Mərhəmət işığında
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük himayəsi sahəsində kimsəsiz uşaqlar cəmiyyətə layiqli vətəndaşlar kimi yetişirlər
Xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və milli genofondunun qorunması bu gün dövlətimizin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi həyata keçirilən çoxşaxəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilib. Bu islahatlara yaxından dəstək və böyük töhfələr verən Heydər Əliyev Fondu da xalqımızın genetik fondunun qorunub saxlanması problemlərinə cəmiyyətin diqqətini cəlb etməklə yanaşı, öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə kömək göstərilməsinə yönəldir. Ona görə Heydər Əliyev Fondunu xeyirxahlıq və ümid fondu da adlandırırlar.
Kimsəsiz uşaqlara qayğı Fondun fəaliyyətində prioritet vəzifələrdəndir
Dinamik inkişaf yolu tutan, yeniləşən Azərbaycanda ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı xətt təşkil edir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın atdığı addımlar sırasında uşaq evlərinə, internat məktəblərinə yönəltdiyi böyük diqqət onun gerçək vətəndaşlıq mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin danılmaz sübutudur. Bu baxımdan Heydər Əliyev Fondunun Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı xüsusi aktuallığa malikdir. Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəllərində Bakıda və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində olduqdan sonra bu proqramın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab edib. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram ötən illərdə Heydər Əliyev Fondunun fəaliyyətinin başlıca istiqamətlərindən biri kimi diqqəti cəlb edib. Bu layihəni həyata keçirməklə Fondun məqsədi həm də cəmiyyətin diqqətini maddi və mənəvi qayğıya daha çox ehtiyacı olan uşaq evlərinə, internat məktəblərinə yönəltmək, xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etmək idi.
Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrindəki problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirildi. Belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğundan ilk növbədə texniki dəstək istiqaməti üzrə işlərə başlandı. İndiyədək 30-a yaxın uşaq evi və internat məktəbində yenidənqurma və tikinti-təmir işləri aparılıb. Onların zəruri avadanlıqlarla təmin edilməsi, kitabxanaların yeni ədəbiyyatla zənginləşdirilməsi, müasir informasiya texnologiyalarının uşaqların ixtiyarına verilməsi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması, o cümlədən yay istirahət düşərgələrinin inşa edilməsi də diqqət mərkəzində olub.
Layihənin həyata keçirilməsi gedişində Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi, Şamaxı internat məktəbi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün respublika yardımçı internat məktəbi, beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi və bir sıra digər uşaq müəssisələri yenidən qurulub, onlarda sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılıb. Proqram iştirakçılarının gərgin əməyi, yorulmaz səyi nəticəsində uşaq evləri ən müasir səviyyədə yenidən qurulub və valideyn himayəsindən məhrum olan körpələr və uşaqlar ən gözəl şəraitə malik evlərdə yaşamağa başlayıblar. Proqram çərçivəsində uşaqların ərzaq təminatı və geyim kimi məsələlərində bütün çatışmazlıqlar aradan qaldırılıb. Mehriban xanım Əliyeva bu tipli müəssisələrə mənsub olan torpaq sahələrinin qanunsuz özəlləşdirilməsi barədə şikayətlərə də diqqətlə yanaşıb və belə halların yolverilməz olduğunu bildirib.
Heydər Əliyev Fondu bu proqramı təqdim edəndə bəlkə də bir çoxu uşaq evləri ilə bağlı cəmiyyətdə uzun illərdən bəri formalaşmış stereotiplərin qısa zaman kəsiyində kökündən dəyişəcəyini güman etmirdi. Amma Mehriban xanım Əliyeva sübut etdi ki, inam, iradə, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
Respublikada analoqu olmayan uşaq evi
"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində tamamilə yenidən qurulan uşaq evlərindən biri də Bakının Nizami rayonundakı 1 saylı uşaq evidir. Bura 1961-ci ilə qədər körpələr evi kimi fəaliyyət göstərib, sonradan isə uşaq evinə çevrilib. Uşaq evinin ötən əsrin 50-ci illərində tikilmiş binası uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə binada "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparılıb, uşaq evi müasir avadanlıqla təmin olunub və yeniləşmiş proqramla fəaliyyət göstərməyə başlayıb. Uşaq evinin direktoru Nərminə Zöhrabovanın sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva birinci dəfə 2004-cü ilin əvvəllərində bura gələrək valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkib, onların sosial vəziyyəti, uşaq evinin maddi-texniki durumu ilə yaxından maraqlanıb. Heydər Əliyev Fondu yarandıqdan sonra həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı bu uşaq evini də əhatə edib. Yüksək səviyyədə aparılan təmir işlərinin son mərhələsi ötən il yekunlaşıb. Üç min kvadratmetr sahəsi olan uşaq evi bütünlüklə əsaslı təmir edilib. Bina xarici ölkələrdə istehsal edilən ən müasir texniki avadanlıqlarla təchiz olunub.
