Mehriban Əliyeva müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir
Azərbaycan qadını nəinki Azərbaycanda, dünyanın an mötəbər kürsülərində belə öz sözünü deyir
YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva hesab edir ki, Azərbaycan xanımlarının bu gün çox gözəl örnəyi var. O, bütün vacib keyfiyyətləri özündə cəmləşdirən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanım sözün əsl mənasında müasir Azərbaycan qadınının nümunəvi təmsilçisidir.
-YAP Qadınlar Şurasının Azərbaycan xalqına, Azərbaycan xanımına verdiyi töhfələr nədən ibarətdir?
- Ümumiyyətlə, Azərbaycanda qadının bir şəxsiyyətcə siyasət adamı kimi üzə çıxması, fəaliyyət göstərməsi Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinə təsadüf edir. Yəni 1969-cu il 14 iyula qədər qadınlarımız dövlət işlərində, siyasətdə cüzi təmsil olunurdu. Amma Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qadınlar doğrudan da siyasətdə, dövlət işlərində önəmli yer tutdular. Qadınların YAP sıralarına qatılması da kütləvi hal aldı. Heydər Əliyev siyasəti Azərbaycan qadınına elə bir imkan yaratdı ki, onlar nəinki Azərbaycanda, dünyanın ən mötəbər kürsülərində öz sözünü deməyə müvəffəq ola bildilər. 1995-ci ildə yaranan YAP Qadınlar Şurasının sıralarına ilk qatılan qadınlar isə Dağlıq Qarabağ hadisələrində fəallığı ilə seçilənlər oldu. Bu, Heydər Əliyevin zəkasına, siyasətinə, şəxsiyyətinə inam demək idi. Bəli, analar min bir əziyyətlə boya-başa çatdırdıqları övladlarının məhz Heydər Əliyevin rəhbərlik etdiyi bir cəmiyyətdə xoşbəxt olacağına inanıb ona etibar etdilər. 1990-cı illərin əvvəllərində ölkədə mövcud olan xaotik durum elə bir vəziyyət yaratmışdı ki, hər bir ana, hər bir qadın övladının gələcəyi ilə bağlı nigarançılıq keçirirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı insanlarda, həmçinin qadınlarda sarsılmaz bir inam yaratdı. Artıq hamı əmin idi ki, dünya siyasətində tanınmış şəxsiyyət, dövlət idarəçiliyində böyük təcrübəyə malik olan Heydər Əliyev Azərbaycanı elə bir mövqeyə çatdıracaq ki, vətəndaşlar, o cümlədən Azərbaycan qadınlarının övladları bu cəmiyyətdə normal həyat sürə biləcəklər. YAP Qadınlar Şurası 1995-ci ildə məhz ulu öndərin təşəbbüsü ilə yaradıldı. O zaman cəmiyyətin bütün fəal qadınları partiyamızın sırasına qoşuldular. Bu gün YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bizim doğrudan da geniş potensialımız var. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Partiyanın sıralarında birləşən qadınlarımızı bir amal birləşdirir. Dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək.
- Ölkəmizdə qadınların maarifləndirilməsi, savadlanması, öz hüquqlarını dərk etməsi üçün aparılan işləri necə dəyərləndirmək olar?
- Son 18 ildə xalqımız YAP-ın sayəsində gərgin mübarizə və quruculuq yolu keçib. Bu yolda vətənpərvər övladlarımız cəbhələrdə canlarından keçmiş, xalqını sevən siyasətçilər müstəqilliyimizin ziddinə olanlara, siyasi avantürizmə qarşı gərgin mübarizələr aparmışlar. Bu mübarizələrin ön xəttində YAP prinsipial rol oynamış, böyük öndər Heydər Əliyevin milli xilaskarlıq missiyasının həyata keçirilməsində ən fəal yardımçı olmuşdur. Müdrik siyasətçi, təcrübəli dövlət xadimi bu partiya vasitəsilə Azərbaycanı düşdüyü bəladan xilas etməyin həqiqi yolları, milli birliyə və siyasi sabitliyə çatmaq vasitələri haqqında fikir və düşüncələrini xalqa çatdırmaq imkanı əldə etdi. 1998-ci ildə məhz milli liderin təşəbbüsü ilə Qadın məsələləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu komitənin yaradılması qadınların, ana-ların, uşaqların həyatında dönüş nöqtəsi oldu. Onların bir çox problemlərinin həlli istiqamətində fəaliyyət göstərildi. Amma mən düşünürəm ki, gənc qızların dünyagörüşündə, mənəviyyatında, milli mənəvi dəyərlərimizi qoruyub saxlamasında diqqətimizi cəlb edəcək bir çox cəhətlər hələ də var. Bu baxımdan ailələrin qorunması, Azərbaycanın sağlam ailə dəyərlərinin yaşaması, fəxr etdiyimiz Azərbaycan anasının problemlərinin aradan qalxması üçün bütün cəmiyyət birgə çalışmalıdır. Gənc nəslin nümunəvi tərbiyəyə malik olması vacib şərtdir. Anaların səviyyəsində, tərbiyə vermək bacarığında problemlər var. O problemlər aradan qaldırılmalıdır. Bunun üçün qızlarımızın təhsili, maariflənməsi, erkən nikahlardan uzaqlaşması, öz gələcəklərini düşünmələri vacib məsələlərdir. Elə buna görədir ki, qeyd etdiyim məsələlərlə bağlı Milli Məclisdə dəfələrlə müzakirələr aparılıb, qanun qəbul olunub. Ölkəmizin müxtəlif regionlarında konfranslar, tədbirlər keçirilir. Bunlar çox əhəmiyyətlidir, vacibdir. Hesab edirəm ki, sadalanan problemləri aradan qaldırmaq üçün eyni zamanda şüurda, düşüncədə, təfəkkürdə, dəyişikliklərə nail olmalıyıq.
