Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan qadınına yeni nüfuz qazandıran xanım lider



Mənə məlumat verirlər, bilirəm. Bizdə elə dövlət adamları var ki, qanunla, nizamnamə ilə öz üzərinə düşən vəzifəni yerinə yetirir, sonra da deyir ki, iş günüm qurtardı.
Bu, məqbul deyildir. Biz dövlət adamı olmazdan əvvəl bu ölkənin vətəndaşlarıyıq, bu xalqın övladlarıyıq.
Ona görə də dövlət vəzifəsini yerinə yetirməkdən başqa cəmiyyət üçün gərəkli olmalıyıq, vətəndaşların dərd-sərinə şərik çıxmalıyıq.
Yaxşı haldır ki, bizdə məhz belə düşünən siyasətçilər çoxdur. Onlar xalqın xidmətindədirlər.

Heydər Əliyev


Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyevin siyasi məktəbi hər zaman, hər an istənilən Azərbaycan vətəndaşının dadına çatır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva haqqında bu sətirləri yazarkən məhz ümummilli liderimizin zəngin irsinə müraciət edərək onun Azərbaycan həqiqətləri barədə söylədiklərindən sitat gətirdik. Bu, həqiqətən belədir. Bəzi dövlət məmurları sadəcə öz iş gününü qanunun tələb etdiyi şəkildə başa vurmaqla kifayətlənirlər. Ancaq elə siyasətçilər, elə dövlət adamları var ki, onlar təkcə vəzifə borclarını yerinə yetirmir, həm də cəmiyyət üçün gərəkli adama çevrilir, xalqın problemlərinin həllinə yardımçı olur, insanların dərd-sərinə şərik çıxırlar. Haqqında söhbət açmaq istədiyimiz siyasi xadim, Azərbaycan qadınına yeni nüfuz qazandıran Mehriban xanım Əliyeva da məhz ümummilli liderimizin dediyi kimi, cəmiyyət üçün gərəkli olan dövlət adamlarındandır. Onun bütün fəaliyyəti xalqa xidmət etmək amalı üzərində qurulub. Gördüyü bütün işlər sübut edir ki, xanım Əliyeva, sözün həqiqi mənasında, Azərbaycan cəmiyyəti üçün həddən artıq gərəkli bir insandır.

Təkcə bir məqamı yada salmaqla Mehriban xanımın gündəlik işi barədə təsəvvür yaratmaq olar: “İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi, mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”. Bu sətirlərin müəllifi Mehriban Əliyevadır. Çox ağır bir seçimdir. Hamının dərdinə şərik olmaq seçimi heç kəsə asan gəlməsin. Ancaq Azərbaycan qadınlarının tarix boyu göstərdiyi mərdlik və mərdanəlik xüsusiyyətləri, Vətən, torpaq, xalq naminə göstərdiyi qəhrəmanlıq nümunələri sübut edir ki, bizim xanımlar ən ağır döyüşlərdə də, ən çətin problemlərin həllində də kişilərlə bərabər xalqın və dövlətin xidmətində olmuşlar. Herodotun “Tarix” kitabında bəhs etdiyi Tomris ana da, Nizami Gəncəvinin vəsf etdiyi Bərdə hökmdarı Nüşabə də, “Kitabi Dədə Qorqud” dastanının qadın qəhrəmanları da sübut edir ki, Azərbaycan qadınının çox qədim və şərəfli keçmişi olub. Bu gün həmin tarixin yeni və şərəfli səhifələri yazılır. Yeri gəlmişkən, Fransa paytaxtında YUNESKO-nun dünya miqyaslı tədbirində çıxış edən Mehriban xanım Əliyevanın nitqini dinləyərkən düşündüm ki, xalqımızın yeni Nüşabəsi yetişir. Ulu Nizaminin vəsf etdiyi Bərdə hökmdarı Nüşabə böyük fateh İsgəndəri öz ağlı və kamalı ilə susdura bilmişdi. Qılınc çalıb ölkələr fəth edən İsgəndər Nüşabənin məntiqi qarşısında məğlub olduğunu etiraf etmişdi. Nüşabələr və Tomrislər nəvəsi olan Mehriban xanım Əliyeva isə dünya səviyyəli beynəlxalq tədbirlərdə öz polad məntiqi ilə ölkəmizin bədxahlarını susdura bilmiş, Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin məhz beynəlxalq təşkilatlar səviyyəsində mühafizə edilməsi zərurətini ortaya qoymuş, öz təklifini təsdiq etdirmişdi. YUNESKO-nun baş katibinin “Bizim xanım Əliyevanın təklifi ilə razılaşmağımız o təklifin dərin arqumentlərə və möhkəm məntiqə əsaslandığına görədir”, — etirafı da heç kəsin yadından çıxmayıb.