Uşaq evində təmir və yenidənqurma işlərinin ən yüksək səviyyədə aparılmasını həyət darvazasından içəri daxil olan kimi hiss edirsən. Həyətdə geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri uşaqların düzəldilib. Geniş həyətin bir tərəfində uşaqların asudə vaxtlarını mənalı keçirmələri üçün son dərəcə nəfis tərtibatda süni örtüklü idman meydançası və yay səhnəsi yaradılıb. Həyətin tən ortasında ona sərinlik gətirən səkkizguşəli hovuz inşa olunub. Yeni təmirdən çıxmış bina ikimərtəbəlidir. Binanın yüksək zövqlə təmiri foyedən və estetik tərtibatı baxımından diqqəti cəlb edən vestibüldən hiss olunur. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Vestibülün gözəlliyini isə sözlə ifadə etmək çətindir. İnsanı bir başqa dünyaya aparan bu gözəlliyi görmək üçün hökmən bura baş çəkmək lazımdır. Burada hər şey uşaqların bədii-estetik zövqlərinin formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə hesablanıb. Vestibüldən ikinci mərtəbəyə qalxdıqda isə sol tərəfdəki stend diqqəti cəlb edir. Stenddə ulu öndər Heydər Əliyevin müxtəlif illərdə uşaqlarla keçirdiyi görüşlərini, Prezident İlham Əliyevin məxmərəyə qarşı kampaniya zamanı bu uşaq evində keçirilən mərasimdə iştirakını, Mehriban xanım Əliyevanın burada uşaqlarla görüşünü əks etdirən fotolar toplanıb.
Ölkəmizdə 2006-cı il fevralın 27-dən martın 12-dək keçirilmiş qızılca və məxmərəyə qarşı milli immunlaşdırma kampaniyasına 1 saylı Uşaq evindən başlanılmışdı. Bu münasibətlə 2006-cı il fevralın 27-də burada keçirilən mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev də iştirak etmişdi. Kampaniyanın təşkilatçılarından biri Vişnevskaya-Rostropoviç Fondu idi. Mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev demişdi: "Azərbaycanda artıq neçə illərdir işləyən Vişnevskaya-Rostropoviç Fondu uşaqların xəstələnməməsi üçün çox mühüm, çox nəcib bir missiyanı - uşaqların peyvəndlənməsi missiyasını həyata keçirir. Uşaqların xəstələnməməsi üçün, sağlam böyüməsi üçün, özlərini yaxşı hiss etməsi üçün, bizim gələcəyimiz olan yeni nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması üçün dünyada bundan da nəcib missiya ola bilməz".
Mehriban xanım Əliyeva indiyədək bir neçə dəfə 1 saylı uşaq evinin sakinlərinin görüşünə gəlib. Mehriban xanım Əliyeva 2005-ci il noyabrın 24-də ikinci dəfə bu uşaq evinə gələrək təmir və yenidənqurma işləri ilə tanış olub. Daha sonra Mehriban xanım Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir neçə dəfə uşaqların görüşünə gəlib. O, hər dəfə bu uşaq evində yeniliklər gördüyünü bildirərək yaradılmış nümunəvi şəraitdən razı qalıb. Mehriban xanım kimsəsiz uşaqların gələcəkdə cəmiyyətdə layiqli yerlərini tutmaları üçün dövlət tərəfindən bundan sonra da hər cür tədbirlərin görüləcəyini bildirib.
