Çap etmək   ⁞     ⁞   UNESCO

Aşıq sənəti YUNESKO-da


Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir, tarix boyu öz zəngin yaradıcılığını qoruyub və milli kimliyini qürurla yaşatmışdır. Azərbaycan folkloru dünyanın ən böyük mənəvi xəzinələri sırasında dayanır və bununla fəxr edirik. Milli mənsubiyyət, milli-mənəvi sərvət, söz sənətinin zənginliyi folklorun ayrılmaz tərkibidir. Folklor yaradıcılığı ədəbiyyata mövzu və forma verir, ədəbiyyatın xarakterini müəyyənləşdirir.

Folklor sözü “xalq müdrüklüyü”, “xalq hikməti” deməkdir. Hər bir xalqın folkloru o xalqın güzgüsüdür. O güzgüdə xalqın tarixi, dili, mədəniyyəti, adət-ənənələrini görmək mümkündür. Milli sərvətimiz “muğam və aşıq sənəti” tarix boyu xalq arasında böyük hörmət qazanmış milli bayramlarda, el şənliklərində həm də xalqın kədərli günlərində insanlara mənəvi dayaq olmuşdur. Qədim mədəniyyət irsinə malik olan aşıq sənətinin son dövrdə dünyada inkişaf etdirilməsi H. Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Azərbaycan aşıq sənəti beynəlxalq aləmdə təbliği və tanıdılması bu sənətin yaradılması qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədinə xidmət edir. Azərbaycanda saz-söz sənətinə yüksək səviyyədə dəyər verilir. Aşıq sənəti uşaq musiqi məktəblərində, musiqi və incəsənət kolleclərində, Azərbaycan Milli Konservatoriyasında, Mədəniyyət və İncəsənət Universitetində tədris olunur. Respublikamızda keçirilən aşıq müsabiqələri, beynəlxalq aşıq festivalları gənc nəsil aşıq ifaçılarının yetişməsi üçün böyük imkan yaratmışdır. Son illər ölkəmizin mədəni həyatında baş verən yeniliklər milli-mənəvi dəyərlərə hörmət və diqqət xalq kütlələrinin dərin rəğbətini qazanmışdır. Milli-mənəvi dəyərlərə göstərilən qayğı dövlət siyasətinin başlıca prinsiplərindən biridir.

Heydər Əliyev Fondunun təşkilatı dəstəyi ilə 06 sentyabr 2009-cu il tarixdə Gədəbəy rayon aşıq məktəbinin təməli hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən qoyuldu. 10 sentyabr 2013-cü ildə Prezidentimizin iştirakı ilə həmin məktəbinin açılışı oldu və tədris ocağında 60 çox şagird təhsil alır. Bu məktəbin məqsədi aşıq ifaçılıq ənənələrini yeni nəslə çatdırılması, gənc aşıqları üzə çıxartmaq, ustad-şagird ənənəsini yaşatmaqdır. Türksoylu xalqlar arasında bu günə kimi aşıq məktəbi anlayışı yoxdur.

Azərbaycan ilk türkdilli ölkədir ki, burada aşıq sənətinin elmi bazası yaradılıb. 12 sentyabr 2007-ci ildə “Lider” televiziya kanalında “Ozan Aşıq Müsabiqəsi”nin keçirilməsi 01 yanvar 2008-ci ildə İctimai televiziyada “Ozan məclisi” Azərbaycan Dövlət Televiziyasının Radiosunda “Sarıtel” proqramı, “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” adlı verilişlər aşıq sənətinə dövlət qayğısının nəticəsidir. Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi də aşıq sənətinin inkişafına təkan verən layihələr həyata keçirməkdədir. Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun nümayəndələrinin iştirakı ilə “Azərbaycan aşıq sənəti müasir durumu, və inkişaf prespektivləri” mövzusunda dəyirmi masa keçirilməsi, paytaxtın möhtəşəm konsert salonlarında ustad aşıqların yubileyləri, aşıq musiqisindən, aşıq dastanlarından ibarət konsertlər təşkil olunması da xüsusi qeyd edilməlidir. Bundan əlavə, aşıqların xaricə qastrol səfərləri, onların ifalarının dövlət konsertlərinin proqramına daxil edilməsi, ustad aşıqların təqaüdlə mükafatlandırılması da dövlətin bu sənətə olan hörmət və qayğısının göstəricisi hesab oluna bilər.

2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu gün musiqi xəzinəmiz olan aşıq sənəti öz zənginliyi ilə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan aşıq sənətinin tarixi və nəzəri məsələlərinin tədqiq olması musiqişünaslıq elmi üçün aktual əhəmiyyət daşıyır. Aşıq sənəti xalqımızın mənəvi sərvətidir, onu qorumaq, yaşatmaq və inkişaf etdirmək hər birimizin borcudur.


Aşıq Mübariz Əliyev,
Azərbaycan Milli Konservatoriyasının dosenti

Kaspi.- 2015.- 26 may.- № 93.- S. 15.