Gənc ifaçıların müsabiqəsi start götürmüşdür
Bakı Musiqi Akademiyasında gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin açılışı olmuşdur. Mərasimdən əvvəl iştirakçılar Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət etmişlər.
Mehriban xanım Əliyevanın sədrlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun keçirdiyi müsabiqə bir həftə davam edəcəkdir.
Müsabiqənin açılış mərasimində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Qız qalası” xoru Azərbaycanın dövlət himnini və ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Cənab Prezident” odasını ifa etmişdir.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Nigar Cərullaqızı, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli gənc ifaçıları təbrik etmiş, onlara yeni uğurlar arzulamış, müsabiqənin keçirilməsinə yardımçı olanlara minnətdarlıqlarını bildirmişlər.
Müsabiqədə Bakı şəhər musiqi məktəblərinin 100 nəfər gənc ifaçısı 3 qrup üzrə və 3 mərhələdə yarışacaqdır. Müsabiqəyə mayın 22-də yekun vurulacaqdır.
AzərTAc
2004, 15 may