Mehriban xanım Əliyeva 1 saylı Uşaq evində bu il yanvarın 22-də də olub. Həmin gün Mehriban xanım "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Maştağa qəsəbəsindəki "Təbəssüm" uşaq sanatoriyasının, Nərimanov rayonundakı 38 nömrəli musiqi məktəbinin və Nizami rayonundakı 1 saylı Uşaq evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün inşa edilmiş 50 mənzillik, 100 nəfərlik yaşayış binasının açılışında iştirak edib. Mehriban xanım Əliyeva rəmzi qırmızı lenti kəsdikdən sonra binadakı otaqlarda yaradılmış şəraitlə tanış olub. Bu binanın istifadəyə verilməsi çoxdan bəri ictimai narahatlığa səbəb olan ciddi bir problemin həllinə yönəlib. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin hökmünə buraxıldığından onların sonrakı həyatını izləmək bir çox halda mümkün deyildi. Yeni yaşayış binası bu problemin həllinə xidmət edəcəkdir. Binadakı bütün mənzillər müvafiq mebel, televizor, paltaryuyan maşın və digər məişət avadanlığı ilə təmin edilib. Mehriban xanımın bu gəlişində Heydər Əliyev Fondu tərəfindən Uşaq evinə "Hyundai" markalı avtobus hədiyyə edilib.
120 yerlik 1 saylı Uşaq evində hazırda 116 uşaq yaşayır. Onların 69-u oğlan, qalanı qızdır. Uşaq evinə qəbul 3 yaşından başlayır. Amma buranı tərk etmək üçün konkret yaş həddi yoxdur. Uşaqlar yaşlarına görə 5 qrupa bölünürlər. Hər qrupun öz müəllimi, tərbiyəçisi var. Sırf təlim-tərbiyə ilə 12 tərbiyəçi məşğul olur. Əvvəllər bura yerləşdirilən uşaqlar müəyyən yaş həddinə çatdıqdan sonra internat məktəblərinə göndərilirdilər. Amma bu sistem təcrübədə özünü doğrultmadığı üçün sonradan uşaqların yerlərinin dəyişdirilməsi, yaşları artdığı üçün digər uşaq evlərinə və internat məktəblərinə göndərilməsi məqsədəuyğun sayılmayıb.
Hər bir uşağın gələcəyi diqqət mərkəzindədir
Uşaqların bura gəlib düşmələri müxtəlif səbəblərlə bağlıdır. Bir qisim uşaq ya hər iki, ya da bir valideynini itirib, bəzilərinin isə ata-anası həbsxanadadır. Nə qədər acınacaqlı olsa da, burada valideynlərinin imtina etdiyi uşaqlar da var. Uşağın bura göndərilməsi məsələsinə əvvəlcə onun qeydiyyatda olduğu rayonun icra hakimiyyətində baxılır. Əgər onun Uşaq evinə yerləşdirilməsi labüddürsə, 2 icra hakimiyyəti bununla bağlı sərəncam verir. Sərəncamda uşağın hansı səbəblərdən uşaq evinə verilməsi göstərilir. Təhsil Nazirliyində də baxıldıqdan sonra sərəncam əsasında çıxarılan göndərişlə uşağı uşaq evinə yerləşdirirlər. Təcrübədə birbaşa polis orqanları tərəfindən də kimsəsiz uşaqların uşaq evinə verilməsinə rast gəlinir.
Qanunvericiliyə görə uşaqlar 16 yaşında buranı tərk etməlidir. Amma 16 yaş həddində Uşaq evini tərk etmək onlar üçün çox çətin olur. Ona görə Uşaq evi hər bir uşağın gələcəyi baxımından onların yaxınlarının, qohum-əqrəbasının olub-olmadığını tam dəqiqliyi ilə araşdırır. Nərminə Zöhrabovanın sözlərinə görə, 2003-cü ilin iyulunda bura direktor təyin olunanda uşaqların təxminən 90 faizinə qədərinin valideynləri, yaxın qohum-əqrəbası barədə heç bir məlumat olmayıb. Uşaq evi tərəfindən məktub şəklində ayrı-ayrı dövlət orqanlarına müraciət edildikdən sonra onların böyük əksəriyyətinin yaxınları barədə informasiyaları toplamaq mümkün olub. Bundan sonra hətta bəzi uşaqların valideynləri də tapılıb. "Bu informasiyaları topladıqdan sonra biz əlliyə qədər uşağı ailələrə qaytardıq. İnanın ki, onlara bir dünya sevinc bəxş etdik" - deyə Nərminə Zöhrabova bildirir. Bu günün özündə də hər hansı uşaq sərəncam əsasında Uşaq evinə göndərilirsə, onun ailəsi və qohumları barədə bütün məlumatlar toplanılır. Burda elə uşaqlar var ki, valideynləri vəfat edib və qohumlarının müraciəti əsasında uşaq evinə göndəriliblər. Amma həmin uşaqların nəinki qohumları axtarılıb tapılır, hətta valideynlərindən keçən mülkiyyətin də onlara verilməsi tələb edilir. Bu yaxınlarda Gəncədən olan iki bacının şəhər icra hakimiyyətinin yaxından köməyi ilə anası tapılıb. Gəncədən Uşaq evinə göndərilən məktubda göstərilib ki, ananın evi üzərində mülkiyyət hüququ bu bacılara məxsusdur. Vaxtında bu işin aparılması uşaqların böyüdükdən və uşaq evini tərk etdikdən sonra daimi yaşayış yeri ilə bağlı üzləşə biləcəkləri problemlərin qarşısını alır. Amma təəssüf ki, bəzi hallarda tapılan valideynlər uşağa yaxın durmaq istəmirlər. Belə olan halda Uşaq evi çalışır ki, ona vaxtilə göndərildiyi rayonda yaşayış üçün torpaq sahəsinin verilməsinə nail olsun.