Xanım Əliyevanın ictimai-siyasi fəaliyyətində əsasən üç mühüm sahə daha qabarıq istiqamət kimi özünü göstərir. Birinci: Azərbaycanın maddi və qeyri-maddi mədəniyyət nümunələrinin qorunub saxlanılması, beynəlxalq aləmdə təbliğ edilməsi və gələcək nəsillərə daha möhtəşəm şəkildə çatdırılması üçün adı çəkilən sahənin inkişaf etdirilməsi. İkincisi: Ölkənin gələcəyi olan uşaqların sağlam böyüməsinə nail olunması və ümumilikdə cəmiyyətin hər bir fərdinin fiziki cəhətdən sağlamlığına yardım edilməsi. Üçüncü: Müstəqil dövlətimizin sabahını quracaq yeni nəslin müasir dünyanın tələblərinə uyğun şəkildə təhsil alması üçün zəmin yaradılması. Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri kimi, Heydər Əliyev Fondunun Prezidenti kimi, YUNESKO-nun xoşməramlı səfiri kimi bu üç istiqamətdə fəaliyyəti olduqca uğurludur. Onun adı çəkilən hər üç postu tutmasında nəticə etibarilə qazanan Azərbaycan xalqı oldu. Bəs bu üç istiqamətli fəaliyyət dairəsini reallaşdırmaq üçün konkret olaraq hansı tədbirlər həyata keçirilmişdir? Gəlin, bu barədə faktların dili ilə söhbət açaq.

Birinci sahə. 2004-cü il may ayının 10-dan – ümummilli liderimiz Heydər Əliyevin doğum günündən fəaliyyətə başlayan Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği proqramı əsasında Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birlikdə bir neçə uğurlu layihə həyata keçirmişdir. Ötən il milli musiqi sənətimizin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı çox ciddi addımlar atılmışdır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustalarının iştirakı ilə “dəyirmi masa” keçirilmiş və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdır. Maraqlı məqamlardan biri də odur ki, adı çəkilən mərkəzin təməl daşının qoyulmasında YUNESKO-nun Baş direktoru cənab Kouşiro Matsuura da iştirak etmişdi. Fikrimizcə, Azərbaycan mədəniyyəti, xüsusən muğamsevərlər üçün bu, çox böyük ehtiram idi. Nəzərə alaq ki, cənab Baş katibin Azərbaycan paytaxtına səfəri bilavasitə xanım Əliyevanın YUNESKO-dakı şəxsi nüfuzunun göstəricisi idi. Ancaq Azərbaycan muğamsevərləri və muğam ustaları Mehriban xanım Əliyevanın bu istiqamətdə atdığı növbəti addımı daha böyük məmnunluq və alqışlarla qarşıladılar. Belə ki, xanım Əliyevanın təşəbbüsü ilə “Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr edildi və “Gülüstan” sarayında albomun təntənəli təqdimat mərasimi keçirildi. Həmin tədbirdən sonra xalq artisti, görkəmli muğam ustası Habil Əliyev jurnalistlərlə söhbətində demişdi: - “Adətən belə bir ifadə işlədilir ki, filankəs xalqa atalıq elədi, filankəs filan adama ata kimi qayğı göstərdi. Ancaq indi deyə bilərik ki, Mehriban xanım Əliyeva Azərbaycan muğamına həqiqətən ana qayğısı göstərdi, analıq elədi. Biz muğam ifaçıları heç zaman Mehriban xanımın həmin diqqətini və qayğısını unuda bilməyəcəyik. Əksinə, muğamın təbliği və inkişafı sahəsində məsuliyyətimiz bundan sonra daha da artacaq”. Digər muğam ustası, Bakı Musiqi Akademiyasının professoru Arif Babayev isə öz fikirlərini daha kövrək şəkildə ifadə etmişdi: - “Mən əvvəlcə fikirləşdim ki, “Qarabağ xanəndələri” albomunun bu şəkildə tərtib edilməsi və təqdimatının keçirilməsi muğam sənətinə qayğıdır. Sonra düşündüm ki, yox, bu, Qarabağa ayrılan diqqətin nəticəsidir. Daha sonra isə fikrimi yenə də dəyişərək dedim ki, yox, bu, Azərbaycan mədəniyyətinə böyük qayğı və diqqətin təzahürüdür. Nə olsun ki, gəncdir, bu xanım, sözün həqiqi mənasında, millət təəssübünü çəkən çox böyük bir ürəyin sahibidir. Halal olsun ona təmsil etdiyi ailələrin çörəyi”.

