Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Masallı rayonunun Yeddioymaq kənd məktəbində olmuşdur
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dövlətimizin başçısının cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunun Yeddioymaq kəndindəki 1 nömrəli orta məktəbdə də olmuşdur.
Məktəbin pedaqoji kollektivinin nümayəndələri, şagirdlər, valideynlər Mehriban xanımı səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. Müasir standartlara cavab verən 400 yerlik məktəb binasında təlim-tədris prosesinin normal təşkili üçün hər cür şərait yaradılmışdır.
Fondun prezidenti əvvəlcə məktəbin foyesində yaradılmış Heydər Əliyev guşəsinə baxdı. Sonra ayrı-ayrı fənn kabinetləri, sinif otaqları və kompüter otağı ilə tanış oldu, təhsil müəssisəsinin dünənini və bu gününü əks etdirən fotostendlərə baxdı. Azərbaycan xalqının tarixinin müxtəlif dövrlərini əks etdirən, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən qəhrəmanların fotolarından ibarət guşələr diqqəti cəlb edirdi. Mehriban Əliyevaya məlumat verildi ki, məktəb hər cür texniki avadanlıqla, müasir kompüterlərlə təchiz olunmuşdur.
YUNESKO-nun xoşməramlı səfiri yeni tikilmiş idman salonuna da baxdı, istilik təchizatı sistemi ilə maraqlandı.
Mehriban xanım Əliyeva sonra müəllim və şagirdlərlə, valideynlərlə səmimi söhbət etdi, kənd camaatının qayğıları və problemləri ilə maraqlandı. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində görülən işlərdən danışdı və bunun gələcəkdə də davam etdiriləcəyini vurğuladı.
Xalq qəzeti.- 2005.- 13 sentyabr.- № 212.- S. 2.