Valideynlərinə həbs cəzası verilən uşaqlar baxılmaq üçün kimsələri olmadıqda məhkəmənin qərarı ilə də Uşaq evlərinə göndərilirlər. 1 saylı Uşaq evinin rəhbərliyi belə uşaqların mütəmadi olaraq valideynləri ilə görüşünü təşkil edir.
Uşaqların böyüdükdən və Uşaq evini tərk etdikdən sonra işlə təmin olunmaları da diqqət mərkəzindədir. Onların işlə təmin edilmələri ilə bağlı Uşaq evinin indiyə qədər müraciət etdiyi təşkilatların heç biri cavabsız qalmayıb.
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən qurulan uşaq evlərindən biri də Bakının Nizami rayonundakı 1 saylı uşaq evidir. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu uşaq evinə baş çəkdikdən sonra onun yenidən qurulması proqrama daxil edilmişdir. Burada təmir işləri yüksək zövqlə aparılıb. Təmirdən sonra yeniləşmiş proqramla işləməyə başlayan uşaq evində uşaqların sosial şəraiti də əsaslı şəkildə dəyişmişdir.
Uşaq evinin sakinləri arasında tələbələr, hərbi xidmətçilər də var
Buradakı uşaqların təhsili ailələrdə böyüyən uşaqlardan heç nə ilə fərqlənmir. Onlar yaxınlıqda yerləşən 220 nömrəli məktəbdə oxuyurlar. 116 uşağın əksəriyyəti məktəblidir. 20 nəfər birinci sinif şagirdidir. Uşaq evinin rəhbərliyi fərdi şəkildə hər bir uşağın təhsili ilə xüsusi maraqlanır. Kiçik yaşlı uşaqlar heç vaxt məktəbə tək getmirlər. Onların yanında mütləq tərbiyəçiləri olur. Bununla yanaşı uşaq evində də təcrübəli müəllimlər uşaqlarla xüsusi proqram əsasında məşğul olurlar. Əmək təlimi dərslərinə daha çox üstünlük verilir. Dülgərlik, xalçaçılıq, tikiş, rəssamlıq, rəqs və digər dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnmələrinə imkan yaradır.
Uşaq evinin sakinləri arasında ali məktəb və texnikum tələbələri də var. Bir nəfər Mədəniyyət və İncəsənət Universitetində, iki nəfər isə texnikumda təhsil alır. Qış sessiyası zamanı olduğundan onlarla görüşmək istəyimiz baş tutmadı. Uşaq evinin rəhbərliyi nəinki onların təhsilini, o cümlədən maddi təminatlarını da diqqətdə saxlayır. Onların digər tələbələrdən seçilməmələri, sıxıntı keçirməmələri üçün imkan daxilində nə lazımdırsa edilir.
