Heydər Əliyev Fondu səhiyyə sahəsində böyük layihələr həyata keçirib
Fondun uğurlu fəaliyyəti bu sektora olan diqqət və qayğının bariz nümunəsidir
2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Fond bununla yanaşı, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etməyi, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
Ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ edən, Onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də səhiyyə və tibbi təsisatların inkişaf etdirilməsidir.
Heydər Əliyev Fondu digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi idi. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilib, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılıb. Bu iş indi də davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, qlükometr və dərmanlar sarıdan korluq çəkmirlər.
Fondun səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələrdən biri də talassemiya xəstəliyinin müalicəsi ilə bağlıdır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir. Layihə çərçivəsində İtaliya, Türkiyə, Yunanıstan və İsrailin talassemiya ilə mübarizə sahəsində təcrübəsi öyrənilib. Bir sıra ölkələrin talassemiya sahəsində tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri təşkil edilərək müzakirələr, təcrübə mübadiləsi aparılıb. Bütün bunlar yerli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb. Həmçinin, müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzinin yaradılması həmin layihənin Azərbaycan səhiyyəsinə sanballı töhfəsidir. Mərkəz artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək.
Fond müxtəlif xəstəliklərə düçar olmuş insanlara humanitar yardım məsələsini də daim diqqət mərkəzində saxlayır. Əgər 2003-cü ildə Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 214 xəstə dövlət hesabına hemodializ seansları alırdısa, hazırda 14 mərkəzdə 1145 xəstə pulsuz müalicə olunur. Bu, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə yeni yaradılan dializ mərkəzləri və Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilən ən müasir tibb avadanlığı hesabına mümkün olub. 2006-cı ilin avqust ayınadək Fondun dəstəyi ilə 2500-dən çox insana yardım göstərilib ki, onlardan çoxu ürək xəstəliklərindən əziyyət çəkən uşaqlardır. Fond müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların zəruri tibbi müayinəsi üçün xarici ölkələrə göndərilməsinə mütəmadi yardım edib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsinin həkim briqadası Gəncədə xeyriyyə aksiyası keçirib. Həkimlər uşaq evində 50-dən çox körpəni müayinə edib, onların üçünün ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu müəyyənləşdiriblər.
Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.
Məlumat üçün bildirək ki, Almaniyanın “Karl-Storz” şirkəti Heydər Əliyev Fonduna 160 min avro dəyərində endoskopik avadanlıq bağışlayıb. Urologiya sahəsində tətbiq olunacaq bu müasir avadanlıq xəstələrə açıq əməliyyat aparılmadan müalicə olunmağa imkan yaradacaq. Müasir endoskopik uroloji avadanlıq və aparatlar isə müalicə metodlarını yüksəltməyə və dünya standartları səviyyəsində aparmağa imkan verir. Bu avadanlıqlar kişilərdə prostat vəzinin adenomasında, sidik kisəsinin müxtəlif xəstəliklərində, kəskin və xroniki böyrək çatışmazlığında diaqnostika imkanlarını genişləndirməyə və uroloji xəstələrin radikal müalicəsində əvəzsiz rol oynayır.
Bundan başqa, Heydər Əliyev Fondunda Almaniyanın tanınmış “Fresenius Medical Care” və “Karl Storz” şirkətlərinin hədiyyə etdiyi tibb avadanlığının rəsmi təqdimetmə mərasimi olub. Təqdim edilən humanitar yardım dünyada müasir tibb avadanlığı kimi sayılan 2 ədəd autogemotransfuziya və 4 ədəd dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatdan ibarətdir. 130 min avro dəyərində olan bu aparatlar müasir cərrahiyyə sahəsində yeni texnologiyanın tətbiqi baxımından yüksək qiymətləndirilir. Analoqu olmayan autogemotransfuziya aparatının başlıca funksiyası xəstənin əməliyyat zamanı itirilən qanının yenidən ona qaytarılmasını təmin etməkdir. Qanın bu yolla transfuziyası xəstənin qan vasitəsilə müxtəlif virus infeksiyalarına, o cümlədən, hepatit B, C, eləcə də, immunçatışmazlığı virusuna yoluxma ehtimalını tamamilə aradan qaldırır. Donor qanına ehtiyacı aradan qaldıran aparat, həm də əməliyyat zamanı böyük qan itkisinin qarşısını alır.
Dərman preparatlarının dəqiq doza ilə ötürülməsini təmin edən aparatın isə uzun müddət və müəyyən miqdarda təyin edilmiş dərman qəbuluna ehtiyacı olan onkoloji xəstələr üçün həyati əhəmiyyəti var.
Fondun, həmçinin, səhiyyə sahəsinin infrastrukturunun qurulmasında da xüsusi töhfələri var. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Qala qəsəbəsində ilk xəstəxana - 29 nömrəli birləşmiş şəhər xəstəxanasının filialı açılıb. Filialın təcili tibbi yardım stansiyası və apteki də var. Yeni səhiyyə müəssisəsi müasir tibbi avadanlıqla təmin olunub. Filialın təcili tibbi yardım stansiyası üçün alınmış avtomobildə reanimasiya tədbirləri üçün avadanlıq, elektrokardioqraf, qanı oksigenlə təmin edən aparat, qanda şəkərin miqdarının təyin edilməsi üçün avadanlıq, 90 çeşiddə dərman ləvazimatı və sarğı materialları var.
Qeyd edək ki, bu, qəsəbədə ilk xəstəxanadır. Əvvəllər Qala sakinləri tibbi yardım üçün qonşu qəsəbələrə getmək məcburiyyətində olurdular. İndi buna ehtiyac yoxdur. Burada müasir tələblərə cavab verən şöbə və kabinetlər yaradılıb.
Bundan başqa, Bakının Yeni Günəşli yaşayış massivində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin təməli qoyulub.
Bir sözlə, Heydər Əliyev Fondu ölkəmizdə səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqinə də kömək edir, təbabətin ən müasir nailiyyətlərinin Azərbaycana gətirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.
Ölkənin müxtəlif bölgələrində səhiyyə ocaqlarının tikilməsi, bir sıra xeyriyyə aksiyalarının, pulsuz müayinə və müalicələrin təşkili məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşıb. Yeni tibb müəssisələrinin açılması, səhiyyə sahəsində aparılan islahatlar Fondun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Heydər Əliyev Fondunun Azərbaycanda səhiyyənin inkişafı, yeni xəstəxanaların açılması və onların müasir avadanlıqla təchiz edilməsi sahəsində gördüyü işlər dünyanın beynəlxalq qurumları tərəfindən yüksək qiymətləndirilib. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması işində müstəsna xidmətlərinə görə, bu mötəbər təşkilatın mükafatına layiq görülüb.
Ramil Vəlibəyov
Yeni Azərbaycan.- 2009.- 5 may.- № 82.- S. 4.