küçə və meydanlarda yaşıllaşdırma işləri aparılmışdır.
Rayonun bütün idarə və müəssisələri, əmək kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri keçirilən yaşıllaşdırma kampaniyasında yaxından iştirak etmişlər.
Tibb işçiləri keçirilən iməciliklərdə xüsusilə fərqlənmişlər. Onlar böyük həvəslə iməciliklərə çıxmış, xəstəxana, poliklinikaların ərazilərində mindən çox ağac əkmişlər. Bütövlükdə 4 kənd xəstəxanasında, 12 həkim ambulatoriyasında, 22 feldşer-mama məntəqəsində layihə çərçivəsində yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir.
Məcburi köçkünlər də səylərini əsirgəmirlər
Laçınlılar məcburi köçkünlük həyatı yaşasalar da, Heydər Əliyev Fondunun nəcib təşəbbüsünə həvəslə qoşulmuşlar. Ağcabədi rayonundakı "Taxta körpü" və "Qayğı" qəsəbələrində, qışlaqlardakı obalarda yaşıllaşdırma işləri geniş vüsət almışdır.
"Hərəmiz bir ağac əkək!" kampaniyası çərçivəsində iməciliklər keçirilmiş, qısa müddətdə 15 mindən çox ağac əkilmişdir. Fərraş, Vaqazin, Qozlu, Hacılar, Mişni, Şeylanlı, Qarıqışlaq, Malıbəy, Qarakeçdi və digər obalarda da yaşıllıqlar salınmışdır.
Yaşıllaşdırma işləri davam etdirilir, iməciliklər keçirilir.
Lerik rayonu
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Hərəmiz bir ağac əkək!" layihəsinə qoşulan leriklilər indiyədək rayonun ərazisində 3 mindən çox ağac əkmişlər.
Bu məqsədlə keçirilən iməcilik zamanı idarə, müəssisə, təşkilatların nümayəndələri Lənkəran-Lerik magistralının 50-ci kilometrliyindən başlayaraq qəsəbəyə gedən yolun hər iki tərəfində və yeni salınmış qəsəbə parkının ərazisində 2 mindən çox həmişəyaşıl ağac əkmişlər.
Layihə çərçivəsində rayonun ərazisində 20 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Gəncə
Gündən-günə gözəlləşən Gəncənin daha abad, daha yaraşıqlı olmasında şəhər sakinləri də yaxından iştirak edirlər.
Heydər Əliyev Fondunun çağırışına cavab olaraq ümumşəhər iməciliyinə çıxan on minlərlə gəncəli şəhərin müxtəlif ərazilərində yüzlərlə ağac əkmiş, əvvəllər əkilmiş ağaclara qulluq etmiş, küçə və prospektlərdə, park və xiyabanlarda idarə və müəssisələrin ətrafında təmizlik işləri aparmışdır. Məktəblilər təhsil aldıqları məktəblərin yerləşdiyi ərazilərdə ağacların gövdəsini, habelə səki daşlarını ağartmış, ərazini tullantılardan təmizləmişlər.
Şəhər icra hakimiyyətindən bildirmişlər ki, bütün bunlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanmış "Hərəmiz bir ağac əkək!" kampaniyası çərçivəsində həyata keçirilir.
Yazın axırınadək hər şənbə günü şəhərdə belə iməciliklərin keçirilməsi qərara alınmışdır.
Yardımlı rayonu
Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda başlanmış yaşıllaşdırma kampaniyasına bu dağ rayonunun qəsəbə və kənd sakinləri də qoşulmuşlar.
Yaşıllaşdırma hərəkatı çərçivəsində aprelin 7-də keçirilən ümumrayon iməciliyi zamanı rayon mərkəzinin təzə yaşayış massivində yerləşən ticarət mərkəzinin həyətində yeni bağ salınmış, rayon prokurorluğunun və baytarlıq idarəsinin həyətində müxtəlif növ çoxlu həmişəyaşıl ağaclar əkilmişdir.
Yaşıllaşdırma layihəsi tədbirləri çərçivəsində Yardımlıda indiyədək 3 mindən çox ağac əkilmişdir.
İmişli rayonu
Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək!" çağırışı İmişlidə də yüksək əhvali-ruhiyyə ilə qarşılanmışdır. Aksiyaya fəal qoşulan rayon sakinləri icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməciliklərə könüllü qoşularaq qısa müddətdə şəhərin küçə və xiyabanlarında, kənd yaşayış məntəqələrində 6 mindən çox ağac əkmişlər.
İcra hakimiyyətindən bildirmişlər ki, yaz aylarında müntəzəm keçiriləcək iməciliklər hesabına rayonda daha 20 min ağac, 4 min bəzək kolu basdırılacaq, 5 hektar yaşıl zolaq yaradılacaqdır.
Azərbaycan.- 2007.- 11 aprel.- № 75.- S. 6.