Uşaq evindən əsgərliyə gedənlər də az deyil. "Amma bu o demək deyil ki, o, əsgərliyə getdi və unuduldu. Hazırda uşaq evindən 2 nəfər hərbi xidmətdədir. Biz onların hər ikisini ordu sıralarında layiqincə xidmət etməyə yola salmış, hər ikisinin andiçmə mərasimində yaxından iştirak etmişik. Onların biri Füzulidə, digəri Tərtərdə xidmət edir. Fərəhli haldır ki, həmin əsgərlərdən birinə yaxşı xidmətinə görə çavuş rütbəsi verilib. Biz mütəmadi olaraq hərbi hissələrin komandirləri ilə əlaqə saxlayır, onların vəziyyəti ilə yaxından maraqlanırıq"-deyə uşaq evinin direktoru Nərminə Zöhrabova bildirir.
Uşaqlar 5 yaş qrupuna bölündükləri üçün burada vahid yemək rejimi yoxdur. Birinci növbədə oxuyan uşaqlar səhər durub məktəbə hazırlaşanda ikinci növbədə oxuyan, yaxud məktəbə getməyən uşaqlar hələ yatırlar. Tələbələr və yuxarı sinif şagirdləri dərsdən müxtəlif vaxtlarda qayıdırlar. Elə bu səbəbdən də yeməkxana səhər saat altıdan axşama qədər uşaqların xidmətində olur. Uşaqlar istədikləri zaman yeməkxanaya gedib yemək yeyə, çay və ya şirin içki içə bilər. Qidalanma ilə bağlı heç bir məhdudiyyət yoxdur. Yeməklərin, meyvələrin, şirin suların çeşidi isə müxtəlifdir. Yeməkxanada olarkən gördük ki, 10-12 yaşlı qızlar aşpaz qadına kömək edirlər. Bildirdilər ki, bu qızların hərəsi gələcəkdə bir evin xanımı olacaqdır. Ona görə indidən onlara praktik şəkildə evdarlığın sirləri öyrədilir. Yeməkxanada onu da bildirdilər ki, dövlətin və Heydər Əliyev Fondunun qayğısı ilə yanaşı ayrı-ayrı imkanlı şəxslər də uşaq evinə mütəmadi olaraq yardımlar edirlər.
Bura daha çox yüksək komfortu olan mənzili xatırladır
Uşaq evindəki akt, oxu, idman, rəqs zalları, hər yaş qrupunun öz yataq otağı, rəsm, tikiş, məşğələ, istirahət və kompüter otaqları, uşaqların əl işləri muzey-sərgisi, bərbərxana, müasir səviyyədə təchiz olunmuş tibb kabineti, hamam, üzgüçülük hovuzu, həyətdəki yay konsert meydançası, yaşıllıqlar, stadion burada uşaqların fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün hər cür şərait yaradılmasının, Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin bəhrəsinin əyani sübutudur. Biz orada olarkən uşaqların bir qrupu birinci növbədə dərsdə idi. Ona görə ikinci növbədə oxuyan uşaqların nə ilə məşğul olmaları ilə maraqlandıq. İlk baş çəkdiyimiz yer oxu zalı oldu. Burada uşaqlar dövri mətbuatla tanış olur, onları maraqlandıran kitabları oxuyurlar. Oxu zalındakı rəflərdə uşaqların müxtəlif fənn olimpiadalarında, idman və əyləncəli yarışlarda qazandıqları mükafatlar da nümayiş etdirilir. İkinci yaş qrupundan olan uşaqlar "Məşəl" adlı divar qəzetində 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr etdikləri yazı vermişdilər. Məşğələ otağında uşaqların bir qrupu dərs hazırlayır. Dərsini oxuyub qurtaranlar isə ya kompüter otağında internetlə məşğul olur, ya da istirahət otağında tennis, şahmat, və dama oynayırlar. İncəsənətə həvəsi olanlar isə rəsm otağına üz tuturlar. Uşaqlar arasında hətta xalçaçılıq sənətini mənimsəyənlər də var. Binada uşaqların asudə vaxtlarında DVD vasitəsilə film seyr etmələri üçün bütün texniki imkanlar yaradılıb.
Tibb məntəqəsində həkim Dilbər Sultanova uşaqların sağlamlığının keşiyindədir. Tibb məntəqəsi ilkin yardım üçün bütün zəruri avadanlıqlarla təchiz olunub. Uşaqlar burada əsasən ambulator müayinədən keçirlər. D.Sultanovanın sözlərinə görə, uşaqlar kiçik yaşlarından peyvənd olunur. Təzə gələn bütün uşaqların peyvənd təqvimi nəzərdən keçirilir. Hər bir uşaq ildə bir dəfə vərəmə qarşı müayinədən keçir. 19 saylı uşaq poliklinikasının həkimləri də mütəmadi olaraq gəlib uşaqların sağlamlıqlarını yoxlayırlar. Xatırladaq ki, 2006-cı il fevralın 27-dən martın 12-dək keçirilmiş qızılca və məxmərəyə qarşı milli immunlaşdırma kampaniyasına 1 saylı uşaq evindən başlanılmışdı. Həmin vaxt burada Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasim zamanı 88 uşaq və 5 müəllim peyvənd edilmişdi.
