Heydər Əliyev Fondunun Gürcüstandakı soydaşlarımıza qayğısı
Diana Qaralova: “Heydər Əliyev Fondu azərbaycanlı və gürcü xalqlarının əlaqələrinin genişlənməsində aparıcı rola malikdir”
Azərbaycan tərəfindən Gürcüstanda yaşayan soydaşlarımıza edilən dəstəkdən danışılanda bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdr. Biz Borçalıda olarkən fondun həyata keçirdiyi layihələrin əyani şahidi olmamız bu fikri bildirməyə əsas verir. Çünki Heydər Əliyev Fondu gürcüstanlı soydaşların durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub saxlanmasında borçalılara böyük dəstək olur. Xüsusən məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür.
Fond “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanın azərbaycanlıların yaşadıqları regionlarında təhsilin, məktəb infrastrukturunun inkişafı üçün çox mühüm işlər görür. “Təhsilə dəstək” layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı da yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, fond tərəfindən böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayır. Fonda orada o qədər sevgi var ki, hətta soydaşlarımızla görüşlərimizdə “göydə Allah, yerdə Heydər Əliyev Fonduna ümid edirik” deyənlərə də rast gəlmək olurdu.
Ümumiyyətlə, Azərbaycan Gürcüstanda yaşayan həmvətənlərimizin qayğısına daimi qalır və təhsilin lazımi səviyyədə təmin olunması üçün əlindən gələni edir. Bu, iki ölkənin əməkdaşlığı xalqlar arasında dostluğun möhkəmləndirilməsi üçün yaxşı dayaqdır. Qeyd edək ki, Azərbaycanın Təhsil Nazirliyi hər il Gürcüstanın təlim Azərbaycan dilində olan məktəblərinə dərslik və dərs ləvazimatları göndərir. Azərbaycanın Gürcüstandakı səfirliyi də humanitar yardım qismində Gürcüstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri və məktəblərinə bədii ədəbiyyat (Azərbaycan və xarici) kitablar hədiyyə edir.
Bundan başqa Heydər Əliyev Fondu Gürcüstan azərbaycanlılarının sıx yaşadığı rayonların əhalisinə xeyir-şər çadırları da hədiyyə edib. Gürcüstanın Qardabani (Qarayazı), Marneuli, Bolnisi və Dmanisi (Başkeçid) rayonlarında həyata keçirilən bu xeyriyyə aksiyasında xeyir-şər məclisləri üçün lazım olan qab-qacaq da paylanıb. Eyni zamanda Marneuli (Sarvan) rayonunda 1590-cı ildə əsası qoyulmuş tarixi məscid Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilib.
Fond tərəfindən Rustavi şəhərində yeni istifadəyə verilən Azərbaycan Mədəniyyət Mərkəzinə kompüter avadanlıqlar təqdim olunub. Yeri gəlmişkən Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi azərbaycanlıların mədəniyyətinin qorunması, inkişafı, təbliği, təhsil sahəsində ciddi işlər aparır. Gənclərdən ibarət çox gözəl kollektiv formalaşıb və onlar qısa zaman ərzində xeyli vacib layihələr həyata keçiriblər. Məsələn, bir-iki il əvvələ qədər Gürcüstanda Azərbaycan rəqsini, musiqi mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ edən bir qrup yox idi. Fondun dəstəyi ilə Mədəniyyət Mərkəzi bu sahədə ciddi işlər görüb. “Sarvan” adlı gözəl rəqs qrupu yaranıb.
Borçalı xalçalarının satış sərgisi təşkil olunacaq
Qeyd edək ki, soydaşlarımızın yaşadığı bəzi bölgələr var ki, onlar xalçaçılıq sahəsində çox məşhurdur. Amma avadanlıqlar və lazımi şəraitin olmaması ucbatından xalçaçılıqla bağlı həmin yerlərdə ciddi tənəzzül gedirdi. Fondun dəstəyi ilə bəzi yerlərdə xalçaçılıq sənətinin yenidən canlanması istiqamətində layihələrə dəstək verilib. Xalı toxumaq üçün maşınlar, lazım olan avadanlıqlar hədiyyə edilib. Bu da həm məşhur xalçaçılıqda Borçalı məktəbinin yaşadılması, həm də xalı toxumağı bacaran qızlarımız, qadınlarımızın əlavə qazanc mənbəyi əldə etməsi baxımından mühüm addımdır. Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gürcüstanın Borçalı mahalında öz vəsaiti hesabına 40 xalça toxutdurub. Qazax xalça məktəbinə aid toxunulan bu xalçaların satış sərgisinin təşkil olunması nəzərdə tutulub.
Artıq Borçalıda gürcü dilini yaxşı bilməyən soydaşlarımızın bu dili öyrənməsi üçün açılan kursların sayı getdikcə çoxalır. Bu məsələyə də fond tərəfindən çox böyük dəstəklər göstərilib və göstərilir. Eyni zamanda kompüter kurslarının təşkili istiqamətində çox böyük dəstək verilir və bu gün bu kursların fəaliyyətini nəticəsində yüzlərlə gəncimiz gürcü dilini mükəmməl öyrənib və kompüter bilikləri əldə edib. O kursları bitirən gənclərin bir çoxu müəyyən şirkətlərdə, azərbaycanlı iş adamlarının, Azərbaycanın sərmayə qoyduğu şirkətlərdə, xarici sahibkarların açdığı iş yerlərində işlə təmin olurlar.
