Bu gün Mehriban xanım Əliyevanın ad günüdür
Bu gün Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.
Mir Cəlal Paşayev, Nəsir İmanquliyev kimi böyük ziyalıların nəslinin davamçısı olan, Arif Paşayev və Aida İmanquliyeva kimi görkəmli alimlərin ocağından nur alan Mehriban Əliyeva bu gün Azərbaycan qadınının simvoluna çevrilib. Onun çoxşaxəli fəaliyyəti mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə səbəb olur. Azərbaycanın birinci xanımının milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini baxımından gerçəkləşdirdiyi strateji layihələr milli genefondun qorunması kimi ali məqsədə xidmət edir. Günümüzün reallığıdır ki, milyonlarla soydaşımız Mehriban xanım Əliyevanın fəaliyyətini böyük bir fəxarət hissiylə izləyir, onun qazandığı hər bir uğura hədsiz dərəcədə sevinirlər. Çünki hər kəs Mehriban xanımın bütün fəaliyyətinin xalqın rifahına, dünyamızın əmin-amanlığına, insanların həyat şəraitinin yüksəldilməsinə həsr olunduğunu görür. Bu gün Mehriban Əliyevanın bir ictimai xadim kimi fəaliyyəti də Azərbaycan cəmiyyətinin formalaşması, son on illiklərə qədər arxa planda qalmış bir sıra ideyaların, dəyərlərin qabardılması ilə nəticələnib.
İndi danılmaz bir gerçəklik var. Azərbaycan qadını Mehriban Əliyevanın timsalında bütün dünyada dərin hörmət və ehtiramla qarşılanır, Azərbaycan qadınının xeyirxah ürəyi və əməlləri əzazilliyin, əzabların çoxaldığı yer üzündə paklıq, mərhəmət simvoluna çevrilir. Məhz bu kimi amillərə görə də Mehriban xanım Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Burda bir məqama xüsusi diqqət çəkək. ISESCO-da bu ada layiq görülən yeganə qadın Mehriban Əliyevadır. Bu amil Azərbaycan qadınına bütün dünyada dərin hörmətin və rəğbətin göstəricisidir. Bu hörməti Azərbaycan qadınına qazandıran isə Mehriban xanım Əliyevadır.
Heç kimə sirr deyil ki, əvvəllər qadınların siyasətdə olması və müxtəlif sahələrdə işləməsi Azərbaycanda çətin qavranılan bir məsələ idi. Lakin Mehriban xanım bütün Azərbaycan qadınları üçün vacib bir iş gördü. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının müxtəlif səviyyəli layihələrdə iştirakı, ictimai-siyasi proseslərə qoşulması normal qəbul olunmağa başladı.
Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti də insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına yönəlib.
O öz əməlləri ilə hər gün sübut edir ki, Azərbaycan anası təkcə öz ailəsinin qayğısını çəkməklə kifayətlənmir. O bütün elinin-obasının, bütün dünyanın qayğısını çəkməyə qadirdir.
Bu gün Mehriban xanımın kimsəsiz, fiziki və əqli cəhətdən qüsurlu olan uşaqlara tükənməz qayğısı da bu deyilənlərin göstəricisidir. Onun rəhbərliyi ilə yeni-yeni təhsil ocaqlarının, bağçaların, tibb məntəqələrinin tikilməsi, körpələrin ixtiyarına verilməsi də bu qayğıdan xəbər verir.
2007-ci və 2009-cu illərdə onun təşəbbüsü ilə iki dəfə amnistiya aktının qəbul edilməsi minlərlə Azərbaycan ailəsinə sevinc bəxş etdi. O bu addımıyla hamının insanları sevməyə, mərhəmətli olmağa, nifrətdən və kindən uzaq durmağa çağırdı.
Məhz bu saf əməllərinə, xeyirxahlığına, tükənməz analıq qayğısına görə Azərbaycan xalqı ona «çox sağ ol» deyir.
Biz də «Mərkəz» qəzeti olaraq, Mehriban xanım Əliyevanı təbrik edir, ona gələcək fəaliyyətində daha parlaq uğurlar və uca Allahdan möhkəm can sağlığı arzulayırıq.
Azərbaycan Prezidenti İlham Əliyevin Mehriban Əliyeva haqqında dediklərindən:
“Mehriban mənim böyük dayağımdır. Mən tamamilə əminəm ki, ailə ilk növbədə həmfikirlər deməkdir. Ailə - yəni kişi və qadın bənzər həyat prinsiplərinə və mənəvi dəyərlərə malik iki nəfərdir. Ona görə düşünürəm ki, ailədə radikal müxalifət olmamalıdır. Bir çox məsələlərdə mənim Mehribanla fikirlərim üst-üstə düşür. Biz təqribən oxşar ailələrdə böyümüşük. Biz - ötən əsrin bütün çətinliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli adət-ənənələrinə sədaqətini qorumuş Azərbaycan ziyalıları ailəsindənik. Belə bir kökə, əsil-nəcabətə malik olmaq əsl səadətdir.
Qadın - hətta prezidentin həyat yoldaşı olsa belə, qadın olaraq qalır. O ailədə əmin-amanlıq, harmoniya və sevginin qarantıdır. Gərgin iş günündən sonra evə dönəndə mənim evdə başa düşülməyim və dəstəklənməyim olduqca mühümdür".
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Rusiyada nəşr edilən “Panorama” qəzetinin 9 may 1998-ci il sayına anası Mehriban Əliyeva haqqında dedikləri:
- Sirlərinizi yaxınlarınızdan kiminlə bölüşürsünüz?
- Əgər bu məktəb və təhsil işlərinə aiddirsə, onda bacımla. Bundan əlavə anamdan müəyyən məsləhətlər alıram. Atamla da, babamla da məsləhətləşirəm.
- Özünüzə paltar seçmək lazım gələndə də siz ananızla məsləhətləşirsiniz, yoxsa öz zövqünüzə üstünlük verirsiniz?
- Adətən öz zövqümlə seçirəm. Amma anamla bizim zövqümüz olduqca oxşardır və təbii ki, onun rəyi ilə də hesablaşıram.
- Ailə üzvlərinizdən kimə oxşamaq istərdiniz. İdealınız varmı?
- Açığını deyim ki, bilmirəm! Mən onların hər birindən bir şey götürmək istərdim. Nədəsə anama, nədəsə atama, nədəsə babama bənzəmək istərdim...
Mərkəz.- 2010.- 26 avqust.- № 155.- S. 3.