Bütün bunlar Azərbaycan mədəniyyətinə ölkə daxilində göstərilən qayğının çox cüzi bir hissəsidir. Ancaq mədəniyyətimizin beynəlxalq aləmdə təbliğ edilməsi üçün daha böyük addımlar atılmışdır. Məsələn, ötən il fondun dəstəyi ilə Fransanın paytaxtında dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun 120, dünya şöhrətli kimyaçı-alim Yusif Məmmədəliyevin isə 100 illik yubileyləri keçirilmişdir. Həm Avropada, həm də Azərbaycanda böyük ehtiramla sevilən dünya şöhrətli musiqiçilər Mstislav Rostropoviç və Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Rostropoviçin, Şostakoviçin və Bülbülün yubileyinə həsr edilmiş beynəlxalq festivallar da bu qəbildəndir. Fondun rəhbərliyi təkcə Parisdə və ya digər Avropa şəhərlərində yubiley, festival və ya digər tədbirlər keçirilməsi ilə kifayətlənmir, bu qəbildən olan tədbirlərin paytaxtının məhz Azərbaycan paytaxtına köçürülməsi üçün də mühüm addımlar atır. Həmin addımlardan birinin nəticəsi kimi bu ilin mart ayında Bakıda “Fərqli mədəniyyətlərin qovuşuğu” adlı beynəlxalq sərgi-konfrans, aprel ayında “Azərbaycan: keçmişin və bu gününün sivilizasiyalararası dialoqu”, iki ay sonra — iyunda “Orta əsr əlyazmalarında tibb və əczaçılıq” mövzusunda Birinci Beynəlxalq Konfrans keçirilmişdir. Bu tədbirlərdə çoxsaylı mötəbər qonağın və onlarca xarici KİV təmsilçisinin iştirak etdiyini nəzərə alsaq, Azərbaycanın beynəlxalq aləmdə nə dərəcədə təbliğ edilməsi barədə təəssürat yaratmış olarıq. Fondun qonşu ölkələrdəki müxtəlif fondlarla əlaqələrinin genişləndirilməsi də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən tədbirlərdəndir. Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən “Puşkin kitabxanası” Fondu ilə ötən ildən yaranmış əməkdaşlıq 200 ildən çox davam etmiş birgə yaşayış yolunu keçmiş iki xalqın - rusların və azərbaycanlıların bir-birini daha da yaxından tanımasına kömək etmişdir. Ümummilli liderimiz Heydər Əliyev dönə-dönə tövsiyə edirdi ki, bizim xalqımız öz yaxın qonşuları ilə mədəni əlaqələri daim qoruyub saxlamalı və inkişaf etdirməlidir.

İkinci sahə. Ölkənin gələcəyi olan uşaqların sağlam böyüməsinə nail olunması və ümumilikdə cəmiyyətin hər bir fərdinin fiziki cəhətdən sağlamlığına yardım edilməsi məqsədilə Heydər Əliyev Fondu bir neçə böyük proqram və layihələr hazırlamış və onları uğurla reallaşdırmışdır. Məsələn, fondun rəhbərliyi 40 min soydaşımızın vəziyyətini nəzərə alaraq “Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə hazırlamışdır. Üç mərhələdən ibarət olan həmin layihə BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirilir. Diqqət yetirin, Heydər Əliyev Fondu ehtiyacı olan azərbaycanlıların probleminin həll edilməsinə BMT kimi mötəbər bir beynəlxalq təşkilatın müvafiq qurumunu da cəlb edir.

Fondun yaradılmasından cəmi yarım il sonra - 2004-cü ilin dekabrında “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin təqdimatı keçirildi. Təqdimatdan dərhal sonra fondun rəhbərliyi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın müvafiq nüfuzlu şirkəti ilə birlikdə layihənin icrasına başladı. Yuxarıda qeyd etdiyimiz məqamı bir daha yada salırıq. Diqqət yetirin, diabetli uşaqlara qayğı göstərmək üçün Avropanın ən nüfuzlu əczaçılıq şirkəti Azərbaycana dəvət edilir. Fond bu layihə əsasında fəaliyyətini 2005-ci ildə daha da genişləndirmiş, ölkədəki 14 yaşınadək 310 diabetli uşağa çox yüksək səviyyədə qayğı göstərilmişdir.

Fondun səhiyyə sahəsində həyata keçirdiyi növbəti layihə “Talassemiyasız həyat naminə” adlanır. Ötən il bu mövzuda keçirilən “dəyirmi masada” ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatlar, o cümlədən mütəxəssislərin dəvət edildiyi “dəyirmi masa”da beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilmişdir. Geniş diskussiya və müzakirələrdən sonra fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır. Artıq müvafiq yer ayrılmış və mərkəzin tikilməsi üçün müəyyən işlər görülmüşdür. Proqramın icrasına Məsləhət Şurası nəzarət edir.