Başkeçiddə fondun dəstəyi ilə yaradılmış və müasir texniki avadanlıqlarla təchiz olunmuş Heydər Əliyev Mərkəzi də bu baxımdan fəaldır. Düzü, biz yalnız Başkeçiddə olarkən bildik ki, burada belə bir mərkəz var. Soydaşlarımız da məsləhət görmüşdülər ki, bura baş çəkək. Biz də soydaşlarımızin istəklərini nəzərə alaraq mərkəzə baş çəkdik və öyrəndik ki, Diana Qaralova buranın rəhbəridir. Müsahibə almaq istəyimizi təbii qəbul edən Diana xanım telekameralar önündə müsahibədən qəti imtina etsə də “Paritet” və “Bütöv Azərbaycan” qəzetlərinə müsahibə verməkdən imtina etmədi.
Diana xanım söhbətimizə başlamamışdan qabaq rus dilində danışacaığına görə dönə-dönə üzr istədi: “Azərbaycan dilində başa düşürəm, ancaq təəssüf ki, hələ danışa bilmirəm. Çox ciddi cəhdlə öyrənməyə çalışıram və sizi inandırıram ki, gələn ilki görüşümüzdə sizinlə öz doğma dilimizdə danışa biləcəm”, deyə o ilk olaraq bildirdi.
Diana xanıma ilk sualımız mərkəzin nə vaxtdan fəaliyyətə başlaması ilə bağlı oldu. Onun sözlərinə görə, mərkəz 2008-ci ilin yanvar ayından fəaliyyətə başlayıb və yarandığı gündən də çox böyük işlər görür: “Burda kompüter və gürcü dili kurslarının təşkili, mədəniyyət tədbirlərinin, konfransların bir sözlə yüksək səviyyəli bütün tədbirlərin keçirilməsi üçün hər cür şərait var və bu o bölgənin insanları üçün çox gözəl bir hədiyyə idi. Bundan başqa xeyli sayda məktəblərdə uşaqların kompüterlərdən istifadə edə bilməsi üçün onlara kompüterlər hədiyyə edilib. Burada uşaqlar kompüter kursları ilə yanaşı, dövlət dili olan gürcü dilində öyrənirlər, bu ildən başlayaraq isə ingilis dili də tədris olunmağa başlayıb”.
D.Qaralova bildirdi ki, burada əsasən yerli azərbaycanlı uşaqlar təhsil alırlar. “Ancaq buna baxmayaraq heç bir milli məhdudiyyət yoxdur, kim istəsə bu mərkəzdə təhsil ala bilər. Onu da deyim ki, Fonda əlil uşaqlara yardım baxımından işlər görür. Bu fəaliyyətimizi daha da genişləndirəcəyik. Fond demək olar ki bütün sahələrdə həm azərbaycanlılara, həm də gürcülərə yardımlar edir”, deyə o əlavə etdi.
O, kursu keçənlərə sertifikatın verildiyini də dedi: “Bizdə kompüter kursları 3 ay keçirilir. Gürcü və ingilis dilləri kursları isə 1 il müddətində öyrədilir və kursu bitirənlərə sertifikatlar verilir. İndiyə kimi kompüter kurslarından 300 uşağa sertifikat verilib, ancaq gürcü və ingilis dilinin tədris müddəti uzun olduğundan 30 nəfərə sertifikat verilib və onlar çox gözəl şəkildə mənimsəyiblər gürcü və ingilis dilini”.
“Minnətdarlıqdan başqa heç nə ola bilməz”
Mərkəzin bütün bunlarla yanaşı yerli azərbaycanlılar üçün maddi yardımlar edib etməməsi ilə də maraqlandıqda D.Qaralova 2009-cu ildə genişmiqyaslı tədbirlər keçirdiklərini xatırlatdı: “Bura yerli məktəblərin təmirindən tutmuş bir çox sahələrdə tədbirlərin həyata keçirilməsidə daxildir. Belə tədbirlərdən biri də məktəblər arasında, viktorinaların keçirilməsi idi ki, bu tədbirdə rayonun 25 məktəbi iştirak edirdi. Gözəl tədbir oldu, suallar verildi və sonda qaliblərə fond tərəfindən televizorlar, mobil telefonlar, pleyerlər və başqa həvəsləndirici mükafatlar verildi”.
Qeyri-azərilərin mərkəzə olan münasibətinə gəlincə həmsöhbətimiz “minnətdarlıqdan başqa heç nə ola bilməz” kimi fikir bildirdi: “Çünki Heydər Əliyev Fondu burda böyük işlər görür. Bu da xalqların bir birinə daha da yaxınlaşmasına, qaynayıb qarışmasına stimul verir. Ümumiyyətlə, iki ölkə arasında münasibətlərin formalaşmasında çox iş görülür. Fond iki millətin əlaqələrinin genişlənməsində aparıcı rola malikdir. Hətta deyərdim ki, adət-ənənələrin qorunmasında iki xalqın bir birinə yaxınlaşmasında Heydər Əliyev Fondu əvəzsiz rol oynayır “.
Söhbət əsnasında D. Qaralova milli bayramlarımızla bağlı qeyd etdikləri tədbirlərdən də danşdı: “Demək olar ki, fond tərəfindən bütün bayramlarımız çox yüksək səviyyədə keçirlilir. Bu il Marneuli rayonunda Novruz bayramı gürcü və azərbaycanlılarla birlikdə qeyd olundu. Bu bayramda bizim prezidentimizin iştirakı bizə olan etimadın və bizim adət-ənənələrimizə hörmətin əlamətiydi”. Yeri gəlmişkən iyulun 26-da Başkeçiddə Borçalı azərilərinin Elat bayramının təşklinə də fond tərəfindən maddi yardım göstərilmişdi.
Fuad Hüseynzadə
Paritet.- 2011.- 16-17 avqust.- № 86.- S. 9.