Tibb məntəqəsinin yaxınlığında bərbərxana yerləşir. Amma əsasən oğlanlara xidmət göstərir. Qızlar üçün isə rəhbərlik gözəllik salonlarından xüsusi saç ustaları dəvət edir.
Uşaq evinin reqbi komandası da var. Ölkəmizdə hələ reqbi federasiyası olmasa da, komanda "Neftçi" idman cəmiyyətində qeydiyyatdan keçib. İndiyə qədər yerli və Gürcüstan komandaları ilə keçirdiyi yoldaşlıq görüşlərindən qalib çıxan komanda fevralda Dubaya səfər edəcəkdir.
Ümumiyyətlə, bu uşaq evinin yetirmələri dəfələrlə müxtəlif idman, rəsm, musiqi müsabiqələrində qalib gəlib, diplom və fəxri fərmanlar alıblar. Bunu oxu zalında gördüyümüz diplomlar və fəxri fərmanlar da təsdiq edirdi. Uşaq evinin 2003-cü ildən fəaliyyətə başlamış "Azəri" mahnı və rəqs ansamblı dəfələrlə respublika müsabiqələrinin qalibi olub, xarici ölkələrə səfərlər edib. Kollektiv Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə hər ilin aprelində İstanbulda keçirilən ənənəvi uşaq bayramında fəal iştirak edir. Ötən il uşaqlar bu ənənəvi bayramda birinci yeri tutublar. Uşaq evinin balaca sakinləri İzmirdə keçirilmiş beynəlxalq festivalda uğurla iştirak ediblər. Onlar burada Amerikanın "Space Kamp" Mərkəzinin təşkil etdiyi proqramlarda fəal iştirak edərək fəxri fərmanlar alıblar. Uşaq evinin sakinləri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə respublika uşaq evləri arasında keçirilən festival-müsabiqədə də birinci yeri tutub, Qran-Pri mükafatı ilə təltif olunublar.
"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində uşaqların istirahətinin səmərəli təşkili məqsədilə yay istirahəti düşərgələrinin yaradılması istiqamətində də işlər görülüb. 1 saylı uşaq evinin Şüvəlan qəsəbəsində yerləşən yay düşərgəsi uzun illər idi ki, istifadəsiz qalaraq, yararsız vəziyyətə düşmüşdü. Amma Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq evi üçün Şüvəlan qəsəbəsində dünya standartlarına cavab verən yay düşərgəsinin yaradılması layihəsi başa çatıb. Qısa müddət ərzində burada əsl uşaq şəhərciyi yaradılıb. Yaşıllıqlarla əhatələnmiş hovuz, rahat istirahət guşələri, tennis kortları, rəngbərəng gül-çiçək kolları göz oxşayır. 2006-cı il mayın 10-da, ulu öndər Heydər Əliyevin doğum günündə bura gələn Mehriban xanım Əliyeva ən müasir avadanlıqlarla, inventarlarla komplektləşdirilmiş binalardakı səliqə-sahmandan, tikinti işlərinin keyfiyyətindən razılığını ifadə edib, burada arzusunda olduğu mənzərəni görməsindən sevindiyini gizlətməyib. Mehriban xanım Əliyeva bildirib ki, ən böyük arzusu bütün uşaq evlərində gözəl şərait görməkdir və yəqin ki, yaxın illərdə belə də olacaqdır. Orta məktəbdə dərslər bitən kimi uşaq evinin bütün kollektivi Şüvəlana köçür. Şəhərdə olan şərait eynilə orada yaradılıb. Uşaqlar bütün yayı dəniz sahilində dincəlirlər.