Biz yuxarıda qeyd etdik ki, səhiyyə sahəsində həyata keçirilən çoxsaylı tədbirlər təkcə uşaqlar üçün deyil, eləcə də bütövlükdə cəmiyyət üçün nəzərdə tutulur.

Üçüncü sahə. Müstəqil dövlətimizin sabahını quracaq yeni nəslin müasir tələblərə uyğun şəkildə təhsil almasına zəmin yaratmaq məqsədi ilə fondun rəhbərliyi ötən ilin əvvəlində paytaxtın və əksər rayonların ərazisində yerləşən uşaq evləri və internat məktəblərinə baxış keçirmişdi. Həmin baxışın nəticəsi olaraq, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı işlənib hazırlanmışdır.

Proqramın icrası nəticəsində cəmi il yarımda 23 uşaq evi və internat məktəbində təmir və yenidənqurma işləri başa çatdırılmışdır. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur. Uşaq müəssisələrində qida normativlərinin aşağı olması da müəyyənləşdirilmiş, təkliflər zərfi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir. Əlavə edək ki, fondun rəhbərliyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və alternativ qayğı” layihəsini də işləyib hazırlanmışdır.

Bu istiqamətdə reallaşdırılan daha mühüm layihələrdən biri də “Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır. Bu sahədəki real vəziyyətin öyrənilməsi üçün bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədəki orta məktəb binalarının monitorinqi keçirilmiş, müvafiq qərar qəbul edilmişdir. Nəticədə ölkənin ən müxtəlif bölgələrində tam yararsız hesab olunan 132 məktəb müəyyənləşdirilərək onların təmirinə və yenidən qurulmasına başlanılmışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun rəhbərinin cəmiyyətə ünvanladığı əməkdaşlıq müraciəti maraqla qarşılanmış və geniş əks-səda vermişdir. Qısa müddət ərzində ölkənin hər yerində məktəb tikintisi böyük vüsət almışdır. Son üç ildə ölkədə 300 yeni məktəbin tikilməsi artıq beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilir. Bu tendensiya 2006-cı ildə də uğurla davam etdirilir.

Beləliklə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti barədə, qismən də olsa, söz açdıq. Onun deputat kimi həyata keçirdiyi tədbirləri isə bircə məqamı yada salmaqla ifadə etmək mümkündür. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakının Əzizbəyov rayonunda həyata keçirilən sosial-iqtisadi tədbirlərlə tanış olmaq üçün Bakıətrafı kəndlərə getmişdi. Rayonun ən ucqar kəndlərindən birində dövlət başçısı ilə görüşən kənd ağsaqqalları belə bir təkliflə çıxış etdilər: “Əzizbəyov rayonu yaranandan sonra bu ərazidən deputat seçilmiş siyasətçilərin heç biri Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirlərin heç beşdən birini reallaşdıra bilməmişdi. Ona görə də xahiş edirik ki, Mehriban xanım Əliyeva Əzizbəyov rayonunun fəxri vətəndaşı adına layiq görülsün”.

Kənd ağsaqqalı səviyyəsində söylənilən bu təklif rəsmi əhəmiyyət kəsb etməsə də, ağsaqqal səmimiyyəti ilə söylənilən fikir seçicilərin öz deputatlarına münasibətlərinin təzahürü kimi çox əhəmiyyətli idi.

Sonda ümummilli liderimiz Heydər Əliyevin daha bir məşhur ifadəsini yada salmaq istəyirik: “Həyatda heç kəs kiminsə yerini tuta bilmir. Allah hər kəsə özünün tuta biləcəyi yeri müəyyən edibdir”. Bu baxımdan ulu Yaradan Mehriban xanım Əliyevaya çox mötəbər bir məqam qismət etmişdir. O məqamın adı çox sadə və çox adidir: “Xalqa xidmət etmək”. Məsuliyyətli, şərəfli və ehtirama layiq bu missiyanın yerinə yetirilməsində Mehriban xanım Əliyevaya daha böyük nailiyyətlər arzulayırıq. Bu yazıya humanist əməlləri ilə həyat kitabını yazmış Mehriban xanım Əliyevanın öz qeydləri ilə yekun vurmaq daha məqsədəuyğun olardı. Xanım Əliyeva yazır: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir”.


Rəhilə Teymurova,
ADNA-nın dosenti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xalq qəzeti.- 2006.- 22 oktyabr.- № 240.- S. 5.