Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Azərbaycan Mədəniyyətinin Dostları Fondu Filarmoniyada muğam axşamı təşkil etmişdir


Azərbaycan Mədəniyyətinin Dostları Fondu YUNESKO-nun dəstəyi ilə reallaşdırdığı "Muğam dəstgahları" layihəsi çərçivəsində martın 21-də Novruz bayramı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam axşamı təşkil etmişdir.

Salona toplaşanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı Mehriban Əliyevanı və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofsu hərarətli alqışlarla qarşıladılar. Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqs ifa olunduqdan sonra səhnəyə gələn Bahar qız muğam axşamına toplaşanları əziz Novruz bayramı münasibətilə təbrik etdi və dedi ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bu bayram hər il dövlət səviyyəsində qeyd olunur. Təbiətin oyanmasının müjdəçisi olan Novruzu xalqımız həmişə böyük sevinclə qarşılayır. Milli geyimli qızlar su, yel, od və torpaq çərşənbələrinin mahiyyəti barədə məlumat verdilər. Bildirildi ki, bütün bunlara görə ta qədimdən Novruz bayramı dörd həftə davam edir. Sonra Azərbaycanın əməkdar artisti Mənsum İbrahimov və xalq artisti Səkinə İsmayılova "Rast" və "Humayun" muğamlarını özlərinə xas ustalıqla ifa etdilər. Həmişəyaşar muğamlarımız böyük maraqla dinlənildi, ifaçıların məharəti sürəkli alqışlarla qiymətləndirildi.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər muğam axşamında olmuşlar.


Xalq qәzeti.- 2005.- 23 mart.- № 64.- S. 4.