Uşaqlar mütəmadi olaraq konsertə, teatra, muzeyə, sərgiyə və parka gedirlər. Respublika əhəmiyyətli əksər tədbirlərdə, xüsusən bayram şənliklərində iştirak etmək üçün uşaq evinə dəvətnamələr gəlir. Uşaqlar həmin tədbirlərdə və bayram şənliklərdə təkcə tamaşaçı kimi iştirak etmirlər. Məsələn, "Azəri" rəqs qrupu əksər bayram şənliyində çıxış edir. Bayram günlərində təşkil olunan sərgilərdə isə uşaqların rəsm əsərləri və digər yaradıcılıq nümunələri nümayiş etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün Novruz və Yeni il bayramı münasibətilə keçirilən şənliklərdə 1 saylı uşaq evinin bütün sakinləri iştirak edirlər.
2006-cı il iyunun 9-da Litva Prezidentinin xanımı Alma Adamkiene, 2007-ci il noyabrın 7-də isə Türkiyə Respublikası Prezidentinin xanımı Hayrünnisa Gül 1 saylı uşaq evində olublar. Qonaqlar uşaq evinin qrup, yataq, kompüter otaqlarına, idman salonuna, üzgüçülük hovuzuna, tibb kabinetinə baxıb, rəsm, tikiş dərnəklərində məşğul olan uşaqların əl işləri ilə tanış olub, yeməkxana və mətbəxdəki şəraitlə maraqlanıblar. "Azəri" qrupunun ifa etdiyi milli və bal rəqsləri qonaqlara xoş təsir bağışlayıb.
Uşaq evi "Uşaq ili"nə hazırdır
2009-cu il "Uşaq ili"dir. Prezident İlham Əliyev dekabr 22-də imzaladığı sərəncamla ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 2009-cu ili "Uşaq ili" elan edib. Bu onu göstərir ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır.
2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə əlaqədar 1 saylı uşaq evinin rəhbərliyi Tədbirlər Planı hazırlayıb. "Uşaq ili"ndə uşaq evinin qarşıya qoyulmuş əsas vəzifələr valideyn himayəsindən məhrum olunmuş uşaqların hüquq və mənafelərinin qorunmasını ən başlıca və təxirəsalınmaz iş kimi müəyyənləşdirmək, azyaşlıların qəbulu zamanı müvafiq qanunvericiliyin tələblərini gözləmək, atılmış uşaqlar istisna olunmaqla digər qəbildən olan uşaqların lazımi sənədlərini tələb etmək, hər bir uşağa şəxsi iş açmaq və orada uşağın əmlak və mənzil hüquqlarını əks etdirəcək sənədlərin toplanmasına nail olmaq, övladlığa veriləsi uşaqların siyahısını dəqiqləşdirib rayon icra hakimiyyətinə yazılı məlumat vermək olacaqdır.
Novruz bayramı münasibətilə şahmat və dama yarışları, kiçik yaşlı uşaqlar arasında sərbəst mövzuda asfalt üzərində rəsm müsabiqəsi, "Şən startlar" idman yarışı, "İstedadlar sorağında" bədii yaradıcılıq müsabiqəsi, bayram günlərində şeir müsabiqəsi və digər ədəbi-bədii tədbirlər keçiriləcəkdir.
Uşaq evinin rəhbərliyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn müddəaların həyata keçirilməsinə çalışacaq, uşaq evindən uşaqların bioloji və alternativ ailələrə verilməsi işinə kömək məqsədilə burada yaşayan uşaqların valideynləri, qohumları, qəyyum və himayəçiləri ilə əlaqə saxlayacaq, Dövlət Proqramının məqsəd və vəzifələrini onlara izah edəcək, həmçinin uşaqların mənzil, əmlak hüquqlarının qorunması vəziyyətini öyrənəcək.
Hər bir kimsəsiz uşaq valideyn qayğısının, ata-ana nəvazişinin həsrəti ilə yaşayır. Amma 1 saylı uşaq evində onun şahidi olduq ki, valideyn himayəsindən məhrum uşaqların mənəvi sıxıntı keçirməmələri üçün dövlətimizin və Heydər Əliyev Fondunun xətti ilə bütün lazımi addımlar atılır. Çünki yalnız belə rahat şərait və cəmiyyətin bütün təbəqələrinin xoş, qayğıkeş münasibəti uşaqların ata-anasızlıq dərdini azalda bilər.
Rəşad Cəfərli
Azərbaycan.- 2009.- 31 yanvar.- № 23.-S. 3; 3 fevral.- № 24.- S. 4.