Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva DST-nın yüksək mükafatına layiq görülmüşdür


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağı keçirilmişdir. Assambleyanın sədri, Avstraliyanın səhiyyə naziri xanım Ceyn Halton yığıncağı açaraq, bəşəriyyəti təhdid edən və geniş yayılmış xəstəliklərin qarşısının alınmasında həkimlərin şərəfli əməyindən danışmışdır. Sədr Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın təkcə mədəniyyət və təhsil sahəsində deyil, həm də səhiyyə sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirmişdir.

Sədr Mehriban xanım Əliyevanın İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görüldüyünü bildirmişdir. İhsan Doğramacı Fondunun təmsilçisi xanım Filis Ərdoğan uşaq həkimi kimi professor İhsan Doğramacının səhiyyə sahəsində xidmətlərini xatırlatmış və Fondun yaranma tarixindən danışmışdır. Xanım Ərdoğan Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında və onların müasir avadanlıqla təchiz edilməsində Mehriban Əliyevanın gördüyü işləri xüsusi vurğulamışdır.

Assambleya sədri Ceyn Halton və DST-nin baş direktoru xanım Marqaret Çan İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatını Mehriban Əliyevaya təqdim etmişlər.

Mükafat təqdim olunduqdan sonra Mehriban Əliyeva çıxış edərək demişdir:

- Xanım sədr,

Xanım baş direktor,

Xanımlar və cənablar!

İlk növbədə, mən bütün iştirakçıları salamlamaq, xeyirxah fəaliyyətinizdə sizə uğurlar arzulamaq istərdim.

Dünya Səhiyyə Təşkilatı planetimizdə yaşayan bütün xalqlar üçün sağlamlığın mümkün qədər ən yüksək səviyyəsinin təmin edilməsi naminə çalışan əsl universal təsisatdır.

Burada olmaq və Dünya Səhiyyə Təşkilatının bu mükafatını almaq böyük şərəfdir. Məni bu cür yüksək mükafata layiq gördüklərinə görə DST-nin İcraiyyə Şurasına və professor İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun seçim heyətinə minnətdarlığımı bildirmək istəyirəm.

Əminəm ki, bu mükafat ölkəmdə ana, uşaq və ailə sağlamlığının yaxşılaşdırılması məqsədi ilə göstərdiyim səyləri daha da gücləndirəcəkdir. Bu mükafat mənim üçün çox önəmlidir, çünki o, böyük hörmət və ehtiram bəslədiyim şəxsin, professor İhsan Doğramacının adını daşıyır.

Dünya şöhrətli pediatr və böyük xeyriyyəçi, professor İhsan Doğramacı bütün həyatını uşaqların sağlamlığı və ali təhsili kimi yüksək amallara həsr etmişdir. Dünya Səhiyyə Təşkilatının yaradıcılarından biri, onun nizamnaməsinə imza atmış, bu təşkilatın canlı tarixi sayılan belə böyük şəxsiyyət tərəfindən təltif edilmək mənim üçün böyük şərəfdir. Əfsuslar olsun ki, professor Doğramacı bu tədbirdə iştirak edə bilmədi. Mən öz adımızdan ona qarşıdan gələn bir çox illər ərzində möhkəm cansağlığı və səadət arzulayıram.

Hazırda sürətlə inkişaf edən Azərbaycanda yaşayan hər bir şəxsin həyat tərzini və sağlamlığını köklü şəkildə yaxşılaşdırmaq üçün bir çox imkanlar var. Azərbaycanda səhiyyə sisteminin müasirləşdirilməsi haqqında Dövlət proqramı uğurla həyata keçirilir. Təkcə son iki il ərzində ölkəmizdə onlarca müalicə-diaqnostika mərkəzləri tikilmişdir. Onların hamısı ən müasir avadanlıqla təchiz olunur. Biz gənc həkimlərimizin təhsilinə xüsusi diqqət yetiririk. Məqsədimiz ölkədə ən yüksək dünya standartlarına cavab verən səhiyyə sisteminin qurulmasıdır. Əminəm ki, hazırkı sürətlə biz yaxın gələcəkdə öz məqsədlərimizə nail olacağıq.

Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq çox səmərəlidir. Bu təşkilat Azərbaycanda tibbi təhsil, təhlükəsiz immunlaşdırma, ana və uşaqların sağlamlığının qorunması kimi sahələrdə bir sıra layihələr həyata keçirir. İnanıram ki, əməkdaşlığımız gələcəkdə daha səmərəli olacaqdır.

Məni təltif etdiklərinə görə Dünya Səhiyyə Təşkilatına və İhsan Doğramacı Ailə Sağlamlığı Fonduna sonda bir daha minnətdarlığımı bildirir, bu mükafatı Azərbaycanda işləyən bütün həkimlərin və səhiyyə işçilərinin əməyinə verilən qiymət kimi qəbul edirəm.

Mən sizə uğurlar, möhkəm cansağlığı və səadət arzulayıram. Sağ olun.


Əsgər Əliyev

Xalq qəzeti.- 2007.- 18 may.- № 107.- S. 5.