Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Azərbaycan Mədəniyyətinin Dostları Fondu Filarmoniyada muğam axşamı təşkil etmişdir


Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və YUNESKO-nun "Muğam dəstgahları" layihəsi çərçivəsində fevralın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam axşamı təşkil olunmuşdur.

Salona toplaşan muğamsevərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar.

Muğam axşamını Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alan gənc xanəndələr "Çahargah" təsnifi ilə açdılar. Sonra muğam ustası, xalq artisti Ağaxan Abdullayevin ifasında "Zabul-segah" səsləndi.

Fasilə zamanı Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva respublikamızın görkəmli ziyalıları, mədəniyyət və incəsənət xadimləri ilə görüşüb ətraflı söhbət etdilər. Prezident İlham Əliyev onların qayğıları və problemləri ilə maraqlandı. Xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov incəsənət xadimlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər. Onlar Azərbaycan xalq musiqisinin misilsiz sərvəti olan muğamların dünyada təbliği sahəsində Azərbaycan Mədəniyyətinin Dostları Fondunun məqsədyönlü fəaliyyətinin respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini də qeyd etdilər.

Prezident İlham Əliyev Azərbaycanın mədəni irsinin qorunmasının, bütün dünyada daha geniş və ən yüksək səviyyədə təbliğ olunmasının zəruriliyini vurğuladı.

Fasilədən sonra muğam ustaları - xalq artisti Arif Babayev, əməkdar artistlər Könül Xasıyeva, Nəzakət Teymurova, Aygün Bayramova, habelə Firuz Səxavət, Səbuhi İbayev və Cabir Abdullayevin ifa etdikləri "Şur" dəstgahı gurultulu alqışlarla qarşılandı.

Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitələrin, şirkətlərin başçıları, paytaxt ictimaiyyətinin nümayəndələri muğam axşamında olmuşlar.


AzərTAc
2005, 18 fevral