Heydər Əliyev Fondu məktəb tikintisini davam etdirir
Fondun vəsaiti hesabına kənd rayonlarında, xüsusən ucqar dağ kəndlərində 132 məktəb tikiləcək.
Son illər Azərbaycanın təhsil sistemində mövcud olan problemlərdən çox danışılsa da, təəssüf ki, bir sıra problemlər bu günə qədər öz həllini tapmayıb. Təqdirəlayiq hal isə odur ki, dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin həcmi ildən-ilə artır. Məsələn, son bir ili müqayisə etsək, görərik ki, təhsilə ayrılan büdcə vəsaiti təxminən 27 faiz artırılıb. Bu da bir faktdır ki, təhsil müəssisələrinin maddi-texniki bazasının vəziyyətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülüb. Təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə mindən çox məktəbə ehtiyac var. Beş yüzdən artıq orta məktəb binası istifadə üçün yararsızdır. Hazırda Heydər Əliyev Fondu məktəblərin tikintisi çox ciddi maraq göstərir. Belə ki, Fondun vəsaiti hesabına kənd rayonlarında, xüsusən ucqar dağ kəndlərində 132 məktəb tikiləcək.
Məktəblilərin dərsliklə təminatı məsələsinə gəlincə, bu il 7,9 milyon nüsxədən çox dərslik çap olunub məktəblərə veriləcək, yeni dərs ilində I - XI siniflərdə təhsil alacaq 1 milyon 600 mindən artıq şagird dərsliklərlə dövlət hesabına, yəni pulsuz təmin ediləcək.
Təhsil sistemindən söz düşmüşkən, uşaq bağçalarının problemləri də diqqətdən yayınmamalıdır. Qeyd edək ki, Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında əldə olunmuş razılığa əsasən yaradılmış işçi qrupu cari ilin avqust ayının sonuna kimi məktəbəqədər tərbiyə müəssisələrinin inkişaf Proqramı hazırlamalıdır. Onun həyata keçirilməsinə 18 milyon ABŞ dolları ayırmaq nəzərdə tutulub. Ümumi orta təhsilin idarə olunması, maliyyələşdirilməsi diqqət mərkəzində saxlanılır. Bir neçə ildir ki, Dünya Bankının ayırdığı kredit hesabına Əli Bayramlı şəhərində, Ucar və İsmayıllı rayonlarında bir neçə layihə həyata keçirilir. Bu layihələr özünü doğrultsa, bütün Azərbaycanda tətbiq ediləcək.
Şagirdlərə pulsuz veriləcək dərsliklərin heç də hamısı təzə deyil. Məsələn, bu il I - VII siniflərin şagirdlərinə veriləcək kitabların 15 faizi təzə, qalanı isə əvvəlki illərdə çap edilmiş və məktəb kitabxanalarına yaxşı vəziyyətdə qaytarılmış dərsliklər olacaq. Nazirlər Kabinetinin tövsiyəsi ilə dərsliklər dörd il-dən bir 105 faiz, hər il isə 15 faiz çap olunur. Aparılmış hesablamalara görə, bu il I-V siniflərdə hər şagirdə 7, VI - VII siniflərdə isə 2-3 təzə kitab düşür. İndiyədək dərsliklərin 80 faizi çap olunaraq nazirliyin təchizat bazasına təhvil verilib, 48 faizi isə artıq yerlərə çatdırılıb. Avqustun 31-dək nəzərdə tutulmuş bütün dərsliklər çap edilərək məktəblərə veriləcək.
Dərsliklərin satılmasına gəlincə, sifariş vaxtında yerinə yetirildiyi təqdirdə, Təhsil Nazirliyi nəşriyyatların əlavə dərslik çap etməsinə etiraz etmir. Eyni zamanda, məktəblərə verilən kitabların satışa çıxarılmasının qarşısı da alınır. Birincisi, bu kitablarda onların Azərbaycan dövləti tərəfindən hədiyyə olduğu barədə qeyd var, ikincisi, rayonlara göndərilən kitablar , xüsusi qayda ilə nömrələnir.
Dərsliklərin təkmilləşdirilməsi məsələsinə gəldikdə isə, etiraf olunur , ki, bəzi dərsliklər artıq materialla yüklənib. Ona görə bu il çap olunan dərsliklərdə ciddi yüngülləşdirmə aparılıb. Məsələn, VIII - X siniflər üçün cari ildə 80 adda dərslik çap edilib.
Əvvəllər onların həcmi 1185 çap vərəqi olduğu halda, bu il müəlliflərin iştirakı ilə mövzular saxlanılmaqla, materialların həcmi azaldılıb və həmin rəqəm 800-ə endirilib. Başqa sözlə, dərsliklərdəki materiallar 30-35 faiz azaldılıb. Bununla yanaşı, seçmə siniflər də nəzərə alınıb və onlardan ötrü bəzi dərsliklər olduğu kimi saxlanılıb.
Son illər Azərbaycanda repetitorluğun çox geniş yayılması da cəmiyyətdə bir narahatlıqla qarşılanır. Belə ki, müxtəlif yollarla yeni bilik alınması təqdirəlayiq hal olsa da, ölkəmizdə orta təhsilin icbariliyi unudulmamalı və məktəblərdə iş elə qurulmalıdır ki, repetitoruq minimuma ensin.
Təhsilin inkişafı üçün qarşıda duran ən mühüm məsələlərdən biri də odur ki, ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilməli, burada aparılan elmi tədqiqat işləri, xarici tələbələr, Azərbaycandan kənarda təhsil alan gənclərimiz, tələbələrin universitetlərin idarə olunmasına cəlb edilməlidir. Təəssüflə bildirmək lazımdır ki, ali təhsil müəssisələrində mənfi hallar barədə "qaynar xətlə" daxil olmuş informasiyaların hamısı anonim xarakter daşıyır. Ali məktəblərdə tədris sistemindən danışarkən isə bu nəzərdən qaçmamalıdır ki, barədə deyilmişdir ki, sovet dövründə bütün ölkədə olduğu kimi, Azərbaycanda da hafizəyə əsaslanan məktəb modeli mövcud idi, indi isə məntiqi təfəkkürə əsaslanan və şəxsiyyət yönümlü məktəb modeli yaratmaq istəyirik. Belə məktəbin də ona uyğun müəllimi, proqramı və dərsliyi olmalıdır. Bu dəyişikliklər orta məktəbdən də yan keçməyəcək, həmin sistemdə də dəyişiklik ediləcək. Məsələn, dünyanın heç bir yerində ibtidai təhsil dörd il deyil.
Fadil Paşayev
Azad Azərbaycan.- 2005.- 6 iyul.- № 153.- S. 3.