Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

“Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş nəşrlərin təqdimatı olub


AZƏRTAC xəbər verir ki, iyulun 2-də Heydər Əliyev Fondunda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis etdiyi “Muğam” jurnalının ilk nömrəsinin və “Muğam-Antologiya” layihəsi çərçivəsində çap olunmuş Səfiyəddin Urməvinin (1217-1294) “Şərəfiyyə risaləsi” və “Kitabül-ədvar”, habelə Fətullah Şirvaninin (1417-1486) “Musiqi məcəlləsi” əsərlərinin təqdimat mərasimi keçirilmişdir.

“Muğam” jurnalının baş redaktoru, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (AMDF) prezidenti Mehriban xanım Əliyevadır. AMDF nəzdindəki “Muğam mərkəzi”ndə tərtib edilmiş və “Şərq-Qərb” mətbəəsində Azərbaycan, ingilis və rus dillərində çap olunmuş jurnalın birinci nömrəsinin oxuculara ünvanlanmış ön sözdə Mehriban xanım Əliyeva nəşrin konsepsiyası haqqında məlumat verir.

Oxucular Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun muğamla bağlı keçirdiyi müxtəlif tədbirlərdən, YUNESKO-nun Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması mərasimindən, ümummilli liderimiz Heydər Əliyevin görkəmli musiqiçilərlə görüşündə çəkilmiş fotoşəkillərin də verildiyi jurnalda Cəmilə Həsənovanın görkəmli bəstəkar Fikrət Əmirovun simfonik muğamları haqqında məqaləsi, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, xalq artisti, professor Firəngiz Əlizadə, qədim xalq çalğı alətləri ansamblının bədii rəhbəri Məcnun Kərimovla müsahibələrlə, xalq artisti Alim Qasımov, zəmanəmizin görkəmli violonçel ustalarından biri Yo-Yo-Ma haqqında məqalələrlə tanış ola biləcəklər. Bundan əlavə, klassik muğamların məzmunu və strukturuna da ayrıca məqalənin yer aldığı jurnalın “Tarixin səhifələri” bölməsində müxtəlif illərə təsadüf edən və muğamla bağlı olan hadisələr haqqında xülasə verilir, “Qədim dövrlərdən xəbər verən musiqi” məqaləsində Şərq vokal məktəbindən bəhs olunur. Jurnalda milli musiqi alətlərimiz tar və qaval, xalq şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından parçalar da verilmişdir.

Səfiyəddin Urməvinin “Kitabül-ədvar” və “Şərəfiyyə risaləsi”, Fətullah Şirvaninin “Musiqi məcəlləsi” kitabları haqqında da qısa xülasələrin verildiyi jurnalın ilk nömrəsinin son səhifələrində “Biz muğam haqqında nə bilirik və onun gələcəyi varmı?” sorğusuna müxtəlif peşə sahiblərinin cavabları da dərc olunmuşdur.

Nəşrin baş redaktoru Mehriban xanım Əliyeva mərasimdə çıxış etmişdir.


AZƏRTAC
2007, 2 iyul