- Sizcə Azərbaycan qadınının əsas problemləri nədir?
- Ümumi və həlli vacib bir məsələ var. Bu da doğma yurdundan didərgin düşmüş, əzizlərini, ərlərini, övladlarını erməni təcavüzü nəticəsində itirmiş Azərbaycan anasının problemidir. Digər ən ciddi, ağrılı problemimiz hələ də erməni əsirliyində əziyyət çəkən qadınların problemidir. Atəşkəs şəraitində yaşamağımıza baxmayaraq təəssüf ki, bu gün də Azərbaycan qadını oğlunu, övladını itirir. Bizim bundan böyük nə problemimiz ola bilər ki?
- YAP yeganə partiyadır ki, Azərbaycan siyasi elitasında çoxlu sayda qadın simaları ilə təmsil olunur. Digər partiyalarda isə bu baxımdan hər zaman monotonluq müşahidə olunub. YAP bu uğura necə nail olub?
- Qədim yunan filosofu Aristotelin belə bir kəlamını xatırlatmaq yerinə düşərdi. "İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır. Bizim doğrudan da böyük potensiallarımız var. Mən bu fikri söyləyərkən təkcə yeraltı və yerüstü sərvətlərimizi deyil, cəmiyyətin tərəqqisi üçün yorulmadan çalışan Azərbaycan analarını, Azərbaycan qadınlarını nəzərdə tuturam. Sözsüz ki, ulu öndər Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak etmək, fəallığını artırmaq istəyini zamanında və məqamında dəyərləndirdi və bunun nəticəsi olaraq YAP bu baxımdan da digər partiyalar üçün bir örnək oldu. Zamanında milli liderin, indi isə bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan qadınının bu potensialına dəyər verib, onlara bu potensialı gerçəkləşdirmək imkanı yaradıb. Onu da qeyd etmək lazımdır ki, bu gün YAP-ın tərkibində fəaliyyət göstərən qadınlarımızın çox böyük örnəyi, inam yeri var-bu Mehriban xanım Əliyevadır. O daxili zənginliyə malik bir şəxsiyyətdir. Buna görə də o bu gün Azərbaycan mədəni irsinin hamisinə çevrilib. Azərbaycanın bugünkü tərəqqisi, inkişafı bütün dünyaya məlumdur. Mehriban xanımın birbaşa təşəbbüsü ilə Azərbaycan xalqının necə istedadlı bir xalq olduğu müxtəlif formalarda Avropada, Fransada, Rusiyada, ümumiyyətlə, bütün dünyada nümayiş olunur. İstedadlı övladlarımız beynəlxalq auditoriyalarda çox uğurla Azərbaycanı təmsil edirlər. Bunu təqdim edən, mədəniyyətimizi dünyaya tanıdan, onun hamisinə çevrilən Mehriban Əliyevadır.
- Avropa Şurasının Azərbaycan qarşısındakı tövsiyələrindən biri də Azərbaycanda qadınların dövlət idarəçiliyində, rəhbər vəzifələrdə, icra strukturlarında təmsil olunmasının daha da geniş miqyasda həyata keçirilməsidir. Sizcə bu, Azərbaycana nə verə bilər?
- Azərbaycanın Avropaya inteqrasiyası, Avropa ənənələrinin Azərbaycana gəlməsi məsələsi bir qədər həssas mövzudur. Unutmayaq ki, Azərbaycan bir dövlət kimi, Azərbaycan xalqı bir millət kimi spesifik xüsusiyyətlərə malikdir. Azərbaycan qadını övladını dünyaya gətirdiyi gündən həyatdan köçən günə qədər onun xidmətində dayanır, onların xoş günü üçün özünü fəda edir. Hər məsələ tövsiyə ilə həll olunmur. Azərbaycan qadını xüsusilə təhsildə, səhiyyədə öz sözünü deyir. Elmdə, siyasətdə, ictimai fəallığı ilə seçilən qadınlarımız var və onlar müvafiq strukturlarda kifayət qədər təmsil olunurlar.
- Müasir Azərbaycan qadınını necə tərənnüm edərdiniz?
- Öncə qeyd etmək istərdim ki, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə birinci xanım ənənələrini də gətirmişdir və bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O həm rəsmi bir şəxs, həm Azərbaycan zadəgan dəyərlərinin davamçısı, həm də bir saylı xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Bu baxımdan hesab edirəm ki, bütün Azərbaycan xanımları üçün bu gün bizim gözəl örnəyimiz var. Bütün vacib keyfiyyətləri özündə cəmləşdirən Mehriban xanım Əliyeva sözün əsl mənasında müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir.
İki sahil.- 2011.- 11 oktyabr.- № 186.- S. 10.